İrəvanda azərbaycanlı
jurnalist xanımların maarifçilik missiyası
XIX əsrin sonları, XX əsrin əvvəllərində
Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın
sıralarının genişlənməsi İrəvanda da mətbuata
olan marağın artmasına səbəb olmuşdu. Həmin
dövrdə artıq İrəvanda ədəbi-ziyalı
mühiti formalaşmağa başlamışdı. İrəvanlı
ziyalılar, xüsusən də İrəvanda fəaliyyət
göstərən təhsil müəssisələrinin azərbaycanlı
müəllim və tələbələri “Əkinçi”
(1875-1877), “Kəşkül” (1883-1891), “Kaspi” (1881-1919), “Şərqi-Rus”
(1903-1905), “Həyat” (1905-1906), “İrşad” (1905-1907),
“Füyuzat” (1906-1907), “Molla Nəsrəddin” (1906-1931) kimi qəzet
və jurnallarla əməkdaşlıq edirdilər. 1914-cü
il fevral ayının 22-də İrəvanda Qərbi Azərbaycan
ziyalılarının illərlə həsrətlə
gözlədiyi ilk milli mətbuat nümunəsi “Lək-lək”
satirik məcmuəsi meydana çıxdı. Bununla da Qərbi
Azərbaycanın mədəni həyatında əlamətdar
hadisə baş verdi. 12 nömrəsi işıq üzü
görən “Lək-lək” cəmi 5 ay dünya
işığına çıxa bilmişdir. 1917-ci il yanvar
ayının 1-dən etibarən Əli Məhzunun
redaktorluğu və Həsən Mirzəzadə Əliyevin
naşirliyi ilə “Bürhani-həqiqət” adlı yeni bir
satirik məcmuənin ilk nömrəsi çapdan
çıxdı. Bu mətbuat orqanları həm də Qərbi
Azərbaycanda maarifçilik ideyalarını təbliğ etmək
üçün mühüm bir platforma olmuşdur. Qərbi
Azərbaycanda xalqımızın ictimai və mədəni səviyyəsinin
inkişafı yolunda böyük əhəmiyyət kəsb
edən bu mətbuat orqanlarında, xüsusilə də
“Bürhani-həqiqət”in səhifələrində maarif və
mədəniyyətin yayılması uğrunda fədakarcasına
çalışmış yaradıcı qadınlar cəsarətlə
çıxış edirdilər. İrəvanda belə
maarifpərvər qadınlardan biri də
Qızılbaşlardan ibarət Azərbaycan ordusuna
başçılıq edən Əli xanın nəvəsi,
Cəmil bəyin qızı, İrəvanda ilk qadın
jurnalist Səriyyəxatun olub. İrəvanda az-çox təhsil
görmüş xanımlar - Əbdülhəq Merənnisə,
Rəmziyyə, Müfidə, Fatimə, Zeynəb Şöhrət
və başqaları öz yazılarında, şeirlərində
qadınların təhsil almasını, hüquqlarını
anlamasını, teatra, incəsənətə meyl etməsini
vacib sayırdılar.
Lakin 1918-1920-ci illərdə İrəvan
quberniyası ərazisində ilk erməni dövləti - Ermənistan
(Ararat) Respublikasının mövcudluğu dövründə
İrəvanda Azərbaycan dilində mətbuat nəşr
olunmamışdır. Qərbi Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra, 1920-ci ilin yanvarından etibarən İrəvanda
Azərbaycan dilində “Kommunist” (1920), “Rəncbər”
(1921-1923) qəzetləri çap olunmusdur.
İrəvanda Azərbaycan dilində mərkəzi mətbuat
orqanları olan bu qəzetlərin fəaliyyəti
dayandırıldıqdan sonra 1924-cü il noyabr ayının
29-da Azərbaycan dilində “Zəngi” adlı qəzetin ilk
nömrəsi işıq üzü görür. Qərbi Azərbaycanın mətbuat
tarixi, cəmiyyətin inkişafı ilə yanaşı, qadınların
mətbuata daxil olması ilə də diqqət çəkir.
“Zəngi” qəzeti XX əsrin əvvəllərində
yalnız informasiya yayımında deyil, həm də İrəvanda
daha çox gənc xanım jurnalistlərin ilk
addımlarını atdığı bir platforma kimi
mühüm yer tutur. Bu qəzet Qərbi Azərbaycanda həm
təhsil, həm də mədəniyyət sahəsində
maarifçilik hərəkatının carçısı
olmaqla yanaşı, eyni zamanda qadınların cəmiyyətdəki
rolunun artmasına da geniş şərait
yaratmışdır.
