Sözü özünə bənzəyən şair
Əlisəmid Kürün
70 yaşına
Əlisəmidi ilk dəfə ötən əsrin səksəninci illərinin
ikinci yarısında Yazıçılar Birliyinin
Natəvan klubunda, görkəmli şairimiz Məmməd İsmayılın
rəhbərlik elədiyi
Gənclik Ədəbi
Birliyinin yığıncağında
görmüşəm. Təxminən
otuz üç yaşı olardı, necə deyərlər, laçın vaxtlarıydı.
Əynində cins kostyum vardı, modabaz oğlan təsiri bağışlayırdı,
yerə-göyə sığmırdı.
İndi səksənincilər
adlandırdığımız nəslə mənsub tanınmış şairlərin,
yazıçıların, tənqidçilərin çoxu
o Birlikdə təmsil
olunurdu.
Mənim onların
sırasına qoşulmağa
yaşım çatmasa
da, bir küncə
çəkilib oğrun-oğrun
müzakirələri dinləyirdim.
Orada qaynar ədəbi mühit vardı, qızğın
diskussiyalar aparılırdı,
bəzən mübahisələr
gərginlik həddinə
çatırdı. İnanıram
ki, Məmməd İsmayılın təşkil
elədiyi ədəbi
məclislər o məclislərin
iştirakçısı olmuş
hər kəsin həyatında müsbət
rol oynayıb. Oradan tanıdığım
qələm adamlarının
bir qismi sonralar şairin yaratdığı Gənclik
jurnalının əməkdaşı
kimi fəaliyyət göstərdi.
Natəvan klubunda
aparılan müzakirələrdən,
mübahisələrdən Əlisəmid daha çox şeirin redaktə olunmasına etirazıyla yadımda qalıb. O, təkidlə sübuta yetirməyə çalışırdı ki,
şeir şairin qəlbindən bütöv
şəkildə doğulur,
ona sonradan düzəliş eləmək,
əl gəzdirmək
doğru deyil. Onun fikriylə razılaşmayanlar çox
oldu, bəziləri, elə Məmməd İsmayıl özü də böyük şairlərdən, dünya
poeziyasından misallar
çəkdi, şeirin
mükəmməl şəkil
alana qədər necə dondan-dona girdiyini, variantdan-varianta düşdüyünü konkret
örnəklərin timsalında
göstərdi.
Bir də
Əlisəmidin Alo, mən səni görürəm, qızım!
şeirini xüsusi intonasiya ilə, İncəsənət İnstitutunun
məzununa xas bəlağətlə oxuduğu
yadımdadır. Əlisəmid
Kür bütün şeirlərini əzbər
bilən, onları özünəməxsus qiraət
üslubunda söyləyən
az-az şairlərdəndir.
Bir dəfə tay-tuşlarının birindən
gileyləndi: Adam bir şeirini də əzbər bilmir. Məndən deyir, filankəslərdən deyir,
özündən deyə
bilmir. Belə də şair olar?..
Əsgərlikdən qayıdandan sonra Əlisəmidlə Yazıçılar
Birliyinin Ədəbiyyatı
Təbliğ Bürosunda
rastlaşdım. İndiki
İçərişəhər metrosuyla üzbəüz binanın beşinci mərtəbəsində, ədəbi
jurnalların redaksiyasıyla
bir qatda yerləşən bu büro şairləri, yazıçıları bölgələrə
ezam eləyir, bunun müqabilində onlara pul yazırdı.
Əlisəmidlə Əjdər
Ol (Allah qapısını açsın!)
rəhmətlik Hafiz Əlinin başçılığıyla
burada işləyirdilər.
Hafiz Əli zarafatla onlardan gileylənirdi: Bunlar ikisi də təkhecalı
təxəllüs götürüb
- Əjdər OL (təxəllüsləri
xüsusi vurğuyla tələffüz eləyirdi),
Əlisəmid KÜR. Mən
də istəyirəm
özümə yeni təxəllüs götürəm:
Hafiz Əli
QOÇ...
Əlisəmid orada da dinc
oturmurdu, bəyəndiyi
müəlliflərdən yazı
alıb, Masallıda yaşayan rəhmətlik şair Məmməd Kazımın nəşr elədiyi Qala qəzetinə göndərirdi.
O dövr üçün
sanballı ədəbi
orqan olan bu qəzetdə onun vasitəçiliyi ilə mənim də bir-iki hekayəm işıq üzünə çıxarılmışdı.
İndi bu sətirləri yazdıqca
o günlərin sevinci
içimdə yenidən
közərir.
Qismət elə
gətirdi ki, Əlisəmidlə iş
yoldaşı da olduq. 1992-ci ilin ikinci yarısında, Bakı Dövlət Universitetinin beşinci kursunda oxuduğum vaxt Tərcümə Mərkəzinin hələ
mərhum Aydın Məmmədovun sağlığında
təsis elədiyi Yol qəzetinin növbəti baş redaktoru Əlisəmid Kür qələm dostum, o zaman həmin qəzetdə çalışan Qurban Yaquboğlunun vasitəsilə
məni işə çağırdı. Əvvəllər
həftədə bir yol çıxan qəzetin dövriliyi həmin aylarda artıq seyrəlmişdisə
də, Yol ölkənin aparıcı
ədəbi orqanıydı.
