Muğam ruhun ən gözəl qidasıdır

 

Mehriban xanım Əliyeva: Muğam özlüyündə yalnız tarixdə yaşayan bir sənət deyil, muğam özü də inkişaf edir, zənginləşir

 

Şərqin ən qocaman musiqi janrlarından olan muğam ta qədim zamanlardan dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olub. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində muğam əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib. Bu mənada muğamın tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual məsələ kimi musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olub. Onlarla görkəmli alimin ayrı-ayrı dövrlərdə muğama dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzu orbitində olmasına dəlalət edir.

Muğam Şərq xalqlarının mədəni həyatında, onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin izlər buraxıb. Bizim eranın VI əsrində Azərbaycanda Ərdəbildə muğamların ifa olunması sübut edir ki, muğam sənəti ərəb ölkələrində yayılmamışdan əvvəl Azərbaycan və İranda mövcud olub.

Muğamların emosional təsiri baxımından Nizami Gəncəvi yaradıcılığında yer alan bir şeirin Mən binəvanı o hava ilə əzizlə və havanı daha da qızdır, həmçinin, müğənni, o qədim havanı çal, mənə bu dastanı yazmaqda kömək et misralarına diqqət yetirsək görərik ki, sözün əsl mənasında qeyd edilən bütün parametrlər muğamın Muğan havası olmasına işarə edir. Bu əsas götürülsə o nəticəni verir ki, muğam-mukam, makam, makom kök etibarı ilə eynidir, o, öz soy kökünü muğların sənətindən, Muğandan götürüb. Digər tərəfdən, muğam sinkretik sənət növü sayılır. Çünki müxtəlif zaman kəsiyində muğama başqa musiqi janrlarının melodiyaları, metro-ritmik xüsusiyyətləri daxil olması bu sənət növünün daha da zənginləşməsinə səbəb olub.

 

Muğama, muğamsevərlərə verilən ən qiymətli töhfə

 

Məlum olduğu kimi, 18-25 mart tarixləri çərçivəsində ölkəmizdə Muğam aləmi adlı möhtəşəm Beynəlxalq festival reallaşdı. Keçirildiyi günlər ərzində xalqımıza əsl bayram ab-havası yaşadan bu tədbir, əslində, Azərbaycan mədəniyyətinə, xüsusilə də, muğam sənətinə verilən ən böyük qiymət və əvəzsiz töhfənin təzahürü idi. Sözügedən festival çərçivəsində muğam sənətinin elmi dərinliklərinə varılması, eyniadlı simpoziumun keçirilməsi isə bu töhfənin dəyərini qat-qat artırmış oldu. Üç gün davam edən elmi simpoziumda Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrindən gələn muğam tədqiqatçılarının məruzələri dinlənildi. Muğam sənətinin tarixində yeni, mühüm bir mərhələ olan simpozium muğamın qorunması və inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrinin möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirildi.

Öz möhtəşəmliyi ilə yerli sakinlərin, xüsusilə də, ölkəmizə təşrif buyuran əcnəbi qonaqların heyranlığına səbəb olan layihənin təşkilatçısı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın nitqində vurğuladığı kimi: Muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına çevriləcəkdir. Eyni zamanda, muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunun göstəricisidir. Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik...

... Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm. Bildiyiniz kimi, 2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıbdır. Bizim üçün muğam sənətinin tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır.

 

MUĞAMIN ELMİ DÜNYASI

 

Yeri gəlmişkən, muğama bir elm kimi yanaşılması haqqında ətraflı olaraq simpoziumda bilavasitə iştirak edən sənət və elm xadimlərinin fikirlərini dinləmək daha məqsədəuyğundur.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev: İlk dəfə məhz ölkəmizdə reallaşan bu simpozium öncə xalqa, onun tarixinə, mədəniyyətinə, o cümlədən, ədəbiyyatına, musiqisinə ələlxüsus da muğamına olan böyük məhəbbətin təzahürüdur. Bu məhəbbəti yaradan, muğamı dəyərləndirən, ona qiymət verən, diqqət və qayğı göstərən isə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevadır.

Akademik hesab edir ki, Muğam aləmi adlı Beynəlxalq festivalının keçirilməsi ölkəmizə böyük milli dividentlər gətirdi. Çünki, Azərbaycan bu tədbiri keçirməklə bir daha bütün dünyaya sübut etdi ki, bəşəriyyətin ən qədim mədəniyyətə malik olan xalqlarından biridir: Bunun meydana çıxardığı ən yaxşı əlamətlərdən biri isə klassik musiqiyə, özəlliklə də muğama münasibətdə olan böyük məhəbbət və qədrşünaslıqdır. Bunu deməklə nəinki festivalı, onun çərçivəsində reallaşan elm yığıncağı olan simpoziumu da əhatə etmiş oluram. Həmin bölmədə iştirak edən Azərbaycan alimlərindən biri kimi böyük diqqətlə xarici ölkələrdən gələn həmkarlarımıza qulaq asdım. Əcnəbi mədəniyyət təhlilçilərinin çıxışlarını dinlədikcə gördüm ki, onlar həqiqətən də, muğam sənətinin mahiyyəti və onun Azərbaycanla bilavasitə pozulmaz bağları olduğunu dərk edirlər. Daha konkret desəm, Azərbaycanın bu gün dünyanın ən böyük muğam mərkəzi olması barəsində gözəl etirafları eşitmiş oldum.