“Zəngi” qəzetini müxtəlif vaxtlarda İrəvanda
Azərbaycan dilində çıxan digər dövri mətbuat
orqanlarından fərqləndirən əsas cəhət
qadınların mətbuatda rolunun ilk dəfə olaraq daha
geniş tərkibdə təsdiqlənməsidir. Bu mənada,
“Zəngi” qəzeti sovetlər dönəmində yalnız bir
informasiya vasitəsi deyil, həm də qadınların ictimai
həyatda maarifçilik yolu ilə fəallaşmasının
öncüsü olmuşdur. Qəzetin səhifələrində
qadın müəlliflərin çıxış etməsi
təkcə onların qələm fəaliyyətini deyil, cəmiyyətin
qadına münasibətindəki dəyişiklikləri də
əks etdirirdi. Qərbi Azərbaycanda yaşayan ziyalı
qadınlar - müəllimələr, yazıçılar,
jurnalistlər - mətbuat vasitəsilə öz sözlərini
deməyə başladılar. Onların yazılarında təkcə
qadın haqları deyil, ümumxalq məsələləri -
ana dilinin qorunması, milli birliyin gücləndirilməsi, təhsilin
inkişafı və maarifçilik ideyaları ön planda
dururdu. Bu yazılar vasitəsilə qadınlar həm öz
mövcudluqlarını cəmiyyətə bəyan edir, həm
də xalqın maariflənməsi işində bilavasitə
iştirak edirdilər. Onlar üçün mətbuat - həm
qürur, həm məsuliyyət, həm də azadlıq
meydanı idi.
1920-ci ildən sonra İrəvanda azərbaycanlı
yaradıcı qadınların mətbuatda fəal
iştirakı ilk dəfə “Zəngi” qəzetində
özünü göstərdi. Qadın jurnalistlər bu qəzetdə
həm dövrün sosial, siyasi məsələləri
haqqında yazılar dərc etdirmiş, həm də qadın
hüquqları, təhsil və ailə məsələlərində
fikirlərini bildirmişlər. Bu, yalnız qadınların mətbuatda
fəal iştirakı deyil, həm də cəmiyyətin ənənəvi
baxış açılarının dəyişməsinə
səbəb olmuşdur. “Zəngi” qəzeti, qadın jurnalistlərə
həm maarifçilik sahəsində, həm də cəmiyyətin
inkişafında söz haqqı verərək onlara yeni
imkanlar yaratmışdır. Qadın jurnalistlər bu qəzet
vasitəsilə yalnız öz hüquqlarını deyil, eyni
zamanda cəmiyyətin təhsil və mədəniyyət məsələlərini
də gündəmə gətirmişlər. Məsələn,
onlar qadın təhsilinin vacibliyi, qadınların hüquqlarının
qorunması və ailə məsələləri ilə
bağlı çeşidli məqalələr
yazmışlar. Bu yazılar, dövrün ənənəvi cəmiyyətində
qadınların təhsil və hüquqlarını
müzakirə etmək üçün mühüm bir vasitə
olmuşdur.
Qadın müxbirlər həmçinin cəmiyyətdəki
sosial ədalətsizlikləri, təhsil
çatışmazlıqlarını və mədəni
gerilikləri tənqid edərək daha azad və bərabər
bir cəmiyyətin formalaşmasına
çalışmışlar. Onların fəaliyyətləri
yalnız qadınların mətbuat sahəsindəki
iştirakını artırmamış, həm də Azərbaycan
mətbuat tarixində qadınların öz fikirlərini sərbəst
ifadə etməsi üçün yol
açmışdır. “Zəngi” qəzeti qadın jurnalistlərin
məqalələri ilə cəmiyyətdə maarifçilik
ideyalarını yaymaqla yanaşı, eyni zamanda mədəniyyətin
inkişafına da böyük təsir göstərmişdir.
Bu qəzetin fəaliyyət göstərdiyi dövrdə, Qərbi
Azərbaycanda təhsil və mədəniyyət sahəsindəki
dəyişikliklər çox sürətli olmuşdur.
Qadınlar, öz yazıları ilə, bir tərəfdən
təhsilin vacibliyini vurğulamış, digər tərəfdən
isə qadınların sosial həyatda aktiv
iştirakını təmin etmək üçün
ardıcıl olaraq cəmiyyətin maarifləndirilməsi
üçün fəaliyyət göstərmişlər.
