Qarabağ - qədim insanın təşəkkülü və mədəniyyətlərin təkamülü diyarı

 

 

 

Ümumdünya tarixinin dərindən və hərtərəfli öyrənilməsində Azərbaycanın Daş dövrü abidələrinin özünəməxsus sanballı yerirolu vardır. Başqa sözlə, əgər Azərbaycanın Daş dövrü abidələri olmasaydı, dünyanın daş dövrü abidələrindən ibarət xəritəsi xeyli dərəcədə kasıb və miskin görünərdi. Doğrudur, uzun müddət belə hesab edirdilər ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazisində Daş dövrünə aid abidələr axtarmağa belə dəyməz. Hətta 1881-ci ildə Tiflisdə keçirilən V arxeoloji qurultayda bu barədə xüsusi qərar da qəbul olunmuşdu. Bu, əlbəttə hər şeydən əvvəl Rus imperiyasının milli ucqarlara münasibətdə yeritdiyi şovinist siyasətin təzahürü idi. Amma vaxt yetişəndə əlahəzrət zaman özü hər şeyi yerbəyer edir. Belə də oldu. Ötən əsrin 50-ci illərinin əvvəlində Azərbaycan SSR Elmlər Akademiyasında respublika ərazisində Daş dövrü abidələrinin axtarışı və öyrənilməsi məqsədi ilə xüsusi plan hazırlandı. Həmin planın icrası məqsədi ilə 1953-cü ildə SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun əməkdaşı, Daş dövrü üzrə tanınmış alim S.N.Zamyatin Bakıya dəvət olunub.

S.N.Zamyatinin iştirakı ilə 1953-cü ilin noyabr ayında respublikanın Mərəzə, Şamaxı və Qazax rayonları ərazisində ilkin kəşfiyyat axtarışları aparılıb. Qazax rayonu ərazisində kəşfiyyat axtarışları davam etdirilərkən, Daşsalahlı kəndi yaxınlığında Daş dövrünə aid mağara düşərgə qeydə alınıb. 1958-59-cu illərin tədqiqatları zamanı Daşsalahlı mağara-düşərgəsində Orta Paleolit dövrünə aid tapıntılar əldə edilib. Hansı ki, bu tapıntıların texnikitipoloji xüsusiyyətləri  Daşsalahlı mağara mağara-düşərgəsində Mustye dövrü insanların yaşadığını ehtimal etməyə əsas verir. Axtarışlar davam etdirilərkən Qazax rayonunun Yuxarı Salahlı kəndi yaxınlığında Mustye dövrünə aid açıq düşərgə qeydə alınıb.

Zamyatinin rəhbərliyi ilə işləyən bu ekspedisiyanın Azərbaycanın qərb bölgəsindəki kəşfiyyat axtarışları 1959-cu ildə Qazax rayonun Qazaxbəyli və Tovuz rayonun Ağbaşlar kəndləri ərazisində Mustye mədəniyyətinə aid yeni tapıntıların aşkar olunması ilə yekunlaşmışıb.

Quruçay arxeoloji mədəniyyəti. Nəhayət, 1960-cı ildə M.M.Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası Qarabağ ərazisində kəşfiyyat axtarışlarına start verir. İlkin axtarışlar əsasən Quruçay və Köndələnçay vadilərində və onlara yaxın ərazilərdə aparılıb. Dünyaca məşhur Azıx və Tağlar mağara düşərgələri də məhz o zaman qeydə alınıb. Xatırladaq ki, Azıx mağarası Quruçayın sol sahilində, Qarabağın səfalı və mənzərəli guşələrindən olan Tuğ çökəkliyində yerləşir. Dəniz səviyyəsindən 900, Quruçay yatağından 150-200 m yüksəklikdə olan bu çoxtəbəqəli Paleolit düşərgəsində Azərbaycan arxeoloqları tərəfindən 1960-cı ildən 1975-ci ilədək intensiv axtarışlar aparılmışdır. 1976-1986-cı illərdə isə orada fasilələrlə tədqiqatlar davam etdirilib. Tədqiqatların gedişində Azıxda ümumi qalınlığı 13,5 m olan 10 mədəni təbəqə qeydə alınıb. Əhəmiyyətli məqamlardan biribudur ki, dünya miqyasında öyrənilən mağara-düşərgələrindən heç birində stratiqrafik baxımdan Azıxda olduğu kimi ardıcıllıqvarislik qeydə alınmayıb.

1968-ci ildə Azıxda V mədəni təbəqə öyrənilərkən digər maddi mədəniyyət qalıqları ilə yanaşı 350-400 min il bundan əvvəl yaşamış insana məxsus alt çənə sümüyünün bir hissəsi tapılmışdır. Professor D.Hacıyevin fikrincə, Azıxdan tapılmış insan çənəsi 350-400 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamış 18-22 yaşlı qadına məxsusdur. Azıxda işləyən kompleks arxeoloji ekspedisiya tərəfindən orada 10000 ədəddən çox daş məmulatı və 1000000 ədəddən çox ovlanmış heyvan sümükləri tapılmışdır.