Ümumxalq və ümumdünya tədbirinin belə möhtəşəm şəkildə həyata keçməsində bir sıra yerli qurumların müstəsna əməyi təqdirəlayiqdir. Akademikin fikrincə, bu məsələdə ən böyük öhdəlik və ağırlıq Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondlarının çiyinləri üzərinə düşüb. B.Nəbiyev deyir ki, bu kimi irimiqyaslı tədbirlərin həyata keçməsi üçün təkcə təşəbbüs kifayət deyil: Hərçənd ki, hər bir tədbir təşəbbüsdən başlayır. Onu deyə bilərəm ki, layihə çox yüksək səviyyədə hazırlanmışdı. Lakin bu təşəbbüs və layihələr təşkilatçılıq, bədii zövq və digər tələblər baxımından lazımi səviyyədə olmasaydı, istədiyimiz nəticəni əldə edə bilməzdik. Sevindirici haldır ki, müstəqil dövlətimiz çiyinlərinə götürdüyü irimiqyaslı layihənin altından üzüağ çıxdı.

Akademik son illər ölkəmizin bu sahədə düzgün istiqamətdə olduğunu da vurğulayıb. Bu və ya digər sahədə əldə olunan nailiyyətin bizləri kifayətləndirmədiyini deyən B.Nəbiyev bu uğurumuzu daha da möhkəmləndirmək üçün təşəbbüsləri davam etdirib, qazanılan təcrübənin daha da zənginləşdiriləcəyini söyləyib: Gələcəkdə bu qəbildən olan tədbirləri keçirmək üçün bu təcrübənin böyük faydası olacaq. Bütün bunların əsasında deyə bilərəm ki, bu məsələdə bizim perspektivlərimiz çox böyükdür. Nə ahənglə respublikamız bu tədbiri reallaşdırdısa, o ahənglə də, bu işlər davam etdirilməlidir.

Layihəyə munasibət bildirən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə söylədi ki, muğamla bağlı keçirilən simpoziumlar, festivallar mədəniyyət sahəsində dünya alimlərinin ən gözəl işbirliyinə bariz nümunədir: Beynəlxalq simpoziumun ilk dəfə keçirildiyini nəzərə alsaq, layihənin olduqca uğurla həyata keçdiyini deyə bilərik. Bəlkə də mövzulara bütövlükdə, əhatəli toxuna bilmədik. Şübhəsiz, elə mövzular var ki, gələcəkdə mütləq işıqlandırılacaq. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva şəxsən özü simpoziumu açaraq, gözəl məruzə ilə çıxış etdi. Açılış zamanı muğam sənəti ilə ölkəmizin ayrılmaz hissəsi olan Qarabağın bağlılığını əks etdirən sənədli film nümayiş etdirildi. Xaricdən gələn qonaqların bu filmi izləməsi özü elə böyük bir təbliğat növü idi. Filmi seyr etdikdən sonra qonaqlar tərəfindən bizlərə çoxsaylı suallar ünvanlandı. Onlara qaranlıq qalan muğamla Qarabağın bağlılığı idi. Necə olur ki, Qarabağ Azərbaycanda deyil?. Onlara izah edirdik ki, Azərbaycanın ən gözəl muğam ifaçıları və sənətkarlarının məzarı Qarabağdadır, özləri qarabağlıdır. Bunlar hamısı bir-biri ilə zəncirvari bağlılığı olan məqamlardır.

Onun sözlərinə görə, azərbaycanlı musiqişünasların muğamın müxtəlif janrlarda - operalarda, bəstəkarlıq yaradıcılığında, simfonik muğamlardakı yeri, muğam sözünün etimalogiyası kimi müxtəlif mövzulardakı çıxışları əcnəbi qonaqların diqqət mərkəzində idi: Simpozium bayram günlərinə təsadüf etdiyindən bir qədər zaman qıtlığı hiss olundu və 20 mart tarixindən yetərincə yararlana bilmədik. Həmin günün birinci yarısında Novruz şənliyi keçirildiyindən qonaqlarımızın da bayram tədbirlərinin iştirakçısı olmalarını istədik. Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, simpozium heç də hamının məruzə ilə çıxış etməli olduğu demək deyil. Bu elmi yığıncaq bir araya gəlmək, eyni masa arxasında əyləşərək təmas qurmaq xarakteri daşıyırdı. İşi yüngülləşdirmək məqsədilə simpozium çərçivəsində oxunan məruzələr Azərbaycan, rus, ingilis və ərəb dillərində kitabça şəklində çap olunub bütün iştirakçılara paylanılmışdı. Təbii ki, üç gün tərzində 20-30 dəqiqəlik məruzələrin hamısını dinləmək, dərindən müzakirə etmək mümkün deyildi. Hazırda iştirakçıların hər birindən elektron məktublar alırıq. Hər bir məktubda isə muğam sənətilə bağlı yeni suallar cavablandırılır. Bu uzunmüddətli bir prosesdir. Simpozium onu göstərdi ki, Azərbaycanda muğamın mövcudluğu hər bir janrda özünü biruzə verir.

