Ağsu sosial-iqtisadi inkişafın yeni mərhələsində

 

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlər nəticəsində rayonda rekord göstəricilər qeydə alınıb

 

“Ağsu aşırımlardan başlayır”

 

Ağsu rayonu haqda ilk geniş məlumat Abbasqulu xan Bakıxanovun “Gülüstani-İrəm” əsərində qeyd edilir. Bildirilir ki, 1736-1749-cu illərdə Azərbaycan şahı olan Nadir Şah Əfşar tərəfindən 1735-ci ilin may ayında əsası qoyulan Ağsu şəhəri Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsuçay vadisində yerləşir. Az bir zamanda şəhərin ətrafında hasarlar tikilib. Şəhərin qədim əhalisi də məhz bu qalaya Şamaxıdan köçürülüb və Ağsu Şirvan hakimlərinin mərkəzi olub. Həmin qədim şəhərin qalıqları (hazırda “Xaraba şəhər” adlanır) müasir Ağsu şəhərinin cənubundadır. Şəhərin adı isə ərazisindən keçən “Ağsuçay”ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu alıb.

Rayon olaraq Ağsu 1943-cü ildə inzibati vahid statusu əldə edib. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə həmsərhəddir.

Ərazisi 1020 kvadrat kilometr, əhalisi 69,4 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 78 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 60 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlair, Padar, Ərəbuşağı və Qaraqoyunludur.

Əhalinin ümumi sayının 49,1 faizini kişilər, 50,9 faizini qadınlar təşkil edir. Əhalinin 99 faizi azərbaycanlılardan, 1 faizi ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 25,7 faizi şəhərdə, 74,3 faizi kənd yerlərində yaşayır.

 

Özəl sektorun genişləndirilməsi sosial-iqtisadi inkişafın təməlidir

 

Hazırda dünyanı qlobal maliyyə böhranı bürüsə də, Azərbaycan bu problemi minimal səviyyədə hiss edib. İqtisadi inkişafın artım tempinə görə Azərbaycan 2008-ci ildə dünyanın lider dövləti olaraq qalmaqla yanaşı, yüksək makroiqtisadi göstəricilərə nail olub. Ümumi daxili məhsul istehsalı 11 faizdən çox olub və müqayisəli qiymətlərlə 3,6 milyard manatdan 34,7 milyard manata çatıb. Təbii ki, bu inkişaf Azərbaycanın bölgələrində də eyni templə müşahidə olunub.

Əsasən özəl sektorun genişləndirilməsi hesabına sosial-iqtisadi inkişafa nail olan Ağsu rayonunda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sahəsində uğurlu nəticələr əldə olunub. Rayondaxili yolların bərpası və tikintisi üçün geniş tədbirlər planı hazırlanıb. Bakı-Qazax magistralının Ağsu şəhərinin ərazisindən keçən 1150 metr hissəsində yolun hər iki tərəfində dekorativ hasar tikintisi aparılıb və yoldan Vidadi küçəsinə ayrılan yerdə Azərbaycan Respublikasının Milli Bayrağı Kompleksi ucaldılıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə geniş abadlaşdırma işləri həyata keçirilib. Kommunikasiya xətləri tamamilə yeniləşdirilib, 15,4 min kvadratmetr yola yeni asfalt örtüyü salınıb və səkilərə tamet daşları düzülüb. Nizami küçəsi ərazisində avtomobil yolunun hər iki tərəfinə hasar çəkilib və səkilər salınıb. Bakı-Qazax magistralının Ağsu şəhərinin ərazisindən keçən hissəsi, Heydər Əliyev, Azərbaycan, Ü.Hacıbəyov, Nizami, T.Xasiyev, Vidadi və M.Ə.Rəsulzadə küçələrinin işıqlandırma sistemi yenidən qurulub, 358 ədəd müasir üslubda dirəklər quraşdırılıb. Bakı-Qazax magistralından Ağsu şəhərinə girişdə şəhərin adını bildirən stela inşa edilib.

