Respublika Muğam Müsabiqəsi öz işinə başladı

 

Əbülfəs Qarayev: Beynəlxalq Muğam Festivalı Azərbaycan xalq sənətinin inkişafı üçün olduqca dəyərli bir layihədir

 

Birinci Beynəlxalq Muğam Festivalında iştirak edəcək gənc ifaçıların I Respublika Muğam Müsabiqəsi öz işinə başlayıb. Dünən Abdulla Şaiq adına Uşaq Kukla Teatrında müsabiqənin açılış mərasimi keçirilib. Açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə təhsil naziri Misir Mərdanov da iştirak edib.

Çıxışında I Beynəlxalq Muğam Festivalının keçirilməsini yüksək qiymətləndirən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkəmiz layihənin təşkilatçısı olaraq müsabiqəyə ciddi şəkildə hazırlaşır. Yarışmaya 100-dən artıq iştirakçının sənəd təqdim etdiyini diqqətə çatdıran M.Mərdanov onlar arasından cəmi 27 ifaçının seçildiyini bildirib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə öz növbəsində vurğulayıb ki, həyata keçirilməkdə olan festival Azərbaycan xalq sənətinin inkişafı üçün olduqca dəyərli bir layihədir. Muğam sənətinin yeni dövrə qədəm basdığını deyən nazir bildirib ki, məhz YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti muğam dövrünü yaşayır. Ə.Qarayev onu da diqqətə çatdırıb ki, sözügedən müsabiqə Muğam aləmi adı altında reallaşacaq.

Sonda müsabiqədə iştirak edəcəyi nəzərdə tutulan ifaçıların püşkatması keçirilib. Qeyd edək ki, öncədən yarışmada 27 gəncin iştirakı nəzərdə tutulsa da, onlardan 24-ü müsabiqənin püşkatmasına qatılıb. Belə ki, üç muğam ifaçısı Abgül Mirzəliyev, Güldanə Cavadzadə və Rəvanə Ərəbova püşkatmaya qatılmadıqları üçün münsiflər heyətinin qərarına əsasən müsabiqədən kənarlaşdırılıb. Sona qalan dörd iştirakçı festivalda iştirak etmək hüququ qazanacaq ki, onlar da Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Siyavuş Kərimi, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyət Dostları Fondunun nümayəndəsi İbrahim Quliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiləcək. Qeyd edək ki, mart ayının 17-dən başlanacaq I Beynəlxalq Muğam Festivalı martın 25-dək davam edəcək.

 

 

Turanə

 

Yeni Azərbaycan.- 2009.-6 mart.- S.11.