Əlisəmid müəlliflərə
ürək açıqlığı
ilə yanaşırdı,
Qurbanla mənim timsalımızda gənclərə
də geniş meydan vermişdi. Biz də baş
redaktorun səxavətindən
yararlanıb, istedadlı
tay-tuşlarımızın yaradıcılığını təbliğ eləyirdik.
O vaxtacan cavanlar
çap sarıdan çox korluq çəkmişdilər. Əlisəmid
hətta bəyənmədiyi
yazıları, xoşlamadığı
müəllifləri də
qapıdan qaytarmırdı,
hansısa şair, yazıçı ən azı bir ədəbi-estetik
qrup tərəfindən
qəbul olunur, tanınırdısa, onlara
da meydan verirdi. O vaxtlar Yolun redaksiyası
qələm adamlarının
görüş yeriydi,
oradakı məclisləri,
söhbətləri, zarafatları
yazıya alan olsa, bir kitaba
sığmaz.
Zaman o zaman
idi ki, ədəbiyyat
günəşi qüruba
gedirdi, söz-sənət
insanları hər şeydən az maraqlandırmağa başlamışdı.
Yeni mətbuat, ictimai-siyasi qəzetlər
meydanı ələ almışdı. Adama elə gəlirdi ki, ədəbiyyat bir də dirçəlməyəcək,
xalq daha kitab üzü açmayacaq. Dünənəcən
kitabları on minlərlə satılan şairlər, yazıçılar
həm mənəvi, həm də maddi baxımdan müflis olmuşdular, əlli-yüz min tirajla çıxan ədəbi qəzet-jurnallar
iflasa uğramışdı.
Söz sənəti söz adamının nəzərindən düşmüşdü.
Bizim də kollektivliyimiz təxminən
il yarım sürdü, dövran hərəmizi bir yana atdı. Ancaq ən böhranlı
illərdə də Əlisəmidin poeziyadan küsdüyünü, sözünün
tükəndiyini görmədim.
Həmişəki kimi
az yazdı, amma yazdı, öz taleyinə, qismətinə, qəzavü-qədərinə
diaqnoz qoydu, ömrünün mənzərəsini
dönəm-dönəm, epizod-epizod
qələmə aldı,
həyatını bir
toxucu səbriylə ilmə-ilmə kağıza
hördü.
Təxminən on beş il
qabaq bir redaksiyada Əlisəmidin ilk kitabı əlimə düşdü.
O vaxt o kitabın işıq üzü görməsindən iyirmi
neçə il keçmişdi, oradakı
şeirlərin çoxunu
unutmuşdum. Əl boyda kitabçanı yenidən vərəqlədikcə
baxdım ki, bir şeirin də üstündən keçmək olmur, onda artıq Əlisəmidi yaxşı
tanıdığından inandım
ki, bu şeirlərin
hamısı müəllifin
tərcümeyi-halından, yaralı taleyindən doğulub. Əlisəmid Kürün sözü qıraqdan gəlməyib,
öz bəxtindən
mayalanıb, eynən özünə oxşayır.
Onun ömür
yoluna bələd olanlar bilirlər ki, Əlisəmidin həyatı çox da rahat keçməyib,
xarakterimi deyim, alın yazısı, qismətimi deyim, onu çox bəlalara atıb. Onun evini başına
uçurmuş zəlzələlərin
dağıntıları altından
nəinki hər şair, heç özündən deyən
hər igid də salamat çıxa bilməzdi. Amma Əlisəmid çıxdı, sözün,
qələmin, onu istəyən, qədrini bilən dostların sayəsində çıxdı.
Otuz il bundan qabaq qırx
yaşlı Əlisəmid
bizlə - cavan dostları, iş yoldaşlarıyla tikəsini,
meyini, siqaretini bölərdi. İndi onun bölüşməyə
sözdən başqa
heç nəyi qalmayıb. O, sözü mala, mataha çevirmədi,
ona çox böyük yaxşılığı
dəymiş adamlara belə mədhiyyələr
yazmadı, şeirin başına çatı
salıb kiminsə qapısına nökərçiliyə
aparmadı.
Belə götürəndə
zaman onu çox talamayıb, qırx yaşlı Əlisəmiddən o qədər
də seçilmir. Bir az alnının
qırışları dərinləşib,
bir az da
dişlərinin sırası
seyrəlib. Əlisəmidin
üzünə diqqətlə
baxsanız, onun ömrünün xəritəsini
görəcəksiniz, alnının
yazısını oxuyacaqsınız,
taleyinin düyünlərini
çözəcəksiniz. Belə bir tale
yiyəsinin yetmiş yaşa çatması poeziyamız üçün
qənimətdir.
Ömrün mübarək,
Əlisəmid, Kür kimi dəli-dolu
şair!
F.Uğurlu
Yeni Azərbaycan. - 2024.- 10 fevral, ¹26.- S.7.