Rəsulzadənin Atatürklə münasibətləri

 

M.Ə.Rəsulzadə 1922-ci ilin sonlarından 1931-ci ilə qədər (müxtəlif ölkələrdə də olmasını qeyd etməklə) Türkiyədə mühacirət həyatı yaşayıb. Sonradan isə 1947-1955-ci illərdə yenidən Türkiyəyə qayıdaraq fəaliyyətini davam etdirib.

1922-1931-ci illərdəki Türkiyə həyatı görkəmli dövlət xadimi, Türkiyə Cümhuriyyətinin qurucusu M.K.Atatürkün ölkəyə başçılıq etdiyi dövrə təsadüf edib.

1923-cü ildə İzmirdə keçirilən kitab festivalında M.Ə.Rəsulzadənin elə həmin ildə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti (keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti)” kitabı “Atatürk mükafatı”na layiq görülüb. Qeyd edək ki, həmin kitabı Atatürk öz şəxsi kitabxanasında da saxlayıb.

M.Ə.Rəsulzadəyə və bütövlükdə Sovetlər Birliyindən olan mühacirlərə M.K.Atatürkün münasibəti Sovet dövlətinin təzyiqi altında tədricən dəyişib və 1931-ci ildə onların ölkədən çıxmasını tələb edib. M.K.Atatürkün sonra- dan imzaladığı sənədlərdə isə digər ölkələrin mühacirləri ilə yanaşı M.Ə.Rəsulzadənin də nəşr etdiyi qəzet və jurnalların Türkiyədə yayımı qadağan olunub.

M.Ə.Rəsulzadə Türkiyə dövləti ilə əlaqəsini əsasən tanınmış dövlət xadimi Həmdullah Sübhi Tanrıövər vasitəsi ilə qurub. Onun M.K.Atatürklə şəxsi münasibətinə və görüşlərinə aid hələlik əsaslı mənbə əldə edilməyib.

Lakin M.Ə.Rəsulzadənin M.K.Atatürkə münasibəti yüksək səviyyədə olub və onu “Qurtulan Şərqin simvolu” adlandırıb (1).

Bax: M.Ə.Rəsulzadə. “Qurtulan Şərqin simvolu”. “Azərbaycan” jurnalı, İl-2, noyabr-dekabr, 1953-cü il sayı-8-9(20-21)

 

Stalinlə əlaqəsi

 

Qeyd edək ki, Stalinlə M.Ə.Rəsulzadənin yaxın münasibətləri, şübhəsiz ki, olub. Hər ikisinin apardığı mübarizənin də hədəfi eyni idi - çarizm rejimi. M.Ə.Rəsulzadə Müsavat Partiyasındakı fəaliyyətinə qədər sosial-demokrat ideyalara sahib olub, bolşeviklərlə yaxınlıq edib. Müəyyənləşdirilib ki, Stalin Bakıya 1904-cü ilin iyununda bolşevik təşkilatının fəaliyyətini gücləndirmək üçün gəlib. O, yüksək bacarığı, çalışqanlığı və sarsılmazlığı ilə seçilirdi. Dostları isə onu “Koba” adlandırırdı. Koba gürcülərdə bir quldur dəstəsinin qəhrəmanının adı idi. Bakıya gələndə - 1904-cü ildə onun 25 yaşı vardı. Onun və fəaliyyətini gücləndirdiyi RSDFP-nin Bakı təşkilatının əsas məqsədlərindən biri burada olan fəal siyasətçiləri və təşkilatları öz tərəflərinə çəkmək idi. M.Ə.Rəsulzadənin də o zaman yaratdığı “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” müsəlmanlar arasında maarifçilik fikirlərini yayır, təşkilat üzvlərində milli hisslər oyadır, rus məktəblərində tədris olunmayan türk dilini öyrədir, fəhlələr arasına gedib azadlıq və inqilabi fikirlər yayırdı. Bu təşkilatın fəallığı Stalinin və onun bolşevik dostlarının diqqətinə səbəb olmuşdu.

Onları ilk dəfə əmisi oğlu M.Ə.Rəsuloğlu tanış edir. M.Ə.Rəsulzadə ilk görüşlərini belə xatırlayır: “Bakı ətrafında yerləşən Balaxanı neft mədənləri tərəfdə bir zavodun fəhlələrinə məxsus evlərdən birində olduqca bəsit bir otaqda qarşımıza arıq, ortadan bir az hündür boylu bir şəxs çıxdı. Sadə geyimli bu zatın çopur-çopur olan üzünə diqqət etdim. Ciddi bir halda gülümsəyirdi. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Rusca danışığında gürcü ləhcəsi qüvvətli hiss olunurdu. Təbii xoş-beşdən sonra söhbət siyasi və sosial məsələlər üstünə keçdi”.

