Uşaq hüquqlarının müdafiəsinin ali təminatçısı Konstitusiyamızdır

 

Ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərin bir qismi də uşaq hüquqlarının daha etibarlı şəkildə qorunması məqsədinə xidmət edir. Uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda 2009-cu ilinUşaq ilielan edilməsi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini daha da artırır. Sözügedən mövzu ilə bağlı oxucularımızı daha yaxından tanış etmək və mövcud problemlərin həlli yollarının müzakirəsi üçünYeni Azərbaycanqəzetinin təşkil etdiyi dəyirmi masaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri üzrə şöbəsinin əməkdaşı Nərmin Quliyeva, Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun böyük məsləhətçisi Fərid Ağayev və baş məsləhətçisi Rövşən Rumzadə, Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağayeva və “Himayə” Uşaq İctimai Birliyinin sədri Mətanət Umudova dəvət olunublar.

- Uşaq hüquqları ilə bağlı əlavə və dəyişikliklər Konstitusiyada öz əksini tapandan sonra uşaq hüquqlarının qorunması üçün daha geniş üfüqlər açılıb. İstərdik söhbətimizə elə bu məsələdən başlayaq. Konstitusiya islahatlarından sonra ümumi mənzərə necədir?

Fərid Ağayev:

- Konstitusiyanın 17-ci maddəsinin III, IV, V və VI bəndinə edilən əlavələr valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olduğunu, onların hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etdiyini təsbit edir. Eyni zamanda, uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilməsi, 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağan olunur. Qeyd edim ki, uşaq hüquqlarının qorunması məsələsi qanunvericiliyimizdə öz əksini kifayət qədər əhatəli şəkildə tapıb. Lakin Konstitusiyaya edilən sözügedən əlavələr uşaq hüquqlarının daha ali səviyyədə qorunmasını təmin edir və bunu dövlətin qarşısında bir vəzifə kimi qoyur. Əvvəlki dövrlərdə, istər Ombudsman Aparatı, istərsə də fəaliyyət sahəsinə uşaq hüquqları daxil olan dövlət qurumları tərəfindən uşaqların rifahının yüksəldilməsi, onların hüquqlarının daha yaxşı qorunması yönümündə Milli Məclisə müxtəlif təkliflər göndərilmişdi. Həmin təkliflər qanun layihəsinə dəyişiklik və əlavələrin edilməsindən ibarət idi ki, bu da öz əksini Konstitusiyaya edilən əlavələrdə tapdı.

Rəşid Rumzadə:

- Cəmiyyət durmadan inkişaf edir. Bu inkişaf isə bütün sahələri əhatə edəndə effektli olur. Ona görə də, qlobal olan hər bir hadisənin zərərini və xeyrini uşaqlar da çəkir. Cəmiyyətin inkişafı, yeni dövrə qədəm qoyması sırf uşaq hüquqları ilə bağlı ixtisaslaşmış dövlət qurumlarının işinin təkmilləşdirilməsinə zərurət yaradırdı. Konstitusiyaya uşaq hüquqları ilə bağlı edilən əlavələr də həmin zərurətdən qaynaqlanır. Bu isə imkan verir ki, konkret müddəaların təsbiti, onların işlək mexanizminin təkmilləşdirilməsi üçün dövlət qurumları ilə bərabər, QHT-lər, vətəndaş cəmiyyəti fəaliyyətini genişləndirsin.

Demokratik cəmiyyətin inkişafına, uşaqlarla bağlı dövlət siyasətinə dəstək olaraq Ombudsman Aparatı da müxtəlif tədbirlər həyata keçirir, problemlərin öyrənilməsi yönündə monitorinqlər aparır. Dünyada 10 dekabr “İnsan hüquqları günü” kimi qeyd edilsə də, dövlət tərəfindən 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi rəsmiləşdirilib. May ayının 21-dən iyun ayının 18-dək hər il insan hüquqları aylığı qeyd olunur və bu çərçivədə sırf uşaq hüquqları ilə bağlı tədbirlər həyata keçirilir. Gənclər və Turizm Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının keçirdiyi tədbirlərin bir məqsədi var: cəmiyyət maarifləndirilməlidir.

