Regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır

Dövlət proqramlarının uğurla icrası bölgələrin hərtərəfli inkişafını təmin edib

Məlum olduğu kimi, son 12 ildə Azərbaycanda məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə iri şəhərdə cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub. Daha dəqiq desək, bəhs edilən müddətdə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Ölkəmizin uğurlu inkişafı bu ilin arxada qalan aylarında da davam edib və bu inkişafdan cənub bölgəsinə də pay düşüb.

Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülüb. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcüd 13 iqlim qurşağından 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütubətli subtropik iqlimə malikdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynayıb. Əhalinin ümumi sayı 753,7 min nəfər olmaqla ölkə əhalisinin 9,3 faizini təşkil edir.

Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf edib. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır. Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fəaliyyət göstərir. Gözəl təbii landşaftı, isti və soyuq mineral suları, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi iqtisadi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilir

Beləliklə, ötən illlərdə olduğu kimi, bu ilin birinci rübündə və sonrakı aylarda da cənub bölgəsində, o cümlədən Lerik rayonunda bir sıra uğurlar əldə edilib. Daha dəqiq desək, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Lerik rayonunun sosial-iqtisadi inkişafına hesablanmış Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları rayonda uğurla icra edilir. Bəhs edilən müddətdə rayonda SOCAR, “Azəravtoyol” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə, ümumilikdə, 235 yeni iş yeri yaradılıb. Bu ilin birinci rübündə rayonda aparılan tikinti-abadlıq işlərində, sahibkarlıq subyektlərində, digər sahələrdə 423 nəfər rayon sakini işlə təmin edilib. Bunun 200-ü daimi iş yeridir.

Eyni zamanda, yol-nəqliyyat infrastrukturu sahəsində işlər hazırda da davam etdirilir. Belə ki, bir müddət bundan öncə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyindən Təbrizli kəndinə gedən yol üzərində sel sularının dağıtdığı dəmir körpünün yerində yeni körpü inşa edilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, sovet hakimiyyəti dövründə dəmir konstruksiyadan yığılan və istismar müddəti bitən körpünün uzunluğu 32 metr, eni isə 3,5 metr olub. Yeni inşa edilən körpü isə dəmir-beton konstruksiyalı olmaqla uzunluğu 19 metr, eni isə 4,5 metr olacaq.

Hazırda yeni körpünün dayaqlarının inşası aparılır. Buna paralel olaraq suların körpünün dayaqlarına ziyan vurmaması üçün sutənzimləyici qurğunun da tikintisi həyata keçirilir.

İnfrastrukturun yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir

Respublikanın digər bölgələri kimi, Yardımlı rayonu da inkişaf dövrünü yaşayır. Cari ilin birinci rübündə rayonda abadlıq-quruculuq işləri, avtomobil yollarının təmiri, binaların tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Artıq mart ayından Heydər Əliyev küçəsində, Şəhidlər xiyabanı abidə kompleksindən başlayaraq ticarət mərkəzinə qədər yolun yuxarı hissəsində istinad divarlarının tikintisinə başlanıb. Köhnə tikililər yenilənərək müasirləşdirilir.

Yeri gəlmişkən, son 10 ildə rayonda 13 idarə və müəssisə üçün müasir standartlara cavab verən inzibati bina, 10 poçt şöbəsi, 11 EATS, 60 məktəb binası (28-i birtipli layihə əsasında olmaqla), 4 uşaq bağçası, 1 uşaq musiqi məktəbi, 6 avtomobil körpüsü, 1 yarımstansiya yenidən tikilib və ya əsaslı təmir edilib.

Hazırda rayon İcra Hakimiyyəti üçün şəhərin Heydər Əliyev küçəsində yeni inzibati binanın tikintisi davam etdirilir. Müasir memarlıq üslubunda, bütün funksionallıq nəzərə alınmaqla inşa olunan bina 3 min 268 kvadratmetr sahədə 3 mərtəbəli olacaq və bu il istifadəyə veriləcək. Eyni zamanda, ölkə Prezidentinin Sərəncamı ilə ötən ilin sonlarında rayonda müasir idman kompleksinin tikintisinə başlanıb. Kompleksdə açıq şəraitdə mini futbol, voleybol və tennis üçün meydançalar, kompleksin daxilində güləş, boks və trenajor zalları, 300 yerlik böyük idman zalı, 2 mərtəbədən ibarət 40 otaqlı, 62 yerlik müasir otel binası da tikilir. Burada respublika əhəmiyyətli idman yarışları keçirmək mümkün olacaq. Kompleks qapılarını idmançıların üzünə bu il açacaq.

