Tərtər rayonu öz inkişafının yeni mərhələsini yaşamaqdadır

 

Düşmən təxribatlarına mərdliklə sinə gərən rayonda abadlıq-quruculuq işləri geniş vüsət alıb

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan artıq dünya ölkələri tərəfindən yaxın tərəfdaş qismində qəbul edilir və inkişafımız dünyanın aparıcı reytinq hesabatlarında öz əksini tapır. Vurğulayaq ki, dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq, Azərbaycan öz makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Tərtər rayonudur. Cəbhə xəttində yerləşməsinə baxmayaraq, Tərtər rayonu bu gün öz inkişafının yeni mərhələsini yaşayır.

Tərtər İncəçaydan başlayır...

Sovet dövründə “Mirbəşir” adlanan Tərtər rayonu öz adına 1991-ci ildə qovuşub. Sahəsi 957 km2, əhalisi 98,1 min nəfər olan rayonun mərkəzi Tərtər şəhəridir.

Vurğulayaq ki, Gəncə ərazisində 1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılıb. Həmin ildə Tərtər sahəsi yaradılıb və 1920-1922-ci illərdə Cavanşir qəzasının tabeliyində olub, 1922-ci ildən isə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 1929-cu ilin aprelindən 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olub. 1930-cu ilin avqustunda isə Tərtər rayonu yaradılıb. 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilib. 1934-cü ildə yenidən Tərtər rayonu yaradılıb, 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılıb. 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilib, 1965-ci ildə isə yenidən Mirbəşir rayonu yaradılıb. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılıb. Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun, inzibati tərkibinə verilib. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd var. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır.

Rayonun təbiətinə gəldikdə isə, relyef şimal-şərqdə düzənlik, cənub-qərbdə dağlıqdır. Rayon ərazisindən Tərtər və İncəçay, cənub sərhədindən isə Xaçın çayı axır. Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncəçay ilə həmhüduddur. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Rayon Kür-Araz ovalığının qərb hissəsində, Qarabağ düzündə yerləşir. Burada neft yataqları, tikinti materialları mövcuddur. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərində, qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olub. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansara və qala yerləşib.

Rayonun əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıqdır. Subtropik meyvə olan narçılıq burda daha çox inkişaf edib. Rayonda pambıqtəmizləmə zavodu, toxuculuq fabriki, elektromexanika, konserv, süd emalı zavodları və s. sənaye müəssisələri mövcuddur. Xalq sənəti növlərindən xalçaçılıq, tikmə və toxuma sənətləri bu rayonda yaxşı inkişaf etmişdir.

Rayon ərazisindən Tərtər-İstisu, Tərtər-Hindarx, Tərtər-Goranboy, Yevlax-Ağdam-Laçın, Tərtər dövrələmə, Tərtər kənar avtomobil yolları keçir. Bu avtomobil yollarının uzunluğu 89 km-dir. Rayon ərazisindən 15 km uzunluğunda Yevlax-Bərdə-Ağdam dəmir yolu keçir.

Rayonda 24 tarix və mədəniyyət abidəsi var. Onlardan 1-i dünya, 15-i ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində mühüm işlər görülüb.

Tərtər rayonunda bu ilin birinci rübü üzrə göstəricilərdə artım müşahidə olunur

Qeyd edək ki, Tərtər rayonunda bu ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 5,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,3 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 91,6 faiz artıb. Analoji fərq informasiya və rabitə xidmətlərinin həcmində 14,3 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmində 4,1 faiz, sərnişin daşımalarının həcmində isə 4,2 faiz yüksəlib. Bundan başqa, həmin dövrdə pərakəndə ticarət dövriyyəsinin həcmi 3,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5 faiz, iaşə xidmətlərinin həcmi isə 2,7 faiz artıb. Rüb ərzində 3 milyon 440.8 min manat həcmində əsas fondlar istifadəyə verilib.

