Azərbaycançılıq ruhu, xalqımızın tarixi, adət-ənənələri milli rəqslərimizdə də öz əksini tapır

 

Dövlətimizin daha da güclənməsində mühüm rol oynayan azərbaycançılıq ideologiyasının təbliği milli rəqslərimizdə, o cümlədən rəqqaslarımızın yaradıcılığında özünəməxsus yer tutur

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı nailiyyətlər qazanan Azərbaycan Respublikası məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ideologiya və strategiya əsasında inkişaf edir. Heç şübhəsiz ki, bu inkişafda azərbaycançılıq ideologiyasının xüsusi payı var. Çünki Ümummilli Liderin əsasını qoyduğu azərbaycançılıq ideologiyası cəmiyyətimizin inkişafının ideya təməlini təşkil etməklə yanaşı, müstəqil Azərbaycan dövlətinin daha da güclənməsində mühüm rol oynayır. Ötən müddət ərzində istər ölkəmizdə yaşayan bütün xalqların vahid yumruq kimi birləşməsində, istərsə də xaricdə məskunlaşmış soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da güclənməsində önəmli rol oynayan azərbaycançılıq ideologiyasının hansı dəyərə sahib olduğu 44 günlük Vətən müharibəsi zamanı bir daha təsdiqləndi.

Bütün bunlar isə həm də bir reallığı ortaya qoyur. Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində addımlar davamlı olmalıdır. Bu kontekstdə bir məsələni növbəti dəfə vurğulamağı özümüzə borc bilirik. Söhbət bu ideologiyanın təbliğində cəmiyyət olaraq üzərimizə düşən vəzifədən gedir. Yəni bu günə qədər olduğu kimi, bundan sonra da bu ideologiyanın təbliği istiqamətində dövlət qurumları ilə yanaşı, ictimai təsisatların, qeyri-hökumət təşkilatlarının, həmçinin ziyalıların, sənətçilərin, bir sözlə, hər birimizin üzərinə mühüm vəzifə düşür. Təbii ki, bu sırada rəqqaslarımız da var. Çünki azərbaycançılıq ideologiyasının təbliği milli rəqslərimizdə, o cümlədən rəqqaslarımızın yaradıcılığında da özünəməxsus yer tutur.

Bəlli olduğu kimi, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlərin açılış və bağlanış mərasimlərində təqdim edilən proqramlar rəqslərimizin, musiqimizin, milli geyimlərimizin və digər mədəniyyət nümunələrimizin dünya miqyasında təqdimatında da əvəzsiz rol oynayır. Ölkəmizə gələn qonaqlar milli mədəniyyət nümunələrimizi böyük maraqla qarşılayır və heyranlıqlarını gizlətmirlər. Heç şübhəsiz, bu da azərbaycançılıq ideologiyasının təməl prinsiplərinə müvafiq olaraq ölkəmizin dünyada tanıdılması istiqamətində görülən işlərə verilən daha bir dəstəkdir.

Lakin rəqslərimizin azərbaycançılıq ideologiyasının təbliğində oynadığı rol təkcə bununla tamamlanmır. Məlum olduğu kimi, rəqslərimiz milyon illərdən bəri həyat tərzimizdə, mədəniyyətimizdə özünə layiqli yer tutan qədim incəsənət növüdür. Rəqslərimiz Azərbaycan xalqının tarixi qədər qədimdir desək, yanılmarıq. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub. Sənətşünasların bildirdiyinə görə, ibtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir. Qobustanda qayaüstü rəsmlərdə qədim insanların bizim hazırda Yallı kimi tanıdığımız rəqsəbənzər ifasının əks olunması rəqslərimizin qədimiliyinə danılmaz sübutdur. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb.

Azərbaycanda rəqs sənəti məişətdə, xalqımızın adət-ənənəsində müəyyən mövqe tutur. Bu da ölkənin tarixində, xalqın mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyət daşıdığının göstəricilərindən sayılır. Xalq şənliklərini, toy mərasimlərini, bayramları rəqssiz təsəvvür etmək qeyri-mümkündür.