2008-ci ildə Ağsu şəhərində yeni Avtovağzal kompleksi, Böyük Vətən, Qarabağ müharibələri və 20 Yanvar faciəsi zamanı şəhid olan insanların xatirəsinə “Qəhrəmanlar Parkı”, yaşlı əhalinin istirahətinin təşkili üçün “Veteranlar klubu”nun binası tikilib istifadəyə verilib. Hesabat ilində sosial obyektlərin və inzibati binaların tikintisi diqqət mərkəzində saxlanılıb. Pirhəsənli kəndində 360, Ağarx kəndində 264, Cəlair kəndində 220, Çiyni kəndində 200 şagird yerlik orta, Xəlilli kəndində 180 şagird yerlik əsas, Qaraməmmədli və Axundlu kəndlərində 30 şagird yerlik ibtidai məktəb binaları, rayon Maliyyə İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli təşkilatları üçün inzibati binalar, 4 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət terminalının binası tikilib istifadəyə verilib. Mədəniyyət sarayı yenidən qurulub, 3 mərtəbəli inzibati binada təmir-bərpa işləri aparılıb. 2008-ci ildə Azərbaycan-Almaniya birgə müəssisəsinin şirələr və şərab emalı zavodunun təməlqoyma mərasimi olub, “Azərdəmiryolbank”ın rayon filialı, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsi, Su-Kanal İdarəsi üçün inzibati binalarda tikinti işlərinə başlanılıb, Ağsu rayon icra hakimiyyəti başçısı Aparatının inzibati binasında bərpa-tamamlama işləri davam etdirilib. Hesabat ilinin ən böyük layihələri Heydər Əliyev Seyrəngahı, Ağsu şəhərinin mərkəzində Heydər Əliyev Məktəb-Muzeyi və ərazisi genişləndirilərək tamamilə yenidən qurulan Heydər Əliyev Parkı olub. Ötən il rayonda 518 nəfər işlə təmin olunub. Bunun isə 104-ü daimi, 414-ü müvəqqəti iş yerləridir. Beləliklə, son 5 ildə rayonda 3109-u daimi olan 5916 iş yeri yaradılıb. 2004-2008-ci illər üçün Dövlət Proqramının uğurla həyata keçirilməsi və sosial-iqtisadi inkişaf sahəsində hesabat ilində görülən işlərin təhlili Azərbaycan da “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2009-2013-cü illər üçün davamının hazırlanması məqsədilə rayonda həyata keçiriləcək tədbirləri müəyyənləşdirməyə imkan verib. Ağsu şəhərində 5 min oturacaq yeri olan müasir stadion, məişət kanalizasiyası, yaşayış məntəqələrinin qazlaşdırılmasının başa çatdırılması və içməli su problemi ilə bağlı işlər, ümumtəhsil məktəbləri, səhiyyə və mədəni-maarif müəssisələri üçün binaların tikintisi qarşıdakı 5 ildə aparılacaq fəaliyyətin əsasını təşkil edir.

2008-ci ildə Ağsu şəhərində 52 fiziki şəxsə ticarət, iaşə, məişət və digər xidmətlər göstərən obyektlərin tikintisini aparmaq üçün icazə verilib. Bununla yanaşı, yeni layihələr əsasında tikintilər aparılıb, bir çox ticarət və iaşə xidməti obyektinin xarici görünüşünün dəyişdirilməsi ilə bağlı işlər görülüb.

2007-ci illə müqayisədə 2008-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 2 dəfə artaraq 9 milyon 630 min manata çatıb. İl ərzində ümumi sahəsi 6535 kvadratmetr, yaşayış sahəsi isə 3380 kvadratmetr olan 52 fərdi mənzil tikilib.

 

Kənd təsərrüfatı ildən-ilə inkişaf edir

 

2008-ci ildə Ağsu rayonunda ümumi məhsul istehsalının həcmi 78 milyon 123 min manata çatıb. Bu isə 2007-ci illə müqayisədə 26,1 milyon manat çoxdur. Ümumi məhsul buraxılışında aqrar sahənin xüsusi çəkisi 60,2 faiz olub. Kənd təsərrüfatı istehsalının həcmi 46 milyon 844 min manat təşkil edib ki, bunun da 29 milyon 816 min manatı bitkiçilik, 17 milyon 28 min manatı heyvandarlıq məhsullarıdır.

