Evdə qayınanalığı Aqil Abbas edir

 

 

 

Məmməd Araz adı mənə heç vaxt kömək olmayıb, əksinə...

 

O sərt baxışlarının arxasında bulaq kimi çağlayan gözlərini gizlədir, tanıyınca qaya kimi sərt duruşunun altında xəfif bir qadın  dayandığını görürsən. İradə Tuncay kimdir desələr, “çölü özgələri, içi özünü yandıran” qadın deyərdim mən.  Taleyinə,  eyni zamanda  şair Məmməd Arazın qızı, deputat Aqil Abbasın ömür yoldaşı olmaq da yazılıb.

 

“Yeni Azərbaycan”ın müsahibi yazıçı, publisist, “Ədalət” qəzetinin baş redaktoru,  Əməkdar jurnalist İradə Tuncaydır.

 

- İradə xanım, sizin haqqınızda danışanda dedilər kənardan qaya kimi sərt görünsə də, pambıq kimi yumşaq ürəyi var. Siz özünüz haqqında nə deyərdiniz?

 

- Baxır hansı vəziyyətə, hansı məsələyə münasibətdə. Ola bilər zahirən sərt görünəm, amma demək olar ki, mülayim insanam.

 

-  Sizcə Aqil Abbasla bir-birinizə hədiyyəsiniz, ya sınaq?

 

- Qismətdir də. Mən bunu hədiyyəyə, sınağa bölməzdim. “Min acını bir şirinə qurban vermək” kimi bir deyim var. Aqil Abbasın da mənfi tərəflərini müsbət tərəfləri  üstələyir. Mən onu idarə etməkdə çətinlik çəkirəm. Amma həm də insanı  dəyişmək olmaz axı. Gərək buna çalışmayasan. Xarakter etibarilə bəzi şeyləri qəbul edə bilmədiyimə görə, mənə çətin olur. İnsan kimi çox yaxşı xasiyyətləri var, müsbətə meyilli tərəfləri çoxdur. Kaprizləri həmişə olub. Bəzi şeylər var ki, mən onda onu görmək istəməzdim, amma olur. Çox zaman elə bilirlər ki, deputatlar kef edirlər, bir əli yağda, bir əli balda yaşayırlar. Hamısı belə deyil. Bir deputat səhv  edəndə bunu ümumiləşdirib bütün deputatların adına yazırlar. “Troll sürüsü” var ki, gözləyir, sən bir səhv edəsən, başlasın söyməyə. Aqil Abbas danışanda, ümumiyyətlə fikirləşmir ki, bunu desəm, nə deyəcəklər. O mənada onu qorumaq mənim boynuma düşür. Bəzən də danışmasına veto qoyuram.

 

- Amma siz də susmursunuz. Hər kəsin meydanı olan sosial şəbəkələrdə çox rahat, azad, bəzən də inqilabi fikirlər bildirirsiniz.

 

- Mənim inqilabi danışmağım heç kimə təsir etmir. İnqilab əgər həyatda nəyisə yaxşı mənada dəyişəcəksə, olsun. Bir var evrim, bir də var devrim. İnqilab  devrimdir. Fikrin dəyişməsi evrimdir və bizim cəmiyyətin evrimə daha çox ehtiyacı var. Üzü Sabirdən bu yana “Oxutmuram,  əl çəkin!” şüarına  sadiq qalmış insanlarıq. İndi də “oxumuram, anlamıram, əl çəkin!” deyirik. Nə qədər aydınlarımız çərləyib öldülər, bəs biz nə zaman   yaxşı mənada dəyişəcəyik?  Düşünə bilən insanlar bu cəmiyyətdə əziyyət çəkirlər...

 

- Necə düşünürsünüz, doğru cəmiyyətdə doğulmusunuz?

 

- Yox. Ən azından miqyas başqa olmalıydı.

 

- Bu sözdən sonra cəmiyyətin  sizə hücuma keçməsindən qorxmursunuz?

 

- Daşqalağı süni şəkildə təşkil etməsələr, qorxmuram. Ağıllı, ziyalı insanlar nə demək istədiyimi anlayacaq, anlamayan da fikrimə  öz bildiyi donu geyindirəcək.

 

- Məmməd Arazın qızı deyil, sadə bir sürücünün, bir fəhlə babanın qızı olsaydınız, bugünkü kimi İradə Tuncay olardınızmı? Bu adın sizin taleyinizdə, karyeranızda  köməyi  olub?