Kəmalə Ağayeva:

- 2009-ci ilin 6 fevral tarixində ölkə başçısı İlham Əliyev “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Proqramı” təsdiq etdi. Sənəddə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı profilaktik tədbirlər, maarifləndirmə işlərinin aparılması öz əksini tapır. Qeyd edim ki, bu proqram insan alveri sahəsində mübarizə aparan dövlət strukturlarının işçi qrupları ilə razılaşdırılıb və onların təcrübəsindən yararlanaraq plan işlənib hazırlanıb. Əslində, qanunlarımız çox güclüdür. Amma gəlin görək, onlara əməl etməyə borclu olan və bu qanunlar qarşısında məsuliyyət daşıyan ayrı-ayrı şəxslər həmin gücdən yetərincə istifadə edirlərmi? Qanunlarda uşağın ailə və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edən ayrı-ayrı müddəalar mövcuddur. Amma bütün bu məsuliyyət dövlətin üzərinə qoyulursa, onda ailə nədən ötrüdür? Problemin kökündə ailənin biganəliyi, uşaqla şəxsi əmlakı kimi davranılmasının nəticəsi durur. Mənə elə gəlir ki, qanunlar birər-birər ailələrə şamil olunmalı, ailələr ayrı-ayrılıqda hüquqi maariflənməyə cəlb olunmalı, qanunvericiliklə və uşaq hüquqları ilə bağlı onlarla iş aparılmalıdır. Ailə-məktəb birliyi sıxlaşdırılmalıdır. Bu gün təlim-tərbiyə müəssisələri ilə ailələr arasında bağlılıq çox zəifdir. Ailə məktəbə üz tutmur, çünki üzərinə qoyulacaq missiyalar onun ürəyincə deyil, daha doğrusu, məsuliyyət hiss etmək istəmir. Bu isə öz növbəsində məktəbin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə yol açır. Arada əziyyət çəkən, tərbiyəsi nəzarətsiz qalan, hüquqları pozulan isə uşaqlardır.

Nərmin Quliyeva:

- Ailə və məktəb birliyinin istənilən səviyyədə olmamasının əsas səbəblərindən biri də orta təhsil müəssisələrində çalışan psixoloqların “fəaliyyəti”dir. Bu gün həmin kadrlardan yüksək peşəkarlıq tələb olunur. Onların fərdi fəaliyyət planı, iş mexanizmi olmalıdır.

K.A:

- Hüquqi maarifləndirmə ilk növbədə ailələrlə aparılmalıdır. Ananın öz hüququnu bilmədiyi ailədə uşaq hüququndan danışmaq mümkündürmü? Ailə qanun qarşısında öz hüququnu, daha doğrusu hansı məsuliyyət daşıdığını bilməlidir.

Mətanət Umudova:

- İş prosesində elə ailələrlə qarşılaşırıq ki, “hökumətin borcudur mənim uşağımı saxlasın” deyir. O zaman valideyn hansı məsuliyyəti daşıyır? Məhz bunu ona izah etmək lazımdır.

- Ailənin uşağa lazımınca diqqət ayırmamasının səbəbi kimi sosial vəziyyət əsas gətirilir. Bu cür bəhanələrlə razılaşırsınızmı?

K.A:

- Ailənin iqtisadi vəziyyətinin qabardılması əksər hallarda məsuliyyətdən sığortalanmaq məqsədi güdür. Amma təcrübə göstərdi ki, bu əsas deyil. Biz küçə uşaqları ilə işləyən təşkilat olaraq uşaqları küçədə dilənən ailələrin altısını himayəyə götürdük. Hər ay ərzaq və paltar təminatlarını yetərincə ödədik. Amma monitorinq zamanı məlum oldu ki, yenə də həmin uşaqlar küçələrdə dilənirlər. Yəni, bu, ailənin həyat tərzidir və ailə cəmiyyət, dövlət qarşısında məsuliyyət hiss etmir.

M.U:

- Valideyn diqqətindən kənarda olan hər bir uşaq risk qrupuna daxildir və məhv olmuş tale deməkdir. Ən böyük problem isə bu uşaqların mənfi təsirlər nəticəsində narkomana, cinayətkara və terroristə çevrilmə təhlükəsidir.

K.A:

- Açıq Cəmiyyət İnstitutu ilə razılaşmaya əsasən küçə uşaqlarının vaxtarışı vərəm, hepatit C və QİÇS-dən müayinəsi təşkil edilir. Amma nəzərə almaq lazımdır ki, uşaqlar arasında müxtəlif cinsi yolla xəstəliklərə yoluxanlar da var.

M.U:

-Uşaqlar cəmiyyətin nəzarət edilməsi vacib olan ən həssas təbəqəsidir. Onları qorumaq bizim borcumuzdur və Konstitusiyaya edilən əlavələr cəmiyyətin, ailənin və dövlətin qarşısına son dərəcə vacib bir vəzifə qoyur: Uşaqları qorumaq, onların hüquqlarını tanımaq.

- Təhsil Nazirliyi təhsil, Səhiyyə Nazirliyi səhiyyə sahəsində uşaq hüquqlarının tam təminatını təşkil edir. AQUPDK isə uşaqlarla bağlı dövlət siyasətini həyata keçirir. Yerli səviyyədə uşaqların problemləri necə həll olunur? Onların hüquqları hansı təşkilatlar tərəfindən qorunur?

