Yunus Əmrə kimdir, niyə önəmlidir?

 

 

 

Məlum olduğu kimi, böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə bu il Türkiyədə Yunus Əmrə İli elan olunub. Bu münasibətlə Türkiyədə və dünyanın bir çox yerlərində tədbirlər keçirilir. Öz növbəsində, Bakı Yunus Əmrə İnstitutu mütəfəkkirin fəlsəfəsini gənc nəsillərə çatdırmaq məqsədilə Türkiyədəki Yunus Əmrə tədqiqatçılarının dəyərli yazılarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı planlaşdırır. Beləliklə, bu istiqamətdə yazılmış yazılardan biri oxuculara təqdim edilir. Onu da qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutu tərəfindən redaksiyamıza təqdim edilən şair, yazıcı Mustafa Özçeliyin Yunus Əmrə kimdir, niyə önəmlidir? adlı yazısını Azərbaycan dilinə Aygün Ələkbərzadə tərcümə edib.

Yunus Əmrə XIII əsrin sonları, XIV əsrin əvvəllərində, 1240-1320-ci illər arasında Anadoluda ömür sürən çox önəmli bir sufi şairidir. Onun yaşadığı dövr Monqol hücumları, Babailər üsyanı, Səlcuqlu dövlətinin dağılması, Şərqdən-Qərbə türk köçləri kimi hadisələrin yaşandığı bir zamandır. Onun böyüklüyü və əhəmiyyəti belə bir zamanda dili, şeiri, düşüncə dünyası, əsərləri, sosial missiyası, milli və dünyəvi tərəfi ilə ortaya qoyduğu şəxsiyyətindən və etdiklərindən qaynaqlanmaqdadır.

Yunus Əmrənin həyatı

Yunus Əmrə haqqında üç həyat hekayəsindən bəhs edə bilərik. Birincisi, tarixi hekayəsi, digəri xalqın gözündə və könlündə onun üçün inşa etdiyi əfsanəvi hekayəsi, eyni zamanda, xüsusilə Divan adlı əsərində şeirləri vasitəsilə bəhs etdiyi daxili (könül) hekayəsi, yəni insan olaraq təkamülü (inkişaf) hekayəsidir.

Yunus Əmrə Anadoluda bugünkü Eskişəhər şəhərinə bağlı Sarıköydə anadan olmuşdur. Hacı Bektaşla tanış olması onu elm və sufizm yoluna yönəltmiş, Konyada mədrəsə təlimi, Tapdıq Əmrə təkkəsində təsəvvüf təhsili almışdır. Daha sonra onu davamlı səyahətdə olan dərviş olaraq görürük. Müəllimi Tapdıq Əmrənin icazəsi və buyruğu ilə baş tutan səyahətlərində Anadolunun, demək olar ki, hər yerini gəzmişdir. Hətta onun bu prosesdə Suriya, İraq, İran və Azərbaycana səfər etdiyi də şeirlərindən məlum olur.

Yunus Əmrə bu səyahətlər zamanı bir növ səyyah, xalq maarifçisi kimi xidmət etmişdir. O, Tapdıq Əmrədən dərviş olaraq öyrəndiyi təsəvvüf düşüncəsini və İslam dininin inanc, ibadət və əxlaq prinsiplərini şeir yolu ilə insanlara izah etmişdir. Beləliklə, bu geniş coğrafiyada onun şeirləri vasitəsilə dil, düşüncə, həssaslıq və dəyərlər birliyi meydana gəlmişdir.

Yunus Əmrə bu səyahətlərinin sonunda Sarıköyə gələrək dərgah qurmuş və dərvişlər yetişdirmişdir. Burada da vəfat etmişdir. Ancaq onu çox sevən Anadolu xalqı onun ölümünü eşidəndə adına məqam-məzar adlanan tikililər tikərək xatirəsini yaşatmaq istəmişdir. Bu gün Türkiyənin Karaman, Aksaray, Manisa kimi bir çox şəhərlərində Yunus Əmrənin məzarı vardır. Bunlardan biri də Azərbaycanın Qax rayonunda yerləşməkdədir.

