Azərbaycanda yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davamlı xarakter daşıyır

 

Bu istiqamətdə paytaxt Bakı və ətraf qəsəbələrdə də mühüm addımlar atılır

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda hər ötən gün uğurlar əldə edilir. Bu da səbəbsiz deyil. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Eyni zamanda, bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Daha dəqiq desək, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Bu siyasət hazırda da davam etdirilir və 2016-cı ilin arxada qalan ayları ərzində ayrı-ayrı şəhər və rayonlarda, həmçinin paytaxt Bakı və onun ətraf qəsəbələrində həyata keçirilən işlər belə deməyə əsas verir.

Paytaxt Bakıdan söz düşmüşkən, qeyd edək ki, istər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, istərsə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan işlər çərçivəsində son aylar ərzində mühüm addımlar atılıb. Buna misal olaraq bildirək ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işləri aparılıb. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən verilən məlumata görə, Əziz Nəzərov küçəsinin uzunluğu 1 km, ortalama eni isə 10 m-dir. Uzun müddət küçənin təmir olunmaması nəticəsində asfalt-beton örtüyündə yaranmış qabarma və dağılmalar avtonəqliyyat vasitələrinin normal hərəkətinə mane olurdu. Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə küçənin 10 min m2 sahəsi 2 qat olmaqla asfaltlanıb.

Bundan başqa, aparılmış işlər çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 59 ədəd baxış qapağı yenilənib. Vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min poqonmetr yeni səki daşı düzülüb. Əziz Nəzərov küçəsi bu gündən etibarən tam yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Eyni zamanda, 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər davam etdirilir. Maştağa-Bilgəh avtomobil yolunun tikintisi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparılır və artıq yekunlaşmaq üzrədir.

Uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılır. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilib. Bundan başqa, yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə isə hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-i tam olaraq asfaltlanıb.

Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min poqonmetr yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub. Daha sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Ümumiyyətlə, avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.

Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə həmçinin Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib. Təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir. Həmin hissənin uzunluğu təqribən 1 km-dir. Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir. Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min poqonmetrə yaxın səki daşı yenisi ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min m2 ərazi 2 qat olmaqla asfaltlanıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb. Hazırda küçənin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. Qeyd edək ki, küçənin ümumi uzunluğu 3,7 kilometrdir.

Xəzər rayonunun Mərdəkan şosesinin bir hissəsinin və Mərdəkan qəsəbəsinin mərkəzindəki Sergey Yesenin küçəsinin də müəyyən hissəsinin təmiri işlərinə başlanılıb. Təmir-tikinti işləri Mərdəkan şosesinin Şağan qəsəbəsinə gedən yolla kəsişməsindən Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsi ilə kəsişməsinədək olan 600 metrlik hissəsində və Sergey Yesenin küçəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişməsinədək olan 1400 metrlik hissəsində aparılır.

Aparılan işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına səki daşları düzülür. Ümumilikdə sözügedən əraziyə 4 min poqonmetr yeni səki daşı düzüləcək. Buna paralel olaraq mövcud avtobus dayanacaqlarının genişləndirilməsi işləri də həyata keçirilir. Dayanacaqlar olan ərazilərdə xüsusicibli dayanacaqlar yaradılır.

Müəyyən ərazilərdə avtonəqliyyat vasitələrinin normal hərəkəti üçün yolun hərəkət hissəsi də 0,5-1 metr arası genişləndirilir. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınır. Daha sonra 10 min m2-dən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

“Azəravtoyol” ASC tərəfindən ölkə boyu aparılan kompleks tədbirlər çərçivəsində Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işlərinə start verilib. Sözügedən avtomobil yolunun uzunluğu 11 km, ortalama eni isə 9,5 m-dir. Yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 km-lik hissəsində isə orta təmir işləri aparılır. Orta təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bu işlər yekunlaşdıqdan sonra əsaslı təmir işlərinin aparıldığı 1,5 km-lik əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Əsaslı təmir işlərinin aparıldığı ərazidə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bundan başqa, “Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin daha bir hissəsi təmir olunub. Təmir olunmuş hissənin uzunluğu təqribən 450 metrdir və Cəfər Xəndan küçəsi ilə Məsud Davudoğlu küçəsinin (6-cı mikrorayon istiqaməti) kəsişməsi arasında yerləşir. Bu işlər çərçivəsində ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib.

Təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, 900 poqonmetr köhnə səki daşları yeniləri ilə əvəzlənib. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək, uzunluğu 20 metr, eni isə 3,5 metr olan xüsusicibli dayanacaqlar yaradılıb. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

Hazırda prospektin digər hissəsində - Məsud DavudoğluSüleyman Sani Axundov küçələri arasında yerləşən ərazidə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Həmçinin ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.

“Azəravtoyol” ASC tərəfindən Nəsimi rayonu ərazisindəki Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri isə artıq yekunlaşıb. Uzunluğu 650 metr, eni isə 14 metr olan küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 poqonmetr yeni səki daşı düzülüb.

Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Görülən işlər çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib. Təmir-bərpa işləri tərtib olunmuş cədvələ uyğun qısa müddət ərzində aparılıb.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.- 7 iyun.- S.- 8