Ermənilərin ən böyük tarixi yalanı

 

Uydurma “soyqırım” iddiasından 99 il ötür; dünya erməniliyi bu yalanı dünyaya

tanıdarsa, Qarabağın işğalını rəsmiləşdirmək üçün yeni imkanlar əldə edə bilər

 

Tarixçi-araşdırmaçı Xaqani İsmayıl: “24 aprel terrorçu ermənilərin həbsi günüdür...”

 

Bu gün dünya erməniləri uydurma “soyqırım”ın ildönümünü qeyd edir. Bu münasibətlə onlar daha geniş səviyyədə tədbirlər keçirməyə çalışırlar. Çünki gələn il saxta iddianın 100-cü ildönümüdür. İşğalçı və terrorçu xislətindən 100 ildir əl çəkməyən ermənilər nəyin bahasına olur-olsun sərsəm iddialarını beynəlxalq birliyə tanıtmaq və Türkiyəni ağır durumla üz-üzə qoymaq istiqamətində dəridən-qabıqdan çıxmaqdadırlar.

 

Ekspertlərə görə, belə sərsəm iddianı beynəlxalq birlik tanısa, bu, Türkiyə üçün, Azərbaycan və bütün türk dünyası üçünçox ciddi problemlərə səbəb ola bilər. Əvvəla, o halda Ermənistanın Türkiyəyə qarşı torpaq iddiaları, təzminat davası rəsmiləşəcək. Düşmən ölkənin hazırkı konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası onsuz da əksini tapıb. İkincisi, Türkiyənin regiondakı, dünyadakı mövqeyi, nüfuzu laxlayacaq, qardaş ölkə “ikinci sort” dövlətə çevrilmiş olacaq. Ona görə ki, gözü qıpıq olacaq. Üçüncüsü, müsəlman-türk dünyasının yeganə favorit-demokratik dövləti olan Türkiyənin beynəlxalq dayaqları zəifləyəcək, türk düşmənləri fəallaşacaq. Dördüncüsü, hətta qardaş ölkənin parçalanması məsələsi gündəmə gələ bilər. Beşincisi, güclü Türkiyənin Avropa Birliyinə üzv olmasını istəməyənlər istəyinə çatmış olacaq. Altıncısı, dünyada ksenofobiya (türkofobiya), islamofobiya güclənəcək. Bunun əziyyətini ümumən müsəlman, türk toplumu çəkəcək və s.  

Azərbaycana gəlincə, Türkiyənin zəifləməsi avtomatik Azərbaycanın da zəifləməsinə və təklənməsinə gətirəcək. Ermənilərin əsas hədəflərindən biri də məhz budur. Qondarma “erməni soyqırımı”nın tanınması ilk növbədə Qarabağ məsələsində Azərbaycanın zərərinə işləyə bilər. Çünki bu halda terrorçu ermənilər özlərinə beynəlxalq birlik səviyyəsində “əzabkeş, məzlum, qırğına məruz qalmış xalq” obrazını yarada bilərlər. Bu obrazı özü haqqında yaratdıqdan sonra ermənilər Qarabağın işğalını beynəlxalq birliyə öz istədikləri kimi qəbul etdirmək üçün yeni imkanlar əldə etmiş olarlar.

Ekspertlərin fikrincə, işğalçılığı ideologiyaya çevirən Ermənistan Türkiyənin zəifləməsindən daha da şirniklənə və Naxçıvana qarşı ərazi iddialarını yenidən gündəmə gətirə bilər. Onların qənaətincə, belə təhlükəli perspektivi önləmək ən əvvəl Türkiyə ilə Azərbaycanın, dünyadakı bütün türk xalqlarının birgə hərəkət etməsindən keçir. Türkiyə və Azərbaycan diplomatiyası “erməni soyqırımı” iddialarının əsassız olduğunu dünyaya sübuta yetirmək üçün çox ciddi aparmalıdır. 