Hesabat ilində 89,7 min ton taxıl istehsal edilib və məhsuldarlıq hər hektarda 29,1 sentnerə yüksəlib. 2007-ci illə müqayisədə taxıl istehsalının həcmi 9671 ton artıb. İl ərzində 641 ton pambıq, 1190 ton üzüm, 5079 ton meyvə, 5839 ton bostan, 3175 ton tərəvəz məhsulları istehsal olunub. Heyvandarlıq sahəsinin inkişafında dinamik artım davam edib, Dövlət Proqramına uyğun olaraq rayonda üzümçülüyün və meyvəçiliyin dəstəklənməsi ilə bağlı tədbirlər həyata keçirilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi nəticəsində taxıl əkini sahələri artaraq 36743 hektara çatıb. Bu isə əvvəlki göstəricidən 5919 hektar çoxdur.

Sahibkarlığın inkişafı ilə bağlı görülən işlər məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisinin artmasına səbəb olub. Artıq aqrar sahənin məhsulları, demək olar ki, bütünlüklə özəl bölmədə istehsal olunur. Nəqliyyat sahəsi də tamamilə özəl əsaslara keçib. Sənaye məhsulu istehsalında qeyri-dövlət sektorunun payına 1 milyon 175 min manatlıq məhsul düşür ki, bu da ümumi istehsalın 53 faizini təşkil edir. 2008-ci ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 60 milyon 562 min manat təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 55,6 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətin həcmi əvvəlki illə nisbətdə 2 milyon 610 min manat ötərək 8 milyon 765 min manata çatıb. Ötən il rayon büdcəsinin mədaxil proqnozu 9 milyon 123 min manata qarşı 8 milyon 720 min manat və ya 95,6 faiz icra olunub. Bu da 2007-ci ilə nisbətən 2 milyon 171 min manat və ya 33,2 faiz çoxdur. Rayon büdcəsinə 2 milyon 444 min manatlıq vergi və rüsumlar daxil olub və gəlirlər proqnozuna 143,7 faiz əməl edilib. Bu, 2007-ci illə müqayisədə 1 milyon 326 min manat və ya 2,2 dəfə çoxdur. 2007-ci ilə nisbətən iqtisadiyyatın müxtəlif sahələrinə 2 milyon 171 min manat çox vəsait yönəldilib.

Təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta sistemində fərdi uçotun əhatə dairəsinin genişləndirilməsi və əhalinin pensiya təminatında vahid sistemin yaradılması sahəsində müəyyənləşdirilən tapşırıqların icrası ilə əlaqədar tədbirlər davam etdirilib. Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 1 milyon 873 min manat vəsait toplanıb ki, bu, 2007-ci illə müqayisədə 446,6 min manat çoxdur. Daxilolmaların ümumi məbləğində özəl sektor və qeyri-büdcə təşkilatlarından alınan vəsaitin xüsusi çəkisi 12,6 faiz təşkil edib. Hesabat ilində təqaüdlərin və müavinətlərin ödənilməsinə 9 milyon 527 min manat vəsait yönəldilib və rayon üzrə hər təqaüdçüyə düşən orta aylıq pensiyanın məbləği 83,85 manata çatıb.

Sosial yardıma ehtiyacı olanların müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilib. 2008-ci ildə 1391 ailə ünvanlı dövlət sosial yardımı almaq üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib. Onlardan 1280-nin sənədləri qeydiyyata alınıb və bundan 5-nə yardım təyin olunmasından imtina edilib.

 

Yeni qurulan infrastrukturlar əhalinin rahat yaşamasına təminat verir

 

Rayon əhalisinin elektrik enerjisinə tələbatının ödənilməsi 2008-ci ildə də diqqət mərkəzində saxlanılıb. Elektrik verilişi xətlərində və transformator yarımstansiyalarında təmir işləri aparılıb, enerji ödənişində kart sisteminə keçilməsi üçün Ağsu şəhərində 47 kilometr məsafədə SİP kabel xətti çəkilib. Bütün istehlakçılar tərəfindən il ərzində rayonda 32,1 milyon kilovatt-saat elektrik enerjisindən istifadə olunub. Alınan enerjinin dəyəri 1 milyon 926 min manat təşkil edib. Paylayıcı Elektrik Şəbəkəsinə enerji istifadəçilərindən 1 milyon 655 min manat pul daxil olub. Ödəniş məbləği 2007-ci illə müqayisədə 126,1 min manat artıb.