Şəhərin Nizami küçəsindəki “Biləzəmi” adlanan ərazidə bir-bir yeni tikililər boy göstərir. Rayonun genişləndirilmiş inkişaf planında bu ərazidə idarə və müəssisələr üçün müasir inzibati binaların inşası nəzərdə tutulur. Hazırda bu ərazidə kənd təsərrüfatı idarəsi üçün üçmərtəbəli inzibati bina inşa olunur. Həmin ərazidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi, zona miqyaslı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bina, eləcə də güləş və idman zalı da tikiləcək. Eyni zamanda, bu ərazidə vətəndaşların fərdi yaşayış evi tikməsi üçün də torpaq sahəsi ayrılıb, hazırda burada müasir evlər tikilir.

Hamarkənddə Yaponiya səfirliyinin maddi köməyi ilə yeni tibb məntəqəsinin tikintisinə başlanıb.

Eyni zamanda, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər də uğurla gedir. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı, daxili imkanlar və Nəqliyyat Nazirliyinin köməyi hesabına son üç ildə 188,5 kilometr yol təmir olunub. Hazırda Bilnə-Bülüdül-Alar, Zeynələzir-Honuba Şıxlar, Horonu-Yolocaq, Sırıq-Horavar, Şəfəqli-Kürəkçi, Gendərə-Astanlı, Zevin, Porsova, Mirimli, Məlikli və Tahirli kənd avtomobil yollarının çınqıl örtüklə təmiri nəzərdə tutulur. Artıq müvafiq layihə də razılaşdırılıb. Yaxın aylarda bu işə başlanacaq. Onu da deyək ki, ötən il “Kənd investisiya layihəsi” çərçivəsində rayonun 4 yaşayış məntəqəsində, ümumi uzunluğu 10,3 kilometr olan kənd yolları çınqıl örtüklə təmir olunub. Rayonda yeni yolların çəkilişi və təmiri istiqamətində aparılan ardıcıl tədbirlərin nəticəsidir ki, ilin istənilən fəslində ən ucqar kəndlərə belə rahatlıqla getmək mümkündür. Uzunluğu 15 kilometr olan Yardımlı-Bozayran-Osnağaran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu üzrə də müvafiq sənədləşmə işləri aparılıb, aidiyyəti üzrə təqdim olub və 2015-ci ildə tikintisi planlaşdırılıb. Bu yoldan Lerikin Yardımlı ilə həmsərhəd olan kəndlərinin əhalisi də istifadə edəcək.

Ötən il içməli suyun azalması nəzərə alınaraq yeni su mənbələrinin müəyyən olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Bununla bağlı rayonun 12 kənd yaşayış məntəqəsində üç il ərzində içməli suların axtarışı ilə əlaqədar kəşfiyyat işləri aparılması nəzərdə tutulub. Köryədi kəndində kəşfiyyat xarakterli 2, Yardımlı şəhərində 1 artezian quyusu qazılıb, sonra isə əhalinin köməyi ilə istismar quyuları kimi istifadəyə verilib. Yay mövsümündə digər yaşayış məntəqələrində də kəşfiyyat işləri aparılacaq.

Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması davam edir. Təbii qaz abonentlərinin sayı əhali sektoru üzrə 2 min 80-ə, müəssisələr üzrə isə 19-a çatıb. Yaxın aylarda abonentlərinin sayı 560 olan Urağaran, Bürzünbül və Vərgədüz kəndlərinin qazlaşdırılmasına başlanacaq.

Elektrik şəbəkəsi tərəfindən əhalinin işıqla fasiləsiz təminatı məqsədilə xeyli təmir işi aparılıb. Sıradan çıxmış elektrik transformatorları dəyişdirilib. Rayon rəhbərliyinin Şirvan Regional Elektrik Şəbəkəsinə müraciətinə əsasən bu il 10 və 0/4 kilovoltluq xətlər üçün 160 ədəd dəmir dayaq gətirilib və bir qismi istifadə olunub.

Rayonda elektron ATS-lərin sayı 24-ə, telefon abonentlərinin sayı 4 min 332-yə çatıb. Qovşaqda EATS-lərin montaj tutumu isə 5 min 564-dür. Hazırda rayonun 32 yaşayış məntəqəsinə çoxşaxəli sürətli internet xətti çəkilib. Rayon icra hakimiyyəti başçısı yanında yaradılmış qərargah bütün qış ərzində işini operativ şəkildə qura bilib.

Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin artmasına səbəb olub.

Birinci rüb ərzində rayon üzrə 16 milyon 897 min manatlıq ümumi məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Bu müddətdə 182 min 600 manatlıq sənaye, 4 milyon 366 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əhaliyə 11 milyon 773 min manatlıq ticarət, 300 min manatlıq nəqliyyat, 96 min manatlıq rabitə xidməti göstərilib, 179 min manatlıq tikinti işləri həyata keçirilib.

