ERMƏNİLƏR HƏM QORXUR, HƏM QORXUDUR

 

Xankəndində mülki müdafiə ilə bağlı xüsusi müşavirə keçirilib, işğalçı ordu isə Azərbaycan ərazilərində yeni manevrlər keçirir

 

Erməni mənbələrinin xəbərlərinə görə, dünən Xankəndində separatçı erməni rejiminin rəhbəri Bako Saakyan mülki müdafiəyə həsr olunmuş geniş toplantı keçirib. Toplantıda mümkün hərbi əməliyyatlar zamanı Xankəndində və digər yaşayış məntəqələrində əhalinin yerləşdirilməsi nəzərdə tutulan sığınacaqların vəziyyəti, evakuasiya planları və digər məsələlər müzakirə edilib. Digər xəbərə görə isə (APA) Ermənistan işğalçı qüvvələri dünən saat 13.30 radələrindən başlayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıblar. Təlimlərin Ağdərə rayonunun işğal altında olan “3 saylı sovxoz” adlanan ərazisində keçirildiyi bildirilir. Həmin istiqamətdə, Tərtər rayonunun bir çox yaşayış məntəqələrində güclü partlayış səsləri eşidilib. Təlimlərdə avtomat, pulemyot, iri çaplı silahlar, eyni zamana artilleriya qurğularından istifadə edildiyi ehtimal olunur. Erməni işğalçı qüvvələri hər dəfə münaqişə ətrafında vəziyyət gərginləşəndə müharibənin başlanması ehtimalı artanda bu cür təlimlər keçirir.

 

ATƏT sədri vəziyyətin gərginləşdiyini deyir

 

Münaqişənin siyasi yolla nizamlanması imkanları isə hazırda xeyli tükənmiş hesab edilir. Bir gün əvvəl Moskvada səfərdə olan ATƏT sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib ki, Dağlıq Qarabağdakı gərginliyin yeni bir partlayışa səbəb olmasına yol verilməməlidir: “Mən həmkarlarımla görüş zamanı hiss etdim ki, hamı həqiqətən də vəziyyətdən çox narahatdır. Vəziyyət heç bir dövrdə asan deyil. Amma vəziyyət həqiqətən də gərginləşir. Böyük dövlətlərdən heç biri bölgədə partlayışın olmasını istəmir. Son zamanlar Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasındakı görüşləri bölgədəki gərginliyi azaltmaq baxımından əhəmiyyətli cəhdlər kimi qiymətləndiririk”.

Ajubalis yaxın vaxtlarda Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlayıb: “Dağlıq Qarabağ münaqişəsini mən bu yaz Azərbaycana və Ermənistana səfərimdə müzakirə edəcəyəm. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların Minsk Qrupu çərçivəsində aparılmasını dəstəkləyirik. Münaqişənin sülh yolu ilə həlli üçün etimad mühitini möhkəmləndirməyə çalışacağıq. Ən vacib məsələ odur ki, vəziyyətin gərginləşməsinə imkan vermək olmaz. Bu gərginlik xüsusilə 1 ildir ki, artır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatıq ”deyə, ATƏT sədri bildirib. Ajubalis əlavə edib ki, münaqişənin uzun illərdir həll olunmaması regionda tamam yeni nəslin formalaşmasına gətirib çıxarıb. Bu səbəbdən münaqişəni həll etmək imkanları da çətinləşib.

 

Vladimir Sokor: “Lutvanın ATƏT-ə sədrliyi sülh danışıqlarına təkan verə bilər”

 

Vaşinqtonun Ceymstaun Fondunun (Jamestown Foundation) Şərqi Avropa məsələləri üzrə siyasi analitiki Vladimir Sokor isə əmindir ki, Litvanın ATƏT-ə sədrliyi Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ sülh danışıqlarına təkan verə bilər. (APA)

Sokor qeyd edib ki, Qərb bu məsələ ilə Rusiyadan daha az məşğul olmuş kimi görünür: “Məsələn, Vaşinqton prosesə səfirlər səviyyəsində qoşulub, amma Rusiya bu məsələ ilə prezident səviyyəsində məşğuldur. 2009-2010-cu illərdə Vaşinqton Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması və Türkiyə-Ermənistan sərhədlərinin açılması arasında əlaqəni qırmaqla prosesi az qala pozmuşdu. Fransa bu prosesdə öz imkanlarından istifadə edərək həmsədr rolunu oynayır, hansı ki, bu rolu Lissabon müqaviləsi və Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti qüvvəyə minəndən sonra Avropa Birliyi oynaya bilərdi”. Analitikin fikrincə, ATƏT-in münaqişələrin qarşısını almaq, böhranları idarə və həll etmək sahəsindəki imkanlarının möhkəmlənməsi yaxşıdır, amma əks nəticələrə də gətirib çıxara bilər.