 

- Heç şübhəsiz, yetişdiyim mühit mənim həyatıma öz möhürünü vurub. Mən varlı, imkanlı ailənin qızı deyildim. Sadə bir qələm adamının qızıydım və onun qələmini götürüb yoluma davam  etdim. Başqa  cür necə olardım, bilmirəm. Amma  atam, onun adı mənə kömək, dəstək olmayıb. Məmməd Araz adı mənə hansısa təkanı verməyib. Adının gücləndiyi, sözünün keçdiyi vaxtlarında o çox ağır xəstəydi və bizim ona deyil, onun bizə ehtiyacı var idi. Əksinə, Məmməd Araz adına görə mənə bir az da zərbələr dəyib.

 

- Bəs Aqil Abbasla necə? Onun adının  kölgəsi olub?

 

- Aqil Abbas, adının gətirdiyi gurultunu hamıya anlada bilən adamdır, atam elə deyildi.

 

- Atanız adından istifadə etmirdi?

 

- Yox. Amma Aqil Abbas başa düşmək istəməyən adamı onun öz dilində başa salmağı bacarır. Məsələn, qonşu təmir edir, səs-küy var, istirahət günüdür. Sən yumşaq dillə başa salmaq istəyirsən, anlamır. Aqil Abbas, gedir, hay-küy salır və səs-küy dayanır. Deməli, insanlarla anladığı dildə danışmaq lazım imiş.

 

- Ailədə də belə coşqundur?

 

- Elə şeylər var ki, Aqil onları net şəkildə tələb edir. Amma çox əsəbi olduğumu görəndə bəzən susur. Bəzən də mən danışmıram, qorxuram. Kirimiş dururam.

 

- Nənələrin alqışı vardı, “əl çörəyi yox, ər çörəyi yeyəsiniz” deyə. Əslində, əlinizin çörəyini yeyəcək gücdə qadınsınız. Aqil bəy olmadan güclü İradə olardınız?

 

- Ər çörəyi rahatlıqdır da. Deyim ki, mən onsuz olmağa cəhd etmişəm, yox. O mənə arxadır, dayaqdır. Həmişə olsun. Bütün qadınlara bunu arzu edirəm.

 

- Sizin yerinizdə olmaq istəyən çox qadın olub. Qısqancsınız?

 

- Həm də çox. Amma səbəbsiz yerə deyil. O mənada Aqil Abbasdan çətin adam sanmıram ki, olaydı. Aqilə də çox can atanlar olub, o da ətrafa çox can atıb. Amma həmişə bilmişəm ki, qayıdacaq evinə. Ağıllı insandır o anlamda. Yəni getmək barədə düşünməyib və bunun söhbəti də olmayıb. Həmişə susmuşdum, son illər susa bilmirəm.

 

- Belə çıxır ki, yenə qısqandırmağa davam edir?

 

- Edir. Yəni mənim susduqlarıma hər qadın susmaz.

 

- Sevib evlənmişdiniz?

 

- Hə. Amma yəqin hansısa hesab da olub. Aqil Abbas deyirdi ki, bir dəfə Səməd Vurğunun nəvələri efirdə danışırdı, düşündüm ki, nə xoşbəxt uşaqlardılar. Yəqin o da öz övladlarının həm də Məmməd Arazın nəvələri kimi tanınmasını istəyib. Ümumiyyətlə, Məmməd Araz adı onu cəlb edib. Onun ailəsi mənim ailəmdən daha imkanlı idi. Seçim edərkən yəqin bir kasıb yazıçının qızının nələri görüb- götürəcəyini bilirdi. Mən isə onun ədəbiyyata olan sevgisinə görə  seçim etdim.

 

- Keçmişin ətrini xatırlayıram demisiniz bir yazınızda. Ən ətirli günləriniz hansılardır.

 

- Mənə gələn gəlincik hədiyyələrini, ad günlərini, evimizə gələn tanınmış qonaqları xatırlayıram. Amma sonra  dağıldı hər şey. 14 yaşlı bir uşaq  üçün şöhrətli atasının belə vəziyyətə düşməsini görmək çox ağrılıydı.

 

- Çox səyahətlər etmisiniz. Ən çox nə cəlb edib sizi? Ümumiyyətlə, şərq, yoxsa qərb ruhlu insansınız?

 

- Avropalıların rahatlığını, azad ruhunu sevirəm. Hər dəfə düşünürəm ki, bizim insanlarımız niyə belə deyillər? Bu, maddiyyatla bağlı deyil. Biz axı kasıb ölkə də deyilik. Onların qəlb rahatlığı var. Kimsə kimsənin işinə qarışmaz, dönüb baxmaz, kimsə “ay camaat nə deyər?” düşüncəsinə düşmür. Məsələn, Praqada şəhərin ehtişamını da görürsən, insanların sadəliyini də. Strasburqu çox sevmişəm. Mən tarixi şəhərləri daha çox sevirəm. Yəqin buna görə Dubayı heç sevmədim. Bir də Sinqapur xəyal qırıqlığı yaratdı. Şərqdə Qərbin yaratdığı bir şəhər-dövlətdir. Qadağalarla yaşayan, qadağalara tabe olan. İranda  da olmuşam. İran kəndlərinin səfalətini görmüşəm. Bir də anlamıram hansı səbəbə görəsə, qəbirlərinin üzərinə zəncirlər dolayıb qıfıllamışdılar. Düşmənlərin intiqamındanmı qoruyurdular, ya nə idi, onu bilə bilmədim. Qərb ruhluyam mən. Yəni hansısa informasiya mənə aid deyilsə, mənə aid olmayan işləri özümdən uzaq tutmağı bacarıram. Təbii ki, vətənim, xalqımla bağlı məsələlər istisna olmaqla. Kövrəlmək, sulugözlülük də məndə yəqin Şərqdən qalmadır. Şərqdə ağlamağı, ahu-zar etməyi sevirlər axı.

