Azərbaycanın regionlarında müasir sosial infrastruktur quruculuğuna böyük diqqət göstərilir

 

Son 13 ildə respublikamızda 3 mindən çox məktəb, 600-dək səhiyyəəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib

Bütün ölkə boyu müasir sosial infrastruktur obyektlərinin yaradılması Azərbaycanı dərin məzmunlu sosial siyasət həyata keçirən ölkə kimi fərqləndirən əsas cəhətlərdən biridir. Son 13 ildə respublikanın inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət sosial sferada bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldir. Bölgələrdə əsasən milli memarlıq üslubunda yaradılan və hər cür rahatlıqlara malik sosial infrastruktur obyektləri bir növ müstəqil Azərbaycanın hərtərəfli inkişafının rəmzinə çevrilib.

Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir

Məlum olduğu kimi, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsində olduğu kimi elm, təhsil, innovasiya yönümlü inkişafı hədəfləyib. Bu baxımdan ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Ölkəmizdə təhsil infrastrukturunun müasir səviyyəyə yüksəldilməsi siyasəti ardıcıl xarakter daşıyır. Hazırda bütün ölkə boyu bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verərək bildirib ki, son bir ildə ölkədə bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça tikilib və ya əsaslı təmir olunub.

Əlamətdar haldır ki, son bir ildə ölkə miqyasında istifadəyə verilən təhsil obyektlərinin bir çoxunun açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Məsələn, dövlət başçısı ötən il Qusar rayonuna səfəri çərçivəsində Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib. Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Hil kənd tam orta məktəbinin təməli 1928-ci ildə qoyulub və ilk vaxtlar kəndli Gənclər Məktəbi kimi fəaliyyət göstərib. Bu təhsil ocağının məzunu, fizika-riyaziyyat elmləri doktoru professor Kərim Kərimovun adını daşıyan məktəb üçün 1973-cü ildə 14 sinif otağından ibarət ikimərtəbəli bina tikilib. Lakin şagirdlərin sayı çox olduğundan iki növbədə fəaliyyət göstərən məktəbin darısqal binası uzun illər təmir olunmadığına görə qəzalı vəziyyətə düşmüşdü.

Hazırda Hil kəndinin məktəbi ən müasir tələblərə cavab verən yeni binada yerləşir. Məktəbin yeni binasının foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qusar rayonuna səfərləri, həmçinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Yeni üçmərtəbəli məktəb binasının inşasına 2015-ci ilin fevral ayında başlanılıb və 2016-cı ilin iyulunda tikinti-quraşdırma işləri tam başa çatdırılıb.

Məlumat verilib ki, bəhs olunan təhsil ocağı 720 şagird yerlikdir. Burada ümumilikdə 30 sinif otağı var. Otaqların hamısı zəruri dərs ləvazimatı ilə təmin edilib. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur. Bu təhsil ocağı öz məzunları ilə fəxr edir. Hazırda məktəbin yetirmələrindən 4 nəfər elmlər doktoru, 6 nəfər elmlər namizədidir. Məktəbin 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyası var. Laboratoriyaların hamısı müasir avadanlıqla təchiz edilib. Məktəbin 2 əmək təlimi otağı, zəngin kitabxanası, 350 yerlik akt zalı, idman zalı, 92 yerlik yeməkxanası da var. Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən qazanxana, 250 kilovoltluq transformator yarımstansiyası tikilib, artezian quyusu qazılıb. Həmçinin 100 kubmetrlik içməli və 100 kubmetrlik yanğın əleyhinə ehtiyat su anbarları, açıq idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb.

Təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb

Ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi həmçinin qəzalı məktəbləri əhatə edir. Qarşıya respublika miqyasında qəzalı binalarda yerləşən bütün məktəbləri müasir binalarla təmin etmək kimi mühüm vəzifə qoyulub. Son 13 ildə çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib.

