Viktoriya Albert Muzeyində saxlanılan Şeyx Səfi xalçası dünyada ən nadir sənət nümunələrindəndir

4 əsrdən çox yaşı olan xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir

Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biridir. Ölkəmizin milli-mədəni vəsiqəsi olan, belə demək mümkündürsə, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalçaçılıq sənəti yüksək bədii texniki keyfiyyətlərinə, o cümlədən özünün məxsusi ornamentlərinə görə digərlərindən fərqlənir. Bu gün öz qədimiliyi, orijinal kompozisiyası yüksək ustalıq məharəti ilə dünya xalça sənətinin nümunələri sırasında, heç şübhəsiz, ilk növbədə dünya şöhrətli Şeyx Səfi xalçası durur.

Dünya şöhrətli Şeyx Səfi xalçasının tarixi

Məlumat üçün bildirək ki, xalqımızın dünya incəsənəti xəzinəsinə bəxş etdiyi bu unikal sənət nümunəsi 1539-cu ildə ərsəyə gətirilib. Mütəxəssislər tərəfindən sənət möcüzəsi kimi dəyərləndirilən bu toxuculuq nümunəsinin ümumi sahəsi isə 56,12 kvadratmetrdir. Azərbaycanda Şeyx Səfi adı ilə tanınan bu ecazkar sənətkarlıq nümunəsi Londondakı Viktoriya Albert (V&A) Muzeyində Ərdəbil xalçası kimi nümayiş etdirilib. Şeyx Səfi adını bu xalıya Azərbaycan xalça elminin banisi Lətif Kərimov verib. O, bunu I Təhmasibin sifarişi ilə Təbrizdə 1539-cu ildə toxunan xalının Səfəfiyyə təriqətinin başçısı Şeyx Səfiəddin İshaqın Ərdəbildəki məscid-türbəsinə vəqf (dini xeyriyyə məqsədilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı daşınan daşınmaz əmlak) edilməsi ilə əlaqələndirib.

Uzun müddət Şeyx Səfi kompleksini bəzəyən xalı mədəni irsə biganəlik üzündən 1893-cü ildə Londonda auksiona çıxarılmış burada ingilislərin ianəsi hesabına 25 min funt-sterlinqə Viktoriya Albert Muzeyi üçün alınıb.

Bu biganəliyin kökündə isə Ərdəbildə baş vermiş zəlzələdən zərər çəkmiş Şeyx Səfi kompleksinin təmirinə yerli imkanlı adamların vəsait ayırmaması durur. Şəhərin rəmzinə çevrilmiş dini-memarlıq tikilisinə ərdəbillilərin biganəliliyini görən kompleksin xidmətçiləri bərpa işləri aparmaq üçün buradakı bəzi əşyaları auksiona çıxarmağa məcbur olublar. Məscid-türbənin döşəməsinə salınmış bir cüt xalı da satılan əşyaların arasında olub. Onları zamanında İngiltərənin xalça satışı ilə məşğul olan Ziqler şirkəti alıb son nəticədə onlardan biri Londondakı auksiona çıxarılıb muzey üçün alınıb.

Viktoriya Albert Muzeyinə səyahət

Yeri gəlmişkən qeyd edim ki, bir müddət öncə Londona səyahətim zamanı yolumu dünyanın nadir sənət nümunələrinin saxlanıldığı Viktoriya Albert Muzeyindən saldım. Ödənişsiz fəaliyyət göstərən muzeyə çoxlu sayda turist axınının şahidi oldum. Hər bir azərbaycanlı kimi, mən muzeyə dünyaca məşhur olan Şeyx Səfi xalçasının sorağı ilə getdim, gözüm eksponatlar arasında ilk onu axtardı. Xalça ziyarətçilərə Ərdəbil xalçası adı ilə təqdim olunurdu. Qeyd edim ki, muzeydəki lövhədə Azərbaycan adına da rast gəlmək mümkün idi. Öz ecazkarlığı ilə görənləri valeh edən bu şah əsərə muzey tərəfindən xüsusi diqqət hiss olunurdu. Belə ki, uzun müddət məşhur xalı burada şüşə örtük altında qorunub. Xalının rənglərinin solmaması üçün isə şüşənin altındakı işığı yalnız hər saatda 10 dəqiqə yandırırlar. Buna səbəb isə 4 əsrdən çox yaşı olan bu sənət nümunəsini güclü işıq şüasından qorumaq idi. Əks halda, işıq şüası xalçanın rənglərini soldura gözəlliyinə xələl gətirə bilərdi. İnsanda qürur hissi yaşadan xalımızın hələ yaxşı vəziyyətdə qalması isə insanı heyrətə gətirirdi.

Xalçanı ziyarət edənlər sırasında ingilis araşdırmaçılarla da söhbətləşmək imkanım oldu. Xalının daha çox Şeyx Səfi adı ilə tanındığından xəbərsiz olduğunu söyləyən ziyarətçi bu barədə daha ətraflı araşdıracağını bildirdi.

Yeri gəlmişkən bildirim ki, Viktoriya Albert Muzeyində Şeyx Səfi xalçası ilə yanaşı, Səfəvi hökmdarı, Şah İsmayılın oğlu Şah Təhmasibin üzəri qızılla örtülmüş qılıncı da saxlanır. O cümlədən Səfəvilərə aid miniatürlər, saxsı qablar da Viktoriya Albert Muzeyinin ən dəyərli əşyaları sırasında öz yerini alıb. Əfsuslar olsun ki, hamısı İran nümunələri adı altında təqdim olunub.

Şeyx Səfi xalçası Los-Ancelesdə sərgidə nümayiş etdirilir

Məlumat üçün bildirək ki, Ərdəbil Şeyx Səfi xalçası adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan mətbuata verilən məlumata görə, 1965-ci ildəki debütündən ötən müddətdə bu xalça cəmi 6 dəfə nümayiş etdirilib. Builki sərgi isə fevralın 11-dək davam edəcək.

Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə sözügedən əsərin üzü köçürülüb hazırda təkrar nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2018.- 7 fevral.- S.7