Azərbaycan Milli Ensiklopediyasının 50 illik
yubileyi qeyd olunub
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) əsas binasında
Azərbaycan Milli Ensiklopediyasının 50 illik
yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir AMEA-nın, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin (AME), Təhsil Nazirliyinin, Mədəniyyət və
Turizm Nazirliyinin birgə təşkilatçılığı
ilə reallaşdırılıb.
Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə
milli dövlətçilik
və azərbaycançılıq
məfkurəsinin, mədəniyyətin
formalaşmasında mühüm
rol oynayan Milli Ensiklopediyanın inkişaf tarixindən söz açıb. Bildirilib ki,
Azərbaycanda ensiklopediya
yaradıcılığının ən parlaq dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Akademik A.Əlizadə
Ulu öndərin ensiklopediyanın formalaşması
sahəsindəki müstəsna
xidmətlərini xüsusi
qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Ensiklopediyasının
50 illik tarixinin böyük bir mərhələsi görkəmli
dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərliyi
dövrünə təsadüf
edir. Bu mərhələdə
Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki
bazası formalaşıb,
kadr potensialı gücləndirilib. Milli Ensiklopediyanın
inkişafında yeni mərhələnin 2004-cü ildən
başlandığını vurğulayan A.Əlizadə
Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri
ilə bağlı müvafiq sərəncamlarını
xatırladıb. Qeyd
edilib ki, müstəqillik dövründə
Azərbaycan Milli Ensiklopediyasının tarixində
dönüş nöqtəsi
olan bu sərəncamlar
əsasında Elmi Mərkəzin təşkilati
strukturunun qurulması,
kadr potensialının
gücləndirilməsi, respublikanın
bütün elmi potensialının bu işə səfərbər
edilməsi istiqamətində
mühüm addımlar
atılıb.
Tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru,
AMEA-nın vitse-prezidenti,
akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış
edib. Alim Azərbaycanda
müasir ensiklopediya işinin əsasının
1965-ci ildə qoyulduğunu,
“Azərbaycan Sovet Ensiklopediyasının nəşr
edilməsi haqqında”
qərarla həmin ilin dekabrında Azərbaycan SSR Elmlər Akademiyasının rəyasət
heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının yaradıldığını,
Xalq şairi Rəsul Rzanın baş redaktor təyin olunduğunu diqqətə çatdırıb.
Bildirilib
ki, qərarda “Azərbaycan SSR” xüsusi cildinin və on cildlik universal Azərbaycan
Sovet Ensiklopediyasının
nəşri nəzərdə
tutulub. Akademik 1970-ci ildə nəşr
olunan universal Sovet Ensiklopediyasının “A” və
“B” hərflərinin müəyyən
hissəsini əhatə
edən birinci cildinin sovet ideologiyasının tələblərinə
cavab vermədiyindən
məhv edildiyini söyləyib.
Bildirilib ki, Prezident İlham
Əliyevin 2004-cü ildə
imzaladığı müvafiq
sərəncamlara əsasən
Azərbaycan Milli Ensiklopediyasının çoxcildli
nəşrinə qərar
verilib, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılıb. Vurğulanıb ki, Elmi Mərkəzin qarşısına
dünya standartlarına
cavab verən mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyulub. Arxiv materiallarından da istifadə etməklə, respublikanın
tanınmış ziyalıları,
elm, sənət adamları,
mütəxəssisləri bu işə cəlb olunub. Müəllif heyəti və
Elmi Mərkəzin kollektivinin gərgin əməyi sayəsində
ilk nəşr - “Azərbaycan”
xüsusi cildi 2007-ci ildə Almaniyanın “Siglosh” nəşriyyatında
yüksək poliqrafik
keyfiyyətdə çap
olunaraq elmi ictimaiyyətə təqdim
edilib.
Elmi Mərkəzin direktoru qeyd edib ki,
adi ensiklopediyadan öz funksionallığı,
dizayn səviyyəsi və strukturu ilə fərqlənən,
bununla belə, Azərbaycan Milli Ensiklopediyasının milli
koloritini tam şəkildə
əks etdirən xüsusi cilddə xalqımızın təşəkkülü
və inkişafı
son dərəcə obyektiv
göstərilib, başqa
ölkələrlə tarixi
və müasir əlaqələrinə böyük
diqqət yetirilib, təbii və antropogen obyektlər işıqlandırılıb. Akademik yaranmış tələbdən
irəli gələrək
həmin nəşrin
2012-ci ildə Almaniyada
rus dilində çap edildiyini nəzərə çatdırıb.
T.Nağıyev Prezident İlham Əliyevin Elmi Mərkəzdə görülən
işləri yüksək
qiymətləndirdiyini, dövlətimizin
başçısının mərkəzin 50 illik yubileyinin keçirilməsi
və bu qurumun əməkdaşlarının
orden, medal və fəxri adlara layiq görülməsi haqqında imzaladığı
müvafiq sərəncamlarını
böyük diqqətin
göstəricisi olduğunu
söyləyib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında
Azərbaycan Milli Ensiklopediyası böyük
rol oynamalıdır. Vurğulanıb ki, bu gün
nəşr edilən ensiklopediyalar təmənnasız
olaraq kitabxanalara paylanılır. Xaricdən
ensiklopediya ilə tanış olmağın mümkünlüyündən
söz açan Ə.Qarayev bu baxımdan internet üzərindən
də ensiklopediyaya girişin vacibliyini vurğulayıb. Nazir müasir dövrümüzdə
milli ensiklopediyanın
formalaşmasında azərbaycanlı
alimlərin əməyini
yüksək dəyərləndirib,
Azərbaycan Milli Ensiklopediyasının fəaliyyətini
bundan sonra da uğurla davam etdirəcəyinə
əminliyini bildirib.
Təhsil naziri Mikayıl Cabbarov özündə maarifçilik ənənələri
daşıyan ensiklopediyaların
nəşrlərinin bütün
təhsil müəssisələrinə
paylanıldığını söyləyib. Nazir müasir dövrdə
ensiklopediyanın digər
dillərə tərcümə
edilməsinin zəruriliyini
vurğulayıb, kollektivə
daha böyük uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə, akademiklər
Abel Məhərrəmov, Teymur
Kərimli, Elmi Mərkəzinin texnika, neft, mədən işləri, informatika, elektronika redaksiyasının
müdiri Gülbəniz
Qocayeva çıxış
edərək Azərbaycan
Milli Ensiklopediyasının
ölkəmizin müstəqil
dövlət kimi inkişafını, xalqımızın
həyatında baş
vermiş mühüm
tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri
və milli dəyərlər sisteminə
əsaslanan dövlət
əhəmiyyətli mötəbər
elmi informasiya mənbəyi kimi mühüm rolundan danışıblar. Bildirilib ki,
Azərbaycan Milli Ensiklopediyası, ilk növbədə,
milli dövlətçiliyin
inkişafının rəhni
olan milli birliyin möhkəmlənməsinə
xidmət edən mühüm amilə - etnik özünüdərkin
formalaşmasına ciddi
təsir göstərən
nəşrdir.
Sonda Azərbaycan Milli Ensiklopediyasının 50 illik
yubileyi ilə əlaqədar “Azərbaycan
Milli Ensiklopediyası” Elmi
Mərkəzinin bir qrup
əməkdaşına AMEA-nın fəxri fərmanları təqdim
edilib.
Yeni Azərbaycan.-
2016.- 9 iyun.- S.4