2016-cı ildən etibarən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Belə ki, ötən il 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli məktəblərlə əvəzlənməsinə start verilib. Nazirlər Kabinetinin qərarı ilə 2016-cı ildə 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür. Yuxarıda bəhs olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2017-ci ildə regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100-dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq.

Səhiyyə sahəsində islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır

Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Təkcə belə bir faktı vurğulamaq lazımdır ki, ölkəmizdə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul edilib.

Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq son vaxtlar ölkənin dərman bazarında vəziyyətin qaydaya salınması istiqamətində müvafiq tədbirlər görülür. Parlamentdə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər təsdiqlənib. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb.

Eyni zamanda, cari ildən regionlarda - Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində pilot layihə kimi respublikamızda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Prezident İlham Əliyev “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” 29 noyabr 2016-cı il tarixli müvafiq Fərman imzalayıb.

Bəlli olduğu kimi, tibb müəssisələri indiyədək dövlət büdcəsindən maliyyələşirdi. Amma icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdəki xəstəxanalar publik hüquqi şəxsə çevriliblər. Pilot ərazilərdəki tibb müəssisələri yeni maliyyələşmə prinsipi əsasında işləyəcəklər. Yəni xəstəxana göstərdiyi xidmətin sayına müvafiq vəsait qazanacaq. Bu amil xəstəxana rəhbərliklərindən vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə etməyi tələb edir. Tibb müəssisələri çalışacaqlar ki, əhaliyə həm keyfiyyətli tibbi xidmət göstərsinlər, həm də xəstəxanada göstərilməyən tibbi xidmətlərin təşkilinə, kadr potensialının güclənməsinə səy göstərsinlər. Pilot layihənin reallaşdırılması çərçivəsində Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.

Səhiyyə sahəsində həyata keçirilən bu kimi islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyəəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 30-dək tibb müəssisəsində təmir-tikinti işləri aparılır. Dövlətimizin başçısı öz ənənəsinə sadiq qalaraq ötən il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən bir sıra müasir səhiyyə ocaqlarının açılışında şəxsən iştirak edib və öz dəyərli tövsiyələrini verib. Məsələn, 2016-cı ildə Prezident İlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bu xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi sakinlərin yüksək səviyyəli səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaradıb.

Açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev məlumat verərək bildirib ki, 245 çarpayılıq xəstəxana binasında cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nailiyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Prezident İlham Əliyev ötən il həmçinin Ağsu, Biləsuvar rayonlarında da mərkəzi xəstəxanaların açılışına qatılıb. Hər iki rayonda mərkəzi xəstəxanalar ən müasir tibbi avadanlıqla təchiz edilib. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının binasının əsaslı təmirinə 2013-cü ildə başlanılıb və yenidənqurma işləri 2016-cı ilin iyul ayında başa çatdırılıb. Bu tibb ocağının ərazisi 4 hektardan çoxdur və əsaslı təmir işləri aparılan binaların ümumi sahəsi 9477 kvadratmetr təşkil edir. Xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Bunlar cərrahiyyə, doğum, travmatologiya, infeksion xəstəliklər, dializ, kompüter tomoqraf olmaqla şüa-diaqnostika, intensiv terapiya və poliklinika şöbələridir.

Dövlət başçısının ötən il açılışına qatıldığı 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanası 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərir. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Bütün regionlarda müasir idman obyektlərinin istifadəyə verilməsi təqdirəlayiq haldır

Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın qısa müddətdə böyük uğur qazandığı sahələrdən biri də idmandır. Tam qətiyyətlə demək mümkündür ki, artıq idman Azərbaycanda kütləvi hal alıb və cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilib.

Azərbaycanın bütün dünyada yüksək səviyyəli idman ölkəsinə çevrildiyini idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda ildən-ilə daha uğurlu nəticələr qazanmaları bir daha təsdiqləyir. 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min atletin qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.

Müstəqillik illərində Azərbaycan idmançılarının olimpiadalarda çıxışları da uğurlu olub. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında idmançılarımız medalların sayını daha da artırıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.

