Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində fəal siyasəti öz səmərəsini verir

 

Qoşulmama Hərəkatının üzvü olan ölkələr BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı ədalətsiz sənədin qəbuluna imkan verməməklə beynəlxalq hüququ, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha nümayiş etdirdilər

Məlum olduğu kimi, Azərbaycan Respublikası Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində uğurlu siyasət həyata keçirir. Bu siyasət həm döyüş meydanında, həm də diplomatik müstəvidə uğurla davam etdirilməkdədir. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. 1995-ci il aprelin 26-da BMT Təhlükəsizlik Şurasının 3525-ci iclasında isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sonuncu müzakirələrdən sonra Təhlükəsizlik Şurasının sədri Şuranın adından bəyanat verib. Bundan sonra isə 2020-ci il 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr keçirilib. Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan RusiyaFransa tərəfindən bəyanatın layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb, lakin bəyanat layihəsində Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinə istinad öz əksini tapmayıb.

Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent VinsentQrenadin layihəyə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinadın daxil edilməsini təklif edib, lakin həmsədr ölkələr tərəfindən bu qəbul olunmayıb. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatına üzv ölkələr prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın yer almasında təkid edərək BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirib və nəticədə adı çəkilən bəyanat layihəsi rəsmən geri götürülüb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə dövlətimizin başçısı bu məsələyə münasibət bildirib. Cənab Prezident qeyd edib: “Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımı təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksəksəviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə məsələ ilə bağlı mətbuata açıqlamasında deyib: “BMT TŞ-nin qeyri-daimi üzvləri olanQoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent VinsentQrenadinDominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ-nin qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər. Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb.

Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent VinsentQrenadinDominikan Respublikasına həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edir. Bildirir ki, Qoşulmama Hərəkatının Sədri kimi 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə toplantısında çıxışında dediyi kimi, bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcək.

Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyev bütün QH üzv ölkələrinə müraciət edərək Bandunq prinsipləri əsasında həmrəyliyə, birliyə və qarşılıqlı dəstəyə çağırır”.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlupraqmatik xarakter daşıyır. Milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bununla yanaşı, Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizin paytaxtında keçirilir ki, bu da respublikamızın dünyadakı əhəmiyyətindən xəbər verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri olduqca yüksək səviyyədədir.

Yeri gəlmişkən, xatırladaq ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Vurğulanmalıdır ki, “soyuq müharibə” illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multilateralizmi müdafiə edən Qoşulmama Hərəkatı “soyuq müharibə” bitdikdən sonra da öz aktuallığını itirməyib. Qoşulmama Hərəkatında hazırda 120 dövlət üzv kimi fəaliyyət göstərir. Bundan başqa, Qoşulmama Hərəkatının 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Məlumat üçün bildirək ki, Qoşulmama Hərəkatının daimi orqanı və mənzil qərargahı yoxdur. Büro Qoşulmama Hərəkatının daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə Qoşulmama Hərəkatı öz üzvlərinin Birləşmiş Millətlər Təşkilatının (BMT) orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.

Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq qurumun əsas məqsədləri sırasında yer alır. Eləcə də Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalətə və beynəlxalq öhdəliklərə hörmət etmək kimi prinsipləri özünün əsas meyarları hesab edir.

Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir

Azərbaycan 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçilib. Üzv olduqdan sonra ölkəmiz təşkilatın işində daim fəal iştirak edib. Məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. 120 BMT-nin üzv dövlətinin yüksəksəviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Qoşulmama Hərəkatının Sədri İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirib. Dövlətimizin başçısı Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd edib.

 

(davamı növbəti sayımızda)

Nardar

 

Yeni Azərbaycan.- 2020.- 27 oktyabr.- S.11.