Sonradan çarlıq əleyhinə olan müəyyən toplantılarda həm də “Təkamül” qəzetinin təmsilçisi olan M.Ə.Rəsulzadənin çıxışını Stalin müdafiə etmişdi.

M.Ə.Rəsulzadə 1908-ci ildə Bakıda İ.V.Stalinlə olan bir görüşündə isə onun təklifi ilə “Qudok” qəzeti üçün “Gənc türklərin qələbəsi haqqında” məqalə yazdığını da bildirir. Həmin məqalə ilə bağlı fikir müxtəlifliyi olsa da, Stalin müdaxilə edir: “Rəsulzadənin məqaləsi yerindədir, orada yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır”.

1908-ci ilin martın 25-də Stalin Bakıda həbs edilir, Bayıl həbsxanasına salınır. Həmin ilin mart-sentyabr ayında onu qaçırmaq baş tutmur. Stalini Voloqda quberniyasının Solviçeqodsk şəhərinə sürgün etmək qərara alınır. Ona istənilən köməyi etmək üçün isə partiya kassasında pul yox idi. Belə bir vaxtda inqilabçılar M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Nicat” cəmiyyətinin iştirakı ilə “Nüfuzlu olan məşhur xanım və bəylərdən, tanınmış aktyor və aktrisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisi” düzəldirlər. Nəticədə yaxşı gəlir əldə edilir. M.Ə.Rəsulzadə yazırdı: “Bizim hissəmizə düşəcək gəlir hesabına yoldaş Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə 200 rublə istəmişdilər”. Gəzintinin üçüncü günü pulu apararkən faytonların qabağını əvvəlcədən hazırlanmış silahlı adamlar kəsir. Pulu alıb aparırlar".

M.Ə.Rəsulzadənin doğulduğu Novxanı kəndinin yaşlı adamları isə onun Stalini çar polisindən gizlədərək oradakı məsciddə saxladığını deyirdilər.

M.Ə.Rəsulzadənin Karaqandada - sürgündə yaşamış oğlu Azər isə xatirələrində onları həbs edərkən qoca nənəsinin: “Stalin bizim evdə çox olub. O, bilsə bizi azad edər” - fikrini də söyləmişdi.

Stalin isə 1920-ci ildə həbsxanada onunla görüşərkən maraqlı açıqlama verir: “Siz keçmiş mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə Sizə azadlıq verilməlidir”.

Stalinin M.Ə.Rəsulzadəni xilası ilə bağlı bir neçə fikir söylənilir. Hələlik təsdiqlənməyən bir fakta əsasən o, həbs olunanda “Gizli Müsavat”ın tapşırığı ilə Ağabala Qasımov Vladiqafqaza gedib Stalinə məlumat çatdırır və Stalin də keçmiş mübarizə dostunu xilasa gəlir.

Bəzi faktlar isə (bu haqda yazılı mənbələr vardır) Stalinin Bakıya hökumətin tapşırığı ilə gəldiyini göstərir. Çünki 1920-ci ilin noyabrın 6-da Oktyabr inqilabının bayramı qeyd olunurdu və Stalin həm də Bakı şəhər Sovetinin plenumunda iştirak edirdi. Stalin M.Ə.Rəsulzadə ilə həbsxanadakı görüşündə bu sözləri deyir: “Buraya gəlincə həbs edildiyini öyrəndim” (1, s. 26).

Stalinlə Moskvaya getmək məcburiyyətində qalan M.Ə.Rəsulzadə burada Şərq Dilləri İnstitutunda fars və rus dillərini tədris edir. Moskvada yaşadığı müddətdə Stalin ona qarşı diqqətli olur. Lakin M.Ə.Rəsulzadə ona təklif edilən əməkdaşlığı qəbul etmir.O, Stalinin başçılıq etdiyi Millətlər Komissarlığında Şərqi öyrənmə işləri ilə məşğul olacaq bir cəmiyyətə sədrliyə də razılaşmır və Moskvada yeni yaradılan “Şərq Millətləri Kommunist Universiteti”nin “Şərq ölkələrində inqilab hərəkatları” kafedrasında çalışmaqdan imtina edir. “Şərqdən - Əfqanıstandan gələn qonaqları Sovet hökuməti adından qarşılamaq şərəfi” təklifinə qürurunu sındırmayıb deyir: “Adi bir mütərcim vəziyyətinə düşmək istəmirəm”.