Son illərdə respublikamızda idmanın inkişafında müasir idman infrastrukturunun rolu böyükdür. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Respublikamızın idman infrastrukturunun yenilənməsindən söhbət açarkən paytaxt Bakıda və bölgələrdə müasir Olimpiya İdman komplekslərinin inşasını da xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin təşəbbüsü əsasında inşası bütün ölkə boyu geniş vüsət alan Olimpiya İdman kompleksləri gənclərin asudə vaxtlarını mənalı keçirmələrində və idmanın kütləviliyinin artmasında vacib rol oynayır. Təsadüfi deyil ki, bir vaxtlar yerlərdə Olimpiya İdman komplekslərində ilk məşqlərə başlayan yeniyetmələr sonralar böyük idmana gələrək müxtəlif beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyublar. İndiyədək respublikanın bölgələrində 40-dək belə idman qurğusu istifadəyə verilib. Hazırda daha bir neçə Olimpiya İdman Kompleksinin tikintisi uğurla davam etdirilir. 2017-ci ildə Abşeron və Ağcabədi Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Regionlarda sosial infrastrukturun yaradılmasında Heydər Əliyev Fondu yaxından iştirak edir

Respublikanın regionlarında sosial infrastrukturun yaradılmasında Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond da yaxından iştirak edir. Təkcə son bir ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında tikilib istifadəyə verilən sosial təyinatlı obyektlərin sayı kifayət qədər çoxdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış binası inşa edib. 2016-cı il dekabrın 26-da istifadəyə verilən bina 120 mənzildən ibarətdir. Mənzillərin hamısı mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb.

Abşeron rayonunun Masazır kəndində yerləşən 4 nömrəli tam orta məktəb də Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Məktəbin tikintisinə 2015-ci ilin oktyabrında başlanılıb. Yeni təhsil ocağı 2016-cı il oktyabrın 6-da qapılarını şagirdlərin üzünə açıb. 800 şagird yeri olan məktəb üçmərtəbəlidir. Məktəbdə ümumilikdə 36 sinif otağı, bufet, ümumi sahəsi 600 kvadratmetr olan idman zalı, 360 yerlik akt zalı, müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika kabinetləri, kimya laboratoriyası və kitabxana var.

Tərtər şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində körpələr evi-uşaq bağçası inşa edilib. İkimərtəbəli binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var. Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb. 100 yerlik körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Tərtər rayonundakı Uşaq-Gənclər Şahmat Məktəbi də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2016-cı il dekabrın 3-də istifadəyə verilən və ümumi sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, iclas və oyun zalları var. Məktəbdə yaradılan 8 sinif otağı zəruri avadanlıqla təchiz edilib. Burada yarışların canlı izlənilməsi üçün monitor da quraşdırılıb.

Ötən il regionlarda Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilən sosial infrastruktur obyektlərindən biri də Beyləqan şəhərində yerləşən 8 saylı körpələr evi-uşaq bağçasıdır. Təhsil müəssisəsinin ümumi sahəsi 896 kvadratmetrdir. Bina iki mərtəbədən ibarətdir. 120 yerlik körpələr evi-uşaq bağçasında altı qrup otağı var. Burada musiqi və gimnastika, yataq və yemək otaqları da yaradılıb və zəruri avadanlıqla təchiz olunub.

Beyləqan şəhərində yerləşən 8 nömrəli tam orta məktəb də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Müəssisənin tikintisinə 2015-ci ildə başlanılıb və 2016-cı ilin noyabr ayında istifadəyə verilib.

240 şagird yeri olan məktəbin ümumi sahəsi 2900 kvadratmetrdir. Məktəbdə informatika kabineti, xarici dil otaqları, kimya, fizika və biologiya üzrə fənn laboratoriyaları var. Kitabxana dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb.

Bu günlərdə isə Masallı rayonunun İsgəndərli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni uşaq bağçası-körpələr evi istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bağçanın kollektivini və kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Mərasimdə çıxış edənlər ölkəmizdə uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 17 mart.- S.11