Ulu öndər Heydər Əliyevin humanizm siyasətinə sədaqət nümunəsi

 

Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Amnistiya aktının 10 min məhbusu əhatə edəcəyi gözlənilir. Layihədə 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciəti ulu öndər Heydər Əliyevin humanizm siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb. Hələ 1995-2003-cü illərdə yeddi amnistiya aktı qəbul edilib və 32 əfv sərəncamı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox məhbusa şamil edilib. Ümummilli Lider tərəfindən imzalanmış əfv sərəncamları ilə üç mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ulu öndər Heydər Əliyev, həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da bir qismini bağışlayıb. Məhz Ulu Öndərin humanizminin nəticəsi olaraq, ölkəmizdə ölüm hökmüaradan qaldırılıb və bununla da Azərbaycan Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb.

Ulu öndər Heydər Əliyevin bu sahədə də siyasətini uğurla davam etdirən, dəfələrlə əfv sərəncamları imzalayan Prezident İlham Əliyev də məhbuslar arasında fərq qoymur. Bu, dövlətimizin başçısının humanistliyini nümayiş etdirir.

Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu cür humanist addımları çoxdan cəmiyyətin rəğbətini qazanıb. Məhz Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etməsi deyilənlərin əyani sübutudur.

Sədaqət Vəliyeva vurğulayıb ki, cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır. Çünki humanist addımlar mahiyyət etibarilə bəzən qəbul olunmuş ədalət prinsipləri çərçivəsindən kənara çıxaraq insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi, “yamanlığa yaxşılıqla” cavab verilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Bu, o deməkdir ki, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda, səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir. Dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır.

Sədaqət Vəliyeva xüsusilə qeyd edib ki, əfv olunan insanların sonradan törətdiyi cinayəti təkrarlaması ehtimalı xeyli aşağı olur. Digər tərəfdən, bu cür amnistiya aktları başqa məhkumlara da ümid verir, onları nümunəvi davranışa sövq edir. Buradan da amnistiya aktının əxlaqi, mənəvi-psixoloji əhəmiyyəti önə çıxır. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen duruma, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinə təsir göstərən faktor kimi çıxış edir. Digər tərəfdən, dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amil hesab olunur. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-hakimiyyət münasibətləri formalaşır.

Milli Məclisin deputatı vurğulayıb ki ,28 May - Respublika Günü münasibətilə 3500 nəfərin məhkumluqdan azad edilməsini nəzərdə tutan Amnistiya aktı yenidən cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisəyə çevriləcək.

Yeni Azərbaycan.- 2016.- 19 may.- S.5