Yol infrastrukturunun yenilənməsi dövlətimizin diqqət mərkəzindədir

 

Həm kəndarası, həm də respublika əhəmiyyətli yolların abadlaşdırılması vətəndaşların maneəsiz və rahat hərəkətini təmin edir

Ölkəmizdə aparılan uğurlu infrastruktur quruculuğu prosesi çoxşaxəli istiqamətləri əhatə etməkdədir. Regionlarda yeni yolların çəkilməsi, istər kəndarası, istərsə də respublika əhəmiyyətli yolların yenidən abadlaşdırılması məhz yüksəksəviyyəli infrastruktur quruculuğunun tərkib hissəsidir. Vurğulamaq lazımdır ki, həm ölkə, həm də yerli əhəmiyyətli yolların yüksək standartlar əsasında yenidən qurulması hər zaman dövlətimizin diqqət mərkəzindədir. Ümumiyyətlə, nəzərə alınmalıldır ki, yol infrastrukturu iqtisadi və sosial üstünlüklərin əldə olunmasında mühüm amil kimi çıxış edir. Bu səbəbdən də ölkəmizdə uğurla icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında yolların çəkilməsi və yenidən qurulması hər zaman önəm daşıyıb. Ən əsası isə respublikamızın coğrafi mövqeyi, tranzit daşımaları üçün kifayət qədər əlverişli olması iqtisadi naliyyətlərimizin mühüm komponentlərindən sayılır.

Yol infrastrukturunun yenilənməsi, həmçinin ölkə üzrə iqtisadi aktivliyin artmasına da öz müsbət təsirini göstərir. Müasir yolların salınması insanların rahatlığı, yetişdirdikləri məhsulları bazarlara tez çatdırmaları, bir sözlə, vətəndaş məmnunluğunun təmin olunması deməkdir. Yeri gəlmişkən, son 17 ildə ölkəmizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə respublika üzrə uzunluğu 17 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.

Hazırda ayrı-ayrı yeni yol layihələrinin icrası uğurla həyata keçirilir

Qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi ardıcıl səciyyə daşıyır. Vətən müharibəsinin başa çatmasından az vaxt ötməsinə, həmçinin pandemiya şəraiti olmasına baxmayaraq, bu istiqamətdə işlər yüksək intensivliklə davam etdirilir. Hazırda ayrı-ayrı yeni yol layihələrinin icrası uğurla həyata keçirilir.

Belə ki, Qubanın Amsarqışlaq kəndinin yoluna asfalt döşənməsinə başlanılıb. Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb. Hazırda yola 6 metr enində yüksəkkeyfiyyətli asfalt örtüyü döşənir. Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolundan Amsarqışlaq kəndinə gedən torpaq və çınqıl örtüklü 3 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur. Bu yolun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan mindən çox əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunacaq.

İsmayıllı rayonunda da kəndarası yollar yenidən qurulur. Rayonun Hacıhətəmli inzibati ərazi dairəsi üzrə Hacıhətəmli-Kürd-Eldarbəyli və Gideyli kənd yollarında yenidənqurma işlərinə başlanılıb və ilin sonuna kimi yolların tam asfaltlanması nəzərdə tutulub. Dəniz səviyyəsindən 416 metr yüksəklikdə yerləşən Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, yenidən qurulan bu yolun ümumi uzunluğu 13 kilometrdir və kəndlərdə yaşayan 1000 nəfərə yaxın əhalinin gediş-gəlişini asanlaşdıracaq.

Yevlax şəhərində də yolların əsaslı təmir olunması istiqamətində işlər davam etdirilir. Şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı küçələrində yerləşən binaların əhatəsindəki məhəllədaxili yollara 1400 kvadratmetrdən çox asfalt döşənib, 1600 poqonmetr səki daşı düzülüb. Bundan başqa, M.Ə.Rəsulzadə küçəsinə 5000 kvadratmetr yeni asfalt örtüyü döşənib.

Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikinti işləri son mərhələ üzrə davam edir

Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikinti işləri də son mərhələ üzrə davam etməkdədir. Uzunluğu 41 kilometr olan və Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolunun bir neçə marşrut üzrə yenidən qurulması həyata keçirilir. Bunlar Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik yollar, həmçinin 5,6 kilometrlik Avşar, 2,9 kilometrlik Salmanbəyli, 4,5 kilometrlik Aşağı Avşar və 0,6 kilometrlik Xocavənd kəndlərinin daxili yollarıdır.

Qeyd edilməlidir ki, layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 kilometrlik yolun, həmçinin kəndin 5,6 kilometrlik daxili yollarının yenidən qurulmasına başlanılıb. Yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparıldıqdan sonra qazılıb və yuyulmuş hissələr karxana çınqılı ilə doldurularaq torpaq yatağının bərpası işləri görülüb. Yollarboyu mövcud suötürücü borular çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac yarandığından müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də həyata keçirilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bu barədə verilən məlumatda bildirilir ki, qeyd edilən 10 kilometrlik Avşar kəndinə gedən yol aşınma lay asfalt-beton örtüyünə qədər olmaqla inşa edilib. Həmçinin 5,6 kilometrlik Avşar kəndinin daxili yollarında yol yatağının tikintisi tam olaraq yekunlaşdırılaraq asfalt örtüyün vurulması üçün hazır vəziyyətə gətirilib. Hazırda sözügedən layihə üzrə işlər sonuncu mərhələdə davam etdirilir.

Belə ki, Salmanbəyli kəndinə gedən 8 kilometrlik yolun və sözügedən kəndin 2,9 kilometrlik daxili yollarının yenidən qurulması işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir, suötürücü borular quraşdırılır. Yaxın günlərdə Avşar kəndinin 5,6 kilometrlik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da başlanılacaq. Daha sonra isə yenidənqurma işləri layihə üzrə Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 9,4 kilometrlik yollarda, həmçinin sözügedən kəndlərin 5,1 kilometrlik daxili yollarında davam etdiriləcək. Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollarboyu 72 yol nişanı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəyi və kilometr göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Yenidənqurma işləri nəticəsində həmin ərazidə yaşayan 14 min sakinin respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaranacaq.

Yenidən qurulan Muğanlı-İsmayıllı-Qəbələ yolu 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək

Kəndarası yollarla yanaşı, respublika əhəmiyyətli yolların da qurulması istiqamətində mühüm addımlar atılmaqdadır. Belə ki, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Bu yolda ölkəmizdə ən uzun asma körpü və yeraltı tunel çəkiləcək. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol olacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Tikinti sahəsi üzrə 1 tunel, 1 asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdimançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Üç körpü - Ağsuçay, Gülyançay və Dəmiraparançay üzərindəki körpülər isə 4 zolağa uyğun layihələndirilib. Bundan başqa, yolboyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb, yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

Layihə rəhbəri Zahir Həsənovun sözlərinə görə, layihələndirilən yolun 4,5-ci kilometrliyində Ağsu çayı üzərində 1135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpü layihələndirilib. Yol Ağsu çayı üzərindəki körpüdən sonra uzunluğu 865 metr olan yeraltı tuneldən keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına bu yol 2,2 kilometr qısalır. “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4,5-ci kilometrliyində Ağsu çayı üzərində yerləşən asma körpünün inşasını həyata keçiririk. Körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76,5 metr, asma qüllələrinin hündürlüyü isə 142 metrdir. Eyni zamanda, yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını mümkün qədər almaqdır”, - deyə o, qeyd edib.

Yolun Ağsu çayınadək olan hissəsində trassa 1,1 km, sonrakı hissədə isə 1,4 kilometr qısalır. Qeyd edilən körpünün tikintisi və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işləri tamamlandıqdan sonra bu yol region üzrə insanların rahat gediş-gəlişini təmin etməklə yanaşı, turizm və kənd təsərrüfatının da inkişafına böyük töhfə verəcək.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2021.- 27 aprel.- S.-8.