MİSİRDƏ ÖLDÜRÜLƏN HƏMVƏTƏNİMİZİN HƏYAT HEKAYƏTİ

 

Dəfn mərasimi həmişə ağır olur. Onu bir qədər təntənəli şəkildə də təşkil etmək mümkündür. Hətta bəzən təntənəli dəfn mərasiminə rəsmiyyətçilik də əlavə olunur. Amma onunla vida mərasimi tamam başqa cür idi. Hər şeydən əvvəl hamıda bir ürək yanğısı, ürək ağrısı vardı. Qəbiristanlığın darvazası önündə narın yağış damcıları altında bir cavan oğlanın dediyi sözlər sanki adamların fikirləri ilə həmahəng idi: “Niyə bizi tək qoydun, ay Nicat?!”.

 

Bütün bunları qürbətdə talesiz bir gülləyə tuş gələn 24 yaşlı Nicat Qocayevin dəfnində görüb, eşitdim. Tanıdığın adamın ölümü həmişə adama ağır gəlir. Bu gün də Nicatın ailəsi, qohumları və dost-tanışları üçün onun ölümü gözlənilməz idi. Bir Şərq mütəfəkkirinin dediyi kimi, “hətta bildiyimiz şeyə də inanmağımız gəlmir”. İndi də belə idi: Nicat haqqında xatirələr o qədər canlıdır ki, ölümü belə yaxına buraxmır...

 

İstedadlı gəncin ömür yolu

 

Nicat Qocayevin ailəsi Ağcabədi rayonunda yaşayır. Ailənin Nicatdan başqa bir qızı var. Nicat da 1987-ci il yanvarın 12-də bu rayonda anadan olub. Onun uşaqlıq dövrü və gəncliyi doğma yurdunda keçib. Orta məktəbi əla qiymətlərlə bitirən Nicat Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olur. Orta məktəbdə olduğu kimi, universitetdə də əlaçı oxuyur. Universiteti bitirdikdən sonra ikinci ali təhsil almaq qərarına gəlir. Və İqtisadiyyat Universitetinin mühasibat uçotu fakültəsinə daxil olur. 23 yaşında qiyabi təhsil ala-ala Xarici İşlər Nazirliyində işə düzəlir. Onun səfirlikdə işə düzəlməsinə öz biliyi və bacarığı yardımçı olur. Belə ki, Nicat türk, rus, ingilis, ərəb dillərini müstəqil bilirdi. 8 ay XİN-də çalışdıqdan sonra 2010-cu ilin avqust ayında onu Qahirəyə, Azərbaycanın Misirdəki səfirliyinə ezamiyyətə göndərirlər. Nicat orada mühasib vəzifəsində çalışır. Ta ki, həlak olduğu günə kimi...

Nicatın başqa istedadı da vardı. O, çox gözəl şahmatçı idi. Dəfələrlə şahmat oyunlarında birinci yerə çıxmışdı. O, həmçinin gözəl tar çala bilirdi. İdmanın karate növü ilə məşğul olurdu.

 

Ölüm gəldi, bir anda...

 

Həmişəki kimi Nicat hazırlaşıb evdən çıxır və işə gedir. O, Misirdə baş verən ixtişaşlardan xəbərdar idi. Vəziyyətin təhlükəli olduğunu da bilirdi. Ailəsi ilə sonuncu dəfə danışanda da bunu onlara demişdi. İş yoldaşları, yaxınları bir-birlərinə ehtiyatlı olmağı tapşırırdı. Həmin gün Nicat dostu ilə birgə işdən çıxıb maşına əyləşir. Nicat sükan arxasında olub. Dostunun valideynləri isə arxa oturacaqda əyləşib. Qəfilcən Nicatdan titrək səs çıxır: “Mənə nəsə oldu...”. Bu onun son sözü olur. Və keçinir. Deyilənə görə, 10 dəqiqə sonra onu həkimə çatdırırlar. Ancaq çox gec idi. Nicat ölmüşdü. Güllə onun bədəninin sağ hissəsindən dəyib, ağciyərini parçalamışdı. Bu qara xəbər ildırım sürəti ilə Bakıya yayılır. Televiziyalar, qəzetlər, saytlar hamısı bu bəd xəbəri aləmə car edir. Ancaq valideynləri hələ də onun öldüyünü bilmirdi. Ta ki, atası Rza Qocayev ona zəng edənə kimi. Nicat ölümündən bir neçə saat əvvəl atası ilə danışıb, ölkədə vəziyyətin təhlükəli, ancaq özünün ehtiyatlı davrandığını demişdi. Ancaq valideynləri daim təlaş içində idi. Hər saat ona zəng edirdilər. Nicatın ölüm xəbərini valideynləri televiziyadan eşidir. Ancaq xəbərin dəqiqliyinə inanmırlar. Sonra hər şey gerçək olur. Bir gün sonra onun cəsədini doğma yurduna-Ağcabədi rayonuna gətirirlər. O, rayonun Hüsülü kəndinin qəbiristanlığında dəfn olunur.

 

“Tale balamı mənə axıra kimi vermədi..”

