Əfsanəyə dönmüş mahnılar

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Müslüm Maqomayevin xatirəsi anılıb

 

D.Şestakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert proqramı keçirilib. “Əfsanəyə dönmüş mahnılar” adlı xatirə gecəsi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Yelena Obraztsova Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Konsertdə Rusiyanın Xalq artisti Stanislav Qorkovenkonun rəhbərlik etdiyi Sankt-Peterburq Qubernator orkestrinin müşayiəti ilə opera sənətinin ulduzları - SSRİ Xalq artisti Yelena Obraztsova, beynəlxalq müsabiqələr laureatı Dinara Əliyeva, Olqa Sema, Oksana Şilova, Metodiye Bujor və Vladimir Serebrovski çıxış ediblər.

Azərbaycan və dünya mədəniyyətinin incisi, təkrarolunmaz bariton səsə malik əfsanəvi Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsü Osmanov, diplomatik nümayəndəliklərin başçıları, şəhər administrasiyasının nümayəndələri, görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

 

Yeni Azərbaycan.- 2009.- 22 may.- S.8.