F.Əlizadə deyir ki, Muğam aləmi adlı möhtəşəm beynəlxalq festival və muğama həsr olunan beynəlxalq simpozium çərçivəsində biz muğamı təkcə sırf muğam, dəsgah kimi göstərmədik: Həm də musiqişünaslıq, mənbəşünaslıq, etno-musiqişünaslıqda alimlərin bu sahədəki problemlərlə ciddi çalışdıqlarını nümayiş etdirdik. İşin ən gözəl tərəfi ondan ibarətdir ki, simpozium üç günlə kifayətlənmədi. Simpoziumun qapıları hələ də açıqdır və müzakirələr gələn simpoziuma qədər davam edəcək. Belə ki, hər iki ildən bir ənənəvi olaraq həm beynəlxalq muğam festivalı, həm də beynəlxalq simpoziumun keçirilməsi qərara alınıb. Bir də 2011-ci ildə yeni mərhələdə reallaşacaq layihənin nisbətən strukturunda dəyişiklik gözlənilir. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, hər festivalın öz konsepsiyası, proqramı var. Bizim birinci festivalımız yalnız xanəndələrə, onların ifalarına şamil olunmuşdu. Bu minvalla biz yeddi əsas muğamımızı təqdim etdik. Muğamlarla birlikdə mərhum sənətkar Bəxtiyar Vahabzadənin Muğam poemasını, əksəriyyətin bilmədiyi yeni materialları da təqdim etdik. Məsələn, 1977-ci ildə Boyacer kosmik gəmisi tərəfindən fəzada Azərbaycan muğamının kodu aşkar olunub. Bu da bəşəriyyətin ən vacib və mühüm məlumatlarının siyahısına daxil edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Ramiz Zöhrabov isə deyib ki, muğam sənətinə həsr olunan birinci simpoziumun məhz bizim ölkədə keçirilməsi tək sənət adamları üçün deyil, kökünə və milli musiqi dəyərlərinə bağlı olan hər bir vətəndaşa böyük fəxr hissi yaşadır: Məni sevindirən cəhət odur ki, indi Azərbaycan musiqişünasları da muğama xüsusi diqqət yetirirlər. Muğama ilk diqqət ayıran isə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva oldu. Onun diqqət və qayğısından sonra muğamımız yeni inkişaf mərhələsini yaşamaqdadır. Mehriban xanım Əliyeva elə bir şərait yaradıb ki, indi hər kəsdə, xüsusilə də, gənclərdə muğama olan diqqət, maraq artıb. Məlumdur ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən muğama həsr olunan bir neçə irimiqyaslı layihələr həyata keçirilib. Muğam televiziya müsabiqələrinin keçirilməsindən, Qarabağ xanəndələri musiqi albomunun çıxarılmasından Muğam jurnalının nəşr olunmasına kimi. Amma bunlar arasında ən məsuliyyətlisi Muğam ensiklopediyasının nəşr olunmasıdır. Dünyanın heç bir yerində muğama aid ensiklopediya yoxdur.

Muğama həsr olunan birinci simpoziumun nəticələrinə dair fikirlərini bölüşən Xalq artisti onu sevindirən məqamlara da toxunub: Məni sevindirən məqamlardan biri də məruzə ilə çıxış edənlər arasında gənc tədqiqatçıların əksəriyyət təşkil etməsi oldu. Arzu edirəm ki, gələcəkdə digər ölkələrin muğamları arasında müqayisəli təhlillər aparılsın. Muğamın inkişafı baxımından ən yüksək səviyyəni təşkil edən Azərbaycan muğamlarıdır. Bunun da əsası var. Dahi bəstəkar Üzeyir Hacıbəyli muğamla bağlı üçpilləli tədbir planı hazırlamasaydı, belə uğurlu nəticələr də əldə olunmazdı. Bunun üçün də ilk növbədə Üzeyir bəyə minnətdar olmalıyıq.

 

 

Turanə QADİR

 

Yeni Azərbaycan.- 2009.- 4 aprel.- S.3.