İrəvanda azərbaycanlı
jurnalist xanımların maarifçilik missiyası
Əvvəli ötən sayımızda...
“Zəngi” qəzetində qadınların ictimai-siyasi
fəaliyyətini əks etdirən yazılara geniş yer
verilirdi. Qəzetin səhifələrində “Azad qadın”,
“Talibə”, “Azad uşaq”, “Şərqli qız”, “Qadın” kimi
imzalarla çap olunan məqalələr, qadınların
maariflənməsi, azad fikirli yetişməsi və cəmiyyətdə
fəal mövqe tutması üçün
yazılırdı. Həmin dövrdə Sovet hakimiyyəti
yeni qurulmuşdu və bu səbəbdən Qərbi Azərbaycanda
qadınların ictimai həyatda iştirakı xüsusi əhəmiyyət
kəsb edirdi. Qadınların qəzetdə fəallığı,
onların maarifçilik mübarizəsinin bir hissəsinə
çevrilməsinə imkan yaradırdı. Təəssüf
ki, bu qadınların çoxunun həyat və fəaliyyətləri
barədə məlumatlar yalnız dövrün mətbuat
materialları və xatirə yazıları vasitəsilə əldə
olunur.
“Zəngi” qəzetinin ilk xanım jurnalisti Qərbi Azərbaycanın
tanınmış maarif xadimi Mehdi Kazımovun həyat
yoldaşı Bülbül Kazımova (Muradova) olub.
Bülbül Hacı Məmmədtağı (1887-1976) - İrəvanda
ilk azərbaycanlı qadın müəllimlərdən biri,
İrəvanda anadan olub, 1914-cü ildə İrəvan
Rus-Müsəlman Qızlar Məktəbini bitirib.
Bülbül xanım bir sinif qızlar məktəbində
müəllim işləmiş, İrəvanda Oğlanlar Məktəbi
açmışdır. 1918-ci ildə ermənilərin azərbaycanlılara
qarşı törətdiyi vəhşiliklər zamanı onun
təzəcə yandırdığı
sönmüşdür. 1918-ci ildə erməni
daşnaklarının qanlı repressiyaları nəticəsində
Bülbül Kazımova İrəvandan qovularaq Gəncə
şəhərinə köçür.
Sonra tale onu Gədəbəyə çəkib
aparıb və o, orada ilk qız məktəbini təşkil
edib. 1921-ci ildə Şəmkirdə, Dəllərdə
müəllimlik edib. O, Azərbaycanın müxtəlif şəhərlərində,
o cümlədən Naxçıvanda və Qərbi Azərbaycanda
neçə-neçə məktəbin, klub və mədəniyyət
evinin əsasını qoyub. 1923-cü ildə İrəvana
qayıdan Bülbül Kazımova gərgin ictimai və
pedaqoji fəaliyyətini davam etdirərək daha da genişləndirib.
Görkəmli maarif işçisi, ictimai xadim Bülbül
Kazımova bir çox orden və medallarla təltif edilib. O, 20
ilə yaxın İrəvan Azərbaycanlı Qadınlar
Klubuna rəhbərlik edib, Qərbi Azərbaycanın ilk maarifpərvər
qadınlarından biri olub. Bakıda nəşr edilən
“Şərq qadını” jurnalında və digər mətbuat
orqanlarında yazıları dərc edilirdi.
“Zəngi” qəzetinin digər bir xanım jurnalisti
İrəvanın maarifpərvər qadınlarından biri,
İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk
qadın aktisası, görkəmli dövlət xadimi Bala
Əfəndiyevin həyat yoldaşı Fatma Əfəndiyeva
olub. 1906-cı ildə Gəncə quberniyasının Qazax qəzasının
Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənd
kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini
Çaykənddə almışdır. Bala Əfəndiyevin əmisi
qızı və eyni zamanda, həyat yoldaşı
olmuşdur. Qeyd edilənə görə, Sovet Ermənistanında
Türk Qadınlar Klubunun təşkilatçısı və
ilk müdiri olan F.Əfəndiyeva orada mədəni-maarif sahəsində
xeyli işlər görüb. “Zəngi” qəzetinin ilk
qadın müxbirlərindən biri olub. Əlbəttə,
Türk Qadınlar Klubunun təşkilatçısı və
ilk rəhbəri kimi, o bura qadınları cəlb edib, onların
savadlanması uğrunda maarifçilik işi, təbliğat
aparmışdır. Fatma Əfəndiyeva Ermənistanda 20-ci əsrin
iyirminci illərində latın əlifbasına keçidin də
öncülərindən biri olmuş və həyat
yoldaşı Bala Əfəndiyevlə birlikdə İrəvanının
mədəni və maarif həyatında aktiv rol
almışdır. 1929-cu ilədək Ermənistan SSR ictimai təminat
komissarı(1935-1937) işləmiş Bala Əfəndiyevin
1938-ci ildə represiyaya məruz qalaraq güllələnməsindən
sonra Fatma xanım Əfəndiyeva da 8 il müddətinə
azadlıqdan məhrum edilmişdir. Hər ikisi təxminən
20 il sonra tam bəraət qazanmışlar. Fatma xanım
Əfəndiyeva İrəvan Dövlət Azərbaycan Dram
Teatınının fəal üzvü olmağın yanı
sıra məsul vəzifələrdə çalışan
yoldaşı Bala Əfəndiyevin rəhbərliyi ilə
İrəvanda yeni əlifba ilə ana dilində nəşr
olunan “Zəngi” və “Rəncbər” qəzetlərində də
müxbir kimi fəaliyyət göstərmişdir.