 

- Ağlamaq zəiflikdir sizcə?

 

- Əsla yox. Hər adam ağlaya bilir bəyəm?

 

- Müsahibəmiz zamanı gözləriniz dəfələrlə dolsa da, bu məqamlardan qaçmağa  çalışdığınızı da hiss etdim.

 

 Anarın bir sözü var. Xatirələrin dəvəti məni kədərləndirir.

 

- Necə düşünürsünüz, millət olaraq özümüzə çəkdiyimiz sədlər, sərhədlər, mentalitet anlayışı çərçivəsində hördüyümüz qəfəs bizə çoxmu mane olur?

 

- Bəzi şeylər var ki, onları unutmaq, kənarlaşdırmaq olmaz. Unudursan ki, sənin  utanacaq bir kəsin yoxdur, onda da ortaya  bu gün hamımızı utandıran görüntülər çıxır. Görürük də sosial şəbəkələrdə nə oyunlar çıxarırlar. Hər kəsin bir ətrafı var, biz cəmiyyətdən kənarda yaşamırıq.

 

- Qırmızısözlü  adamlar var. Hər şeyi hər kəsin üzünə deməklə “düzdanışanam” deyib  öyünən. Bu necə yanaşmadır sizcə?

 

- İnsana ziyan gətirən bir vərdişdir. Bəzən olub mən də etmişəm, demişəm, sonra peşman olmuşam ki, o adama ağrı verdim. Nahaq elədim.

 

- İndi sözü ütüləməyi bacarırsınız?

 

- Son illərdə görünür daha müdrik olmuşam, ağıllanmışam. Həmişə alınmasa da, bacarmağa çalışıram.

 

- Bu ayın 9-u ad gününüzdür. Zəfər bayramımızla üst-üstə düşür. Hansı duyğuları yaşayırsınız?

 

- Bu 44 günlük müharibədə mən çox ağladım, əzab çəkdim. Qələbə sevincimiz var. Amma şəhidlərimizin ağrısı da var. Bu anlamda mən yəqin ki, bir daha özümə ad günü etməyəcəm. Ağrı var. Hərçənd  hesab edirəm ki, millət olaraq da bu kədərdən, dərddən hansısa bir yolla qurtulmalıyıq. Bir ömür acılarla yaşamaq olmaz. 200 ildir Qarabağ, ermənilər, ümumiyyətlə bu  mövzu bizə yalnız dərd verib. Bu problemin kökündən həlli vacibdir.

 

- Bayaq dedim, bir çox qadınların  gözündə kənardan baxınca çox xoşbəxt ömür yaşamısınız. Ömrün daha bir payızını qarşılayırsınız. Hansı arzunuz var ki, onun yerinə yetməsini istərdiniz?

 

- Yalnız övladlarımın sağlığını. Müəyyən yaşa çatınca anlayırsan ki, bu dünyada övladlarının sağlamlığından önəmli heç nə yox imiş. Yalnız yaşlanınca başa düşürsən ki, insanın səadəti  övladlarındaymış. 2 oğlum ,4 qız nəvəm  var.

 

- Necə qayınanasınız?

 

- Mən qayınana deyiləm ki. Bizim evdə qayınana Aqil Abbasdır. Hamının işinə qarışır.

 

- Ailə qurmaq, əslində müharibə aparmaq kimidir...

 

- Yaxşı müqayisə etdin. Gör nə qədər strategiyan, taktikan olmalıdır ki, idarə edə biləsən.

 

- Unutmursunuz qəlbinizi incidən şeyləri?

 

- Yox. Müharibə dedin axı.

 

- O bilir?

 

- Bilir. Nəsə deyən kimi, deyir “yenə Fatma cijin yadına düşüb”. Amma yenə deyirəm, nələrisə nəyəsə qurban eləyirik. İdeal mühit, ideal ailə harda var ki?

 

Söhbətləşdi: İlhamə Rəsulova

 

 Yeni Azərbaycan.- 2021.- 4 noyabr.- S.8.