Heydər Əliyev Mərkəzində
tanınmış rəssam Corc Kondonun fərdi sərgisi açılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub
İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, “Corc
Kondo. Şəxsi kolleksiyadan seçmələr”
adlı sərginin açılış mərasimində
çıxış edən
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə yeni bir layihənin təqdim edildiyini diqqətə çatdırıb.
O, sərginin Heydər
Əliyev Mərkəzində
təşkil olunmasına
rəhbərlik edən
Leyla Əliyevaya, layihənin kuratoru Simon de Puriyə, “Qaleri Karaç”ın və Bakıda təqdim olunan Corc Kondo kolleksiyasının sahibi
Andrea Karaça minnətdarlığını
bildirib. Mərkəzin
direktoru qeyd edib ki, bu
layihənin Bakıda həyata keçirilməsi
üçün onun üzərində bütün
kollektiv 2 il
işləyib.
Sərginin açılış mərasimində çıxış
edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq deyib: “Biz bu gün Birləşmiş
Ştatlarda çoxşaxəli
və ekstravaqant üslubu ilə seçilən rəssamın
yaratdığı əsərlərdən
ibarət sərginin açılışında iştirak
edirik. Mən çox şadam
ki, dünyada ən çox xoşladığım, pərəstişkarı
olduğum rəssamın
sərgisini biz məhz
burada, belə gözəl, möhtəşəm
bir binada keçiririk. Bildiyiniz kimi,
bu binanın müəllifi öz əsərləri ilə inanılmaz zirvələri
fəth etmiş memar Zaha Hadiddir.
Biz artıq Heydər
Əliyev Mərkəzində
öz maraqlı əsərləri ilə seçilən Endi Uorhol, Riçard Dikon, Bernar Buffe
və digər istedadlı rəssamların
və heykəltəraşların
sərgilərini təşkil
etmişik”.
İlk dəfə olaraq Corc Kondonun işlərini
özü üçün
5 il bundan
əvvəl kəşf
etdiyini deyən Leyla Əliyeva həmin vaxtdan etibarən rəssamın yaratdığı əsərlərə
vurulduğunu bildirərək
deyib: “Çünki
o, yaratdığı bütün
əsərlərində çox
müxtəlif üslubları,
insanların məhz ürəklərindən keçən
hissləri, çox böyük, canlı həyatı, emosiyaları,
müxtəlif hissləri
təcəssüm etdirib.
Bu əsərlərdə həm qəmginlik, həm xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək mümkündür.
Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə,
sırf bir üslubda, istiqamətdə
işləmir. Adətən onun əsərləri haqqında danışarkən
daha çox kubizm, ekspressionizm üsullarından istifadə
etdiyini söyləyirlər.
Lakin biz onun əsərlərini seyr edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları
əks etdirir. Bir tərəfdən ahəngdarlıq,
digər tərəfdən
məhz məxfilik, həmçinin reallıq,
insanın xülyaları,
müxtəlif rənglər
və ümumiyyətlə,
sehrli bir aləmin məqamları onun əsərlərində
əksini tapır.
Əziz dostlar, bu gün
axşam bizimlə olduğunuza görə təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, bu sərginin
təşkilində əməyi
olan hər kəsə, həmçinin
Andrea Karaça, onun rəhbərlik etdiyi qalereyaya minnətdarlığımızı
bildiririk. Mən fürsətdən
istifadə edərək
ən yaxın dostlarımdan olan cənab Simon de Puriyə və onun xanımına
təşəkkür edirəm.
Yekun olaraq demək istəyirəm ki, bu gün Bakıda
ürəyimdə tutduğum
arzulardan biri həyata keçib. Biz bu gün
Corc Kondonun əsərlərindən ibarət
sərginin açılış
mərasimində iştirak
edirik. Buna görə də mən sizin hamınıza minnətdaram.
Sizin hamınıza “çox sağ
olun” deyirəm. Sizə xoşbəxtlik, möhkəm
cansağlığı və
məhəbbət arzulayıram”.
