"Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir"

 

Tarix sübut edib ki, mənəvi gücü zəif olan cəmiyyətlərdə sosial-iqtisadi, elmi-texniki inkişaf daimi ola bilməz. Çünki inkişaf və tərəqqinin dayanıqlı olması üçün cəmiyyət hərtərəfli - həm sosial-iqtisadi, həm də mədəni-mənəvi cəhətdən inkişaf etməlidir. Müstəqilliyinin bərpasının 25-ci ilini qeyd edən Azərbaycan bu gün bütün sahələrdə tərəqqi dövrünü yaşayır: sosial-iqtisadi, elmi-texniki, hərbi-siyasi və mədəni-mənəvi baxımdan güclənir.

Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. Başqa sözlə, bu gün Azərbaycan cəmiyyətinin və dövlətinin həm sosial-iqtisadi inkişafının, həm də mənəvi tərəqqisinin bünövrəsində Heydər Əliyev siyasəti dayanır. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasına və inkişafına görə regionun lider dövlətinə çevrilib.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynayıb. Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu Öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirilib, konfessiyalar arasında dözumlülük mühiti yaxşılaşdırılıb, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu sahədə Heydər Əliyevin müdrik, cəsarətli, tarixi qərarlarından biri isə 15 il öncə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.

O dövrdə - Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələrində mövqeyini ortaya qoymaq ehtiyacı ilə üzləşmişdi. Yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyət şəraitində müstəqil dövlət quruculuğuna başlayan Azərbaycan üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir vaxtda vacib məsələlərdən biri də dövlətin din məsələlərinə münasibəti, ölkədə mövcud olan fərqli dini icmalara və konfessiyalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi hesab olunurdu. Zaman keçdikcə belə bir vacib sahənin idarə olunması mexanizmlərinin mərkəzləşdirilməsi, müvafiq mərkəzi icra hakimiyyəti orqanının yaradılması zərurəti aktuallığını daha da artırırdı. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi o dövrdə ölkəmizi böyük humanitar fəlakətlə üz-üzə qoymuş, humanitar yardım adı altında müxtəlif ölkələrin fondları, yardım təşkilatları respublikamıza ayaq açmağa başlamışdı. Və bu fondların, təşkilatların “humanitar yardım” adı altında bölgədə möhkəmləndikdən sonra missionerlik fəaliyyəti həyata keçirəcəkləri, öz ölkələrinin dövlət-din münasibətləri modelini Azərbaycanda tətbiq etmək istəyəcəkləri Heydər Əliyev kimi uzaqgörən siyasətçi üçün gün kimi aydın idi. Buna görə də Ulu Öndər 2001-ci il iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılması barədə fərman imzaladı və Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoydu. Xüsusi vurğulamaq lazımdır ki, dövlət-din münasibətlərini tənzimləyən hökumət üzvü statusunda mərkəzi icra hakimiyyəti orqanı MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanda yaradılıb. Sonradan MDB-nin, eləcə də Avropanın bir sıra dövlətləri ölkəmizin təcrübəsindən yararlanaraq bu statusda dövlət qurumları təsis etməyə başlayıb.

Dövlət Komitəsi fəaliyyət göstərdiyi illər ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilib və onların həllində müsbət nəticələr əldə olunub. Dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib, radikal təriqətlərin təsir dairəsindəki dini icmalarla lazımi iş aparılıb.

Təbii ki, cəmiyyətin bütün təbəqələrini əhatə edən bu fəaliyyətin özünəməxsus xüsusiyyətləri və çətinlikləri var. Lakin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət, Prezident İlham Əliyevin onu uğurla davam etdirməsi və ölkənin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti Dövlət Komitəsinin qarşısına qoyulmuş məqsədlərə çatmasına əlverişli zəmin yaradır.

Onu da qeyd edək ki, milli-mənəvi irsimizin, onun tərkib hissəsi kimi dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması qloballaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusilə vacibdir. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. “Dinimiz milli-mənəvi sərvətimizdır” - deyən Ulu Öndər Heydər Əliyevin xidmətləri nəticəsində bu gün milli və dini dəyərlərimiz xalq tərəfindən, dövlətin himayəsi altında qorunur və daha da inkişaf etdirilir.

Ulu Öndərin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərir. Dövlətimizin başçısı ölkəmizdə dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz rolunu hər zaman vurğulayaraq bildirmişdir ki, “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır”.

Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirib.

Dövlət başçısının ölkədə tolerantlıq siyasətinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi, tolerantlıq mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə gördüyü işlərdən danışarkən 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin yaradılmasını xüsusi vurğulamaq lazımdır.

Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasına şərait yaradılması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Təkcə bir faktı qeyd edək ki, sovetlər zamanı ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi bu rəqəm 2100-ə çatıb. Belə ki Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə minlərlə məscid tikilib və əsaslı bərpa olunub. Bu proses indi də davam etməkdədir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdər bəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Gəncə şəhər İmamzadə ziyarətgahında bərpa işləri başa çatdırılıb və bu il kompleks istifadəyə verilib. Bakının Binəqədi rayonunda ölkənin və Qafqazın ən böyük məscidi - Heydər məscidi inşa olunub. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən tarixi məscid və ziyarətgahlar - Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Şüvəlan qəsəbəsi Heydər məscidi, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri, Qəbələ şəhərində yeni məscid inşa və ya əsaslı təmir olunub. Hazırda ölkədə məscidlərlə yanaşı, 748 pir və ziyarətgah, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Ötən müddət ərzində Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində tarixi kilsə və sinaqoqlar da təmir olunmuş, yeniləri inşa edilmişdir. Bakı şəhərində Katolik kilsəsinin və dağ yəhudiləri üçün sinaqoqun inşası, Jen Mironosets Baş Kafedral kilsəsinin, Lüteran məbədinin, Qəbələ rayonu, Nic qəsəbəsində Alban kilsəsinin bərpası və yenidən qurulması buna bariz nümunədir.

Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri var. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdıran Mehriban xanım Əliyeva xalqlar arasında dostluq münasibətlərinin, qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsinin vacibliyini daim vurğulayır. Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, məbədin fasadında keramik panno yerləşdirilib. Bundan başqa, 2007-ci ildə Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa edilib.

Onu da qeyd edək ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev din sahəsi ilə yanaşı, Dövlət Komitəsinin fəaliyyətinə də diqqət və qayğı ilə yanaşıblar. Bunun nəticəsidir ki, Dövlət Komitəsinin həm kadr potensialı, həm də maddi-texniki təchizatı zaman keçdikcə daha da yaxşılaşıb, Əsasnaməsinə bir sıra əlavə və düzəlişlər edilib. Sonuncu dəfə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2014-cü il, 376 nömrəli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə bir sıra dəyişikliklər edilib və komitənin mərkəzi aparatının işçilərinin say həddi 85 ştat vahidinə, regional orqanlarının işçilərinin say həddi isə 89 ştat vahidinədək artırılıb. Hazırda Dövlət Komitəsinin mərkəzi aparatında 9, bölgələrdə isə 15 regional şöbə fəaliyyət göstərir.

Əsasən yerli ali təhsil müəssisələrində ilahiyyatçı ixtisasına yiyələnmiş mütəxəssislər, dinşünaslar işə cəlb olunub, etimadı doğruldan, yüksək dini biliyə malik mütəxəssislərin dövlət qulluqçusu kimi formalaşması üçün lazımi şərait yaradılıb. Eyni zamanda, filoloq, tarixçi, hüquqşünas, regionşünas, həmçinin politoloq, fəlsəfəçi, jurnalist, tərcüməçi və başqa zəruri ixtisaslar üzrə mütəxəssislər Dövlət Komitəsinə işə qəbul olunublar.

Dövlət Komitəsinin uğurlu fəaliyyətini şərtləndirən amillərdən biri kimi onun maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi qeyd edilməlidir. Müxtəlif illərdə Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tənzimlənməsi, dinlərarası tolerantlıq ənənələrinin möhkəmləndirilməsi və maariflənmə işinin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncamlar imzalayıb.

Hazırda Dövlət Komitəsinin qarşısına qoyulmuş əsas məqsəd vicdan azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin, tolerant və multikultural prinsiplərin təbliği, eləcə də dini maarifçilik işi və dini radikalizmə qarşı effektli mübarizə aparılmasıdır. İndiyədək dini maarifləndirmə işində Dövlət Komitəsinin kollektivi, o cümlədən rəhbərliyi iştirak edib, respublikanın bütün bölgələrində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanının rəhbərləri, dini icma sədrləri, imam və axundlar, dindarlar, ilahiyyatçılar, ziyalılar, gənclər və ictimaiyyət fəalları üçün yüzlərlə maarifləndirici konfrans, seminar-müşavirə, “dəyirmi masa” keçirilib. Bu tədbirlərdə müxtəlif din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik, qarşıdurma, zorakılıq hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədilə maarifləndirici mövzularda çıxışlar olub.

Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli sərəncamına əsasən, 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan DQİDK-ya 2.5 milyon manat ayrılması faktı xüsusi qeyd edilməlidir. Həmin maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli-mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrə müvafiq ekspert rəyi verilməsi üçün Dövlət Komitəsində Qiymətləndirmə Komissiyası yaradılıb. Qiymətləndirmə Komissiyası dini icmaların layihəsinə baxıb və müsbət rəy verdikdən sonra Dövlət Komitəsi həmin layihələri maliyyələşdirib. İndiyədək 102-si müsəlman və 19-u qeyri-müsəlman olmaqla ümumilikdə 121 dini icmaya maliyyə vəsaiti ayrılıb. Maarifləndirmə tədbirləri çərçivəsində dini icmaların təşkil etdikləri və ekspertlərin də qatıldığı tədbirlərdə din xadimləri, ziyalılar, müəllimlər, fəal ictimaiyyət nümayəndələri ilə yanaşı, gənclər və yeniyetmələr də iştirak ediblər. Ümumilikdə sayı 400-dən çox olan belə maarifləndirmə tədbirlərində on minlərlə insanın iştirakı təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.

Maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti vasitəsi ilə də həyata keçirilməkdədir. Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biri də maarifləndirici ədəbiyyatların nəşr olunması və yayılmasını təşkil etməkdir. Dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında fəaliyyət göstərən Dinşünaslıq Komissiyası yaradılıb. Komissiyanın əsas məqsədi milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanılması istiqamətində fəaliyyət göstərməkdən ibarətdir. Geridə qalan dövrdə komitənin əməkdaşları Dinşünaslıq Komissiyasının üzvləri ilə birlikdə maarifləndirici xarakterli 60-a yaxın kitab və kitabçalar hazırlayıblar. Bundan başqa, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət-din münasibətləri ilə bağlı nitqlərindən, çıxışlarından, fərman və sərəncamlarından ibarət olan, Azərbaycanın dövlət-din münasibətlərinin tədqiqi üçün nəzəri material sayıla biləcək “Heydər Əliyev: tolerantlıq siyasəti” (Azərbaycan və rus dillərində), “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabları oxuculara təqdim edilib.

Onu da deyək ki, ölkəmizdə dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: milli-mənəvi dəyərlər və qanunvericilik bazası. Bu sahədə qanunvericiliyimizin əsasını təşkil edən ölkə konstitusiyası və “Dini etiqad azadlığı haqqında” qanuna ötən müddət ərzində edilmiş əlavə və dəyişikliklər nəticəsində hüquqi bazamız daha işlək, daha demokratik format qazanıb.

Dövlət Komitəsinin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində strateji vəzifələri üç əsas amil üzərində qurulub: dini etiqad azadlığının təmin edilməsi; dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması; dini təəssübkeşliyin fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması.

Eyni zamanda, Azərbaycanda radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib. Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Buraya Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar qanun pozuntusuna yol verən radikallaşmış dini qrupların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə geniş tədbirlər həyata keçirir. Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu yolverilməzdir. Üçüncü istiqamət ideoloji təbliğat yoludur. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir. İndiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib.

Son illər ölkəmizdə din sahəsində həyata keçirilən əsas tədbirlərdən biri də şəhər və ya rayon icra hakimiyyəti başçıları yanında fəaliyyət göstərən dini işlər üzrə komissiyaların fəaliyyətinin yenidən qurulmasıdır. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbələrində şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı ştatı yaradılıb. Qeyd etmək lazımdır ki, dini radikalizmlə mübarizənin sistemli və kompleks şəkildə aparılması məqsədilə inzibati və cinayət-hüquqi metodlardan istifadə edilməsi ilə yanaşı, ənənəvi dini təbliğat gücləndirilməli, maarifləndirmə işi genişləndirilməlidir. Aidiyyəti dövlət orqanları dini radikalizmə, onun təbliğinə qarşı mübarizəni mütəmadi və əlaqəli şəkildə aparmalıdır. Bu mənada icra hakimiyyəti aparatlarında dini qurumlarla işin təşkilatçılarının üzərinə yerlərdə radikal dini meyillərin vaxtında aşkar edilməsi, dini radikalizmə qarşı mübarizədə icra hakimiyyəti orqanları ilə hüquq-mühafizə orqanları arasında fəaliyyətin əlaqələndirilməsi və radikal dini təbliğata qarşı əks-təbliğat işinin təşkili kimi mühüm vəzifələr düşür. Yerlərdə yaradılmış həmin komissiyalar və dini qurumlarla işin təşkilatçıları iş planına və təlimata uyğun fəaliyyət göstərir, onların digər dövlət orqanları ilə əlaqəli işi uğurla koordinasiya edilir.