2016-cı ilin birinci rübündə rayon büdcəsinin gəlirləri 3 milyon 459 min 972 manata qarşı 4 milyon 70 min 95 manat və ya 117,6 faiz, dövlət büdcəsinin xərcləri 3 milyon 48 min 746 manata qarşı 3 milyon 76 min 821 manat və ya 101.0 faiz icra edilib. Dövlət tərəfindən müdafiə olunan xərc maddələri üzrə bütün ödənişlər vaxtlı-vaxtında təmin olunub. Rayonda 2 bank filialı, 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Rayonda əhalinin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir

Hesabat dövründə rayonda 10 min 11 nəfər pensiyaçıya xidmət göstərilib. Məcburi dövlət sığorta fonduna 790,7 min manat vəsait yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 65,8 min manat və ya 3,2 faiz çoxdur. Pensiyalar vaxtlı-vaxtında və 100 faiz plastik kartla ödənilib. İlin birinci rübündə Əhalinin Sosial Müdafiəsi Mərkəzində 5173 sosial müavinət və ünvanlı sosial yardım alan vətəndaşa xidmət göstərilib, 3 ay ərzində vətəndaşlara 1 milyon 486 min 489 manat vəsait ödənilib.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi məqsədilə rayon İcra Hakimiyyətində qərargah yaradılıb. Qərargahın səmərəli fəaliyyəti nəticəsində rayonda 672 yeni iş yeri açılıb ki, onun da 512-si daimi iş yerləridir. Onlardan 5-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 189-u mövcud müəssisə və təşkilatlarda, 100-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 218-i fiziki şəxslərdə, 160-ı isə digər tədbirlər üzrə mövsümi işlərdə açılıb.

Kənd təsərrüfatının inkişafı əsas prioritetlərdəndir

Vurğulandığı kimi, aqrar sahə üzrə ixtisaslaşmış rayon olan Tərtər rayonunda kənd təsərrüfatının sürətli inkişafının təmin olunması, bu sahədə məşğulluğun artırılması üçün mühüm addımlar atılır. Bir sıra kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinin vacibliyi ilə bağlı ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda perspektiv tədbirlər planı hazırlanıb və həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Belə ki, rayonda intensiv bağçılıq təsərrüfatını inkişaf etdirmək məqsədilə 300 hektar ərazidə üzüm bağının salınması üçün torpaq sahəsi ayrılıb, 2050 hektar pambıq əkilib. Tərəvəzçiliyin inkişafı üçün biznes plan tərtib edilib.

Bundan başqa, aqrar sahənin inkişaf etdirilməsinə diqqət artırıldığından kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 5 milyon 406.5 min manat təşkil edib. Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 12 min 225 hektar sahədə taxıl səpini aparılıb. Onun 7922 hektarı buğda, 4281 hektarı arpa, 22 hektarı yaşıl yem üçün xəsil arpa olub. Bundan başqa, 3149 hektar sahədə yazlıq bitkilər əkilib.

Tərtər rayonunda sahibkarlığın inkişafı diqqət mərkəzindədir

Rayonda sahibkarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu ilin ilk üç ayı ərzində rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla 2 dəfə İcra Hakimiyyətində görüş keçirilib, onları narahat edən problemlər öyrənilib, fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə iş adamlarına lazımi köməklik göstəriləcəyi bildirilib. Sahibkarlığın inkişaf etdirilməsi üçün rayonda münbit şərait yaradıldığının nəticəsidir ki, ilin ilk rübündə 218 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçib.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit bankları tərəfindən 2016-cı ilin birinci rübündə rayonun 1 sahibkarlıq subyektinə 5 min manat güzəştli kredit verilib.

Hesabat dövründə 4 nəfər sahibkara kiçik südçülük fermer təsərrüfatının, 1 nəfərə kiçik quşçuluq, 1 nəfərə faraş tərəvəz yetişdirmək üçün istixananın, 1 nəfərə ətkəsmə və ət satışı təsərrüfatının yaradılması üzrə kiçikhəcmli investisiya layihəsinin hazırlanmasına köməklik göstərilib, güzəştli kredit almaq üçün layihələr Sahibkarlığa Kömək Milli Fondunun rayonumuzda fəaliyyət göstərən müvəkkil bankına təqdim edilib.