Rəqslərdən danışarkən bildirək ki, bunlar içərisində Yallı rəqsi xüsusi yer tutur. Xalqımızın kütləvi rəqslərindən olan yallılar çeviklik, mətanət və zəhmət tələb edir. Milli rəqslərimizin fövqündə insanlara birlik təlqin edən Yallı rəqsi dayanır. Bu rəqs insan qəlbində pak duyğular oyadır, onu vətənpərvərlik hissləri ilə doldurur.

Əsrlərdir, Azərbaycanın istedadlı rəqqasları milli rəqslərimizi yaşadıblar, təbliğ ediblər. Rəqqaslarımız öz ifalarında milli elementləri qoruyub saxlamaqla onları xeyli inkişaf etdirməyə müvəffəq olublar.

Məsələ ilə bağlı Əməkdar artist, Bakı Xoreoqrafiya Akademiyasının incəsənət fakültəsinin dekanı, baş müəllim Sənan Hüseynli qəzetimizə açıqlamasında bildirib ki, xalqımızın tarixi, adət-ənənələri, azərbaycançılıq ruhu, bir sözlə, xalqımıza xas olan bütün xüsusiyyətlər rəqslərimizdə öz əksini tapır: Öncə onu deyim ki, azərbaycançılıq ideologiyası ayrı-ayrı şəxslərin düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, onların özlərinin, ailələrinin, xalqının, Vətəninin sabahı naminə arzularını əks etdirir. Məlumdur ki, xalqımıza xas olan bütün xüsusiyyətlər, həmçinin rəqs vasitəsilə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Ümumiyyətlə, hər bir xalqın rəqsinə baxsaq, orada həmin xalqın ruhunu, igidliyini hiss edə bilərik. Mən bu fikri öz milli rəqslərimizə də şamil edirəm. Rəqslərimizə nəzər yetirsək, kitablarda yazılmayan bir tariximizi oxuya bilərik. Milli rəqslərdə xalqın özünəməxsusluğu, adət-ənənələri, döyüş ruhu, vətənpərvərliyi, inkişaf səviyyəsi əks olunur.

Azərbaycançılıq ideologiyasında vətənpərvərlik amilinin də mühüm yer tutduğunu deyən S.Hüseynli bildirib ki, vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir: Bildiyiniz kimi, Azərbaycan xalqı əsrlərboyu müharibələr görüb, hücum və basqınlara məruz qalıb. Tarixin bütün keşməkeşli yollarını aşaraq geridə qoyan xalqımız düşmən basqınlarına mərdliklə sinə gərib, qəhrəmanlıq göstərib, gücünü, qüvvəsini səfərbər edib, son nəticədə döyüşdən qalib çıxıb. Onu da deyim ki, hələ qədimlərdə Azərbaycanda döyüşə gedənləri ruhlandırmaq üçün cəngilər çalınar, aşıqlar xalqı qələbəyə səsləyərdilər. Düşmən üzərində çalınan hər bir qələbə, zəfər böyük xalq bayramlarına çevrilərdi. İgidlərin şəninə dastanlar qoşular, mahnılar bəstələnər, qələbə sevincini əks etdirən müxtəlifməzmunlu rəqs havaları yaradılardı. Cəngi, Beşaçılan, Qəhrəmani, Pəhləvani, Misri, Süvarilər rəqsi, Çaparlar rəqsi və başqaları belə rəqslərdəndir. Çalışırıq ki, müasir dövrdə də rəqsin dili ilə xalqımızın mərdliyini, qələbəmizi göstərək.

Müsahibimiz onu da deyib ki, İkinci Qarabağ müharibəsindən sonra qəhrəmanlıq və cəngavərlik mövzusunda yeni rəqslərin hazırlanması üçün bizim xoreoqraflara tapşırıq verilib: Artıq hazırlıq işləri görülür. Rəqslər hazırlanır, kliplər çəkilir. Rəqqaslar bizim ordumuzun döyüş ruhunu rəqs vasitəsilə nümayiş etdirirlər. Bu da bir vasitədir ki, müharibə anını canlandıraq və insanlarımız görsünlər ki, bizim əsgərlərimiz necə igidliklə döyüşüblər, bu zəfəri bizə yaşadıblar.