Hesabat ilində rayon mərkəzinə və 5 kənd yaşayış məntəqəsinə təbii qaz verilib. Əhalinin qaz təminatını yaxşılaşdırmaq məqsədilə Ağsu şəhərinin Heydər Əliyev küçəsində və ona yaxın ərazidə 3600 p/m uzunluqda orta təzyiqli yeni qaz kəməri isifadəyə verilib. Vidadi küçəsində yerləşən 60 mənzilli 2 yaşayış binasının sakinlərinə təbii qaz verilməsi üçün 460 p/m uzunluqda xətt çəkilib, 3-cü məhəllədə yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülüb. Dağlıq zonada yerləşən Dilman kəndinin qazlaşdırılması başa çatıb, Padar kəndinə təbii qaz verilişi bərpa olunub. Rayonun Daşdəmirbəyli, Aratlı-Curuğlu, Bozavand kəndlərinə təbii qaz verilişinin bərpası üçün xətlərdə təmir-bərpa işləri aparılıb. 2008-ci ildə 12 milyon 468 min kubmetr qaz alınıb və bunun 11 milyon 959 min kubmetri istehlak olunub. İstehlak olunan qazın dəyəri 576,5 min manat təşkil edib.

Hesabat dövründə Su-Kanal İdarəsinin gəlirləri 175,7 min manat təşkil edib ki, bunun 56 min manatı əhalidən, 119,7 min manatı isə hüquqi şəxslərdən daxil olub. Büdcədən maliyyələşən təşkilatlara 115,5 min manatlıq xidmətlər göstərilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2007-ci ildə tikilib istifadəyə verilən hər biri 16 mənzilli 2 ictimai yaşayış binasının su təchizatını yaxşılaşdırmaq məqsədilə 500 metr məsafədən yeni xətt çəkilib. İl ərzində Ağsu şəhərinin ayrı-ayrı küçələrində ümumi uzunluğu 842 metr olan su xətlərində təmir işləri görülüb, əlavə olaraq 50 abonentə su verilməsi ilə bağlı tədbirlər həyata keçirilib. 2008-ci ildə Suvarma Sistemləri İdarəsinə 798,14 min manat pul vəsaiti daxil olub. Bundan 764,2 min manatı mərkəzləşdirilmiş büdcədən ayrılıb, 33,94 min manatı isə pullu xidmət göstərilməsindən toplanan vəsaitdir.

Rabitə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün rayonda müəyyən tədbirlər həyata keçirilib. Hesabat ilində rayon əhalisinə montaj tutumu 5850 nömrə olan şəhər və kənd Avtomat Telefon Stansiyaları ilə şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri göstərilib. ATS olmayan 21 kənddə hər birinin nömrə tutumu 4 ədəd olan peyk rabitə avadanlığı quraşdırılıb. Hazırda rayon üzrə hər 100 nəfərdən 7-si telefon nömrələri ilə təmin edilib. Bundan əlavə, mobil telefon rabitəsi şəbəkəsinin imkanlarından da geniş istifadə edilir.

Göstərilən xidmətlərdən il ərzində 316 min manatlıq tarif gəliri əldə edilib, bir işçiyə və bir telefon aparatına düşən gəlir göstəriciləri proqnozlardan və əvvəlki illə müqayisədə yüksək olub. Qovşaq üzrə orta aylıq əməkhaqqının məbləği 2007-ci illə müqayisədə 32,5 faiz artaraq 155 min manata çatıb.

2008-ci ildə Kommunal Müəssisələri Kombinatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə müxtəlif maliyyə mənbələri hesabına 5 ədəd xüsusi təyinatlı avtomobil alınıb. Kommunal təsərrüfatının saxlanılması üçün ötən il 196,8 min manat vəsaitdən istifadə edilib.

Mənzil-İstismar İdarəsi tərəfindən hesabat ilində ictimai yaşayış binalarında aparılan kommunal xidmət və təmir işlərinə 80,9 min manat vəsait xərclənib.

