Qarabağ - qədim insanın təşəkkülü və mədəniyyətlərin təkamülü diyarı

 

Əvvəli ötən sayımızda...

Azıxın VII-X təbəqələrindən tapılmış daş məmulatı arasında ağırlığı 3-4 kq olan nəhəng kobud çapma alətlər diqqəti daha çox cəlb edir. Hələlik, Qafqaz və Yaxın Şərqin Paleolit düşərgələrində bu tip əmək alətləri qeydə alınmamışdır. Bu səbəbdən də mütəxəssislər həmin alətləri Azıx tipli kobud çapma alətlər adlandırmağı qərara alıblar.

Bir daha qeyd edirik ki, Azıxın VII-X təbəqələrindən tapılmış daş məmulatlarının texniki-tipoloji xüsusiyyətləri, kobud çapma alətlərin hazırlanma cəhətləri və dünyanın heç bir Paleolit abidələrində belə alətlər qeydə alınmadığı üçün həmin maddi mədəniyyət qalıqlarına Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir. Deyilənlərdən göründüyü kimi, Azıx sakinlərinin işlətdiyi əmək alətlərinin əksəriyyəti düşərgədən kənarda hazırlanaraq oraya gətirilmişdir. Çünki düşərgənin VII-X təbəqələrindən əsasən hazır əmək alətlər tapılmış, istehsal tullantıları isə olduqca az sayda qeydə alınmışdır.

Quruçay mədəniyyəti uzun, miylon ildən çox davam edən bir dövrü əhatə edir. Həmin mədəniyyətin tədrici təkmilləşməsi, əsasən, Azıxın yeddinci təbəqəsində və onun üstündə yatmış altıncı təbəqədə daha aydın nəzərə çarpır. Altıncı təbəqədə alətlər demək olar ki, öz tərkibini birdən-birə dəyişir, köhnələrlə bərabər yeni tiplər meydana gəlir.

Maraqlı cəhətlərdən biri də istehsalın inkişafında baş verən dəyişikliyin izlənməsi ilə yanaşı, Quruçay mədəniyyətinə xas olan istehsal texnikası ənənələrinin sonrakı dövrlərdə də saxlanılmasının müşahidə edilməsidir. Başqa sözlə, bu ənənə sonrakı dövrlərdə də davam etmişdir. Beləliklə, Quruçay mədəniyyəti orada inkişaf etmiş olan sonrakı mədəniyyətin əsası olmuşdur. Ola bilsin ki, Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda Quruçay arxeoloji mədəniyyəti Qədim paleolit mədəniyyətinin özülü olmuşdur.

Artıq yuxarıda qeyd olunduğu kimi, 1968-ci ildə Azıxda tədqiqatlar davam etdirlərkən Orta Aşel dövrünə aid V mədəni təbəqənin IV horizontunda bir neçə daş alətlə birlikdə insana məxsus alt çənə sümüyünün sağ tərəfi tapılıb. Çənə sümüyünün üstündə ağıl dişi bütöv, ikinci azı dişi sınıq vəziyyətdə, üçüncü azı dişinin isə kötük hissəsinin qaldığı müəyyən olunub. Tapıntı morfoloji cəhətdən pitekantrop tipli qalıqları xatırlatsa da, onun dişləri nisbətən xırdadır. Xatırladaq ki, elm aləminə azıxantrop (Azıx adamı) adı ilə daxil olan bu tapıntı qədimliyi baxımından keçən əsrin 60-cı illəri üçün Sovetlər Birliyində birinci, dünyada isə Kondel-Araqo tapıntısından sonra ikinci tapıntı hesab olunurdu.

Qarabağ ərazisində Azərbaycan arxeoloqları tərəfindən aşkar və tədqiq olunan daha bir  arxeoloji mədəniyyət Leylatəpə arxeoloji mədəniyyətidir. Eramızdan əvvəl V minilliyin sonlarından IV minilliyin ortalarınadək davam edən bu mədəniyyətə aid abidələr ilk dəfə keçən əsrin 80-ci illərində Ağdam rayonu ərazisində əslən Ağdamdan olan  görkəmli arxeoloq, professor İdeal Nərimanovun tədqiqatları zamanı qeydə alınıb. Tədqiqatçılar həmin abidədən tapılan artefaktların  Cənubi-Qafqazın digər Eneolit dövrü materialları ilə müqayisədə bir sıra özünəməxsus əlamətləri ilə fərqləndiyini əsas götürərək onu Leylatəpə arxeoloji mədəniyyəti kimi qeydə almışlar. 2004-2005-ci illərdə Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri marşrutunda Leylatəpə mədəniyyətinə aid Böyük Kəsik və Poylu yaşayış məskənləri, habelə Soyuqbulaq kurqanlarının aşkar edilərək tədqiqi bu mədəniyyətin daha geniş coğrafiyada yayıldığını təsdiqləmiş oldu. Daha sonralar isə Qarabağda, Qəbələ və Tovuz rayonları  ərazisində  də Leylatəpə mədəniyyətinə aid yeni-yeni abidələr aşkar olunaraq tədqiq edildi.

