Mavi səmanın “qanadlı əjdahaları”

 

Mülki Aviasiya işçilərinin bayramıdır...

 

Xəyalları dünyanın özü qədər geniş, sərhədsiz olan insanlar həmişə yeni məkanlara can atıblar. Hələ texnika haqqında təsəvvürlərin ibtidai səviyyədə olduğu dövrlərdə nağıl qəhrəmanları öz xəyallarını uçan xalçalarla reallaşdırıblar. Sehrli xalçalar onları çayların, meşələrin üzərindən keçirərək bütün yer üzünü səyahətə çıxarıb. Əlbəttə, uçan xalçalarla göy üzünə qalxmaq bir arzu idi. Ancaq “Niyyətin hara, mənzilin də oradır”- deyiblər. Sonradan elmin inkişafı sayəsində 18-ci əsrin sonları-19-cu əsrin əvvəllərində rus, fransız, alman və Amerika mühəndisləri ilk uçan aparatların-”qanadlı əjdahalar” adlandırılan təyyarələrin müxtəlif modellərini hazırladılar. Bununla da bəşəriyyət tarixində təyyarə erası başladı...

Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si Mülki Aviasiya İşçilərinin Peşə Bayramıdır. Gecə-gündüz bilmədən səmanın ənginliklərini fəth edən, uzaq yolları qısaldan milli aviatorlarımız daim iş başındadırlar. Azərbaycan aviasiyasının tarixi isə bir əsrdən artıq dövrü əhatə edir. Bu zəngin və şərəfli tarixə nəzər salaq.

İki pilot, dörd sərnişinlə başlayan yolçuluq

Azərbaycanın səmasında “qanadlı əjdahalar” 113 il bundan əvvəl görünməyə başlayıb. 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən uçan ilk təyyarə ilə indiki müasir hava gəmiləri arasında yerlə göy qədər fərq var idi. Sergey Utoçkinin idarə etdiyi “Farman-4” sistemli fransız biplanı uşaqsayağı və yöndəmsiz hazırlanmışdı. Möhkəm olmayan bu aparatla uçmaq da təhlükəli idi. Uçan aparat havada bir neçə dəfə dövrə vurduqdan sonra heyrətdən yerlərində donmuş tamaşaçıların gurultulu alqışları altında yerə endi.

Ölkəmizin təyyarələrlə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün daha 15 il tələb olundu: 1923-cü ildə “Muğan Meliorasiya Tikintisi”, “Xəzər Dəniz Gəmiçiliyi” və “Azneft”in təsisçiliyi ilə “ZAKAVİA” Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı. “ZAKAVİA”nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulmuşdu.

1923-cü ilin aprelində Almaniya istehsalı olan “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə ilk uçuş həyata keçirildi. 1925-ci ildə Keşlədə aerodrom tikildi və mülki hava stansiyası yaradıldı. Həmin il SSRİ-də 9 marşrut üzrə hava xətti fəaliyyət göstərirdi və onlardan biri Bakı-Tiflis xətti idi.

Bu gün lüks laynerlərdə dünya səyahətinə çıxan insanlar üçün o dövrü təsəvvür etmək yəqin ki, çətindir. Təyyarələrin ekipajı iki, sərnişin sayı dörd nəfər idi. Uçuşun müvəffəqiyyəti pilotların ustalığından asılı idi, çünki təyyarələrdə heç bir naviqasiya cihazı mövcud deyildi. Pilotlar ərazinin relyefinə istinad edərək, necə deyərlər, dərə-təpə düz gedib mənzil başına yetişirdilər. Məsələn, səhər tezdən Bakıdan havaya qalxan təyyarə günorta Tbilisiyə çatırdı.

1933-cü ildə paytaxtın Binə qəsəbəsində aeroport istifadəyə verildi. Həmin il ilk dəfə Qafqaz dağlarının üzərindən keçərək Moskvaya (yolüstü bir neçə şəhərdə eniş etməklə) uçuş həyata keçirildi. Təyyarələrin maksimal sürəti 150-170 km/saat idi. 1937-ci ildə 15 sərnişin daşıyan “XAİ-1” və “Stal-3” təyyarələri ilə müntəzəm Bakı-Moskva reysi açıldı.

1932-ci ildən ittifaq aviadaşıyıcıları “Aeroflot” adı altında fəaliyyət göstərirdi və o, SSRİ üzrə 12 müəssisəni birləşdirirdi. 1936-cı ildə Zaqafqaziya federasiyasının ləğv olunması ilə regional təsərrüfat subyektləri, o cümlədən “ZAKAVİA” üç respublika arasında bölündü. 2 iyun 1938-ci ildə Azərbaycanda aviasiya idarəsi yaradıldı. Məhz bu tarix İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı günü kimi yadda qaldı.