 

Təhsil, səhiyyə və mədəniyyət sahələrinə dövlət qayğısı rayonun inkişafına stimul verir

 

Təhsil, səhiyyə və mədəniyyət sahələrində də islahatlar davam etdirilib. 2004-2008-ci illər Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana-yeni məktəb” devizi altında həyata keçirilən tədbirlər çərçivəsində rayonda şagird yerlərinin sayı 2924 olan 13 məktəb binası tikilib istifadəyə verilib, yeni inventar və avadanlıqlarla təchiz olunub. Həmin müddətdə inşa edilən 13 sinif korpusu hesabına 4 məktəbdə genişləndirmə işləri aparılıb. Təkcə 2008-ci ildə 4 orta, 1 əsas və 2 ibtidai məktəb binası tikilib.

2008-ci ildə səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, həkim kadrları və orta tibb işçiləri ilə təminatı yaxşılaşdırılıb. Kalva kənd sahə xəstəxanası yeni istifadəyə verilən 15 çarpayılıq binada fəaliyyət göstərir, Səhiyyə Nazirliyindən 2 təcili tibbi yardım avtomobili alınıb. İl ərzində 4 həkim, 9 orta və 14 kiçik tibb işçisi işə qəbul olunub. Hazırda səhiyyə müəssisələrində çalışanların sayı 626 nəfərdir.

Rayon ərazisində yerləşən və dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən 24 abidə inventarlaşdırılıb və onlara tanınma lövhələri vurulub.

 

Ağsuda işsizlik problemi aradan qaldırılır

 

Rayon əhalisinin 16,3 min nəfərini və ya 23,4 faizini təşkil edən gənclərin vətənpərvərlik tərbiyəsi işinə diqqət artırılıb, gənclərin hərtərəfli inkişafı, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, bacarıq və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə Gənclər və İdman İdarəsi tərəfindən ötən il rayonda 35 müxtəlif tədbir keçirilib. “Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq tədbirlər planı hazırlanıb və icrasına nəzarət edilir.

2006-2015-ci illər üçün “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na uyğun olaraq əmək ehtiyatlarından daha dolğun istifadəni və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə rayonda müəyyən tədbirlər həyata keçirilib. İl ərzində Məşğulluq Mərkəzinin köməyi ilə 208 şəxs işlə təmin olunub. 2008-ci ildə 40 nəfərə işsizlik müavinəti təyin edilib və onlara 31 min manat müavinət ödənilib.

 

Sakinlərin problemləri yerindəcə həll olunur

 

 Rayon rəhbərliyinin vətəndaşlarla bilavasitə yerlərdə keçirdiyi qəbullar nöqsanların və problemlərin operativ qaydada öz həllini tapmasına imkan yaradıb. 2008-ci ildə keçirilən 51 görüş-qəbulda 1831 nəfər iştirak edib, 271 tənqidi qeyd və təklif irəli sürülüb. Qaldırılan məsələlərdən 169-u müsbət həll edilib. 40 problemlə bağlı layihələndirmə və maliyyə mənbələri müəyyənləşdirilməsi məqsədilə respublika təşkilatları qarşısında məsələ qaldırılıb, 62 məsələnin həlli isə nəzarətə götürülüb. Bundan başqa, 2008-ci ildə rayon icra hakimiyyətinin rəsmi internet saytı açılıb. Bu, rayon haqqında, eləcə də, həyata keçirilən çoxsaylı tədbirlər barədə məlumatların qısa zaman kəsiyində internet vasitəsilə respublika ərazisində və onun hüdudlarından kənarda yayılmasına imkan verir.

 

Ağsulular yekdilliklə Yeni Azərbaycan Partiyasını dəstəkləyir

 

Ağsu rayonu hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. 2008-ci il prezident seçkiləri zamanı Ağsu rayonu da seçici fəallığı ilə seçilib. Seçim hüququ olan insanların 78,5 faizi seçkidə iştirak edib və onların 83,94 faizi Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səs verib. Rayonun aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasıdır. 1993-cü ilin noyabrın 19-da təsis olunan Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı yarandığı dövrdə cəmi 9 ərazi ilk təşkilatını özündə birləşdirirdisə, bu gün onların sayı 88-ə çatıb. 2932 üzvü olan Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatına 2008-ci ildə 128 yeni üzv qəbul olunub. Üzvlərin böyük bir hissəsini-916 nəfərini gənclər təşkil edir. Bütün Ağsu ictimaiyyəti ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə ölkənin yeni-yeni uğurlar qazanacağına inanır.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2009.- 16 may.- S.10-11.