Bundan başqa, Əskipara kəndində yaradılmış “EURO Tərtər Aqro” MMC-nin fəaliyyəti üçün ayrılmış 200 hektar torpaq sahəsində 100 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanılması, ət və süd istehsalı nəzərdə tutulub. “Məhəmməd-Tərtər” MMC-də isə ilkin olaraq 50 baş iribuynuzlu və 200 baş xırdabuynuzlu mal-qara alınıb, MMC-nin fəaliyyəti üçün ayrılmış 70 hektar sahədə yem bitkiləri və şəkər çuğunduru əkilib.

Dövlət səviyyəsində kənd təsərrüfatı istehsalçılarına subsidiya və yardım verilməsi, mülkiyyətçilərin maddi maraqlarının yüksəldilməsi mühüm irəliləyişlərə səbəb olub.

Heyvandarlığın inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində keçən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 409 baş, xırdabuynuzlu mal-qaranın sayı isə 1043 baş artıb.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilib. Bu ilin birinci rübü ərzində sahibkarlar tərəfindən lizinq yolu ilə 212 baş damazlıq heyvan alınıb. Hazırda onların sayı yeni doğulmuş balaların hesabına artaraq 376 başa çatıb.

Rayonun su təchizatı ilə bağlı mühüm addımlar atılır

Tərtər rayonunda su təchizatı ilə bağlı mühüm addımlar atılıb. Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə suvarma sistemlərində 218 min kubmetr lildən təmizləmə işi aparılıb, daşqın və selə qarşı mübarizə məqsədilə 18 min kubmetr torpaq işləri görülüb. Rayonda mövcud olan 474 ədəd subartezian quyusundan 467 ədədi işlək vəziyyətdə olub. İlin birinci rübü ərzində 53 ədəd subartezian quyusunun nasosları əsaslı təmir edilib, 9 ədəd subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəzlənib. Susuzluqdan əziyyət çəkən ərazilərin su təminatının yaxşılaşdırılması məqsədilə rayonun Borsunlu, Sarov, Xoruzlu, Qaradağlı, Balakənkərli, Hacıqərvənd, Güləbatlı (2 ədəd), Düyərli, Ələsgərli, İsmayılbəyli, Köçərli, Azad Qaraqoyunlu və Hüsənli kəndlərində 2015-ci ildə qazılmış 14 ədəd yeni subartezian quyuları cari ilin birinci rübündə istismara verilib. Eləcə də rayonda 7 ədəd yeni subartezian quyularının qazılması, 8 ədəd subartezian quyusunun yenidən bərpası nəzərdə tutulub və bu işlərin yerinə yetirilməsi üçün hazırlıq işləri görülüb.

Rayonda tikinti-abadlıq, quruculuq işləri genişləndirilir

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tərtər şəhərində Heydər Əliyev prospektində 1 hektar torpaq sahəsində üçulduzlu hotelin tikilməsi üçün layihə-smeta sənədləri təsdiq edilib. Bundan başqa, bu ilin ilk üç ayında 2 sahibkarlıq obyektinin tikintisinə icazə verilib.

Bu ilin ilk üç ayında Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb. Ərazi təmizlənib, hamarlanıb, mövcud ağaclar budanıb, ərazidən keçən yüksək gərginlikli hava xətti kənarlaşdırılıb, ərazinin səviyyəsini qaldırmaq üçün 1000 maşından çox torpaq daşınıb və torpaq səviyyəsi qaldırılıb. Park ərazisindən keçən Buruc arxının beton kanal şəklinə salınması işlərinə başlanılıb.

Tərtər şəhərinin Heydər Əliyev prospektində və E.Hüseynov küçəsində səkilərə 1450 kvadratmetr tamet daşları döşənib. E.Hüseynov küçəsində ümumi uzunluğu 4 km olan yeni səki daşları-bardyorlar düzülüb, kommunikasiya xətləri qaydaya salınıb, küçə genişləndirilib. Tərtər şəhərində 7 ədəd çoxmərtəbəli ictimai yaşayış binalarının fasad və daxili hissələrinin suvanıb rənglənməsi işlərinə başlanılıb və bu işin icrası üçün 100 nəfər Tərtər sakini işə götürülüb. Bundan başqa, şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində işləmək üçün 70 yeni iş yeri açılıb. Rayon ərazisində məskunlaşmış 1170 məcburi köçkün ailələri üçün qəsəbənin tikilməsi, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Sarıcalı-Zolgəran kəndləri ərazisində Tərtər çayı üzərində yeni körpünün tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.