Dövlət Komitəsinin fəaliyyətinin önəmli bir hissəsini dini qurumların dövlət qeydiyyatına alınması və dini təhsil ocaqları ilə iş təşkil edir. Dini qurumların qeydiyyatı ilə bağlı müraciətlərə həmişə operativ baxılaraq, müvafiq qərarlar qəbul olunub. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr və dəyişikliklər edildikdən sonra Dövlət Komitəsində 649 dini qurum qeydiyyatdan keçib. Bu müddət ərzində onlardan 4-ü ləğv edilib. Hazırda 645 dini icma qeydiyyatdadır. Konfessional baxımdan onların 620-i islam, 25-i isə qeyri-islam (xristian - 15; yəhudi -7; krişna - 1; bəhai - 2) təmayüllüdür.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə dini təhsil sahəsində müəyyən işlər görülüb. Hazırda respublikada dini təhsil verən 3 orta ixtisas - mədrəsə, iki ali təhsil müəssisəsi fəaliyyət göstərir. 27 iyun 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınmış Bakı İslam Universiteti Azərbaycanda din üzrə kadr hazırlığında mühüm rola malikdir və hazırda çalışan din xadimlərinin əksəriyyəti bu universitetin məzunlarıdır. 1992-93-cü tədris ilində təsis olunmuş Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarına isə iki ixtisas - ilahiyyatçı-islamşünas və ərəb dili müəllimi ixtisası verilir ki, bu da məzunların işlə təmin oluna bilməsi üçün geniş imkanlar açır. DQİDK-da çalışan kadrların böyük əksəriyyəti, eləcə də Milli Elmlər Akademiyasında, o cümlədən ayrı-ayrı təhsil ocaqlarında dinşünaslıq üzrə fəaliyyət göstərən şəxslər də məhz bu fakültənin yetirmələridir. Qafqaz Müsəlmanları İdarəsinin nəzarəti altında fəaliyyət göstərən Şəki, Əliabad və Şəbnəm islam mədrəsələrində dini biliklərlə yanaşı, dünyəvi fənlər də tədris olunur ki, bu da gənclərin hərtərəfli hazırlığının təmin olunmasına xidmət edir.

Dövlət Komitəsinin fəaliyyətində xüsusi diqqət yetirdiyi məsələlərdən biri də dini ədəbiyyatın ekspertizası, zərərli kitabların istehsalı, ölkəyə idxalının və yayılmasının qarşısının alınmasıdır.

Xaricdən gətirilən, eləcə də ölkədə yeni nəşr olunan dini təyinatlı ədəbiyyat öyrənilib, təhlil olunub, onlardan zərərlilərinin adları ölkədə nəşrinə və yayılmasına razılıq verilməmiş dini təyinatlı ədəbiyyat siyahısına daxil edilib. 2001-2015-ci illərdə 14488 adda dini təyinatlı ədəbiyyat ekspertizaya təqdim olunub. Ümumilikdə idxalla bağlı Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 10994 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 1465 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Nəşr etdirmək məqsədilə bu illər ərzində ekspertizaya təqdim olunmuş 1541 adda dini ədəbiyyata baxılıb, onlardan 95-nin çapı məqsədəuyğun sayılmayıb. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif əməliyyat tədbirləri zamanı maddi sübut kimi götürülərək Dinşünaslıq ekspertizasına göndərilmiş 1953 adda dini ədəbiyyata, audio və video materiallara və başqa məlumat materiallarına baxılıb, onlardan 686 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən olunub.

Əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı əvvəlki illərlə müqayisədə, son iki ildə ekspertizaya təqdim olunmuş dini kitabların sırasında zərərli dini ədəbiyyatın sayının azalması da təsdiqləyir.

Onu da qeyd etmək yerinə düşər ki, son illər Dövlət Komitəsində ölkədə fəaliyyət göstərən aparıcı nəşriyyatların rəhbərləri ilə görüşlər keçirilib, zərərli dini ədəbiyyatın nəşr olunub yayılmasının qarşısının alınması məqsədilə əlaqəli fəaliyyətlə bağlı məsələlər müzakirə olunub, onlardan dini ədəbiyyatın nəşri sahəsində vəziyyətlə bağlı məlumatlar alınıb və müvafiq tövsiyələr verilib. Bunlarla yanaşı, nəzarət markalarının tətbiqinin mexanizmləri barədə dini ədəbiyyatın satışını, istehsalını həyata keçirən fiziki və hüquqi şəxslərlə maarifləndirmə işləri aparılıb. Hüquqi müstəvidə nəzarət markalarının verilməsi ilə bağlı qanunvericilikdə müvafiq düzəlişlər edildikdən sonra işə başlanılıb, müvafiq qaydada uçot həyata keçirilib. 2015-ci ilin dekabrından başlayaraq ilin sonuna qədər 59 dini ədəbiyyata ümumilikdə 66196 ədəd nəzarət markası yapışdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. Bu məqsədlə əvvəlcədən təsdiq edilmiş qəbul qrafikinə əsasən, ayda bir dəfə müxtəlif bölgələrdə Dövlət Komitəsi sədrinin vətəndaşlarla görüşü keçirilir. Müraciətlər əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı olur. Bu günə qədər vətəndaşlarla 30 qəbul keçirilib və qəbullarda ümumilikdə 500-dən çox vətəndaş iştirak edib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Dövlət Komitəsi öz fəaliyyətində xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir, xarici əlaqələr sahəsində işlər yüksək səviyyədə davam etdirilir. Dini fəaliyyət sahəsində qarşılıqlı işgüzar münasibətlərin qurulması məqsədilə Türkiyə, Rusiya, Gürcüstan, İran, Səudiyyə Ərəbistanı, Küveyt və digər ölkələrin müvafiq qurumları ilə əlaqələr yaradılıb, səfərlər həyata keçirilib. Hazırda müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlığımız davam etdirilir, təcrübə mübadiləsi aparılır.

Ümumiyyətlə, istər daxildə, istərsə də xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə Dövlət Komitəsinin iştirakı respublikada mövcud yüksək tolerantlıq və multikultural ənənələrin, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin geniş təbliği və təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Ona görə də Dövlət Komitəsi fəaliyyətində beynəlxalq konfransların keçirilməsinə, bu tipli tədbirlərdə iştiraka xüsusi diqqət yetirir. Bu istiqamətdə istər ölkə daxilində, istərsə də xaricdə ümumilikdə 40-dan çox beynəlxalq konfrans və simpozium təşkil olunmuşdur. Bütün tədbirlərdə ölkəmizdəki dini durum, tolerantlıq və multikultural dəyərlər, dövlətin dinə qayğısı barədə ətraflı məlumat verilib, Azərbaycanla ikitərəfli əlaqələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq və ölkəmizlə bağlı həqiqətlərin düzgün təbliğ edilməsi məsələləri müzakirə olunub, ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsi, dövlətimizin multikulturalizm strategiyasının dünyada böyük fərəh doğurması diqqətə çatdırılıb.

Arxada qoyduğumuz 15 il Dövlət Komitəsinin yaradılması ilə bağlı qərarın nə qədər doğru və zəruri olduğunu bir daha təsdiqlədi. Amma 15 illik tarix həm də bir həqiqəti göstərdi: dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində hələ çox işlər görülməlidir. Dövlət Komitəsinin kollektivi Prezident İlham Əliyevin etimadını doğruldacaq, onun rəhbərliyi altında, diqqət və qayğısı nəticəsində üzərinə düşmüş bu şərəfli vəzifəni uğurla yerinə yetirəcəkdir.

 

Mübariz QURBANLI,

Azərbaycan Respublikası Dini Qurumlarla

İş üzrə Dövlət Komitəsinin sədri

Yeni Azərbaycan.-2016.- 22 iyun.- S.4 .