F.A:

- Rayon İcra Hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar fəaliyyət göstərir ki, onların iki əsas işçisi var: sədr və məsul katib. Komissiyanın sədrləri əsasən rayon icra başçılarının humanitar məsələlər üzrə müavinləri olur. Məsələ ondadır ki, həmin şəxslərin özlərinin kifayət qədər vəzifə yükləri var. Üstəlik, araşdırmalar göstərir ki, həmin şəxslər bir neçə komissiyaların sədrləridirlər. İki şəxsin ən yüksək dərəcədə belə peşəkarlığı və işgüzarlığı bütün rayonu əhatə etməsi və səmərəli şəkildə problemlərin həllinə nail olması üçün yetərli deyil. Komissiyanın qalan üzvləri isə könüllü əsaslarla fəaliyyət göstərir. Daha sonra, rayon polis idarələrinin uşaq inspektorları var. Burada da vəziyyət eynidir-bir rayona iki uşaq inspektoru düşür. Ona görə də, biz təklif etmişik ki, yerlərdə bu strukturların iş mexanizmlərində dəyişikliklər edilsin. Uşaqların hüquqlarının yerli səviyyədə qorunması, dövlət qurumlarının qlobal səviyyədə dövlət siyasətini həyata keçirməsini də asanlaşdırar.

R.R:

- Bu gün dövlət siyasətinin həyata keçirilməsində mətbuatın, ümumiyyətlə kütləvi informasiya vasitələrinin dəstəyinə böyük ehtiyac var. Efir, ekran, mətbuat bu məsələlərlə bağlı proqramlara geniş yer ayırmalıdır.

- Bu mənada KİV-lərin işindən razısınızmı?

N.Q:

- Bu gün KİV-lərdə ən az yer alan, efir və ekranlarda ən az vaxt ayrılan problem ailə, qadın və uşaq məsələləridir.

M.A:
- Az-çox varsa da, əyləncə xarakterlidir. Maarifləndirmə məqsədi ilə hər hansı bir verilişin adını çəkə bilmərəm. Monitorinq aparsaq, bu verilişlərin faizini də asanlıqla öyrənmək olar.

K.A:

- Mən isə bir misalla sualınızı cavablandırmaq istəyirəm: 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü informasiya agentliklərinin biri belə xəbər yaydı: 14 yaşlı qız oğurlanıb və onun daxili orqanları çıxarılıb. Xəbərdə deyilirdi ki, qızı yaşadığı evin qarşısından tapıblar. Mən, eyni zamanda İnsan Alveri ilə Mübarizə üzrə Qaynar Xəttin direktoru olduğumdan belə materialları diqqətlə izləyirəm. Dərhal araşdırmalara başladıq və məlum oldu ki, informasiya sadəcə sensasiya xatirinə dərc edilib...

N.Q:

- Biz də düşünürük ki, artıq KİV-lər bu sahədə hüquqi-maarifləndirmə işlərinə çox ciddi və məqsədyönlü şəkildə başlamalıdır.

-1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü balacaların bayramı olsa da, böyüklərin, yəni, valideynlərin, təhsil ocaqlarının, QHT-lərin və sırf uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının hesabat günü olmalıdır. Sualım belədir: hesabat verməli olsaydınız hansı işlərinizi vurğulayardınız?

R.R:

- Ombudsman Aparatının nümayəndəsi kimi hökumətə Aliment Fondunun yaradılması ilə bağlı edilmiş təklifi vurğulayardım. Bu, xarici təcrübədə də var. Uşaq məhkəmənin müəyyən etdiyi alimenti dövlət büdcəsi əsasında formalaşan Aliment Fondundan, dövlət isə həmin məbləği alimenti ödəməli olan vətəndaşdan alır.

N.Q:
- Hazırda AQUPDK Azərbaycan dövləti adından BMT-nin Uşaq hüquqları Komitəsinə hesabat verməyə hazırlaşır. Bunun üçün də yerli qurumlardan tutmuş, ən yüksək dövlət təşkilatlarına qədər hamıya çoxsaylı suallarla müraciət etmişik. Həyata keçirdiyimiz çoxsaylı tədbirlərdən birini deyim ki, biz hazırda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üzərində işləyirik. Burada bütün-penitensiar xidmətin nəzarətində olan uşaqlarla yanaşı, valideyn himayəsindən məhrum və risk qrupunun daxil olduğu təbəqələrdən olan uşaqlar əhatə olunub. Onların reabilitasiyasını həyata keçirmək məqsədilə Komitə Bakı şəhər Baş Məşğulluq İdarəsi ilə birlikdə xüsusi peşə kursları təşkil edib. Bu layihə artıq təkcə paytaxtı yox, bütün regionları əhatə edir. İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaların işini daha da gücləndirmək və onların səmərəli fəaliyyətinə nail olmaqdan ötrü də regional tədbirlər həyata keçiririk.