Eləcə də şəhərin E.Hüseynov, Ş.Qurbanov, F.Qulami küçələrində asfalt örtüyü yenilənib. Q.Məmmədov küçəsində 5 mərtəbəli 30 mənzilli, Ə.Paşayev küçəsində isə 2 mərtəbəli 12 mənzilli, eləcə də 2 mərtəbəli 8 mənzilli iki binanın dam örtükləri tamamilə dəyişdirilib. Bundan başqa, 5 mərtəbəli 30 mənzilli üç binanın və 2 mərtəbəli 16 mənzilli dörd kommunal yaşayış evlərinin fasad hissələrinin və girişlərinin suvanması, rənglənməsi işləri aparılır. Şahmat məktəbinin, uşaq bağçasının və kənd təsərrüfatı idarəsinin inzibati laboratoriya binasının tikintisi davam etdirilir. Şəhərin Ş.Qurbanov və E.Məmmədov küçələrinin işıqlandırılması təmin olunub.

Bundan başqa, rayonun respublika əhəmiyyətli avtomobil yollarında 152,6 min manatlıq, yerli əhəmiyyətli avtomobil yollarında 57,4 min manatlıq cari və saxlanma işləri görülüb. Respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun 18-36 kilometrlərində əsaslı təmir və yenidən qurulması üçün layihə-smeta sənədləri, həmin yolun 18-ci kilometrində, İncəçay üzərində yerləşən qəzalı vəziyyətdə olan körpünün də layihə-smeta sənədləri hazırlanıb.

Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 12 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilib. Bundan başqa, şəhərin Heydər Əliyev prospektində və E.Hüseynov küçələrində 3450 ədəd ümumilikdə 11 adda müxtəlif növ ağac, 100 min ədəd kol bitkisi, 10 min ədəd isə gül əkilib.

Rayonun yaşayış məntəqələrində yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə 6707 ədəd ağac əkilib, 40,5 km kəndarası su arxları lildən təmizlənib, 19,3 km kəndarası yollar qum-çınqılla təmir olunub.

Rayonun içməli su və kanalizasiya sistemi yenidən qurulur

Vurğulamaq yerinə düşər ki, 2015-ci ilin iyun ayından Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılıb. Layihədə 110 km içməli su xəttinin və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulub. Hazırda Tərtər şəhərində 40 min 587 metr magistral kanalizasiya xətti, 4648 metr artezianlararası və təzyiqsiz magistiral su xətti, 36 min 609 metr şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətti çəkilib. İçməli su birləşmələri verilən 1666 abonentdən 1222 abonentin həyətyanı sahəsində sayğac qoyulması üçün qutular tikilib, 795 ədəd sayğac quraşdırılıb. Kanalizasiya xəttlərində 1016 ədəd dəmir-beton baxış quyuları, 1480 ev birləşmələri quraşdırılıb. Tutumu 5000 kubmetr olan 2 su anbarının tikilməsi nəzərdə tutulub. Yanğından mühafizə məqsədilə 126 yerüstü F 100 mm-lik, 187 ədəd sürgülü siyirtmə hidran quraşdırılıb. Onlardan birinin tikinti işləri başa çatıb və inkincisinin tikinti işləri 65 faiz görülüb. Həmin su anbarlarının içməli su ilə təmin olunması üçün qazılmalı olan 9 ədəd subartezian quyusundan hazırda 3 ədədi tam hazırdır, 2 subartezian quyusunda qazıntı işləri aparılır. Eyni zamanda, mexaniki avadanlıqlar otağı, xlorlama binası və gözətçi otağının tikinti işləri tamamlanıb. Hazırda işlər davam etdirilir.