 

Beynəlxalq Böhran Qrupu da müharibə riski ilə bağlı hesabat hazırlayıb

 

Xəbərlərə görə, Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsi Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunu da narahat edir. Təşkilat münaqişə ilə bağlı növbəti hesabat hazırlayıb və onu gələn həftənin ortalarında təqdim edəcək. Bu barədə “Trend” agentliyinə təşkilatın proqram direktoru Sabina Freyzer bildirib. “Məruzənin əsas mövzusu Azərbaycanla Ermənistan arasında yeni müharibənin mümkünlüyüdür” deyə, o bildirib. Məruzə Böhran qrupunun ekspertlərinin Azərbaycanda və Ermənistanda apardıqları araşdırmalara əsaslanır. Bu araşdırmalar üzərində iş son dörd ay ərzində aparılıb. “Biz atəşkəs rejiminin pozulması hallarının artmasını, hər iki ölkənin hərbi büdcələrini, eləcə də nizamlanmada irəliləyişin əldə edilməsində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticəsiz olmasını izləyirik”, - Freyzer bildirib. 1995-ci ildə yaradılan Beynəlxalq Böhran Qrupu (International Crisis Groupa) dünyanın müxtəlif ölkələrində vəziyyətin analizi ilə məşğul olur. Mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlayır. Dağlıq Qarabağ üzrə bundan əvvəlki məruzə 2009-cu ildə hazırlanıb.

Avropalı siyasi ekspert Amanda Pol: “Ermənilər boş yerə Dağlıq Qarabağın müstəqilliyinə ümid edirlər”

Digər avropalı ekspert, Avropa Siyasi İnstitutları Layihəsinin direktoru, Qafqazdakı vəziyyəti yaxından izləyən Amanda Pol isə Ermənistanın “Jamanax” (“Zaman”) qəzetinə müsahibəsində deyib ki, ermənilər üçün Dağlıq Qarabağın müstəqilliyinə can atmaq əbəs işdir. Onun fikrincə, böyük güclərin himayəsi olmadan heç bir separatçı bölgə müstəqillik əldə edə bilməz. Amanda Pol bildirib ki, Ermənistanda Sudanın şimalında müstəqilliyə dair referendumu Qarabağ məsələsinə şamil etmək barədə aparılan müzakirələr adekvat deyil. Çünki Sudanın şimalının müstəqilliyinə aparan mexanizm böyük güclər tərəfindən dəstəklənmişdi. Ekspertə görə, münaqişənin həlli üçün Minsk Qrupuna da ümid bağlamağa dəyməz: münaqişənin həllini ancaq iki tərəf tapa bilər-Ermənistan və Azərbaycan. “İndi hərəkət etmək növbəsi Ermənistanındır. Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantını qəbul edib. Ermənistan isə hələ tərəddüd edir. Hesab edirəm ki, Ermənistanın bu təklifləri qəbul edib danışıqlar masası arxasına qayıtmasının vaxtı çatıb. Beynəlxalq ictimaiyyət də hərəkətə keçirməlidir. İndiki status-kvonu uzun müddət saxlamaq mümkün olmayacaq. Bu məsələdə Rusiyanın üzərinə böyük rol düşür, ABŞ və Avropa İttifaqı da tərəfləri danışıqlar masasına qaytarmaq üçün səy göstərməlidir”. Ekspertə görə, münaqişə tərəfləri vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu anlayıb müstəqil şəkildə irəli getməyin yollarını axtarmalıdır.

 

Bəs həmsədrlər nədən narahatdır?