Azərbaycanla Türkiyənin qondarma iddiaya qarşı artıq müəyyən birgə mübarizə təcrübəsi var. 2012-ci ildə Fransa parlamentinin qəbul elədiyi erməni məsələsini inkara görə cəza nəzərdə tutan qanunun elə bu ölkənin Konstitusiya Şurası tərəfindən ləğvinə nail olunması birgə mübarizənin bəhrələrindən biri hesab edilir. Şübhəsiz, belə bir uğur iki qardaş dövlətin hökumətlərinin, diaspor təşkilatlarının, ictimai qurumlarının səyləri, iki dövlətin ortaq gücü hesabına reallaşa bildi. Bədnam qanunun ləğvinə Fransa kimi ermənipərəst dövlətdə nail olunması isə ikiqat siyasi məna daşıyırdı. Nədən ki, belə niyyətə düşmək istəyən başqa dövlətlərə xəbərdarlıq mesajı daşıyır özündə.   

Demək, çevik, düşünülmüş fəaliyyət planı olan yerdə nəticə özünü çox gözlətməyəcək. Xüsusən də o halda ki, uydurma məsələ xalis siyasi mahiyyətlidir və “erməni kartı”, sadəcə, bəzi qlobal xristian güclərinin əlində Türkiyəyə, güclənməkdə olan və Qərb üçün böyük energetik anlama malik türk dünyasına qarşı siyasi təzyiq rolundadır. Bu iddianın həqiqətən də tarixi kökü, əsası yoxdur.

İddianın saxtalığı, tarixdən deyil, siyasətdən mənbə götürdüyünü həm də o fakt sübut edir ki, 100 il ərzində xristian dünyasının özü belə onu həqiqət kimi qəbul eləməyib. Məhz öz yalanına əmin olduğu üçün erməni tərəfi məsələnin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasına bu günədək mane olur.

Siyasətçilər və tarixçilər hesab edir ki, məkrli erməni təbliğat maşınına və yalanlarına qarşı Türkiyə və Azərbaycanın daim işlək olan ortaq bir strukturu yaradılmalıdır. Oraya savadlı mütəxəssislər, qlobal siyasəti bilənlər, erməni psixologiyası və mentalitetini yaxşı bilən kadrlar cəlb edilməlidir. “Erməni soyqırımı” iddialarının cəfəngiyyat olduğunu sübuta yetirəcək sistemli proqram hazırlanmalı və məhz həmin proqramla hərəkət edilməlidir. Ermənilərin bu cəfəng iddialarına qarşı çox ciddi əks-təbliğat aparmaq lazımdır. Birinci növbədə Türkiyə, daha sonra Azərbaycan və digər türk dövlətləri rəsmi olaraq əks-təbliğat orqanını yaratmalıdırlar. Ən uğurlusu bu qurumun birgə yaradılmasıdır. Bu struktur daim qondarma erməni soyqırımı iddialarını ifşa etməlidir. Ermənilər saxta 100 illiyə hazırlaşırlarsa, bizbuna qarşı hazırlaşmalıyıq. Əks-təbliğat orqanı mövcud sənədləri çap edib dünyada yaymalı, erməniləri ifşa edən bütün materialları təqdim etməlidir. Eyni zamanda əslində ermənilərin türklərə, Azərbaycan türklərinə qarşı soyqırım törətmələri faktlarını daha effektiv şəkildə yaymalıdırlar. Bu yolla erməniləri ifşa etmək mümkündür, müasir dünyada bunun başqa yolu yoxdur. Bu məsələdə haqq ermənilərin tərəfində olmadığı üçün tarixdə erməni soyqırımının olmadığını sübuta yetirmək o qədər də çətin deyil.

