Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir

 

Əsrlər keçəcək, nəsillər dəyişəcək, amma Ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında, tariximizdə daim yaşayacaq. Təkcə ona görə yox ki, Heydər Əliyev dühası, Onun siyasi kursu, ölkəmizə rəhbərliyi Azərbaycana, xalqımıza yalnız tərəqqi, inkişaf bəxş etmişdir, Heydər Əliyev öz bilik bacarığını rəhbərlik etdiyi bu dövlətin xoşbəxt gələcəyinin qurulmasına yönəltmişdir. Həm ona görə ki, Heydər Əliyev bütün ömrünü, həyatını dövlətinin, xalqının rifahı, intibahı üçün həsr edən, bu yolda canını belə əsirgəməyən liderdir. Bu böyük şəxsiyyət Azərbaycanın ən çətin mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Heydər Əliyev öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsil xilaskarlıq örnəyi nümayiş etdirmişdir. İki dəfə -1969-cu ildə 1993-cü ildə Azərbaycanın ən ağır dövrlərində hakimiyyət sükanına əyləşən Ulu öndər Heydər Əliyev həm zəngin bir dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bu baxımdan 1969-cu il Azərbaycan tarixində daşıdığı missiya spesifikliyi ilə öz layiqli şərəfli yerini tutmuşdur. Bu dövrdə iqtisadi, sosial, ideoloji sahələrdə böyük problemlər yaşayan Azərbaycan keçmiş ittifaq dövlətləri sırasında ən geridə qalmışlardan biri idi. Mərkəzi hakimiyyət bu durumu düzəltmək böhranı aradan qaldırmaq üçün müxtəlif addımlar atsa da, bu, faktiki olaraq mümkün olmamışdı. Yalnız Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunun qərarı ilə Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi ilə respublikada köklü, inqilabi dəyişikliklərin edilməsi üçün zəmin yaranmışdır.

Ulu öndər Heydər Əliyev uzun müddət Dövlət Təhlükəsizlik Komitəsinin sədri işlədiyindən respublikadakı bütün problemləri və onların aradan qaldırılması yollarını yaxşı bilirdi. Bu işlərin görülməsi isə rəhbərdən yalnız işgüzarlıq deyil, həm də prinsipiallıq və qətiyyət tələb edirdi. Bunlar isə Heydər Əliyev siyasi portretinin prioritet ştrixləri idi. Məhz elə bu səbədən Ulu öndərimiz qısa zaman çərçivəsində respublikanın həyatında müsbət dönüş yarada bilmişdir. Onun respublikamıza rəhbərlik etdiyi 1969-82-ci illərdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bu məsələlər müvəffəqiyyətlə həyata keçirildi. İlk olaraq, respublikanın inkişafını təmin edəcək böyük sənaye potensialı formalaşdırıldı. Bu dövrlər ərzində yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun aqraryönümlü respublikadan daha çox sənayeyönümlü respublikaya çevrilməsinə zəmin hazırladı. Həmin illərdə analoqu olmayan istehsal sahələri inşa edilərək istifadəyə verildi. Bunlardan Bakı kondisionerləri zavodu, “Ozon” Elmi İstehsalat Birliyi, Elektron hesablayıcı maşınlar zavodu, Dərin özüllər zavodu, Azərbaycan DRES-i, Sumqayıt Kompressor zavodu, Üst trikotaj fabriki, Bakı Tikiş və ayaqqabı fabriki, Gəncə Əlvan metallar emalı zavodu, Naxçıvan Şüşə qablar zavodu, Əli-Bayramlı Məişət cihazları zavodu və s. istehsal müəssisələrinin adını xüsusi qeyd etmək lazımdır. İri sənaye və kənd təsərrüfatı müəssisələrinin istifadəyə verilməsi, ilk növbədə, həm bu müəssisələrdə işləyənlərin, həm də respublikanın digər vətəndaşlarının maddi rifah halının daha da yüksəlməsinə səbəb oldu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi illərində, Azərbaycanın ənənəvi təsərrüfat sahələrinin - aqrar bölmənin sürətli inkişafı, respublikanın əlverişli üstünlüklərindən bacarıqla istifadə edilməsi 70-ci illərin iqtisadi strategiyasının mühüm tərkib hissələrindən biri oldu. Əsası 1969-cu ildə qoyulan strateji xətt çox qısa vaxtda öz bəhrəsini verməyə başladı. Azərbaycan keçmiş SSRİ-nin ən böyük üzümçülük respublikasına çevrildi. Pambıqçılıq, bağçılıq-bostançılıq, heyvandarlıq sahələrində böyük uğurlar qazanıldı.

Heydər Əliyevin böyük diqqət və qətiyyətlə həyata keçirdiyi məsələlərdən biri də xalqımızın öz milli, tarixi köklərinə, ənənələrinə qayıdışı, dəyərlərimizin yenidən bərpası idi. Bu mənada illərdir ki, qadağan olunmuş tarixi bayramlarımızın yenidən qeyd olunmağa başlanması, dini dəyərlərin bərpası kimi o zamankı dövrün reallaqları ilə qeyri-mümkün görünən işləri Heydər Əliyev cəsarətlə görə bilmişdi. Digər tərəfdən, Azərbaycan dilinin dövlət dili kimi elan olunması və bu məsələnin 1978-ci ildə qəbul olunmuş Konstitusiyada təsbit olunması Azərbaycan xalqının milli kimliyinin özünə qaytarılması baxımından atılmış ən önəmli addımlardan biri idi. Tarixi şəxsiyyətlərə münasibətin dəyişdirilməsi, Azərbaycan tarixində öz xidmətlərinə görə fərqlənmiş, seçilmiş insanların layiqincə dəyərləndirilməsi Ulu öndərin “Qoy ədalət zəfər çalsın” şüarı altında göstərdiyi genişmiqyaslı və çoxşaxəli fəaliyyətinin başlıca istiqamətləri idi.

