Söz sərrafı...
Aşıq Ələsgər saz, söz sənətimizin
böyük ustadıdır!
Aşıq sənətimizin ən uca zirvəsində
dayanan Aşıq Ələsgər 1821-ci ilin bu günü
anadan olub. Xalq ruhuyla həmahəng əsərləri ilə
Azərbaycanın mədəni sərvətlər xəzinəsinə
misilsiz töhfələr bəxş etmiş sənətkarın
yaradıcılığı ədəbiyyatımızın
parlaq səhifələrindəndir. Onun
yaradıcılığı Azərbaycan poetik fikrinin
inkişafında elə bir səhifədir ki, doğurdan da
insanın ürəyində çox nəcib duyğular
oyadır, insana böyük zövq verir.
Müxtəlif mövzularda yazıb-yaradan söz sərrafı
xüsusi təhsil ala bilməyib, sənətin sirlərini el
sənətkarlarının və ağsaqqalların
yanında öyrənib. Böyük ustad Aşıq
Alının yanında şagirdlik edən Ələsgər
aşıqlıq sənətinin sirləri ilə bərabər,
ondan ədəb və mərifət qaydalarını da mənimsəyib.
Toy məclislərinin birində Ələsgərlə
deyişib və ona məğlub olaraq sazını qalib tərəfə
- Ələsgərə təslim edib. Ələsgər isə
böyük təvazökarlıq hissi ilə ustadının
qarşısında baş əyib, ona öz ehtiramını
bu sözlərlə bildirib:
Bir şəyird ki, ustadına
kəm baxa,
Onun gözlərinə qan
damar, damar.
Aşıq Ələsgər Azərbaycan dilinin incəliklərindən
bacarıqla istifadə edərək aşıq
poeziyamızı daha da zənginləşdirib Məhz buna
görə də ondan sonra gələn bütün
aşıqlar, hətta yazılı ədəbiyyatımızın
görkəmli nümayəndələri bu qüdrətli
söz ustadının yaradıcılığından bəhrələniblər.
Aşıq Ələsgər şeirlərinin məna dərinliyi,
sözlərin axıcılığı, təsvir vasitələri,
cinas qafiyələrin dolğunluğu, sözlərin yerində
tutarlı və böyük ustalıqla işlədilməsi
bütün aşıq poeziyamızda əlçatmaz zirvəyə
qalxıb.
Böyük ustadın yaradıcılığında
qoşma janrı üstünlük təşkil edir. Bu
qoşmaların bir qismində insanları ucaldan,
yaşamağa həvəs oyadan, təmiz və mənalı məhəbbətin
tərənnümü xüsusi yer tutur. Gözəllərin
vəsfi şairin bir sıra qoşmalarında
qırmızı xətt təşkil edir. Bu cəhətdən
aşağıdakı bənd daha səcivvədir:
Ələsgəri gözdən salma
irağa,
Könül dərd gətirməz
dərdi-fərağa
Leyli kimi vədə versən
bulağa
Məcnun tək gözlərəm il,
sənə qurban.
Göyçədə dünyaya göz açsa da,
saz sehri, söz tilsimiylə bütün Qafqazı, Türkiyə
və İranı heyrətdə qoymağı
bacarmışdı. 1918-1919-cu illərdə daşnakların
türklərə qarşı törətdiyi
qırğın nəticəsində Göyçə
mahalının var-yoxu talandı, əhali öz dədə-baba
yurdunu tərk edib başqa yerlərə köçməyə
məcbur oldu. Hər yerdə aşığı hörmətlə
qarşılasalar da, onun ürəyi-gözü Göyçədə
idi. O gözünü açıb gördüyü doğma
yerlər üçün çox darıxırdı. Sanki
canından əziz bildiyi Göyçə
dağlarının nə vaxtsa əldən çıxıb
yad yağılara qismət olacağından duyuq
düşübmüş. Ustad sənətkar Göyçə
yaylaqlarının eldən ayrı düşəcəyinin
xiffətini, ağrısını uzaqgörənliklə əsərlərində
söyləmişdi. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə
qayıdır, ömrünün son illərini doğma kəndində
yaşayır. Ancaq onun çal-çağırlı
günləri arxada qalmışdı. Ömrünü
toylarda, şadlıqlarda keçirən aşıq evdə
oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən
şikayətlənirdi. O, tez-tez keçmiş günləri
xatırlayır, dünya, həyat barədə
düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim,
məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı
başım,
Daha köç təbilin çal,
qoca baxtım.
1972-ci ildə Aşıq Ələsgərin anadan
olmasının 150 illiyi, 1998-ci ildə 175 illiyi, 2021-ci ildə
isə 200 illik yubileyi Azərbaycanın hər yerində
böyük təntənə ilə qeyd olunub. Söz
ustadının xatirəsi dövlətimiz tərəfindən
əbədiləşdirilib. Onun adına küçə, mədəniyyət
sarayı, Respublika Xalq Yaradıcılığı evi fəaliyyət
göstərir.
2011-ci ilin Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi tərəfindən
“Aşıq Ələsgər İli” elan edilməsi ilə əlaqədar
M.F.Axundov adına Milli Kitabxana tərəfindən
“Aşıq Ələsgər -190” biblioqrafik göstərici tərtib
edilib.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 9 iyul (№116).- S.8.