Azərbaycan poeziyasının “Bəxtiyar” şairi 98 yaşında...

Günel ABBAS

Xoşbəxtlik hər bir insanın arzusudur. Lakin heç də hamı xoşbəxt ola bilmir, ya da bunu əldə etməyi bacarmır. Kimi xoşbəxtliyi ailənin əhatəsində sağlam yaşamaqda görür, bir çoxları isə düşünür ki, pulun, var-dövlətin varsa, dünyanın ən xoşbəxt insanı ola bilərsən. Bəxtiyarlıq isə tamam başqa bir anlayışdır, bu mənada, tam anlamı ilə deyə bilərik ki, hər kəs bəxtiyar da ola bilməz...

Xoşbəxtlik daha çox müasir dövrün adlandırılmasına bənzəyir. Bəxtiyarlıq, bəxtiyar olmaq isə, böyüklərimizin dilindən tez-tez eşitdiyimiz, kökü qədimlərə dayanan bir ifadədir. Ona görə də bizdən əvvəl böyük işlər görən, böyük əsər yaradanlar da, bu əsərləri oxuyanlar da daha bəxtiyar idilər. Onlardan biri isə  sözün hər iki mənasında, öz dövrünün “Bəxtiyar”ı idi.

Dili də, özü də sadə şair

Hələ qədim dövrlərdən müdriklər insanları bir yerə yığaraq dünyanın yaranışını, onun mahiyyətini, bəşəriyətin təyinatını, şüur, əxlaq və ləyaqət anlayışlarını onlara sadə bir dildə, xalqın başa düşə biləcəyi qədər sadə bir dildə anlatmağa çalı??blar. Lakin buna çox az nail ola biliblər. Bu cəhdlər yüz illər və min illər boyunca edilib, lakin dünyanın fəlsəfi fikir tarixində barmaqla sayıla biləcək qədər az mütəfəkkirlərin adı qalıb. Bəxtiyar Vahabzadə isə ən adi bir məişət mövzusunu, ən sadə bir təbiət təsvirini dahiyanə bir şəkildə ən yüksək idrak səviyyəsində təhlil edərək, ona fəlsəfi, etik və hətta siyasi məna verə bilirdi. Eyni zamanda, anlaşılması o qədər də asan olmayan ən mürəkkəb fəlsəfi məfhumları asanlıqla insanların beyninə və qəlbinə yazmaq bacarığı var idi. Bunu yalnız fəlsəfə elminin ən böyük ustadı edə bilərdi. Bunu öz elmiqeyri-adi zəkası ilə bütöv kainatı qavrayan, yaşadığı dünyanı sanki öz əlləri ilə qurubmuş kimi içindən hiss edən biri edə bilərdi. Ümumbəşəri dəyərləri nəinki ən sadə bir dildə, həm də insanlar üçün doğma olan poetik bir üslubda təqdim etməklə milyonların zehninə və dərrakəsinə çatdırmaq bəxtiyarlığı yalnız Bəxtiyar Vahabzadəyə nəsib oldu.

Onun şeirləri nə qədər səmimi, nə qədər kədərli və nə qədər mübariz idisə, özüo qədər istiqanlı, o qədər hüznlüo qədər cəsarətli idi. O, çox sadə bir insan idi. Lakin bu sadə vücudda adiliyə sığmayan bir söz dühası və əlçatmaz bir fikir dünyası yaşayırdı. Bəlkə elə buna görə, görənlər də, görməyənlər də onu tanıyırmış kimi hiss edirdi. Çünki bütün əlçatmazlığına baxmayaraq o, sadəcə, bu xalqın oğlubu millətin şairi idi.

Şairlə söhbət...

Bəxtiyar Vahabzadənin əsərlərini oxuyan adama elə gəlir ki, onunla söhbət edir. Oxucu onu öz yanında, öz ailəsində, öz evində görüronu özünə doğma sanır. Bəxtiyar Vahabzadə gerçəkliyinə bu cür yanaşsaq deyə bilərəm ki, hər birimiz kimi mən də onu lap uşaq yaşlarımdan tanımışam. Üzbəüz görmədən, səsini eşitmədən necə onu tanıya bilmişdik və necə onu sevmişdik?  Əslində, şairin misralarının sirri də bundadır. Onu görməsən də, tanımasan da, səndən əsrlər əvvəl yaşasa da, bir misrasında özünü onunla söhbət edərkən tapacaqsan.

Azadlığın misralardakı dadı

Bir çağırışla milyonlarla insanı azadlıq sədaları altında bir meydana yığmaq üçün hələ ondan 30 il öncə bu azadlığın həsrəti ilə yanmaqöz sözünün qüdrəti ilə azadlığın nə olduğunu hələ də tam təsəvvür etməyən bir xalqa bu azadlığın dadını tanıtmağı məhz Bəxtiyar Vahabzadə bacara bilərdi. “Ana dilisöz birləşməsi yalnız Bəxtiyar Vahabzadənin deyimində və tələffüzündə insanlara öz dilini ana kimi sevməyi, Vətən sevgisi ilə ana sevgisini eyniləşdirməyi təlqin edə bilərdi. Bəxtiyar Vahabzadə şairlik etmək xatirinə şeir yazmadı. Hər sətri dərin fəlsəfi yük daşıyan bu əsərlərdə şəxsi məna kəsb edən, yalnız Bəxtiyar Vahabzadəyə aid olan heçtapmaq mümkün deyil. Onun əsərlərində bütün xalqın, bütün millətin dərd-səri, kədəri və sevinci var. Bəxtiyar Vahabzadə sadəcə, ədəbiyyat yaratmadı. O, öz ədəbiyyatı ilə xalqımızın gerçək tarixini yaratdı. Tariximizin milli özünüdərk səhifəsini yenidən yazdı.

Buna görə də Bəxtiyar Vahabzadə türk millətinin tarixində ədəbi, ictimai, siyasi və mənəvi bir hadisədir. O, bir vətəndaşın deyil, bütöv bir xalqın missiyasını öz üzərinə götürdü. O, ömrünün sonuna qədər millətin dərdlərini öz çiyinlərində daşıdı, beynində çözdü, ürəyində yaşatdı.  O, bütöv bir xalqa onun gələcəyini, nəyin uğrunda və necə mübarizə aparmağın yollarını öyrətdi. Xeyiri şərdən, ağı qaradan, dostu düşməndən seçə bilməyi öyrətdi. O, böyük bir xalqın müəllimi oldu. Müəllimlər isə ənənələrimizə görə hər birimiz üçün valideynlərimiz qədər müqəddəs sayılırlar.

Bəxtiyar Vahabzadə Azərbaycanın bəxtiyarlığına gedən yolda əbədi ulduz kimi daim parlayıb, bundan sonra da şairin əsərlərini oxuyan hər kəsin yolunda bəxtiyarlıq çırağıtək işıq saçacaq.

Yeni Azərbaycan  2023.- 16 avqust.- S.8.