Onların mətbuatda fəal iştirak etməsi,
yalnız qadın hüquqlarının müdafiəsi deyil,
eyni zamanda millətin inkişafına xidmət edən vacib bir
addım olmuşdur. Qadın jurnalistlər cəmiyyətin ənənəvi
baxışlarını dəyişdirmək və
qadınların mətbuatda iştirakını artırmaqla,
həm də sosial və mədəni sahələrdə
islahatların həyata keçirilməsinə yol
açmışlar. “Zəngi” qəzeti İrəvanda mədəni
inqilabın inkişafında böyük və danılmaz xidmətləri
olan İrəvan Türk Qadınlar Klubunun fəaliyyətini
daim öz səhifələrində
işıqlandırırdı. Bu klub bütün Qərbi Azərbaycanda
Azərbaycan qadınları arasında geniş təbliğat
və səmərəli maarifləndirmə işi
aparırdı. Klubun ətrafına toplaşan mütərəqqi
və fəal ziyalı qadınlar bu mədəniyyət maarif
ocağının imkanlarından istifadə etməyə
çalışırdılar. Onlar aydın dərk edirdilər
ki, azərbaycanlı qadınlar arasında geniş miqyasda təbliğat,
təşviqat, səmərəli iş aparmaq
üçün mətbuat müstəsna əhəmiyyətə
malikdir və bu tribunadan bacarıqla istifadə etmək
lazımdır. Bu məqsədlə Qadınlar klubunda
müxbirlər dərnəyi təşkil olunub. O
dövrün ziyalı qadınları həmin müxbirlər
dərnəyinin fəal üzvləri idi. Qadınlar klubu
İrəvanda Azərbaycan mətbuatının
inkişafına da töhfə vermiş, onlarla azərbaycanlı
qadın jurnalistin yetişməsində böyük rol
oynamışdır. Klubun nəzdində yaradılmış
və qadınlardan ibarət gənc müxbirlər cəmiyyətinin
fəalları “Zəngi” qəzetində müxtəlif
mövzularda məqalələr dərc etdirərək,
onların mətbuata olan maraq və həvəslərini daha
da artırırdılar. Bu da öz növbəsində gənc
müxbirlərin jurnalistika sahəsində müəyyən təcrübə
qazanmasına kömək etmişdi. Gənc müxbirlər cəmiyyətinin
fəal üzvləri mətbuat sahəsində təcrübə
qazandıqdan sonra onların bir qismi “Zəngi” qəzetinin
aparıcı müxbiri olublar. “Zəngi”
qəzetinin 1925-1928-ci il nömrələrini nəzərdən
keçirdikdə Bülbül Kazımova, Fatma Əfəndiyeva,
Kübra İbrahimova, Bəyim Kazımova, Ənvər Rizayeva,
Şaman Süleymanova, Mənzərə Axundova, Qeyis
Münşiyeva, Nabat İbrahimova, Siddiqə Babayeva, İrbaba
Bağırova və başqalarının qəzetin ən
aktiv qadın müxbirləri kimi adlarına rast gəlirik.
1920-ci ildən sonra Qərbi Azərbaycanda milli mətbuatın
ətrafında cəm olan bu tərəqqipərvər
qadınlar mətbuat, mədəniyyət və maarif tariximizdə
özünəməxsus yer tutur. Onların “Zəngi” qəzetinin
səhifələrində mübariz ruhda məqalələri
ictimai-mədəni fəaliyyətləri bir sıra
maarifçi qadınların yetişməsində
böyük rol oynayıb. “Zəngi” qəzetisəhifələrində
dərc olunan məqalələrin əsas məzmununu qadın
azadlığı mövzusu, iş, savadsızlıq,
hüquqsuzluq, azyaşlı qızların ərə verilməsi,
çadra əleyhinə mübarizə, qadınların geri
qalmasının səbəbləri, onların inkişaf yolu və
qarşılarında duran vəzifələr təşkil
edirdi. Yuxarıda adlarını qeyd etdiyimiz xanım jurnalistlər
Azərbaycan qadınlarının bu gerilikdən qurtulub öz
azadlıqlarına qovusmasını, yalnız onların təhsilə,
elmə yiyələnməsində görürdülər və
məqalələrində bu barədə xüsusi bəhs
edirdilər. Bu istedadlı və fədakar qadınların
İrəvanda Azərbaycan mətbuatının təbliğində
və inkişafında da böyük xidmətləri bu
gün də böyük minnətdarlıqla xatırlanır.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Yeni Azərbaycan .- 2025.- 8 iyul (¹115).- S.7.