Tədqiqatlar davam etdirilərkən Cənubi-Qafqazın digər ərazilərində də bu mədəniyyətə aid çoxsaylı abidələr qeydə alınmışdır. Xatırladaq ki, çiy  kərpicdən tikilən dördbucaq formalı  və hər iki tərəfi suvanmış tikililər, gil qablarda  dəfn olunmuş uşaq qəbirləri, xüsusən də dulus çarxından istifadəyə başlanması bu mədəniyyəti xarakterizə edən ən mühüm cəhətlərdir.

Qarabağ ərazisində geniş yayılmış arxeoloji mədəniyyətlər içərisində Erkən Tunc dövrünü (e.ə. IV minilliyin sonu-III minillik) əhatə edən Kür-Araz arxeoloji mədəniyyəti xüsusi olaraq qeyd oluna bilər. Şimali Qafqazdan Mesopotamiyayadək geniş bir coğrafi  arealı əhatə  edən bu mədəniyyətə aid xeyli sayda abidələr Qarabağ ərazisində də aşkar edilərək öyrənilib. Bunlara nümunə olaraq Qaraköpəktəpə, Günəştəpə (Füzuli), Gültəpə (Ağcabədi), Şortəpə (Bərdə), Qarahacı (Ağdam) yaşayış yerlərini və Xankəndi kurqanlarını göstərmək olar.

Bu mədəniyyət ilk dəfə ötən əsrin 40-cı illərində Kür-Araz çayları arasındakı ərazilərdə aşkar olunmuş tapıntılar əsasında müəyyən olunmuşdur. İlk vaxtlar mütəxəssislər bu mədəniyyətin Eneolit dövrünə aid olduğunu düşünürdülər. Sonrakı tədqiqatlar göstərdi ki, bu arxeoloji mədəniyyətin yayılma arealı Kür-Araz vadisindən çox-çox uzaqlara qədər davam edirdövr etibarı ilə e.ə. IV minilliyin ortalarından e.ə. III minilliyin son rübünədək davam edib. Kür-Araz arxeoloji mədəniyyətinin daşıyıcıları əsasən Eneolit dövründə tərk edilmiş daha qədim dövrə aid yaşayış məskənlərində həyat sürmüşlər. Bunlar əsasən Cənubi Qafqazın əkinçi-maldar qəbiləsi idi. Bununla belə, sənətkarlığın inkişafı da izlənilməkdədir. Tədqiqatlar zamanı aşkar edilən tuncdan hazırlanmış çoxsaylı metal əşyalar, rəngarəng çeşidli dulusçuluq məmulatı nümunələri buna dəlalət edir. Bu cəhətdən diqqət çəkən abidələrdən biriAğdam rayonu ərazisindəki Üzərliktəpə abidəsidir.

Qarabağ ərazisində qeydə alınan daha bir arxeoloji mədəniyyət Orta Tunc dövrünə aid Boyalı qablar mədəniyyətidir. Cənubi Azərbaycanda və Naxçıvanda geniş yayılan bu mədəniyyət nümunələri Kür-Araz hövzəsi arxeoloji abidələrində də qeydə alınmışdır.  Eramızdan əvvəl II minilliyin əvvəlindən e.ə I minilliyinin əvvəllərinədək olan dövrü əhatə edən bu mədəniyyətə aid nümunələrə ilk dəfə 1896-cı ildə Naxçıvan ərazisindəki Qızılvəng abidəsində təsadüf olunub. Ona görə də Boyalı qablar mədəniyyəti həm də Naxçıvan mədəniyyəti deyə adlandırılır. Sonralar bu mədəniyyətə aid nümunələr Qarabağ ərazisində də qeydə alınmışdır. Bu cəhətdən diqqət çəkən abidələrdən biri Ağdam rayonu ərazisindəki Üzərliktəpə abidəsidir.

