Gülə gülə
düşündürən şair...
M.Ə.Sabirin anım günüdür
Zamanında heç bir şair özünü Mirzə
Ələkbər Sabir qədər xalqa sevdirməmişdi.
“Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev
qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da... Zəngin
yaradıcılıq ənənələri və
böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin
qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, M.Ə.
Sabir onun ən uca, ən işıqlı və əzəmətli
zirvələrindən biridir. O, şairliyin və sənətkarlığın
əsasını xalqın intibahı uğrunda
çalışmaqda, onu qəflət yuxusundan ayıltmaqda
görürdü.
Cəmi 6 ilə...
Bu gün böyük şairin vəfatından 114 il
ötür. Şair satirik ədəbiyyat və mətbuatda
“Sabir” nam-nişanı ilə məşhur olsa da,
dövründəki nöqsanlara səbirlə
yanaşmadı. O, 43 yaşından sonra yazmağa
başlayıb. 43 illik sükutdan sonra “Molla Nəsrəddin”
jurnalını əlinə alan kimi nə yazmaq istədiyini
başa düşdü. Cəmi altı ilə Azərbaycan ədəbiyyatının
klassiki səviyyəsinə yüksəldi.
Onun adı Nizami, Xaqani, Füzuli, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə
kimi dahi söz ustaları ilə bir sırada çəkilir.
Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli
psixilogizmi, Nizami epizmi-bunların hamısı M.Ə.Sabirdə
üzvi vəhdət təşkil edirdi.
Çoxlu dost və düşmən
qazanmışdı
O, 1906-cı ildə “Molla Nəsrəddin”
jurnalını öz arzularına müvafiq həqiqi bir xalq
jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən
fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil
Məmmədquluzadə ilə arasında qırılmaz dostluq
münasibətləri yarandı. Hər iki sənətkar əməkçi
xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə
sarsıdıcı zərbələr vururdu. Bütün
bunların nəticəsi olaraq Sabir özünə çoxlu
dost qazandığı kimi, düşmən də
qazanmışdı. Şeirlərini gizli imzalarla yazmasına
baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə
də Azərbaycanın başqa yerlərində və
İranda bir çox irticaçılar şairin əsərlərini
pisləyir, onun yazdığını oxuyanları kafir elan
edirdilər. Hətta bəzən cahil “din xadimləri” Sabirin
ölümünə fitva verir, varlılar ona hədələyici
məktublar göndərir, qoçular küçədə
yolunu kəsib ağır sözlər deyirdilər.
Əvəzsiz bədii xəzinə...
Onun yaradıcılığında məktəb,
maarifçi ziyalı, məktəbə gedən uşaq, elmə,
təhsilə köhnəpərəst münasibətin tənqidi
mühüm yer tutur. “Bilməm nə görübdür bizim
oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim
olmayır”, “Uşaqdır”, “Uçitellər”, “Müəllimlər
syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa
marşı” və s. kimi satiralarında elmsizliyin,
savadsızlığın bəlaları, məktəb və
təhsil düşmənlərinin ifşası, yalnız elm
öyrənməklə özünüdərkin isbatı kimi
öz dövrü üçün aktual olan məsələlərdən
söz açılmışdı. Sabirin həmin
maarifçilik fəaliyyəti bu gün də aktualdır.
Şairin yaradıcılığına boylananda onun
uşaqlar üçün yazdığı çox gözəl
şeirlərinə də rast gəlirik. “Uşaq və buz”,
“Yaz günləri”, “Məktəb sərgisi”, “Ağacların
bəhsi”, “Cütcü”, “Qarğa və tülkü”,
“Uşaq və pul”, “Qarınca”, “Yalançı çoban”,
“Uşaqlara” və s. qeyd edə bilərik.
Cəmi 50 il ömür sürən dahi şair
yalnız 5-6 il ardıcıl ədəbi
yaradıcılıqla məşğul olub. Lakin bu qısa
müddət ərzində elə böyük ədəbi irs
qoyub ki, bu irs təkcə ədəbiyyatımız
üçün deyil, bütün Şərq poeziyası
üçün əvəzsiz bədii xəzinə
sayılır.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 25 iyul (¹128).- S.8.