Zirvədən zirvəyə uçuşlar

1963-cü ildə SSRİ-də mülki aviasiyanın 40 illiyi münasibətilə bu sahədə çalışan 10 nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verildi. Onların arasında Azərbaycan mülki aviasiya idarəsinin İL-18 təyyarəsinin kapitanı Əli Novruzov da vardı. 1964-cü ildə Bakıda (Binə hava limanı) yeni aerovağzal istifadəyə verildi, sərnişinlərə xidmət və uçuşların idarə olunmasında keyfiyyət artdı.

Mülki aviasiya tariximizdə yeni inkişaf mərhələsi 1970-1980-ci illərə təsadüf edir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi və SSRİ rəhbərliyində təmsil olunduğu illər mülki aviasiyada da yüksəliş dövrü oldu. O dövrdə uçuş və xidmət keyfiyyətini beynəlxalq standartlara çatdırmaq üçün yeni aerovağzal kompleksinə ehtiyac vardı. Buna mərkəzdən razılıq almaq isə asan məsələ deyildi. Uzun müzakirələrdən sonra layihə təsdiq edildi, 1981-ci ildə yeni aeroportun təməli qoyuldu. Ancaq vəsait ayrılması ləngiyirdi. İttifaqda maliyyə sıxıntıları başlamışdı, Moskva tikintiyə milyonlar xərcləmək istəmirdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ittifaqın nəqliyyat sahələrini kurasiya edən Heydər Əliyev bu məsələnin həllinə də nail oldu. 1985-ci ildə inşaat başlandı. Lakin 1988-ci ildən sonra respublikada başlanan məlum proseslər və iqtisadi geriləmə bu layihəni yarımçıq qoydu.

Heydər Əliyev mülki aviasiyasının inkişafına əvəzolunmaz töhfəsini 1993-cü ilin yayında xalqın təkidli ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra da verib. Belə ki, müstəqilliyimizin ilk illərində milli aviasiyamızda yaranan problemlər Ümummilli Liderin diqqət və qayğısı sayəsində qısa müddətdə aradan qaldırıldı. Onun rəhbərliyi ilə mülki aviasiyamızın inkişafına dair 1998-2003-cü illəri əhatə edən Dövlət Proqramı uğurla reallaşdırıldı. Həmin illərdə əldə edilən nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartları səviyyəsində yeni aerovağzal kompleksinin tikilməsi oldu. 1999-cu il oktyabrın 2-də Heydər Əliyevin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılış mərasimi keçirildi və bir il sonra isə Bakı hava limanına ilk “Boeing” təyyarəsi endi.

Mülki aviasiyanın inkişafı prioritetdir

Ulu öndərin əsasını qoyduğu quruculuq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də mülki aviasiyanın inkişafına, eləcə də, çətin və gərəkli peşə sahibi olan aviasiya işçilərinə böyük diqqət və qayğı göstərir. Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunun nəticəsidir ki, İlham Əliyevin diqqət və qayğısı sayəsində mülki aviasiyanın inkişafı Azərbaycanda prioritet məsələlərdən birinə çevrilib. Respublikamızda dövlət hava nəqliyyatı infrastrukturunun ən müasir tələblər səviyyəsində qurulmasına böyük investisiyalar yönəldilir.

Qarabağın ilk hava limanı

2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa edildi. Həmin il oktyabrın 26-da isə tarixi hadisə yaşandı. Prezident İlham Əliyev Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağın “hava qapısı”nın açlışını etdi. Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

Daha iki “hava qapı”sı

Bütövlükdə Qarabağda üç beynəlxalq səviyyəli hava limanının inşası planlaşdırılıb. 2022-ci il oktyabrın 20-də isə Qarabağda ikinci, Şərqi Zəngəzurda isə ilk belə infrastruktur obyekti sayılan Zəngilan Beynəlxalq Hava Limanı yenə də prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi.

Qarabağda sayca üçüncü hava limanı Laçın rayonunun ərazisində yaradılır. Bu hava limanı da beynəlxalq statusa malik olacaq. Laçın Hava Limanın inşa olunduğu ərazi relyef baxımından mürəkkəb quruluşa malikdir.

 

Yeganə BAYRAMOVA

Yeni Azərbaycan.- 2023- 2 iyun.- S.8.