K.A:

- Azərbaycan Uşaq Birliyi təcrübə əsasında formalaşmış iş mexanizminə malik QHT-dir. Bütün gördüyümüz işləri bir neçə dəqiqəlik hesabata yerləşdirə bilmədiyimdən mən iş mexanizmimiz haqqında məlumat verə bilərəm. Və mənə elə gəlir ki, bu həmkarlarıma öz işlərini qurmaqda yardımçı olar. Çünki hər bir təşkilatın, QHT-nin təcrübəyə əsaslanan iş mexanizmi olmalıdır. Əgər bu, yoxdursa, başqasının təcrübəsi öyrənilməlidir.

- Uşaq hüquqları ilə bağlı məsələlərin qanunlarımızda öz əksini yetərincə tapmasına baxmayaraq, həmin maddələrin Konstitusiyaya gətirilməsi, yəni, ona yüksək, ali statusun verilməsi birbaşa dövlətin uşaq hüquqlarının müdafiəsində durduğunu göstərdi.

R.R:

- Uşaqlarla bağlı sahələrdə problemin nədən qaynaqlandığını öyrənib aradan qaldırmaqla effektiv nəticəyə nail olmaq olar.

M.U:

- “Himayə” uşaq təşkilatı bir və ya iki valideynini itirmiş, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir. Bu uşaqların və onların ailələrinin ən böyük problemi nədir? Valideynlər işləyirsə, bu uşaqlar gün ərzində nəzarətsiz qalır. Bu isə ailədə ciddi problemlərin yaranmasına səbəb olur. Ona görə də, iş günü müddətində belə uşaqların saxlanılması üçün xüsusi sığınacaqların açılmasına ehtiyac var. Və biz uşaq təşkilatı olaraq bu təkliflə çıxış etmək niyyətindəyik. Müzakirə iştirakçılarının qeyd etdiyi kimi, belə sığınacaqlar xarici ölkələrin təcrübəsində də geniş yayılıb.

N.Q:

- AQUPDK-nın son layihələrindən biri küçə uşaqları üçün sığınacaqların açılmasıdır. Və yəqin ki, növbə bu məsələnin də həllinə çatacaq.

- Üç il əvvəl qəbul edilmiş “Uşaqların ailələrə verilməsi (DE-İnstitusionalizasiya) və alternativ qayğıya dair Dövlət Proqramı”nın (2006-2011) həyata keçirilməsi sahəsində hansı irəliləyişlər var?

N.Q:

- Bu proqramda nəzərdə tutulduğu kimi uşaqların bioloji ailələrinə qaytarılması və alternativ ailələrə verilməsi ilə bağlı modelin üzərində işləyirik. Qeyd edim ki, xarici ölkələrin təcrübəsi də diqqətlə öyrənilir. Amma sonrakı mərhələdə də xeyli iş görülməli-qaytarılmış uşaqların monitorinqi keçirilməli, problemlər müəyyənləşdirilməli və onun həlli yolları axtarılmalıdır.

F.A:

- Bildiyiniz kimi, dövlətin uşaqlarla bağlı siyasətinin əsasını uşaqların ailələrə və alternativ ailələrə verilməsi təşkil edir. Xüsusi sığınacaqların açılması ilə bağlı layihələrin həyata keçirilməsi isə məhz bu siyasətə xidmət edir. Çünki bu sığınacaqlar ailələrin işini asanlaşdıracaq, uşaqların internat evlərinə düşməsinin qarşısını alacaq.

R.R:

- Proqramın həyata keçirilməsi uşaqların internat evlərinə verilmə prosedurunu çətinləşdirmək yox, onun düşmə məsələsini öyrənib aradan qaldırmaqdı. Bəzən, səhvən birinci addım atılır. Xaricdə belə təcrübə var ki, ailə övladını dövlət himayəsindən geri alırsa, ona birdəfəlik kompensasiya verilir. Amma bunun da öz neqativ tərəfi var. Kompensasiya ailələrin uşaqlarından müvəqqəti imtinasına yol aça bilər. Yəni, balansı elə qorumaq lazımdır ki, uşaq risk altına düşməsin.

N.Q:

- Xarici təcrübələrin öyrənilməsinə baxmayaraq, AQUPDK təkcə paytaxtda deyil, həm də regionlarda həyata keçirdiyi müxtəlif tədbirlərlə öz milli mentalitetimizi, necə deyərlər, cəmiyyətin psixologiyasını öyrənir. Biz təcrübələrdən bəhrələnsək də, ailə zorakılığı-qadın, uşaq problemlərinin həlli, onların hüquqlarının müdafiəsi üçün Azərbaycan modelini hazırlamaq üzərində çalışırıq.

 

 

KƏBUTƏR

 

Yeni Azərbaycan.- 2009.- 12 iyun.- S.4.