İlin əvvəlindən 97 fiziki və 21 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçib və bununla da rayon üzrə sahibkarlıq subyektlərinin sayı 2060-a çatıb. Sahibkarlıq subyektlərinin 1766-sı fiziki, 294-ü isə hüquqi şəxsdir. Rayon üzrə sahibkarların sayı respublika üzrə orta göstəriciyə uyğundur.

Aqrar sahənin inkişafı diqqət mərkəzindədir

Bölgənin digər rayonu Lənkəranda da uğurlu nəticələr qazanılıb. 2016-cı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı davam edib, sənaye müəssisələrində, nəqliyyatda, aqrar sahədə, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində işlər davam etdirilib, sahibkarlığın inkişafı üçün yeni addımlar atılıb. Hazırda rayonda aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Belə ki, Azərbaycanın cənub bölgəsində otuz ildən sonra ilk dəfə Lənkəranda aprel ayında çay yarpağı yığımına başlanılıb. Lənkəran və Astara rayonlarının çay plantasiyalarında ilk məhsul yığımı ənənəvi olaraq may ayının ikinci ongünlüyündən başlanırdı. Bu il əlverişli hava şəraiti və bitkilərə göstərilən düzgün aqrotexniki qulluq çayçılıqla məşğul olan fermerlərə və məhsul istehsalçılarına çay yığımına apreldə başlamaq üçün real imkanlar yaradıb.

Çayçılıqla məşğul olan fermerlər bildiriblər ki, ilk yığım zamanı çay bitkisinin yarpaqları nisbətən zərif, onların tərkibindəki üzvi maddələr daha yüksək dərəcədə olur. Toplanan yarpaqlar “Astaraçay” MMC-nin çay fabrikində emal edilir. Almaniyadan gətirilmiş müasir avadanlıqla qablaşdırılan yerli çay məhsulunun artıq bu ildən xaricə ixracına başlanılacaq. Bunun üçün müvafiq keyfiyyət sertifikatları əldə olunub. Lənkəran və Astara rayonlarında salınan yeni çay plantasiyaları tam məhsuldarlığa hələ bir neçə ildən sonra düşəcək. Bu isə məhsul istehsalının 5-6 dəfəyədək artmasına səbəb olacaq.

Ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınır

Cənub bölgəsinin böyük və gözəl diyarı sayılan Masallıda da bəhs edilən dövr uğurlarla yadda qalıb. Rayonun inkişaf proqramında nəzərdə tutulmuş sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Şəhərin əsas küçələrində yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması işləri başa çatdırılıb, yaşıllıq zolaqları salınıb.

Ümumiyyətlə, müvafiq dövlət proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu çərçivədə 47 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Son dörd ildə isə 15 yeni məktəb binası inşa edilib, 3 məktəb əsaslı təmir olunub. Bundan başqa, 5 uşaq bağçasının binası yenilənib, 3 bağçanın tikintisi isə başa çatmaq üzrədir. Hazırda 4 məktəbin - 180 yerlik Şatıroba, 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba və 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəblərinin binalarında son tamamlama işləri aparılır.

Rayonda səhiyyə sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülüb. Son dörd il ərzində ümumilikdə 12 həkim məntəqəsi tikilib, iki sahə xəstəxanası əsaslı təmir edilib, mərkəzi rayon xəstəxanasının əsaslı təmirinə başlanıb. Beş kənd həkim məntəqələrinin tikintisi davam etdirilir. Mədəniyyət obyektləri də əsaslı şəkildə yenidən qurulur. Hazırda Prezident Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən Masallı Tarix-Diyarşünaslıq Muzeyində və Uşaq İncəsənət məktəbində işlər sona çatır.

Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar kompleksinin tikintisinə start verilib və çay yatağının beton məcraya salınması işlərinə başlanıb. Burada müxtəlif istirahət mərkəzləri olacaq, həmçinin idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Yeni Bayraq meydanı da tikilir və tezliklə istifadəyə veriləcək. Rüb ərzində “ASAN HƏYAT” kompleksində tikinti sürətlə davam edib. Kompleksin “ASAN xidmət” mərkəzi son tamamlama mərhələsindədir. Hazırda ərazidə kafe, rəsm qalereyası, ikimərtəbəli kinoteatr və xidmət obyektlərinin tikinti işləri həyata keçirilir. Viləş çayının məcrasında yerləşən adada da kompleksə daxil olacaq istirahət guşəsinin tikintisinə başlanıb.

Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 10 faiz artaraq 1,2 milyon manat olub. Sənaye məhsullarının həcmi 0,13 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 0,36 milyon manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 13,1 faiz artıb və 2,1 milyon manat olub. Adambaşına düşən pul gəlirləri 550,2 manata, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 274,8 manata yüksəlib. Sahibkarlara davamlı kreditlərin verilməsi və süni maneələrin aradan qaldırılması davam edib.

