OxucularSöz adamı” kitabı ilə Akif Əlini daha yaxından tanıyacaqlar

 

Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif YusiflininAkif ƏLİ. Söz adamı” adlı yeni kitabı Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yaradıcılığına həsr edilib.

AZƏRTAC xəbər verir ki, müəllif Akif Əlinin keçdiyi ömür yoluna nəzər salaraq, onun çoxşaxəli elmi-ədəbi yaradıcılıq fəaliyyətini tədqiq edib və ümumən, həyata baxışlarında müşahidə etdiyi orijinallığı kitabın əsas mövzusuna çevirib.

Vaqif Yusifli qəhrəmanının jurnalistlik fəaliyyətindən, ədəbi-tənqidi məqalələrindən, elmi axtarışlarından, roman, hekayə və esselərindən söz açır, onun elmi-tədqiqat işi olan “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” monoqrafiyasını sabirşünaslıqda yeni bir söz kimi dəyərləndirir.

Akif Əlinin 1990-93-cü illərdə müstəqilliyimiz üçün ən ağır dönəmlərdəki qəzetçilik fəaliyyəti, Azərbaycan gerçəkliyinin müxtəlif problemlərini əhatə edən publisistik məqalələri, Ulu öndər Heydər Əliyevin xalqımızın xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi titanik zəhmətindən bəhs edən düşüncələri kitabın ən maraqlı fəsillərindəndir. Tənqidçi, Akif Əlinin Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” kitabından ətraflı söz açıb, əsərin yüksək ideya-bədii və mənəvi-əxlaqi əhəmiyyətini vurğulayır.

Akif Əlinin “Öncə-Vətəndir”, “Qaragöz oyunu”, “Vətən mücadiləsi” vəİdrak” kitablarında toplanan çoxsaylı publisistik yazıları, hekayə və esseləri, miniatür nəsr parçaları, aforizm və deyimləri ayrı-ayrı fəsillərdə geniş təhlilə cəlb olunur, onların həm ədəbi-bədii, həm ictimai mahiyyəti açıqlanır. Kitabın maraqla oxunan fəsillərindən biri də sərkərdə Babəkin mübarizəsinə həsr edilmiş və böyük Azərbaycan qəhrəmanının edamqabağı düşüncələrini əks etdirən “Azman” romanı haqqındadır.

Kitabın ikinci hissəsində tanınmış yazıçı-publisistin müxtəlif mətbuat səhifələrində dərc olunan, internet saytlarında yer alan çoxsaylı müsahibələrindən seçmələr oxuculara təqdim olunur. Onun ilk gənclik illərində bir sıra filmlərdə yaratdığı maraqlı ekran obrazları xatırlanır, radioda, televiziyada hazırladığı populyar verilişlərdən, müəllif proqramlarından bəhs edilir, pedaqogika, dövlət qulluğu sahələrindəki fəaliyyətinə nəzər salınır, eləcə də həyata baxışları, dünyagörüşü, xarakteri, insanlara, gözəlliyə, sənətə, yaradıcılığa münasibəti dolğunluğu ilə canlandırılır.

Renessans-A” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilən kitabın mətni çoxsaylı fotoşəkillərlə müşayiət olunur.

Yeni Azərbaycan.- 2017.- 2 mart.- S.7