 

Nicatgilə çatanda evlərinin qarşısında yas çadırı qurulurdu. İçəridə iniltili səslə yavaş-yavaş danışan yaşlı bir kişi: “Ola bilməz”, “Mümkün deyil” sözlərini təkrarlayaraq nalə çəkirdi. Qəfildən əlləri yanına düşdü. Qollarından tutub stula əyləşdirdilər. Mənim jurnalist olduğumu biləndə: “Qızım, nə yaxşı ki, siz gəlirsiniz. Azca da olsa təsəlli tapa bilirəm. Ata üçün çox ağır dərddir, çox...”. Bir neçə dəqiqə susur. Sonra övladı ilə bağlı xoş xatirələrini danışır. Onu bizə tanıdır: “Yanvar ayının 12-də 24 yaşı tamam olmuşdu. Onun ad gününü kompüter arxasında ata-bala qeyd etdik. Tort kəsib bizə ayrıca pay saxladığını göstərirdi. Oğlumun öldürüldüyü gün anasının ad gününə, dəfn günü isə atasının ad gününə düşdü. Demişdi ki, bizim də ad günümüzü eyni özününkü kimi qeyd edəcək. Artıq ömürlük ad günümüzü oğlumuzun dəfn günü kimi qeyd edəcəyik. Neçə dəfə ona dedim ki, Nicat, sənin üçün çox darıxmışıq. Xahiş etdim ki, gəlsin bura. Dedi ki, mart ayında gələcək. Həm imtahanlarını verməyə, həm də 10 gün yanımızda qalacaqdı. Amma balamın ölüsünü üstündə ərəbcə sözlər yazılmış tabutda gətirdilər. Tale balamı mənə axıra kimi vermədi. Anası hazırlaşırdı gələn il onu evləndirsin. Ancaq balamın toyu budur” deyib, əlini çadıra uzadır. Siqaret tüstüsünü içinə çəkə-çəkə gözləri dolmuş sözünə davam edir: “Çox istedadlı uşaq idi. Cəngavər kimi bir oğul idi. Dostluq etməyi bacaran idi. Dost yolunda hər şeyindən keçərdi. Elə ona görə tale onu məndən aldı. Oğlumun arzuları çox idi. Ata kimi övladımdan çox şeylər gözləyirdim. Müəyyən bir dövr var ki, ata oğula atadır. O dövr bitdikdən sonra isə oğul atanın dirəyi olur. Mən 55 yaşımda özümü rahat hiss edirdim ki, Nicatım var. Demişdi ki, universiteti bitirən kimi elmi iş götürəcək. Ona çox güvənirdim. Bir oğlum var idi. O, da getdi. İndi qızım mənə həm oğul, həm də qız olacaq. Allah bu dərdi heç kimə göstərməsin. Evin bir sütununu yavaşca silkələyəndə aşır. Oğlum da ailəmizi silkələdi”. Bu zaman orta yaşlı bir kişi yas çadırına Nicatın son şəkillərindən birini asır. Rza dayı şəkili görəndə gözlərini ona zilləyib hönkür-hönkür ağlamağa başlayır.

Nicatın anası İzzət xanım isə şokda idi. Otağa yığışan qohum-əqraba dedi ki, 3 gündür ki, onun dilinə su belə dəymir. Heç kimlə danışmır. Elə hey “balam” deyib, ağlayır.

Həmyerliləri Nicatı alicənab, ailəsinə və işinə vurğun insan kimi tanıyır. Dostları Nicatı “Nici” deyə çağırırmışlar. İndi onun şəkilləri dostlarının maşınının salonunda asılıb. Dostu Ramal və Rüstəm isə onunla bağlı o qədər xoş xatirələr danışdılar ki, bəlkə də yazmaqla bitməz. Qohumları da Nicatın ölümünə inana bilmir. Əmisi onu öz balası kimi çox istədiyini deyir: “Nicat bizim ümid yerimiz idi. Nə problemimiz olurdu, ona deyirdik. Heç kimə də yox deməzdi. Onun gələcəyi qarşıda idi. Heyf...”. Həmin gün hamı Nicatla bağlı xatirələrini bölüşür, onun yoxluğuna inanmaq istəmədiklərini deyirdilər. Doğma yurdunda

Nicat kimi istedadlı gənclə, ülvi bir insanla ünsiyyətdə olmaq hamının yaddaşında dərin iz buraxıb, xoş xatirələr qoyub.

Dostları, onu tanıyanlar Nicatın yoxluğu ilə hələ də razılaşmır. Onun sağlığındakı kimi yenə də Nicatın “Facebook”dakı səhifəsinə daxil olub, hər gün, bəlkə də hər saat ürək sözlərini yazır, bununla təsəlli tapmağa çalışırlar. Nicat həyatının ilk şirinliyini və ilk acılığını doğma yurdunda gördü. Amma ölümünü qürbətdə. Ondan geriyə qalan isə sertifikatları, diplomları və şəkilləridir...Allah rəhmət eləsin!

 

 

Günay MUSAYEVA

 

Yeni müsavat.- 2011.- 2 fevral.- S. 5.