Alimlərin fikrincə, ibtidai insanların Azıx mağarasında məskunlaşması 1,2 milyon il bundan öncə baş verib. Halbuki, oradan tapılmış daş alətlərin xeyli qismi xronoloji cəhətdən daha qədim dövrlərə aid edilir. Bunu nəzərə alaraq alimlər belə hesab edirlər ki, qədim əcdadlarımız Azıxda məskunlaşmazdan çox-çox əvvəl, təqribən 1 milyon il öncə yaxınlıqdakı Quruçay vadisində həyat sürmüşlər. Xatırladaq ki, Quruçay dərəsinə ilk insanın qədəm basmasının 2-2,5 milyon illik tarixi də məhz Azıx mağarası materialları əsasında müəyyən olunmuşdur. Azıx mağarasının ən qədim mədəni təbəqələri olan VII-X mədəni təbəqələrdən üzə çıxarılan çeşidli daş məmulatından ibarət arxeoloji materiallar Şelə qədərki dövrü əhatə edir. Özü də həmin tapıntılar bir çox xüsusiyyətlərinə görə Şelə qədərki döv?lərin daş alətlərindən müəyyən qədər fərqlənir və ayrıca bir mədəniyyətin qalıqları hesab edilə bilən kompleks təşkil edir.

1974-75-ci illərin tədqiqatları zamanı mağaranın VII-X mədəni təbəqələrindən çay daşlarından hazırlanmış çoxsaylı kobud çapma alətlər əldə olunmuşdur. Bu isə hələlik dünya arxeologiyasına məlum olmayan daha bir yeni arxeoloji mədəniyyətin - Quruçay arxeoloji mədəniyyətinin kəşfi demək idi.

Bu qədim mədəniyyətin məhz “Quruçay arxeoloji mədəniyyəti” adlandırılmasının başlıca səbəbi odur ki, onun izlərini qoruyub saxlaya bilən Azıx mağarasının özü Quruçay dərəsində yerləşir. İlk insanlar mağaraya bu dərədən köçmüş və həmin dərə onların əsas iqtisadi bazası olmuşdur. İstehsal alətləri düzəltmək üçün lazım olan xammal da mağaraya məhz Quruçaydan gətirilmişdir.

Azıx sakinləri mağaraya yığışarkən Quruçay dərəsində müxtəlif alət və silah hazırlamaq baxımından yararlı olan çay daşlarını da seçib özləri ilə oraya gətirmiş və həmin daşlardan müxtəlif alətlər düzəltmişlər. Alətlər daha çox kobud çapacaqlardan və qəlpələrdən düzəldilmiş ibtidai qazıyıcılardan ibarətdir. Maraqlıdır ki, daş məmulatı içərisində xüsusi yer tutan iri alətlər hələlik yalnız Azıxda qeydə alınmışdır. Quruçay mədəniyyəti nümunələrinin Şel dövründən əvvəlki Çaydaşları mədəniyyətinə və Olduvay mədəniyyətinə yaxınlığını əsas götürən mütəxəssislər Azıxın ilk sakinlərinin avstralopiteklərdən ibarət olduğunu ehtimal edirlər. Deməli, Afrikada olduğu kimi, Azərbaycanda da 2-2,5 milyon il bundan əvvəl avstralopitekya homo habilis tipli insanlar yaşadığı ehtimal olunur.

Artıq yuxarıda qeyd olunduğu kimi, Azıx Paleolit düşərgəsinin ən qədim arxeolojipaleontoloji tapıntıları abidənin VII-X təbəqələrindən aşkar olunub. Hansı ki, həmin təbəqələr 1974-1976, 1980-1982 və 1986-cı illərdə arxeoloji cəhətdən öyrənilmişdir. Orada 32 kvadratmetr sahədən 212 ədəd daş məmulatı, 7 ədəd heyvan sümüyü və minlərlə xırda gəmirdən sümükləri tapılmışdır.

Qeyd olunan alətlər əsasən çay daşlarının kənar hissələrindən mərkəzə doğru vurub qoparma üsulu ilə çox kobud formada hazırlanmışdır. Belə texniki üsulla hazırlanmış alətlər təbəqə materialları içərisində çoxluq təşkil edir. Bu alətlər? əsasən uzunsov çaydaşlarının bir kənarını qəlpələyərək qoparmaq yolu ilə hazırlamışlar. Maraqlıdır ki, tapıntılar arasında qəlpələrdən hazırlanmış qaşov tipli alətlərə də təsadüf olunub.

 

Ardı növbəti sayımızda...

 

QAFAR CƏBİYEV,

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

 

Yeni Azərbaycan.- 2022.- 31 avqust.- S.6.