Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır

 

Regionlarda yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması istiqamətində işlər davam etdirilir

(əvvəli ötən sayımızda)

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 kilometrdir. Yolun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün genişləndirmə işlər görülüb. Torpaq işlərinə paralel olaraq yolboyu uzunluğu 14,2 metr, eni isə 5,8 metr olan mövcud körpünün hərəkət hissəsi təmir edilib, məhəccərlər yenisi ilə əvəz olunub, həmçinin bir nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün 193 nöqtədə yeni suötürücü borular inşa olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, avtomobil yollarına 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa, layihə çərçivəsində avtobus dayanacaqları, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün zəruri yerdə ikitərəfli əyrixətli tirlər, məlumatverici lövhələr, 130 yol nişanı və 540 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə, sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq.

Yeni Susay-Xınalıq avtomobil yolunda da tikinti işləri davam etdirilir. Belə ki, uzunluğu 24 kilometr olan Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq 30 kilometr uzunluğa malik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə yerləşən Qrız kəndinin avtomobil yolunun tikintisi işləri davam etdirilir.

Verilən məlumata görə, layihə üzrə tikinti işləri IV texniki dərəcəyə uyğun aparılır. Susay-Xınalıq marşrutu üzrə yeni yol yatağı inşa edilir. Bundan sonra yol profilə salınır və yol əsası inşa olunur. Yol əsası hazır olan hissələrə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir, sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, bir düzbucaqlı su keçidinin tikintisi aparılır.

Hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə görülür. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.

Ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşınmasını xeyli yaxşılaşdıracaq. Yolun tikintisi mövcud turizm potensialını genişləndirərək yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Ağsu şəhərində də küçələrə asfalt döşənir.

Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsindən bildirilib ki, hazırda işlər 20 Yanvar, Məhəmməd Əsədov, Cabir Kərimov, Səməndər Rzayev və A.Osmanov küçələrində aparılır. Bu küçələrdə yollara 3810 kvadratmetr asfalt örtük çəkiləcək. İşlər dövlət vəsaiti hesabına, “ATF” MMC tərəfindən görülür. Yolların hamarlanaraq bərkidilməsi və asfaltlaşdırılmasına 20 nəfər işçi qüvvəsi və 9 ədəd texnika cəlb olunub.

Bununla yanaşı, Yevlax şəhərində aparılan quruculuq və abadlıq işləri çərçivəsində Həsən bəy Zərdabi küçəsi təmir olunur.

Belə ki, küçədə piyadaların sərbəst və təhlükəsiz hərəkəti üçün yeni səkilər yaradılıb, yolda bərpa işləri aparılaraq 2000 kvadratmetrdən artıq asfalt örtüyü salınıb.

Yevlax şəhərinin digər küçələrində abadlıq və əsaslı təmir işləri mərhələli şəkildə aparılacaq. Eləcə də Zərdabda 3 kəndin yolu yenidən qurulub. Zərdab rayonunda 7 kilometr uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci kilometrindən ayrılan Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

Torpaq işləri 70 min kvadratmetr sahəni əhatə edib, yol əsasının inşası işləri görülüb. Yolboyu müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb və izolyasiyası işləri aparılıb. Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Zəruri yerdə avtobus dayanacağı tikilib, siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə quraşdırılıb, xətlənmə işləri aparılıb.

Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşınmasını asanlaşdıracaq.

Həmçinin respublika əhəmiyyətli Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9,1 kilometr uzunluğa malik Şəki dairəvi yolunun da (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir-tikinti işləri aparılır. Şəki dairəvi yolunun 6 kilometrlik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3,1 kilometrlik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.

Zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılması, əks-dolğu işləri, qazılmış hissələrdə yol yatağı və yol əsasının inşası, yolboyu mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, yeni səki daşlarının düzülməsi, səki və ayırıcı zolağın tamet daşlarla döşənməsi, yağış-kanalizasiya sisteminin bərpası və yeni sistemin yaradılması, yolun yeni asfalt-beton örtüklə döşənməsi işləri görüləcək.

Oğuz-Şəki avtomobil yolunun 31,5 kilometrlik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bu məqsədlə yolun hərəkət hissəsinin eninin 9 metrə çatdırılması nəzərdə tutulub. Təmir-tikinti işləri ilə yanaşı, yolboyu zəruri yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görüləcək işlərdəndir. Bundan başqa, 3,4 kilometrlik Oğuz və 3,2 kilometrlik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub. Yenidənqurma işlərinin sonunda isə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yolboyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm- İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənaye, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir edəcək.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrindən ayrılan Şəhriyar-Kələxana avtomobil yolunun tikintisi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən artıq yekunlaşıb.

Qurumdan bildirilib ki, 3 min əhalinin yaşadığı və iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar-Kələxana avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihə çərçivəsində ilkin mərhələdə marşrutboyu mövcud örtüyün sökülməsi və yeni yol yatağının inşası işləri aparılıb. İşlərin yekunlaşdığı ərazilərdə 12 santimetr qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

Ümumi uzunluğu 8 kilometr olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edir. Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yolboyu yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Ümumiyyətlə isə qədim Şamaxının bu əraziləri tarixi abidələrlə, təbiət gözəllikləri ilə zəngindir və beynəlxalq turizm marşrutuna uyğun meyarları özündə birləşdirir. Bu baxımdan, Şəhriyar-Kələxana avtomobil yolunun yenidən inşası təkcə vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq.

Nəticə etibarilə, Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar reallaşdırılan məqsədyönlü tədbirlər davamlı xarakterə malikdir, eyni zamanda, həm sosial, həm də iqtisadi baxımdan böyük önəm daşıyır.

Müşfiqə BAYRAMLI

 

Yeni Azərbaycan.- 2020.- 11 noyabr.- S.-15.