Oxuyardı Bülbül... Oxuyur Polad

 

Bülbül Fondunda ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlunun yeni diskinin təqdimat mərasimi keçirilib. “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu” adlı disk Azərbaycan xalq mahnılarından ibarətdir. Sözügedən xalq mahnıları Bülbülün ifa etdiyi, indi isə oğlu Polad Bülbüloğlunun ifasında hazırlanan musiqilərdir.

Təqdimatda səhnə üçün darıxdığını etiraf edən P.Bülbüloğlu yeni layihəsi ilə bağlı fikirlərini bölüşərkən söyləyib: “Diskdə yer alan 12 mahnını Siyavuşla birgə, iki mahnını isə Moskvada yazdırmışam. Disk satış üçün deyil, yalnız dostlara hədiyyədir. Diskin pirat versiyasının hazırlanmasından çox narahatam. Bu disk satışda olmayacaq. Diski satışda görsəniz bilin ki, əsl variantı yox, piratdır. Diski əldə etmək istəyənlər üçün isə onu şəxsi veb-saytımda yerləşdirəcəyəm. Hesab edirəm ki, bu mahnılar Azərbaycan musiqisinin inciləridir”. Daha sonra səbəbkar Xalq artisti Siyavuş Kərimi, Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun müşayiəti ilə “Bağçada güllər”, “Gülə-gülə” kimi bir neçə xalq mahnısını ifa edib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük Bülbülün varisi və davamçısı olan P.Bülbüloğlunun ifasında səslənən Azərbaycan xalq mahnılarının tutduğu zirvədən, Xalq artisti Arif Babayev isə Polad Bülbüloğlunun xalq mahnılarını çox düzgün ifa etməsindən danışıb. Tədbirdə iştirak edən SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova isə Polad Bülbüloğlunun yeni layihəsi ilə bağlı fikirlərini bölüşərkən “görünən dağa nə bələdçi?”- söyləyib. Sonda səbəbkar tərəfindən bütün qonaqlara imzalı disk hədiyyə olunub.

Məlumat üçün onu da bildirək ki, inzibati işlərlə əlaqədar tələbə yetişdirməyə vaxtı olmadığını bildirən P.Bülbüloğlu buna baxmayaraq, yaradıcılığını davam etdirdiyini diqqətə çatdırıb. Yeri gəlmişkən, qeyd edək ki, P.Bülbüoğlunun “Qorxma mən səninləyəm-2” filminin ssenarisi də hazırdır və artıq Yuli Qusman tərəfindən filmlə bağlı işlərə başlanılıb. Bu arada, yeni filmdə P.Bülbüloğlu yenidən aktyor olaraq tamaşaçıların görüşünə gələcək.

 

 

Yeni Azərbaycan.- 2009.- 29 sentyabr.- S.7.