Ötən il ölkənin regionlarında inkişaf davam edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib

 

2016-cı il ərzində respublikanın Aran bölgəsinin rayonlarında həyata keçirilən işlər də deyilənləri təsldiqləyir

Beynəlxalq aləmdə hökm sürən qlobal maliyyə böhranına baxmayaraq ötən il də ümumilikdə respublikamız, həmçinin ayrı-ayrı regionlarımız üçün uğurlarla yadda qalıb. Hər halda ayrı-ayrı bölgələrin, o cümlədən Aran bölgəsinə daxil olan rayonların timsalında bunu açıq şəkildə görmək mümkündür. Ötən il bu bölgənin əhatə edən rayonlar üzrə göstəricilərə keçməzdən öncə qeyd edək ki, Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv. km olmaqla ölkə ərazisinin 24,7 faizini, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Region üçün əsasən,quru subtropik iqlim xarakterikdir.

İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynayıb.

Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şosse yolları) üzərində yerləşir.

Beləliklə, bölgənin aparıcı rayonlarından olan Yevlaxda əvvəlki illərdə olduğu kimi ötən ildə də bir sıra sahələr üzrə uğurlu nəticələr əldə edilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2016-cı ildə Yevlax rayonunda ümum məhsul buraxılışının həcmi 540,6 milyon manat olub. Bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 55,3 milyon manat və yaxud 11,4 faiz çoxdur. Məhsul buraxılışının 10,6 milyon manatını sənaye, 76,3 milyon manatını kənd təsərrüfatı, 32,9 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 34,5 milyon manat olub.

Ötən il tikinti-quruculuq işləri də davam etdirilib. Belə ki, İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binaları və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 ev istifadəyə verilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçası binalarının, Kür çayı üzərində dəmir yol körpüsünün tikintisi aparılır. 1 nömrəli musiqi məktəbi və İrəvanlı qəsəbəsindəki məktəb binası əsaslı təmir olunur. Rayonun 6 kəndinin ərazisindən keçən Mingəçevir-Aran qəsəbəsi avtomobil yolu genişləndirilir və yenidən qurulur.

Aqrar sahədə əldə olunan uğurlardan bəhs edirkən vurğulamaq yerinə düşər ki, 2016-cı ildə rayonda 1415 hektar pambıq əkilib, təcrübə məqsədilə 17 hektarda fındıq bağı salınıb. İki tona yaxın barama istehsal olunub. Rayonun əkin sahələrinin suvarılmasına xidmət edən 430,5 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib. 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülüb, Nemətabad kəndinin əkin sahələrinin suvarılmasına xidmət edəcək 700 metr uzunluğunda beton kanal çəkilib. 420 hektar əkin sahəsini suvarmaq məqsədiləQaroğlannasos stansiyası tikilib istifadəyə verilib. Hazırda Aran bələdiyyəsi ərazisində 6 min hektar sahədə aqropark yaradılır.

2016-cı ildə Aran bölgəsinə daxil olan Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 278,755,4 min manat olub. Bu, əvvəlki illə müqayisədə 13,8 faiz çoxdur. Bu dövrdə 15,018,7 min manatlıq sənaye, 152,634,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 42,105,2 min manat investisiya yönəldilib. 2015-ci illə müqayisədə sənaye məhsulları istehsalı 18,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 10,4 faiz, əsas kapitala yönəldilən investisiyalar 36,8 faiz artıb.

Bu faktlar Ağcabədi rayonunda 2016-cı ilin yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Ağcabədinin iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib. Bu dövrdə Bayraq muzeyinin tikintisi başa çatdırılıb. Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin Ağcabədi Vergi Xidməti Mərkəzinin inzibati binası, otel kompleksi, Ağcabədi şəhər 4 saylı uşaq bağçası-körpələr evi üçün yeni bina tikilib. Qonaq evi, şəhər 6 saylı və Hacıbədəlli kənd uşaq bağçası-körpələr evləri, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Boyat kənd sahə xəstəxanası, Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbi əsaslı təmir edilib. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi yenidən qurulub. Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun Kəhrizli kəndi ərazisindən keçən Qarqar çayı üzərindəki körpü əsaslı təmir edilib, Minəxorlu kəndi ərazisində yeni körpü tikilib istifadəyə verilib.

Hazırda Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Yuxarı Qiyaməddinli kənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilir, Hacılar kənd tam orta məktəbi əsaslı təmir olunur.

Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, ötən il rayonda 26 min 548 hektar sahədən 95 min 827 ton taxıl əldə edilib. Bundan başqa 8852 ton pambıq, 48 min 525 ton şəkər çuğunduru, 3675 kiloqram barama tədarük olunub. Hacıbədəlli kəndi ərazisində pomidor yetişdirmək üçün müasir istixanalar qurulub.

