Akademik Ramiz MehdiyevinYeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz MehdiyevinYeni dünya nizamı və milli ideya” adlı kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kitabaəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsərinin daxil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib. Kitabda yeni dünya nizamında milli ideyanın formalaşması və inkişafı barədə yeni ideyalar, yenilikçi fikirlər öz əksini tapıb. Nəşrdəki təhlillər Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən innovativ inkişaf strategiyası nəticəsində Azərbaycanın sürətli inkişafını ehtiva edir.

DİA-nın I prorektoru, professor Əlikram Abdullayev vurğulayıb ki, Azərbaycanda müxtəlif dövrlərdə yürüdülən siyasət, Ulu öndər Heydər Əliyev haqqında düşüncələrin də yer aldığı kitabda cəmiyyət və dövlət məfhumlarının fəlsəfəsindən, tarixdə şəxsiyyətin rolundan bəhs edilir. Bu əsər akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq. Prorektor vurğulayıb ki, müəllif kitab vasitəsilə Azərbaycanın problemlərinin həllinə dünya siyasi fikrinin həm müasir, həm də keçmiş dövrlərinin görkəmli nümayəndələrinin yanaşmasını əks etdirib. Sanki müxtəlif dövrlərdə yaşayan siyasətçilər bir masa arxasında əyləşərək kəskin problemlərə həll yolları tapmağa nail olublar. Nəşrin oxucularda bu cür təəssürat yaratması müəllifin böyük uğurudur.

Kitabla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov diqqətə çatdırıb ki, nəşrdə neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer verilir. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin Azərbaycan üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, DİA-nın fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov, akademiyanın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev qeyd ediblər ki, aktual mövzuları əhatə edən elmi əsərləri ilə vaxtaşırı oxucuların diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin bu kitabı zamanla sınanmış fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir. Bildirilib ki, nəşrdə, həmçinin Heydər Əliyev şəxsiyyəti üçün xarakterik olan liderlik, müdriklik, uzaqgörənlik və digər nadir keyfiyyətlərə, Ulu öndərin xilaskarlıq missiyasına, milli ideyanın və məfkurənin formalaşdırılması, dövlət quruculuğu sahəsindəki roluna və misilsiz xidmətlərinə toxunulur. Müəllif Ümummilli liderin siyasi portretinə özünəməxsus fəlsəfi ştrixlər əlavə edir.

Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilib.

Yeni Azərbaycan.- 2017.- 18 yanvar.- S.4