Onun sözlərinə görə, milli rəqslərin xalqımızın maddi-mənəvi sərvəti olduğunu unutmamalıyıq, onları mahiyyəti üzrə qoruyub inkişaf etdirməliyik: Bu gün Bakı Xoreoqrafiya Akademiyasında rəqslərimizin xüsusiyyətlərini, o cümlədən xalqımızın adət-ənənələrini və azərbaycançılıq ideologiyasını şagird və tələbələrimizə öyrətməyə çalışırıq. Bildiyiniz kimi, rəqslər də milli ideologiyamızın təbliğində böyük rol oynayır. Buna görə övladlarımızı kiçik yaşlarından xalq rəqslərimizlə tanış etməliyik. Bütün imkanlardan istifadə etmək lazımdır ki, bizim gələcək nəsillərimiz öz rəqslərimiz haqqında məlumatlı olsunlar.

Azərbaycan Respublikasınin Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, incəsənət fakültəsinin dekan müavini Eteri Cəfərova isə bildirib ki, hər bir ansamblın repertuarında qəhrəmanlıq rəmzi olan rəqslər yer almalıdır: Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Azərbaycan xalqı əsrlərboyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən rəqslər yaradıb. Fikrimcə, hər bir ansamblın repertuarında qəhrəmanlıq rəmzi olan rəqslər yer almalıdır. Qələbəmiz, birliyimiz əks olunmalıdır. Rəqsləmizlə biz bu Qələbə bayramını yenidən yaşatmalıyıq və bütün dünyada bunu göstərməliyik. Gənc xoreoqraflar bizim xalq rəqslərimizin, baletimizin tarixini mütləq bilməlidirlər. Köklərimizi, tariximizi dəyişmədən yeni üslublar, yeni hərəkətlər, yeni rəqslər qurmaq bacarığı olmalıdır.

E.Cəfərova onu da xatırladıb ki, xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli çox rəqs olub. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşıb, cilalanıb və büllurlaşıb. Kütləviliyi ilə seçilən milli rəqslərimiz məzmun yükünə görə də olduqca qiymətlidir: Belə ki, hər bir hərəkət özlüyündə böyük bir məna kəsb edir. Ən sadə fikir və hisslərdən başlayaraq dərin duyğuları, iztirabları, sevinci, kədəri, ümumilikdə, mənəvi yaşantıları fiziki hərəkətlərlə ifadə etmək ən səlis və qeyri-adi ünsiyyətdir. Dünyanın heç bir yerində Azərbaycandakı kimi, 111 rəqs növü mövcud deyil. Bu, xalqımızın musiqi və rəqs sənətinin yaradıcısı olmasını göstərən faktlardandır. Hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır.

Bildirilib ki, milli rəqslərimizin hər birinin özünəməxsus musiqisi, geyimi və süjet xətti var: Azərbaycan rəqs sənəti çox zəngindir. Rəqslərdəki incəliyi, zərafəti, eləcə də mərdliyi, kişi əzəmətini nümayiş etdirmək üçün milli rəqs geyimlərinin də önəmi böyükdür. Çünki geyimlə hərəkət böyük bir vəhdət təşkil edir. Milli rəqs geyimlərimizdəki naxışlar, işləmələr, aksesuarlar, rənglərin ahəngi musiqi və rəqs elementləri ilə birləşdikdə möhtəşəm bir görüntü ortaya çıxır. Buna görə də rəqsin quruluşu, ifa edənin bacarığı qədər geyimin də əhəmiyyəti böyükdür. Odur ki, rəqslərimizdə və geyimlərimizdə milliliyimizi qorumalıyıq.

Beləliklə, bütün bu sadalananlar bir daha azərbaycançılıq ideologiyasının təbliğinin milli rəqslərimizdə, o cümlədən rəqqaslarımızın yaradıcılığında da özünəməxsus yer tutduğunu təsdiqləyir. Bu, həm də onu deməyə əsas verir ki, azərbaycançılıq ideologiyasının təbliğində özünəməxsus rol oynayan rəqslərimizi də qorumaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq hamımızın mənəvi borcu olmalıdır.

 

Müşfiqə BAYRAMLI

 

Yeni Azərbaycan.- 2021.- 10 iyun.- S.7.