Tərtər sakinlərinin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı istiqamətində əsaslı işlər görülür

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədi ilə 5 yarımstansiyada yağ açarları cari təmir edilib və ətrafları səliqəyə salınıb. 13 ədəd 10/6-0.4 -luq transformator cari, 10/6 kv-luq hava xətlərində 61,3 km, 0.4 kv-luq hava xətlərində 18,9 km əsaslı təmir olunub, hava xətlərinin 98 km-də qabarit bərpa edilib, 69 ədəd əyri dayaq düzəldilib, 52 ədəd dayaq yenisi ilə əvəz edilib. Tərtər şəhərində 10, Qapanlı kəndində 3 ədəd yeni transformator quraşdırılıb və sxemaya qoşulub. Qapanlı və Hacıqərvənd kəndlərinin hər birində 3 ədəd yeni qoyulmuş transformatorlardan çıxan 0.4 kv-luq hava xətlərində dayaqlar dəyişdirilib, 11,2 km naqillər kabellə əvəz edilib. Bundan başqa, Tərtər şəhərində, Poladlı, Hüsənli, Azad Qaraqoyunlu və Evoğlu kəndlərində 41 dayaq dəyişdirilib, 7,1 km naqil çəkilib.

Rayonda əhalinin qaza olan tələbatının təmin olunması məqsədi ilə ilin birinci rübündə də işlər davam etdirilib. Sarov və Bəyimsarav kəndlərində ümumi uzunluğu 50 min 261 p/m olan müxtəlif diametrli polad borularla qaz xətləri çəkilib, 981 abonentin mənzilində məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılaraq əhalinin istifadəsinə verilib. İlxıçılar, Dəmirçilər və Kəbirli kəndlərində ümumi uzunluğu 30 min p/m olan müxtəlif diametrli polad borularla qaz xətləri çəkilib, 650 abonentin mənzilində məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Bundan əlavə, rayonun Seydimli, Xoruzlu, Ağ kənd, Azad Qaraqoyunlu kəndlərində qazlaşma işləri davam etdirilir.

Rayonun rabitə və kommunikasiya sistemində də mühüm işlər görülüb. Belə ki, bu ilin ilk üç ayında Tərtər Telekommunikasiya qovşağında 3008 tutumu olan 1 mərkəzi EATS, 5008 nömrə tutumu olan 27 kənd EATS və 20 nömrəlik yaşayış məntəqəsini əhatə edən peyk avadanlığı ilə rayon əhalisinə xidmət göstərilib. Qovşaq üzrə hər 100 nəfərə düşən telefonların sayı 10.2 nömrə, hər 100 ailəyə düşən telefonların sayı 45,1 nömrə təşkil edib. Rayonda 9 internet klub və 1 tədris kursu fəaliyyət göstərir.

Ötən illə müqayisədə qovşaq üzrə ümumi gəlir 16 min manat artıb, genişzolaqlı internet xidmətindən əldə olunan gəlir ümumi gəlirin 35 faizini təşkil edib, rayonda internet istifadəçilərinin sayı 2508-ə çatıb.

Məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, əhalinin tibbi müayinədən keçirilməsi təmin olunur

2016-cı ilin birinci rübündə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Rüb ərzində rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Həmin müəssisələrdə 9387 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1210 nəfər müəllim məşğul olub.

Birinci rüb ərzində rayonun mərkəzi xəstəxanasında əhalinin sağlamlığı istiqamətində yüksək nəticələr əldə olunması üçün tibbi xidmətin günün tələbləri səviyyəsində qurulması istiqamətində lazımi tədbirlər həyata keçirilib. Yoluxucu və digər mövsümi xəstəliklərə qarşı peyvəndləmə işləri vaxtında aparılıb, bunun nəticəsində infeksion xəstəliklərlə xəstələnmə halları nəzərəçarpacaq dərəcədə azalıb. Prezident İlham Əliyevin bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına əsasən rüb ərzində 26 min 424 nəfər tibbi müayinədən keçirilib, 2052 nəfər ambulator, 32 nəfər stasionar müalicəyə cəlb olunub, 3 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib, 25 məntəqədə müayinə başa çatdırılıb.