Masallı rayonunda sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanıb. Rüb ərzində rayonun bir sıra yollarında təmir işləri aparılıb. İşıq və qaz təchizatı yaxşılaşıb. İlin sonuna qədər rayon ərazisinin 95 faizi qazla təmin ediləcək.

Aqrar bölmədə yeni fermer təsərrüfatlarının yaradılması, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi Masallıda prioritet məsələlərdəndir. Eyni zamanda, faraş tərəvəz, giləmeyvə və sitrus əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvəsini saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi zərurətini yaradıb.

Eyni zamanda, rayonda kənd təsərrüfatının əsas istiqamətlərdən biri olan çayçılığın əvvəlki şöhrətini qaytarmaq məqsədilə ardıcıl tədbirlər görülür. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkan var. Bu, idxaldan asılılığı azaltmaqla yanaşı, ən azı 7000 iş yerinin yaradılması deməkdir.

Xatırladaq ki, Masallıda çay əkininə ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərin əvvəllərində başlanılıb. 1990-cı illərə qədər rayonda 4 min hektara yaxın sahədə çay plantasiyası olub. Əkilən sahələrdən ildə 11 min ton yaşıl çay yarpağı yığılıb. Çay plantasiyalarının hər hektarından 50-60 sentner məhsul əldə olunub. Yığılan yaşıl çay yarpağı rayonda fəaliyyət göstərən 5 çay emalı fabrikində emal edilib.

Çayçılıq üzrə mütəxəssislərin bildirdiklərinə əsasən, Masallıda çayçılıq rentabelliliyinə görə digər kənd təsərrüfatı sahələrini üstələyirdi və əvvəllər əkilən çay sahələrini yenidən təyinatı üzrə istifadə etməklə çayçılığın keçmiş şöhrətini qaytarmaq mümkündür. Hazırda Masallı rayonunda 43 hektar çay plantasiyası var. Bunun 5 hektarı əvvəlki illərdə, 38 hektarı isə yeni salınmış plantasiyalardır.

Rayonda çayçılığın əvvəlki şöhrətini bərpa etmək məqsədilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanılıb. Həmin ərazidə yol salınması, suvarma suyu ilə təminat, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur.

Ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi artıb

Bu ilin birinci rübündə Astara rayonunda da bir sıra mühüm işlər görülüb. Kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi və ölkədə ərzaq bolluğunun yaradılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Boş qalmış torpaqların əkilməsi məqsədilə fiziki şəxslərə, fermer və sahibkarlara lazımi kömək göstərilib. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir.

Rayonda iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi bu ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artaraq, 27,4 milyon manat olub. Bunun 9,6 faizi sənayenin, 26,6 faizi kənd təsərrüfatının, 14,1 faizi tikintinin, 46,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 2,6 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,7 faizi informasiya və rabitənin payına düşür.

Bu dövrdə rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4060 min manat məbləğində vəsait yönəldilib. Bunun 95 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,3 faiz artıb. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 260 manat təşkil edib.

Aqrar sahənin inkişafından söz düşmüşkən, bu istiqamətdə Cəlilabad rayonu üçün ənənəvi olan üzümçülüyün inkişafı üçün mühüm addımlar atılıb, bu il ilk dəfə olaraq Cəlilabadda pambıq əkininə başlanılıb. Rayonda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə uzun müddət istifadəsiz qalan bələdiyyə torpaqları fermerlərə icarəyə verilib.

Rayonda pambıq əkini üçün sınaq məqsədi ilə ilkin olaraq 400 hektar sahə ayrılıb. Bu ərazilər rayonun nisbətən aran hissəsində yerləşən Təzəkənd və Sabirabad kəndlərini əhatə edir. Artıq 200 hektar sahədə əkin başa çatıb, qalan sahələr isə səpinə hazır vəziyyətə gətirilib.

“Aqrolizinq” ASC-nin Cəlilabad filialının mühəndisi Namiq Niftəliyev bildirib ki, məhsul istehsalçılarına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyindən rayona traktor verilib, gələcəkdə başqa aqreqatlar da gətiriləcək. Pambıq əkini rayonda ilk dəfə həyata keçirildiyi üçün bu işə mütəxəssislər cəlb olunub. Yetişdiriləcək məhsul pambıq zavodlarına satılacaq. Bunun üçün fermerlərlə zavodlar arasında müvafiq müqavilələr imzalanıb.

Eyni zamanda, mayın 17-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabadda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. “Üzümçülüyün inkişaf perspektivləri”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, kənd təsərrüfatında ixtisaslaşmanın əhəmiyyəti, ekoloji təmiz üzüm istehsalının təşkili, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq təcrübə və sair məsələlər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.-2 iyun.- S.8