Sərginin kuratoru Simon de Puri
il yarım
əvvəl xanımı
ilə Londonda səfərdə olarkən
Leyla Əliyevanın təşkil etdiyi gözəl bir sərgidə iştirak etdiyini söyləyərək
deyib: “Mövzusu ətraf mühit və ekologiya olan bu sərgidə
Leyla Əliyeva ilə tanış olduq. Sərgidə nümayiş etdirilən
əsərlər sırasında
Corc Kondonun əsərləri də var idi. Söhbət
əsnasında Leyla xanım bildirdi ki, məhz Corc
Kondo bütün dünyada
ən çox sevdiyi rəssamlardan biridir və biz belə bir qərara
gəldik ki, Bakıda Corc Kondonun əsərlərinin
sərgisinin təşkili
yaxşı olardı.
Çünki bizim özümüz
də məhz Corc Kondonun pərəstişkarlarıyıq”.
Simon de Puri deyib ki,
bugünkü mərasimdə
iştirak etmək onlara, həmçinin digər rəssamların əsərləri ilə tanış olmaq imkanı yaradır. Leyla xanım özü
də rəssamdır.
O, incəsənət sahəsinə
çox bağlı bir insandır. Təsviri incəsənət sahəsinə
vurğunluğu, biliyi
ilə seçilir.
Kurator Simon de Puri
qeyd edib ki, Andrea Karaç dünyada Corc Kondonun əsərlərindən
ibarət kolleksiyanın
sahibidir. O, uzun müddət ərzində
bu kolleksiyanı yaradıb. Həmçinin Heydər Əliyev
Mərkəzi XXI əsrdə
yaradılmış ən
gözəl binadır.
Zaha Hadid özü də qeyd edirdi
ki, onun bu layihəsi bütün karyerası boyu ən gözəl
əsəridir. Bakı elə
bir şəhərdir
ki, öz dinamik həyatı ilə hər zaman seçilir. Burada hər zaman müxtəlif tədbirlər
keçirilir. Bakı ən
böyük təəssürat
bağışlayan şəhərlərdən
biridir.
Qonaq qeyd edib ki, 1960-cı illərin azərbaycanlı
rəssamları Cavad Mircavadov, Rasim Babayev və başqalarının əsərləri
Venesiya Biennalesində
çox uğurla sərgilənib. Heydər Əliyev Mərkəzindəki
sərgidə Corc Kondonun əsərləri ilə Azərbaycan rəssamlarının əsərləri
arasında oxşarlığı
görmək olar.
Simon de Puri sərginin
təşkilinə görə
Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra sərginin açılışını
bildirən rəmzi
lent kəsilib və qonaqlar sərgi ilə tanış
olublar.
“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr”
adlı sərgidə
müəllifin 70-dən çox
əsəri, o cümlədən
rəsmləri, heykəltəraşlıq
nümunələri yer
alıb.
Corc Kondo 1957-ci ildə
ABŞ-ın Nyu-Hempşir
ştatının Konkord
şəhərində anadan
olub. 1976-1978-ci illərdə
Louel şəhərindəki
Massaçusets Universitetində
təhsil alıb.
Nyu-Yorkun incəsənət aləminə
1980-ci illərdə gələn
Corc Kondo Amerika karikatura sənətindən,
Avropa portret tarixindən və yunan mifologiyasından ilhamlanaraq portret janrının araşdırılması
ilə məşğul
olur, özünəməxsus
üslubda qara yumorlu əsərlər yaradır. Corc Kondonun işləri
ekspressionizmlə kubizmi
satirik karikatura əlamətləri ilə
birləşdirir. Onun yaradıcılığı
böyük bürünc
heykəllərdən tutmuş
xəyali portretlərədək
müxtəlif tipli əsərləri əhatə
edir. Corc Kondo öz yaradıcılığını
“süni realizm” termini
ilə ifadə edir.
O, rəssam kimi məşhur olmasına baxmayaraq, heykəltəraşlıqla
da məşğuldur.
Corc Kondo
bu sahəyə 1999-cu
ildə yaqut, brilyant və mirvarilərlə bəzədilmiş
“Desireah” adlı əsəri ilə gəlib.
Corc Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə
yeni mərhələyə
qədəm qoyub. Müəllif hər biri eyni
vaxtda müxtəlif emosiyalar, məsələn,
təəccüb, fəryad
və gülüş
ifadə edən silsilə şəkillər
yaratmağa başlayıb.
Sənətkarın ABŞ-ın Hyuston, Nyu-York, Buffalo, Avropanın Salzburq, Paris, Barselona, Bielefeld və Londonda sərgiləri keçirilib.
Heydər Əliyev Mərkəzindəki “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” sərgisi
noyabrın 6-dək davam edəcək.
Yeni Azərbaycan.- 2016.- 17 iyun.- S.4