Rayonda gənclərlə iş yüksək səviyyədə qurulub

Rüb ərzində Mədəniyyət və turizm şöbəsində əhaliyə göstərilən mədəni-maarif səviyyəsinin yüksəldilməsi məqsədilə mühüm tarixi günlərə, bayramlara həsr olunmuş tədbirlər keçirilib. Mədəniyyət işçiləri “Açıq qapı” günlərində hərbi hissələrdə olublar, hərbçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Eləcə də rayonda bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb, idmanın ayrı-ayrı sahələri üzrə çoxsaylı maraqlı yarışlar keçirilib. O cümlədən, gənclərlə işin yaxşılaşdırılması, ordu sıralarına çağırışın mütəşəkkil həyata keçirilməsi, gənclərdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi və idmana marağın artırılması da rayon rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması məqsədilə idman üzrə 10, gənclər üzrə 14 tədbir keçirilib. 2 Fevral - Gənclər Günü münasibətilə rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ordu gəncləri böyük qüvvədir” mövzusunda tədbirdə Azərbaycan Ordusunun arsenalında olan bütün növ döyüş sursatları nümayiş etdirilib, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə böyük konsert proqramı baş tutub.

Bundan başqa, rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Gənclər Mərkəzində “Xalqımızın milli dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar müşavirə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə “Tərtərdə yetkinlik yaşına çatmayanlarla iş diqqət mərkəzindədir” mövzusunda tədbir keçirilib. Tədbirlər rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

YAP Tərtər rayon təşkilatı rayonun aparıcı siyasi qüvvəsidir

Bu ilin ilk üç ayında Tərtər rayonunda ictimai-siyasi vəziyyət daima nəzarətdə saxlanılıb, aparılan təşkilatçılıq və maarifləndirmə işləri daha da gücləndirilib. Nəticədə rayonda sabitlik təmin olunub. Vurğulamaq yerinə düşər ki, hər zaman siyasi fəallığı ilə seçilən Tərtər rayon ictimaiyyəti Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirir. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatıdır. YAP Tərtər rayon təşkilatının təsis konfransı 1993-cü il iyulun 25-də keçirilib. YAP rayon təşkilatının hazırda 5826 üzvü var. Bu üzvlərin 3092 nəfərini və ya 53 faizini qadınlar, 1416 nəfərini, başqa sözlə, 24 faizini gənclər təşkil edir. Bu ilin ilk 5 ayı ərzində rayon təşkilatına 114 nəfər üzv qəbul olunub. Vurğulandığı kimi, Tərtər ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir.

Rayon sakinlərinin təklif və müraciətləri İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən dinlənilir, yerlərdə səyyar görüşlər keçirilir

Xüsusi olaraq qeyd edilməlidir ki, rayon İcra Hakimiyyətinin rəhbərliyi hər zaman yerlərdə sakinlərlə görüşlər təşkil edir, təklif və müraciətləri yerində dinləyir. Bundan başqa, bu ilin ilk üç ayında Tərtər rayon İcra Hakimiyyəti başçısı Aparatına 218 müraciət daxil olub. Bu müraciətlərdən 87-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 5-i Nazirlər Kabinetindən, 4-ü Milli Məclisdən, 26-sı respublikanın digər təşkilatlarından, 96-sı isə vətəndaşlardan bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir. Eləcə də rayon İcra Hakimiyyəti başçısı Aparatında 544 nəfər vətəndaş qəbul olunub. Onlardan 260 nəfəri İcra Hakimiyyəti başçısı tərəfindən, 284 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilib. Rayon İcra Hakimiyyəti başçısının birinci rüb ərzində yerlərdə keçirdiyi səyyar qəbul - görüşlər praktikası davam etdirilib. Bütövlükdə 2016-cı ilin birinci rübündə 11 yaşayış məntəqəsi və məhəllədə İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilib. Bu görüşlərdə iştirak edən 1364 vətəndaşdan 98 nəfər vətəndaş müraciətlə çıxış ediblər.

Rayon İcra Hakimiyyətinə hesabat dövründə daxil olan 218 müraciətin hamısı elektron informasiya sisteminin tələblərinə uyğun olaraq işlənilib, müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilib və icrasına nəzarət olunub.