Yunus Əmrənin dili

Yunus Əmrə ərəb dilinin, fars dilinin ədəbiyyat dili olduğu bir dövrdə yaşayırdı. Xitab etdiyi kütlə isə ya əvvəlki dövrlərdə, ya da son köçlərlə Anadoluya gələn türkmənlər idi. Daha da əhəmiyyətlisi Səlcuqluların çökməsindən sonra yeni bir Türk dövləti qurulmalı idi. Dövlət isə bir mədəniyyətə söykənən möhkəm təməllər üzərində qurula bilərdi. Bu da dil ilə mümkün idi. Çünki dil duyğu və düşüncə üçün də, biliklərin istehsalı və paylaşılması üçün də bir vasitə idi.

Yunus Əmrənin əhəmiyyəti burada ortaya çıxır. Çünki o, türk dilini danışıq dilindən çıxararaq yazılı mədəniyyət və ədəbiyyat dilinə çevirdi. Beləliklə, Anadoluda dili türk, həssaslığı türk həssaslığı, inancı və düşüncəsi İslam olan bir ədəbiyyatın qurucusu oldu. Onun yaratdığı bu dillə türk dili sanki qanadlandı və xüsusilə xalq və təkkə mühitində çox böyük şairlər yetişdi, çox əhəmiyyətli əsərlər qələmə alındı. Bu baxımdan Anadolu türklüyünün dil, din, vətən, millət, dövlət şüuru ilə bu coğrafiyada mövcud olmasına ən böyük xidməti dil məfhumu ilə Yunus Əmrə göstərmiş oldu.

Yunus Əmrənin şeiri

Yunus Əmrə bütün tədqiqatçılar tərəfindən əski Anadolu türkcəsinin ən böyük təmsilçisi hesab edilir. O, Əhməd Yasəvi ilə Türkistanda başlayan təkkə şeirimizin Anadoludakı qurucusudur. İfadə dili kimi türkcəni üstün tutaraq, onu bir ədəbiyyat, şeir dili halına gətirmişdir. Daha önəmlisi isə təsəvvüf kimi özünəməxsus qavramları olan bir düşüncə sistemini türkcə ilə ifadə edə bilmək Yunus Əmrənin türkcəmizə verdiyi ən böyük töhfədir. Üstəlik, bu ifadə tərzi elə sadədir ki, sadə bir vətəndaş belə bu dillə ifadə edilənləri başa düşməkdə çətinlik çəkmir.

Yunus Əmrə şeirlərində əruz vəznindən də istifadə etmişdir, lakin əsas üstünlüyü milli ölçümüz olan heca vəzninə vermişdir. Nəzm forması olaraq da adətən dördlükdən istifadə etmişdir. Bəzi şeirləri isə beytlər şəklindədir. Bir ziyalı olaraq isə xalqından əsla uzaqlaşmamış, onlara anladıqları dil və üslubla xitab etmişdir. İfadəsi çox lirikdir. Səmimi ifadə tərzi ən böyük xüsusiyyətidir. Allah eşqindən, insan sevgisindən, qürbət və ayrılıq fikrindən, ölümdən onun qədər duyğulu və səmimi bəhs edən başqa bir şair tapmaq, demək olar ki, mümkünsüzdür.

Yunus Əmrənin düşüncəsi

Yunus Əmrə şair olmaqla yanaşı, mütəfəkkirdir. Onun mənsub olduğu düşüncə sisteminin adı isə təsəvvüfdür. İslam dininin xüsusi şərhi olaraq ortaya çıxan bu məfhum ən güclü təmsilçisini Yunus Əmrədə tapmışdır. Bu məfhumun özünü isə çox səmimi bir Allah və insan sevgisi təşkil edir. Buna görə sevgi mərkəzli bir həyat, varlıq, bilik fəlsəfəsi ortaya qoyur. Bu fəlsəfədə bütün varlıqlara hörmət əsasdır. İnsanın Allahı tanımasında ən böyük dəyər isə eşqdir. Bu baxımdan bilik anlayışı da buna görə formalaşır və insanın özünü bilməsi ən dəyərli bilik növü olaraq görülür.

Təsəvvüf düşüncəsinin önə çıxan digər bəzi xüsusiyyətləri isə bunlardır. Vəhdət-i vücud (varlıq birliyi) əsasdır. Amma bu birlik düşüncəsi, sadəcə Tanrı-İnsan birliyini deyil, eyni zamanda, sosial birlik fikrini də ifadə edir. Mövzuya bu baxımdan nəzər yetirdikdə, insanlığı sülh, qardaşlıq, ədalət, əmək, çalışmaq, mərhəmət, paylaşmaqla dolu bir həyata çağırdığı görülür.

