Bakıda Mərkəzi Asiya örtükləri sərgisi açılıb

 

Noyabrın 5-də Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin R.Mustafayev adına Azərbaycan Milli Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından Mərkəzi Asiya örtükləri sərgisi açılıb.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, Dövlət İncəsənət Muzeyinin bu binası əsaslı təmirdən sonra belə bir əlamətdar hadisə ilə fəaliyyətə başlayır. Burada bir-birindən maraqlı sərgilər təşkil ediləcək.

Nazir vurğulayıb ki, Bakı İslam mədəniyyətinin paytaxtı-2009 mədəniyyət ili çərçivəsində paytaxtımızda ilk dəfə təşkil edilən bu beynəlxalq sərgidə Mərkəzi Asiyada istifadə olunan örtük parçalardan hazırlanmış 58 adda müxtəlif çeşidli geyimlər nümayiş etdirilir.

Tədbirdə çıxış edən Viktoriya və Albert muzeyinin Mərkəzi Asiya departamentinin baş kuratoru Tim Stenli Azərbaycanda təşkil edilən sərginin tarixi əhəmiyyətindən danışıb.

Elmi mənbələrdən bəllidir ki, Mərkəz Asiyanın zaman-zaman dəyişən, Xəzər dənizi, Sibir düzləri, İran səhraları ilə əhatələnən təbii sərhədləri daxilindəki ərazilərinə bu gün müstəqil dövlətlər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də, Əfqanıstanın və Qərbi Çinin bir hissəsi daxildir. Dəniz yolları açılmazdan əvvəl Şərqlə Qərb arasında ticarətin inkişafını təmin edən Böyük İpək yolu məhz bu ərazilərdən keçıb. Bu mövqe isə həmin ərazilərdə Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə şərait yaradıb.

Natiq deyib ki, cari ildə Viktoriya və Albert muzeyinin dünyanın 15 ölkəsində 30-a yaxın sərgisi açılıb. Bakıdakı sərgi aparılan işin davamı baxımından olduqca yüksək səviyyədə təşkil edilib.

R.Mustafayev adına Azərbaycan Milli Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təmir olunan bu muzey, bizə dünyanın qabaqcıl muzeyləri ilə əməkdaşlıq etmək imkanı yaradıb. Bu sərgi buna bariz nümunədir.

İ.İsrafilov vurğulayıb ki, mədəniyyətlərarası dialoqun, qarşılıqlı mədəni əlaqələrin əməli nümunəsi olan bu sərgidə nümayiş etdirilən eksponatlar tarixi-etnoqrafik, eləcə də, bədii-estetik baxımdan bizə çox yaxındır. Çünki tarixi İpək yolu ölkələrinin incəsənətində oxşar elementlər mövcuddur.

Sərgi 2010-ci il martın 3-dək davam edəcək.

 

 

Yeni Azərbaycan.- 2009.- 6 noyabr.- S.8.