Bəyim Kazımova İrəvan şəhərində
anadan olub, 1926-cı ildə İrəvan Azərbaycanlı
Qadınlar Klubunun nəzdində açılmış savad
kurslarında dərs deyib. O, Qərbi Azərbaycanda azərbaycanlı
qadınlar arasında savadsızlığın aradan
qaldırılmasında fəal iştirak edib, İrəvanda
çadrasını atan ilk qadınlardan olub.
İrbaba Bağırova 1901-ci ildə İrəvanda
anadan olub. 1916-cı ildə İrəvanda İkinci Şəhər
Qızlar Gimnaziyasında oxuyub. 1926-cı ilin oktyabrında
Bakıda keçirilən Zaqafqaziya Qadınlar Klubu
işçilərinin 2-ci konfransında İrəvan azərbaycanlı
qadınlarını təmsil edərək İrəvan Azərbaycanlı
Qadınlar Klubunun fəaliyyəti və qarşısında
duran vəzifələrin həyata keçirilməsi
haqqında məruzə ilə çıxış edib.
İrbaba xanım həm də Azərbaycanda çıxan
“Şərq qadını” jurnalının irəvan üzrə
təmsilçisi olmuşdur.
“Zəngi” qəzetinin müxbirlərindən biri də
Qeyis Münşiyeva idi. Ümumiyyətlə, Münşiyevlər
İrəvanda Azərbaycan ədəbi-mədəni və
ictimai-siyasi mühitinin formalaşmasında və dizaynında
xidmətləri olan ziyalı nəsilləri arasında öz
yeri və rolu olmuşdur. Qeyis Münşiyeva Qərbi Azərbaycanın
tanınmış ictimai xadimi, 1937-ci il repressiyalarının
qurbanı Hüseyn Münşiyevin bacısı olub, İrəvanda
fəaliyyət göstərən Azərbaycan dram dərnəyinin
işində fəal iştirak edən ilk qadınlardan olub. O,
gənc yaşlarında - 1929-cu
ildə, 27 yaşında İrəvan şəhərində
vəfat edib.
Qərbi Azərbaycanda azərbaycanlı
qadınların savadsızlığına qarşı
mübarizə hərəkatında fəal iştirak edən
qadınlardan biri də Nabat İbrahimova olub. Onun “Zəngi” qəzetində
tez-tez “İbrahimova” təxəllüsü ilə məqalələri
dərc olunurdu. O, İrəvan Azərbaycanlı Qadınlar
Klubunun nəzdində fəaliyyət göstərən
“Qadın müxbirlər” dərnəyinə rəhbərlik
edib.
Ənvər Rizayeva İrəvanda İkinci Rus-Tatar
Qızlar Məktəbində təhsil alıb. İrəvandakı
Azərbaycan Dram və Qadın Klubunun nəzdində qadın
müxbirlər birliyinin fəal üzvü olub.
Onlardan başqa, Şaman Süleymanova, Siddiqə
Babayeva, Mənzərə Axundova da Qərbi Azərbaycanın ədəbi-mədəni,
ictimai həyatında fəal işitirak edən qabaqcıl
qadınlar olublar.
Yuxarıda adları çəkilən bu ziyalı
qadınların Azərbaycan qadınlarının elmə, təhsilə
cəlb olunmasında, Qərbi Azərbaycanda milli maarifimizin və
mədəniyyətimizin inkişafında böyük rolu
olmuşdur. Bütün bu ziyalı qadınların digər
diqqətçəkən fəaliyyəti “Zəngi” qəzeti
ilə əməkdaşlığı və həmin nəşrdə
günün aktual problemlərinə həsr olunmuş məqalələr
dərc etdirmələri olmuşdur.
“Zəngi” qəzeti təkcə bir mətbuat orqanı
deyil, həm də qadın maarifçiliyinin simvoluna çevrilmişdir.
Qəzetdə qadın jurnalistlərin fəallığı
göstərir ki, Qərbi Azərbaycanda qadınlar ictimai və
mədəni həyatda önəmli mövqeyə sahib
olmuşlar. Onların maarifçilik fəaliyyəti, milli dəyərlərin
qorunması, təhsil və hüquq məsələlərinə
verdikləri töhfələr müasir dövr
üçün də əhəmiyyətlidir.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Yeni Azərbaycan .- 2025.- 9 iyul (¹116).- S.7.