Təbiətin oyanmasının ilk müjdəsi - Xıdır Nəbi bayramı

 

Tahir Əmiraslanov: “Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi

 

Qədim tarixə malik olan və amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bir sıra bölgələrində keçirilir. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sairə təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraqsuyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır Peyğəmbərlə eyniləşdirilir.

Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə - 40 gün sürən böyük çilləyə (22 dekabr - 31 yanvar) və kiçik çilləyə (1 fevral - 20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır. Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi (Xızır İlyas) bayramı da çillə günlərinə təsadüf edir. Bu bayramın təsadüf etdiyi günlərlə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri bayramın böyük çillədən dörd, kiçik çilədən isə üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Qarabağın əksər bölgələrində (Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında) Xıdır İlyas bayramı özünəməxsus mərasimlərlə qeyd olunub. Rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi ilə bağlı maraqlı məlumat toplayıb. Bildirib ki, qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çaybulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyar və niyyət edərdilər. Ertəsi gün yumurtalara baxardılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara rəngə boyanırdısa pis əlamətə yozulardı. Yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edərdilər. Xıdır İlyas mərasimini bölgədə qışın yarısının yola salınması münasibətilə keçirirlər. Bu mərasimdə hamı evdən bayıra çıxar. Çoxlu tonqallar yandırardılar. Belə bir inam da var ki, guya mərasimdə Xıdır İlyasın özü uşaqların arasında olur. Ona mütləq pay verilməlidir. Əgər pay verilməsə, Xıdır İlyas küsər, atını çapıb gedər və ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas - Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. Həmin gecə külək əsərsə, belə hesab edilərdi ki, o, Xıdır İlyasdır. Əsən külək isə atın kişnərtisidir. Burada da qovutaya una Xıdır İlyasın əl basmasına inam güclü idi. Beləliklə, belə qənaətə gəlinir ki, Xıdır İlyas mərasimi xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xıdır İlyasın mövcud olduğu və mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda yaşayır.

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bu bayramın fevral ayının 10-na düşdüyünü dedi: “Xıdır Nəbi bayramı Xızırla bağlıdır.  Bu bayram təbiətin oyanması ilə də əlaqəlidir. Xıdır Nəbi tarixən qədim bayramdır və qadınlar bayramının içində yetişir. Bu vaxtlar qovut bişirirlər. Qazanı və ya qazanın qapağını götürür, döyə-döyə mahnı oxuyur və hədiyyə yığırlar. Bu zaman bu tipli mahnı oxuyurlar:

 

Evdəkilər evdədirmi, çöldəkilər çöldədirmi

Verənin oğlu olsun, verməyənin qızı olsun.

Adı Fatma olun, qaşları çatma olsun.

Doğulsun ölsün..

 

Xıdır Nəbi bayramından sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə xəbərçi çərşənbə boz ay gəlir. Boz aydan sonra isə o biri çərşənbələr başlayır. Yəni bu bayram Novruza giriş bayramıdır. Xıdır Nəbi təbiətin oyanmasına başlanğıcdır. Qədimlərdə kəndlərdə bu bayram keçirilirdi".

 

Günel MANAFLI

 

Yeni Müsavat.- 2014.- 13 fevral.- S.15.