Qəbələdə
mühüm festival...
Xalqları birləşdirən, sərhədləri
aşan mənəvi dəyərlərin təcəssümü
İyulun 24-də XIV Qəbələ Beynəlxalq
Musiqi Festivalının təntənəli
açılış mərasimi olub. Heydər Əliyev
Fondunun təşəbbüsü və təşkilatçılığı,
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və
“Gilan”ın dəstəyi ilə keçirilən festival dahi bəstəkar
Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı
ildönümünə təsadüf edir. Elə builki
festivalda da dahi bəstəkarın 140 illik yubileyinə həsr
olunmuş proqram təqdim olunur.
Dünya musiqisinin müxtəlif simaları bir məkanda
Açılış mərasimində Prezident
Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm
və dini məsələlər şöbəsinin müdiri
Fərəh Əliyeva, Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov, mədəniyyət
naziri Adil Kərimli və digər rəsmi çəxslər,
tanınmış ictimai xadimlər, Qəbələ sakinləri
və qonaqlar iştirak edib. Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti,
festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli
çıxış edərək ölkəmizdə ənənəvi
olaraq təşkil edilən Qəbələ Beynəlxalq
Musiqi Festivalının mədəniyyətimiz
üçün əlamətdar hadisə olduğunu bildirib.
Qeyd olunub ki, 2009-cu ildən keçirilən Qəbələ
Beynəlxalq Musiqi Festivalı artıq on dörd ildir ki,
dünya musiqisinin müxtəlif simalarını bir məkanda
toplayaraq, beynəlxalq mədəni dialoqun önəmli
ünvanına çevrilib. Bu sənət bayramı təkcə
klassik əsərlərin təntənəsi deyil, eyni zamanda,
xalqları birləşdirən, sərhədləri aşan mənəvi
dəyərlərin təcəssümüdür.
Festivalın bədii rəhbəri bildirib ki, bu il dahi
bəstəkar Üzeyir Hacıbəylinin anadan
olmasının 140-cı ildönümü qeyd olunur. Məhz
bundan irəli gələrək XIV Qəbələ Beynəlxalq
Musiqi Festivalı Üzeyir Hacıbəylinin 140 illik yubileyi
çərçivəsində keçirilmək məsuliyyətini
öz üzərinə götürüb.
Daha sonra söz musiqiyə verilib. Festivalın
açılış mərasimində izləyicilərə
maraqlı proqram təqdim olunub. Həmin axşam Üzeyir
Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş
xüsusi konsert proqramı ilə yadda qalıb.
Xalq artisti, Əməkdar incəsənət xadimi
Ağaverdi Paşayevin bədii rəhbəri olduğu Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestri və
Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu
festivalı Üzeyir bəyin “Cəngi” əsəri ilə
açıb.
Musiqi tariximizin inciləri ilə dolu axşamda
tanınmış bəstəkarların seçilmış əsərləri
səslənib. İzləyicilər Səid Rüstəmov,
Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz
Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu,
Süleyman Ələsgərov, Fikrət Əmirov, Fərhad Bədəlbəyli,
Müslüm Maqomayevin və digər bəstəkarların əsərlərini,
eləcə də xalq mahnılarını dinləyiblər.
Festival iyulun 29-dək davam edəcək. Bu günlərdə
Qəbələ müxtəlif ölkələrdən gələn
tanınmış ifaçıların, gənc
istedadların, musiqi kollektivlərinin bir araya toplandığı
musiqi səhnəsinə çevriləcək. Azərbaycanla
yanaşı Latın Amerikası, Litva, Gürcüstandan
dünyaşöhrətli musiqiçilər, dirijorlar və
musiqi kollektivləri öz rəngarəng
çıxışları ilə məharətlərini bir
daha nümayiş etdirəcəklər. Festival çərçivəsində
klassik musiqidən muğama, cazdan operaya qədər zəngin
proqramlar təqdim olunacaq.
Festivalda çıxış etməkdən məmnunuq
Kollektivin bədii rəhbəri və dirijoru, Xalq
artisti, Əməkdar incəsənət xadimi Ağaverdi
Paşayev bildirib ki, bədii rəhbəri olduğum Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestri və
Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu
Azərbaycanın dilbər guşəsi olan Qəbələdə
keçirilən festivalda ilk dəfədir iştirak edir:
“Xoşbəxtəm ki, XIV Qəbələ Beynəlxalq Musiqi
Festivalının açılışında
çıxış etmək bizim kollektivə nəsib olub.
Biz bundan çox məmnunuq”.
Builki festival da musiqisevərlərin zövqünü
oxşayacaq...
İndiyədək Azərbaycanda keçirilən
müxtəlif beynəlxalq tədbirlərdə, həmçinin
Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalında dəfələrlə
iştirak etdiklərini vurğulayan Ağaverdi Paşayev deyib:
“On dörd il əvvəl, 2009-cu ildə Qəbələdə
ilk dəfə təşkil edilən beynəlxalq musiqi
festivalına rəhbərlik etdiyim uşaq orkestri də dəvət
almışdı. Mən həmin vaxt Azərbaycanda
keçirilən digər beynəlxalq musiqi festivalında
münsiflər heyətinin sədri olduğum
üçün Qəbələ festivalında şəxsən
iştirak edə bilmədim. Lakin uşaq orkestrim həmin
festivalda bir nömrə ilə çıxış edib.
Əminəm ki, builki festival da həm musiqisevərlərin, həm
də Qəbələ sakinlərinin ürəyincə olacaq,
onların zövqünü oxşayacaq”.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 26 iyul (¹129).- S.7.