Həmçinin, respublikanın hərbi kadr potensialının gücləndirilməsi və azərbaycanlı gənclərin daha sağlam şəraitdə yetişməsi üçün Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı.

Beləliklə, görülən bütün bu işlər respublikadakı həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi.

Taleyini, ömrünü Azərbaycana, xalqımıza həsr edən Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunaraq Moskvaya gedərkən də, fəaliyyətinin sonrakı dövrlərində də daimi Azərbaycanla bağlı olmuş, fəaliyyətini konkret bu mərama yönəltmişdi. Bakıda 1990-cı il 20 yanvar hadisələri, buna paralel olaraq, Ermənistan silahlı qüvvələrinin öz himayədarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsi, ölkədaxili çaxnaşmalar, silahlı qiyamlar, iqtisadi böhran yeni yaranmış bir dövlətdə yaşana biləcək çox ağır hadisələr idi. Lakin ən ağırı dövlət nümayəndələrinin dövlət idarəçiliyindəki səriştəsizliyi, bacarıqsızlığı, hadisələri düzgün qiymətləndirməməsi və qəbul etdiyi qərarlardakı yalnışlıqlar idi. Belə bir məqamda xalqın nəzər və diqqəti yenə də xilaskar oğluna, böyük liderə-Heydər Əliyevə yönəlmişdi. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin neçə-neçə nümayəndə heyəti Naxçıvana gedərək Heydər Əliyevdən Bakıya dönüb respublikaya rəhbərlik etməsini xahiş etmişdi. Azərbaycanın bütün guşələrindən Naxçıvana vurulan teleqramların, göndərilən məktubların sayı-hesabı yox idi. Ölkəni idarə etmək iqtidarında olmayan mövcud iqtidar da Heydər Əliyevin Bakıya gəlməsini ondan inadla xahiş edirdi. Heydər Əliyev isə yenə də çox sevdiyi xalqının tələb və təkidlərinə müsbət cavab verdi, növbəti dəfə tarixin axarını dəyişdirmək üçün Azərbaycana, doğma vətəninə qayıtdı.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan müstəqilliyinin yeni tarixində ikinci mərhələnin - dirçəliş mərhələsinin başlanğıcı kimi səciyyələndirmək lazımdır. Bu günün xalq tərəfindən əziz bayram kimi - Milli Qurtuluş Günü kimi qeyd olunması da tarixin bu qısa zaman kəsiyinin xalqın taleyində, müstəqilliyin qorunub saxlanmasında necə müstəsna rol oynadığını aydın göstərir. O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Ulu öndər xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaqda və bununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Ölkə daxilində dövlətçiliyin möhkəmləndirilməsi, onun qüdrət və əzəmətinin nümayişi Azərbaycan dövlətinə beynəlxalq aləmdə də hörmət və inamı artırdı. Bir sıra ölkələr yalnız bundan sonra ölkəmizlə iqtisadi-siyasi münasibətləri genişləndirməyə başladılar...

Tarix sübut edib ki, yalnız Heydər Əliyev nüfuzu, Heydər Əliyev siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi yaradıb-möhkəmləndirmək qüdrətinə malik idi. Böyük öndərin dühasının yenilməzliyi onda idi ki, O, ömrü boyu xalqa arxalanmış, həyatının mənasını xalqa xidmətdə görmüşdü. Şübhəsiz ki, bundan sonra da Azərbaycana böyük siyasətçilər gələcək, bu torpaq bundan sonra da çox böyük və dahi şəxsiyyətlər yetişdirəcək. Ancaq onlar böyük xilaskar Heydər Əliyev zirvəsinə, Heydər Əliyev ucalığına nəinki qalxa, bu zirvələri fəth edə bilməyəcəklər. O zirvələr ki, zaman keçdikcə, hadisələrin istiliyi soyuduqca, daha aydın görünür. Təəssüflər olsun ki, bu gün bəziləri tarixi dəyərləndirərkən öz maraqlarından çıxış edirlər və cəmiyyətimizin qəbul etdiyi həqiqətləri təkzib etməyə çalışırlar. O cümlədən, Ulu öndərin ölkəmizə ilk dəfə rəhbərlik etməsinin 40 illiyi ilə bağlı danışarkən ən sadə siyasətçiyə belə başucalığı gətirməyən formada obyektivliyi bir kənara qoyurlar, xalqımızın Ümummilli lideri Heydər Əliyevin fəaliyyətinə münasibətdə həqiqətə uyğun olmayan fikirlər işlədirlər. Amma unudurlar ki, bu gün yaşadıqları bu güclü, qüdrətli Azərbaycanı məhz Heydər Əliyev yaradıb, bu əmin-amanlığı, firavanlığı, sabitliyi məhz Ulu öndərimiz təmin edib. Ömründə bir ağac belə əkməyən insanların bu gün Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə nəinki qiymət vermək, heç Onun geniş irsini təhlil etməyə mənəvi haqları çatmır.

Çox sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini verməkdədir. Bu gün Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə hesab olunur. Sabitliyinə və inkişafına görə, böhranlı vəziyyətdə belə xarici investorlar ölkəmizə sərmayə yatırırlar. Ümumiyyətlə, bu inkişaf strategiyası hərtərəfli şəkildə Azərbaycanı tərəqqiyə aparır.

 

 

Vaqif HÜSEYNOV,

YAP Siyasi Şurasının üzvü,

iqtisad elmləri namizədi

 

Yeni Azərbaycan.- 2009.- 25 iyul.- S.3.