Xaçmazlı bədii döymə ustası: “ABAD”la əməkdaşlıq sənətimə ikinci nəfəs verdi

 Xaçmazlı sənətkar Zeydulla Ağayev “ABAD” ailəsinə qoşulmaqla satış bazarını genişləndirmək bu sənəti dünyaya tanıtmaq istəyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bədii döymə sənəti ilə məşğul olan Zeydulla Ağayevin əl işləri artıq Bakıda İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.

O, 40 ildən çoxdur ki, sənətkarlığın bu növü ilə məşğuldur. Rayonun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyə böyük həvəsi olub. Buna görə tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib.

On yeddi yaşından bu işə başlayan sənətkarın ilk əl işi 1973-cü ildə hazırladığıSülhadlı əsərdir. İndi o, əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Hazırda sənətkar il ərzində 10-12 bədii döymə nümunəsi yaradır. Bir sənət əsəri ölçü mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.

Zeydulla Ağayev bildirir ki, əsərləri “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılandan sonra müştərilərinin sayı xeyli artıb. “40 il ərzində yığılıb qalan əl işlərim indi satılır. Alıcılar arasında çox sayda xarici ölkə vətəndaşları da var. “ABAD”la əməkdaşlıq mənim sənətimə ikinci nəfəs verdi”, - deyə sənətkar bildirib.

“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi sənətkar bədii döymə sənətini gələcək nəsillərə ötürmək istəyir. Oğlu Elnur Ağayev artıq bədii döymə sənətinin sirlərini mənimsəyib.

Zeydulla Ağayev hazırladığı dekorativ əşyaları sifariş əsasında satır. İxtisasca dil-ədəbiyyat müəllimi olduğu üçün əsərlərinin sırasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar simvollar da onun müraciət etdiyi mövzulardır.

Yeni Azərbaycan.- 2018.- 18 yanvar.- S.7.