Bu barədə “Yeni Müsavata danışan tarixçi araşdırmaçı, “31 mart” Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatının sədri Xaqani İsmayıl bildirdi ki, ermənilərin iddialarını alt-üst etmək üçün Osmanlı İmperiyasının və müxtəlif ölkələrin arxivlərində materiallar var. Qeyd edək ki, Xaqani İsmayıl Osmanlı İmperiyasının arxivlərində “erməni soyqrımı” məsələsini araşdıran azərbaycanlı tarixçidir. Onun dediyinə görə, araşdırılmış arxiv materiallarının hamısından birmənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi heç də soyqırım olmayıb, əslində erməni silahlı dəstələri dinc türkkürd əhalisini qırıb. 1914-cü il oktyabrın 18-dən Türkiyənin bir sıra bölgələrində ermənilər Fransa və digər Osmanlı İmperiyasını məhv etmək üçün savaşan xarici ölkələrin ordularına daxildən ciddi dəstək veriblər. Türklər və kürdlər yaşayan qonşu yaşayış yerlərinə basqınlar təşkil edib dinc əhaliyə divan tutublar. Qadınlara, qızlara qarşı təcavüz hərəkətlərinə yol veriblər: “Bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin ”soyqırımı" ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur. “Erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib. Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib. Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915-ci ildən sonra onlar bu “soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. “Soyqırım” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər. “Soyqırım” onların alver predmetinə çevrilib.

Qeyd etdiyim kimi, ermənilər komitə adı altında terrorçu dəstələr yaradıb xarici qəsbkarlara dəstək verirdilər, türk jandarma qüvvələrinə qarşı pusqular qurur, terror həyata keçirirdilər. Eyni zamanda türklər və kürdlər yaşayan qəsəbələrdə əhaliyə divan tuturdular. Ona görə də 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. O əmrə görə, 2345 erməni komitə üzvü-terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. Dövlətə qarşı qiyam qaldıran və daxildə terrorçuluqla məşğul olan ermənilər əmrə tabe olmayıb müqavimət göstərirdilər. Erməni əhali də kompakt yaşadıqları yerləri terrorçuların və xarici düşmənlərin sığınacağı üçün açıq elan etmişdi. Həmin bölgələrdə terrorçuların təmizlənməsi zamanı əhalinin ziyan çəkməməsi üçün əhali Osmanlı İmperiyasının daha təhlükəsiz müxtəlif vilayətlərinə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və malı qorunurdu. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorunmasından ötrü həkimlər ayrılmışdı. Köçürülmə zamanı epidemiya halında kəskin xəstəlik yayılmışdı. Bunu təsdiq edən həkim sənədləri kifayət qədərdir. Həmin xəstəliklərdən həm ermənilər, həm də minlərlə türk jandarma qüvvələri həlak olmuşdular.

1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülübonlar müharibə aparmasına baxmayaraq, Osmanlı hökuməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Türkiyənin qərb hissəsində yaşayan, terrorçuluqla məşğul olmayan, xarici qüvvələrə dəstək verməyən, həmçinin vəzifələrdə işləyən ermənilər isə heç yerə köçürülməyib və onlara toxunulmayıb. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Ölənlər isə əlində silah terrorçuluqla, əsgərlərə qarşı döyüşən, xarici düşmənə dəstək verən yaraqlılar olub. Xəstəlikdən və hökumət qüvvələrinə döyüşdə ölənlərin ümumi sayı maksimum 300 min nəfər civarındadır. Bunu bu gün Türkiyə dövləti də danmır. Ancaq bunu soyqırım adlandırmaq üçün heç bir əsas yoxdur. 1920 və 1921-ci illərdə Britaniya və digər ölkələrin məhkəmələrində də araşdırma aparılıb və soyqırım sübut edilməyib. Məhz buna görə də ermənilər o vaxtdan bəri məhkəmələrə heç vaxt müraciət etmirlər. Bilirlər ki, sübut yoxdur. Ona görə də məkrli planlarını, ideologiyaya çevirdikləri məsələni ancaq siyasi müstəviyə çəkirlər, ancaq müxtəlif dövlətlərin parlamentlərinin müzakirəsinə çıxarmağa çalışırlar. Halbuki qanunla bu cür iddialar parlamentə yox, məhkəmələrin müzakirəsinə verilməlidir. Məhkəmələrdə isə ermənilər hələ 1921-ci ildə uduzublar".

 

Yeni Müsavat.- 2014.- 24 aprel.- S.13.