Qarabağ ərazisində təşəkkül taparaq geniş yayılan arxeoloji mədəniyyətlərdən biriSon Tunc dövrünə aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyətidir. Xronoloji cəhətdən eramızdan əvvəl II minilliyin II yarısından eramızdan əvvəl I minilliyin I yarısınadək davam edən bu  mədəniyyətə aid ən möhtəşəm abidələr məhz Qarabağ ərazisindədir. Xatırladaq ki, bu abidələr Azərbaycan ərazisində ibtidai icma cəmiyyətinin süqutu və erkən sinifli cəmiyyətin yaranması dövrünün abidələridir. Bu abidələr daha çox Gəncə-Qarabağ regionunda qeydə alındığından onu bəzən “Gəncə-Qarabağ arxeoloji mədəniyyəti” kimi də təqdim edirlər. Bu mədəniyyətin ən parlaq nümunələri Xocalı ərazisində qeydə alınıb. Əfsuslar olsun ki, Qarabağ  Ermənistan tərəfindən işğala məruz qalarkən, Xocalı-Gədəbəy mədəniyyətinə aid çoxsaylı kurqanlar vəhşicəsinə dağıdılaraq oradakı maddi mədəniyyət qalıqları məhv edilib, yaxud da talan edilərək Ermənistana aparılıb.

Azərbaycan arxeoloqlarının hələ sovet dönəmində Rusiya alimləri ilə birlikdə apardıqları tədqiqatlar zamanı Qarabağ ərazisində eradan əvvəl VI-III əsrlərə aid türk xalqlarına məxsus çoxsaylı kurqanlar aşkar olunaraq tədqiq edilmişdir. Hansı ki, Qarabağ torpaqları işğal altında olduğu 30 il ərzində həmin abidələrin də əksəriyyəti ermənilər tərəfindən məhv edilmişdir.

Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji nümunələr

Antik və Erkən orta əsrlər dövründə Azərbaycan ərazisində geniş yayılmış olan Yaloylutəpə və Küp qəbirləri arxeoloji mədəniyyətinə aid  abidələrinin də xeyli qismi Qarabağ ərazisində aşkar olunaraq Azərbaycan arxeoloqları tərəfindən tədqiq edilmişdir.

Yuxarıda sadalananlardan göründüyü kimi Qarabağ ərazisində ən azı yeddi arxeoloji mədəniyyət qeydə alınıb. Hansı ki, bu mədəniyyətlər 2-2,5 milyon illik bir tarixi dövrü əhatə edir. Mütəxəssis olan insanlar yaxşı bilirlər ki, dünyanın çox nadir yerləri var ki, orada Qarabağdakı qədər arxeoloji mədəniyyət qeydə alınmış olsun. Özübu mədəniyyətlər təkamül yolu ilə, inkişaf edə-edə, təkmilləşə-təkmilləşə biri digərini əvəzləyib. Bu zəmində insanın özü də, onun istifadə etdiyi, yaxud da istehsal etdiyi əmək alətləri və silahları da, lap elə toplumun içərisində qaynayıb-qarışan, yeni çağırışlara uyğun formalaşan istehsal münasibətləri də təkamül yolu ilə dəyişə-dəyişə, təkmilləşə-təkmilləşə bugünkü halına gəlib çıxmışdır. 30 illik erməni işğalı dönəmində Qarabağda hər şey, o cümlədən qədim arxeoloji mədəniyyətlərin yadigarları olan ən nadir tarixi-mədəni dəyərləri belə vandalcasına dağıdıldı, talan edildi. Dünyada hökm sürən ikili standartlar Qarabağda, lap elə Qərbi Azərbaycan torpaqlarında da erməni vandalizminin qarşısını almağa imkan vermədi. Yalnız qalib sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son dərəcə müdrik, qətiyyətli və səriştəli rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində Qarabağ da, oradakı qədim mədəniyyət nümunələri də erməni vandalizmindən qurtulmuş oldu. Artıq Qarabağ üçün də, qarabağlılar üçünyeni dönəm başlayıb. Bəli, Qarabağ yenidən qurulur, yenidən abad edilir. Yaranmış fürsətdən və dövlətimizin hərtərəfli qayğısından faydalanan arxeoloq alimlərimiz də Ağdamda, Fizulidə, Zəngilanda, Hadrutda, Kəlbəcərdə, bir sözlə, Qarabağımızın hər guşəsində qədim tarix və mədəniyyətimizin izlərini daha böyük şövqlə arayıb axtarmaqdadırlar.

 

QAFAR CƏBİYEV,

AMEA Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

 

Yeni Azərbaycan.- 2022.- 1 sentyabr.- S.5.