Yunus Əmrənin sosial missiyası

Yunus Əmrə öz dövründə iki önəmli missiyanı yerinə yetirmişdir. Monqol işğalı, Babailər üsyanı kimi hadisələrlə dövlətini itirən, birliyi dağılan, maddi və mənəvi cəhətdən müxtəlif çətinliklərlə üzləşən, beləliklə, mənəvi-psixoloji travmalar yaşayan insanların bu cür problemlərinin sevgiyə, qardaşlığa, birliyə əsaslanan bir anlayışla həll olunmasını təmin etmişdir. Bir növ mənəvi həkimlik etmişdir.

Yunus Əmrənin gördüyü ikinci önəmli iş isə Türk birliyinin bəyliklərə parçalandığı bir dövrdə türk bəyliklərinin Osmanlı bəyliyi ətrafında birləşərək yeni və böyük bir Türk dövlətinin qurulması fikrinin yaranmasına təsir etməsidir. Digər tərəfdən, şeirində bəhs etdiyi həyat, insan, varlıq, bilik, əxlaq, dəyər qavramları ilə Osmanlı dövlətinin qurucu ruhu oldu.

Türk dünyasının ortaq dəyəri

Yunus Əmrə Anadoluda yaşamış bir şairdir. Lakin türkcə şüuru, türk millətinə aidlik duyğusunun yüksəkliyi və türklərin müştərək inancı olan İslam dininə bağlı olması, şeir və fikir dünyasının türklərin ortaq atası Əhməd Yasəviyə bağlanması baxımından bütün dünyadakı türklərin də ortaq dəyəridir. Bu baxımdan, Türkiyə xaricində, xüsusilə Azərbaycanda və Balkan ölkələrində daha çox tanındığını demək olar. Bəxtiyar Vahabzadə, Məmməd Aslan kimi Azərbaycan şairlərinin və Ənvər Baki, Fəxri Əli, Zeynəl Beksaç kimi Balkan şairlərinin şeirlərində dərin Yunus Əmrə təsiri və sevgisi hiss olunur.

Yunus Əmrənin dünyəviliyi

Yunus Əmrə duyğu, düşüncə və anlayış dünyasının mərkəzinə insanı qoyduğu üçün həm milli, həm də dünyəvi bir dəyərimizdir. O, xüsusilə insan sevgisi səbəbi ilə Qərb ölkələrində və Amerikada diqqət çəkən bir şair olmuş, şeirləri başda ingilis dili olmaqla, italyan, fransız və s. dillərə tərcümə olunmuşdur.

Yunus Əmrənin düşüncə dünyasındakı zənginlik daha sonra Qərb filosoflarına da təsir etmişdir. Bu gün xüsusilə humanizm, ekzistensializm fəlsəfəsində Yunus Əmrə izlərini və təsirlərini görmək mümkündür.

Yunus Əmrənin əsərləri

Yunus Əmrə əsərləri ilə də türk mədəniyyətinin çox önəmli bir ismidir. Onun geridə iki əsəri qalmışdır. Bunlardan ilki lirik şeirlərinin yer aldığı Divandır. Yunus Əmrə əsl şöhrətini bu əsərinə borcludur. Çünki bu kitabdakı şeirlər istər dil, istərsə də ifadə və məna baxımından çox yüksək səviyyədədir. Yunus Əmrənin əsl şairlik gücü bu əsərdə görülür.

Yunus Əmrənin digər əsəri isə Risalətün-Nüshiyyə adlı məsnəvisidir. Nəsihət kitabı mənasını verən bu əsərində təsəvvüf səfərinə çıxacaq birinin yaşayacağı proseslər hekayə edilir. Əsər bu baxımdan dərviş namizədləri üçün bir bələdçi kitab rolunu oynayır. Lakin insanlığın mənəvi və ruhi mənada inkişaf etməsi, müsbət mənada dəyişməsi mövzusunda ortaya qoyduğu görüşlərlə bugünkü müasir dövrün insanına da xitab edən bir xüsusiyyət daşıyır.

 

Mustafa Özçelik Şair, yazıçı

 

 

Yeni Azərbaycan.- 2021.- 28 may.- S.5.