M.Ə.Rəsulzadə Moskvada olarkən Azərbaycanda gedən əlifba məsələləri ilə bağlı (ərəb, yoxsa latın əlifbası) D.Bünyadzadənin şəxsi xahişi ilə bir layihə hazırlayır və bu haqda yazdığı məqaləni Millətlər Komissarlığı tərəfindən nəşr olunan “Jizni natsionalnostey” (“Millətlərin həyatı”) jurnalında çap etdirir. Onun məlumatı və razılığı olmadan məqalənin sonunda “bu əlifba islahatı ilə bağlı fikirlərinin guya kommunizmi müvəffəqiyyətlə yaymaq niyyətindən irəli gəldiyi” qeyd olunmuşdu. M.Ə.Rəsulzadə buna ciddi etirazını bildirmiş, narazılıq məzmununda bir məktubu redaksiyaya göndərsə də çap edilməmişdi.

Moskvada siyasi mübarizədən kənar “ətalət içində” qalmağı, “Müsavat” Partiyası rəhbərliyinin onun xaricə gedib “Milli hərəkatı təmsil edərək faydalı olacağını bildirməsi” buradan getmək fikrini qətiləşdirdi.

“Gizli Müsavat” təşkilatı başçısının müavini Əbdülvahab Yurdsevər yazırdı: “Müsavat Partiyasının gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdu. Əvvəlcə bir yoldaş vasitəsi ilə, sonra isə sabiq parlament üzvü, mərhum Rəhim bəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətiylə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. M.Ə.Rəsulzadəyə təklif olunmuşdur ki, elmi tədqiqat adı ilə Leninqrada (Sankt-Peterburqa) getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərullah Bigiyevin müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi”.

M.Ə.Rəsulzadə tanınmış tatar maarifçisi M.C.Bigiyevin köməyi ilə Sankt-Peterburqdan Fin körfəzinə, oradan Finlandiyaya keçir. Burada fin gözətçiləri tərəfindən saxlanılır və on beş gün müddətində Fernogidəki qarantində qalır. Sonra Helsinkiyə gedib bir aya qədər tatar koloniyasının müsafiri olur, buradan isə Almaniyaya, oradan Parisə, Parisdən də İstanbula gedir. İstanbuldan Stalinə məktub yazıb getməyinin səbəbini izah edir və ona sayğılarını bildirir: “Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda Sizin də xeyirxahınız olaraq qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inamınızı xahiş ilə Sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənna etdiyimi ərz edirəm. Ehtirami-tamla: Rəsulzadə Məhəmməd Əmin. Yanvar, 1923".

Sonradan M.Ə.Rəsulzadənin bolşeviklər və sovet hakimiyyəti əleyhinə kəskin fəaliyyəti Stalini narahat etdi. Bolşeviklər partiyasına başçılıq edən Stalin M.Ə.Rəsulzadə əleyhinə hazırlanan kitabda aşağıdakı tezislərin olmasını şəxsən özü məqsədəuyğun bilmişdi:

1. Satqınçılıqda. O, bolşevik idi, lakin onlara xəyanət etdi.

2. Türklərin maraqlarına xəyanətdə. Çünki o və onun “Müsavat” Partiyası türklərə yardım etməkdə və Bakının tutulmasında Qızıl Orduya mane olurdu. 

3. Azərbaycan xalqına xəyanətdə. Torpağın kəndlilərə verilməsinə və bəy malikanələrinin ləğv edilməsinə mane olurdu.

4. Şərqin bütün xalqlarının maraqlarına xəyanətdə və müsəlmanlar üzərində müstəmləkə ağalığını saxlamaqda İngiltərəyə yardım etməkdə.

5. Erməni-tatar qırğınını təşkil etməkdə. Onu Azərbaycan “Purişkeviçi” adlandırmaq.

6. Şamxor qırğınının təşkilində ittiham etmək. Onu Azərbaycan talançısı adlandırmaq.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin Stalinin sonrakı fəaliyyətinə münasibəti isə mənfi olmuş və o, belə ifadə etmişdi: “Baxmayaraq biz vaxtı ilə dost olmuşuq. Lakin İ.Stalin türk-tatar xalqlarının qəddar və quduz düşməni idi”.

M.Ə Rəsulzadə Stalinlə olan yaxın əlaqələrini sonradan - 1954-cü ildə Türkiyədə “Dünya” qəzetində nəşr etdirdiyi “Stalinlə ixtilal xatirələri” adlı əsərində yazmışdı.

Qeyd edəki, yaxın dostluq münasibətlərinə baxmayaraq sonralar M.Ə.Rəsulzadənin də ailəsi Stalin qırğınından xilas ola bilmədi. Həyat yoldaşı Ümbülbanu xanım, analığı Maral xanım, övladları - qızları Lətifə və Xalidə, oğlu Azər və digər qohumları həbs edilib Qazaxıstana - Taldı-Kurqana göndərildi. Böyük oğlu Rəsulu isə 1937-ci ildə həbs edib 1938-ci ilin martın 1-də güllələdilər.

 

Nəsiman YAQUBLU

 

Yeni Müsavat.- 2014.- 9 fevral.- S.7.