Aprel ayında erməni təxribatları nəticəsində dağılmış evlərdə təmir-bərpa işləri davam etdirilir

Məlum olduğu kimi, aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonu istiqamətində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı və düşmənə ağır zərbələr vuruldu. Bununla belə ermənilər yaşayış məntəqələrini, sosial obyektələri atəşə tutdular. Ərazidə döyüşlər gedərkən erməni silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə atılan ağır artilleriya atəşləri nəticəsində Tərtər şəhərinə, Qaynaq, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Ağkənd, Çaylı, Şıxarx, Yuxarı Qapanlı, Qazyan, Hacıqərvənd, Buruc, Balakəngərli, Həsənqaya, Azad Qaraqoyunlu, Düyərli, Seydimli kəndlərinin, Şıxarx qəsəbəsinin ümumilikdə 256 fərdi yaşayış evinə, Qaraağacı və Qapanlı kəndlərindəki tam orta məktəblərə, Qapanlı və Yuxarı Qapanlı kəndlərindəki tibb məntəqələrinə, Qazyan kənd körpələr evi-uşaq bağçasına, işıq, qaz, su və rabitə təsərrüfatına ziyan dəyib. Bundan başqa, artilleriya atəşi nəticəsində yerli əhaliyə məxsus xeyli sayda mal-qara və toyuq-cücə tələf olub. Tərtər sakinlərinə məxsus 4 ədəd avtomobil istifadəyə yararsız hala salınıb. Atəş zamanı evlərdən 32 ədədi tamamilə dağılıb və ağır dərəcədə zərər çəkib, 45 yaşayış evi orta dərəcədə, 179 yaşayış evi isə qismən zərər çəkib. Bununla bərabər, 2350 metr beton üzlüklü kanal, 4 kilometr torpaq kanalı, 12 ədəd hidrotexniki qurğu, 2 ədəd körpü, 2 kilometr elektrik xətti, 1 ədəd transformator, 2 kilometr kanalüstü istismar yolu sıradan çıxıb, R-7 və R-8 kanallarının yanındakı idarə binaları dağılıb.

Eləcə də Qaraağacı, Yuxarı Qaradağlı, Şıxarx, Hüsənli kəndlərinin 208 hektar taxıl sahəsinə, 28 hektar Hüsənli kəndinin çuğundur sahəsinə ziyan dəyib. Atəşkəs pozulduğu müddətdə rayon İcra Hakimiyyəti operativliyi təmin edərək dəymiş zərərin müəyyənləşdirilməsi və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər həyata keçirib. Rayon fövqəladə hallar komissiyası yaşayış məntəqələrində olub, dəymiş zərəri müəyyənləşdirərək aktlar tərtib edib. O cümlədən, işıq, qaz, su, telekommunikasiya sahəsindəki problemlər aidiyyəti idarələr tərəfindən qısa müddətdə aradan qaldırılıb. Digər tərəfdən, artıq dağıdılmış evlərdə təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri Azərbaycan hökumətinin ciddi nəzarətindədir.

Rayon ərazisində düşmən təxribatının qarşısının alınması zamanı 3 nəfər mülki şəxs həlak olub, 7 nəfər yaralanıb və 1 nəfər Tərtər şəhər sakini gizir Nicat İsgəndərov şəhid olub. Yüksək dəyanət nümayiş etdirən Tərtər rayonunun sakinləri bir gün də olsun öz doğma ocaqlarını tərk etmədilər. Ölkə Prezidenti, Ali Baş Komandanın əmrlərini yerinə yetirən Azərbaycan Ordusu və xalqın birliyi bu çətin günlərdə də öz sözünü dedi.

Bütün çətinliklərə baxmayaraq bu gün Tərtər rayonu öz inkişafını davam etdirməkdədir. Rayonda yeni infrastruktur yaradılır, insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti İlham Əliyevin rayona reallaşan son səfəri də bunu deməyə əsas verir. Bu gün Tərtər rayonu ümumi inkişaf tendensiyamızın mühüm bir parçası kimi çıxış edir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 3 iyun.- S.7