Aran bölgəsi üzrə rayonlarda əldə edilən uğurlardan Saatlıya da pay düşüb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən il Saatlıda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 1,1 faiz artaraq 217328,1 min manat olub. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyanın həcmi 32712,8 min manat təşkil edib. Hesabat ilində rayonda geniş tikinti, abadlıq və quruculuq işləri aparılıb. Şəhərin küçə və prospektləri yenidən qurulub. Yollara asfalt örtüyü vurulub, səkilər yenilənib. Təhsil ocaqlarında, uşaq bağçası və körpələr evində əsaslı və cari təmir işləri görülüb. Park və xiyabanlarda eləcə də yol kənarlarında on minlərlə ağac və dekorativ gül kolları əkilib. Rayonun kənd və qəsəbə yollarında da təmir-bərpa işləri davam etdirilib. Ötən il tikintisinə başlanılan və 19 yaşayış məntəqəsini birləşdirən Sarıcalar, Qara Nuru, Şirinbəyli, Fətəlikənd və Azadkənd avtomobil yolunda son tamamlama işləri görülüb. Yolun alt hissəsi yenidən qurulub, asfalt örtüyü vurulub. Yeni yoldan 40 min nəfərdən çox kənd əhalisi istifadə edəcək.

Məlumatda o da qeyd edilib ki, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında da davamlı inkişaf təmin olunub. Ötən il Saatlı respublika üzrə ən çox pambıq əkib və 12 min tondan çox məhsul tədarük edib. Bu il isə rayonda 17 min hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür və fermerlərlə müqavilələr bağlanılır. Kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıqla yanaşı, baramaçılıq və bağçılığın da inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü işlər görülüb. Belə ki, baramaçılığın inkişafı məqsədilə ötən il rayon ərazisində 60 min tut tingi əkilib. 132 hektara yaxın sahədə nar bağı, 40 hektar sahədə isə üzümlük salınıb. Əkinçiliyi daha da inkişaf etdirmək məqsədilə 43 min 504 hektar qış otlaq sahəsinin 3335 hektarı əkin dövriyyəsinə qatılıb.

Keçən il Sabirabadda da iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Məhsul istehsalı 23,2 faiz, sənaye məhsulu 30,8, rabitə xidməti 4,5, nəqliyyat xidməti 11,9, pərakəndə əmtəə dövriyyəsi 3,1 faiz artıb. Tikinti-quraşdırma işləri 2,1 dəfə artmaqla, əsas kapitala 76 milyon 912 min manat investisiya yönəldilib.

Eyni zamanda, hazırda 205 çarpayılıq mərkəzi xəstəxananın, həmçinin Nizami kəndi ərazisində ildə 200 milyon ədəd yumurta, 1000 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi yeri ilə təmin olunması nəzərdə tutulan quşçuluq kompleksinin tikintisi davam edir. Həyata keçirilən suvarma layihələri nəticəsində 11 min 498 hektar sahənin su təchizatı yaxşılaşdırılacaq. Bundan əlavə, rayonun qış otlaqlarında 15 min 900 hektar sahənin əkin dövriyyəsinə qatılması üçün işlər görülür.

Ötən il rayonda kənd yollarının tikintisi də davam edib. 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılıb, indiyə kimi 35,8 kilometr olan kəndarası yollarda əsaslı təmir işləri görülüb.

Hesabat dövründə 432 şagird yerlik Moranlı kənd tam orta məktəbi üçün binanın tikintisi başa çatdırılıb, 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin binasının tikintisi davam etdirilib. Həmçinin 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinə başlanılıb. 140 yerlik 1 saylı şəhər uşaq bağçasının binası yenidən qurulub, Ulacalı kəndində 20 yerlik uşaq bağçası üçün bina inşa olunub, 40 yerlik Qaraağac kənd uşaq bağçasında isə təmir işləri aparılır.

Hesabat ilində rayonda pambıqçılığın inkişafı üçün kompleks tədbirlər də görülüb. 2016-cı ildə rayonda 6084 hektar sahədə pambıq əkilib, 7,7 min ton pambıq tədarük edilib. Məhsul istehsalının həcmi 2015-ci illə müqayisədə 4 dəfədən çox olub. Bu il isə rayonda daha çox pambıq əkilməsi üçün hazırlıq işləri görülüb. Pambıq emalının həcminin artırılması məqsədilə rayonda fəaliyyət göstərən pambıq emalı zavodu yenidən qurulub, fəaliyyəti genişləndirilib.

Beləliklə, yuxarıda sadalananlar da ötən ilin ölkəmizin regionları üçün uğurlu nəticələrlə yadda qaldığını bir daha təsdiqləyir. Eyni zamanda bəhs olunan rayonların timasalında həyata keçirilməsi nəzərdə tutulan işlər ölkəmizdə quruculuq-abdaldıq işlərinin davamlı xarkter daşıdığını deməyə əsas verir.

Nadir AZƏ

Yeni Azərbaycan.- 2017.- 28 fevral.- S.7