 

Minsk Qrupu həmsədrləri isə əksinə, münaqişənin nizamlanmasına başqa strukturların dolayısı da olsa qarışmasından məmnun deyil. Parisdəki diplomatik mənbədən bildirildiyinə görə, həmsədrlər AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi üzrə Alt komitənin fəaliyyətinin bərpa edilməsindən narahatdır. Mənbə deyib ki, həmsədrlər komitənin fəaliyyətinin bərpasının münaqişənin nizamlanmasına neqativ təsir göstərəcəyini düşünür: “Onlar hesab edirlər ki, buna görə məsuliyyət Alt komitənin fəaliyyətinin bərpasına dair qərar çıxaran AŞ PA Siyasi Bürosunun üzərinə düşəcək”.

Qeyd edək ki, AŞ PA-nın Qarabağ üzrə Alt komitəsi bir müddət fəaliyyət göstərsə onun fəaliyyəti heç nə vermədi və sədr Rassel-Constonun vəfatı ilə fəaliyyəti dayandı. Lakin AŞ PA-nın qış sessiyasında Azərbaycanın səyləri ilə komitənin fəaliyyəti bərpa edilib. Ermənistan nümayəndə heyəti buna qarşı çıxıb və elan edib ki, komitənin fəaliyyətində iştirak etməyəcək. Minsk Qrupu həmsədrlərinin nədən Alt komitənin fəaliyyətindən narahat olduqları başa düşülmür. Belə görünür ki, onlar növbəti dəfə erməni tərəfinin kaprizlərinə uyğun hərəkət edirlər.

 

AŞ PA-nn Alt Komitəsinin yeni sədri tərəflərlə işləməyə hazırlaşır

 

Alt Komitəsinin yeni rəhbəri Jordi Çukla i Kosta isə deyib ki, münaqişənin tematikasını mütləq öyrənmək və apreldə Alt komitə rəsmən öz işinə başlayanadək hər iki tərəflə əlaqə qurmaq fikrindədir. “Vaxtımı maksimum tematikanı öyrənməyə həsr edərək səylə işləmək fikrindəyəm. Biz yenicə başlamışıq və indi Alt Komitənin qabaqcıl təcrübəni tətbiq etməklə gələcəkdə obyektiv fəaliyyət göstərməsi üçün hər iki tərəfin mövqelərini daha yaxşı anlamaq məqsədilə onlarla işləmək vaxtıdır”, - Kosta Vaşinqtondan telefonla Trend-ə bildirib. İspaniyanın Liberallar Partiyasından olan deputat Kosta ötən cümə günü keçirilən, AŞPA Bürosunun Alt Komitənin işinin bərpa edilməsi qərara alınan iclasında Avropa Şurası Parlament Assambleyası Alt Komitəsinin sədri təyin edilib.

Münaqişələrin nizamlanmasında və vasitəçilikdə təcrübəyə malik Kosta özünün bu yaxınlarda yeni vəzifəyə təyinatını çox mühüm hesab edib."Əvvəllər Gürcüstanda və Ukraynada çalışmışam, milli azlıqların məsələləri ilə məşğul olmuşam, eləcə də münaqişələrin nizamlanması və vasitəçilik üzrə təcrübəyə malikəm. İndi Avropa məkanının sabitliyi üçün böyük önəm kəsb edən Qafqazın başqa hissəsində işləyəcəyəm", - o, deyib.

Öz fəaliyyət planlarından danışarkən Kosta bildirib ki, o, fevral və mart aylarında münaqişə regionunda vəziyyəti ətraflı öyrənməyi, akademik dairələrin nümayəndələri ilə, bir sıra siyasətçilər və səfirlərlə əlaqələr qurmağı planlaşdırır. Alt komitə rəsmən öz işinə apreldə başlayacaq və Azərbaycan və Ermənistan rəhbərliyi ilə ilk rəsmi əlaqələrin qurulması da o vaxta planlaşdırılır. Kosta onu da deyib ki, Ermənistan nümayəndə heyəti alt komitənin fəaliyyətinin bərpası ideyasına şübhə ilə yanaşsalar onların buna qarşı çıxdıqlarının şahidi olmayıb. Kostanın sözlərinə görə, regiona səfər edənədək o, vəziyyətlə bağlı tam təsəvvürə malik olmalıdır, bunun üçün Azərbaycan və Ermənistan nümayəndələri ilə işləmək tələb olunur.

 

 

Yeni müsavat.- 2011.- 5 fevral.- S. 11.