Qaradağlı qırğınından 22 il ötdü

 

Ermənilər işğal zamanı bu kəndin hər 10 nəfərindən birini qətlə yetirib; soyqırımla bağlı Gürcüstanda tədbir keçirildi

 

Fevralın 17-də Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 22 il ötdü.

Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndində dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib.

 

İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

1988-ci ildən etibarən Qaradağlı kəndinin dinc sakinləri hər gün ermənilərin hücumuna məruz qalıblar.  Ermənilər tərəfindən törədilən terror hadisələrinin sonucunda 1991-ci ilin 28 iyun tarixində 3 nəfəri qadın olmaqla, 6 nəfər diri-diri yandırılıb, 1991-ci ilin sentyabr ayında sərnişin avtobusunun güllələnməsi nəticəsində 8 nəfər öldürülüb, çoxlu sayda insan yaralanıb, güllə yarası alanlardan 5 nəfəri sonra vəfat edib. 1992-ci ilin 17 fevralında Qaradağlı kəndi işğal olunarkən  118 nəfər əsir götürülüb, 33 nəfər ermənilər tərəfindən güllələnib, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırıblar.   Əsir götürülənlərdən 68 nəfəri öldürülüb. Əsirlikdə saxlanılanlara qarşı vəhşicəsinə davranılıb. Kənddə 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Ümumilikdə, Qaradağlı kəndində 91 nəfər, kənd sakininin hər 10 nəfərindən biri qətlə yetirilib.

Karabakinfo.com-un məlumatına görə, Qaradağlı ilə yanaşı Xocalı,  Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. 80377 saylı cinayət işinin istintaqı zamanı qeyd olunanlardan başqa, əsir və girovlarla amansız rəftar edərək, onlara işgəncələr vermiş, xüsusi amansızlıqla qətlə yetirmiş, habelə Xocalıda, Meşəlidə, Qaradağlıda və digər ərazilərdə soyqırım cinayətinin törədilməsində, Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınmasında iştirak etmiş 600 nəfərdən artıq şübhəli şəxs iş üzrə müəyyənləşdirilib. Bu dəhşətli cinayətləri törətmiş şəxslərin kimliklərinin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyəti dövlət orqanlarına sorğular göndərilməsi davam etdirilir. Qaradağlı, Xocalı soyqırımı epizodu, habelə işgəncə istiqaməti və təzələnmiş işlər üzrə erməni millətindən olan şəxslərin törətdikləri cinayət əməllərinə görə, təqsirləndirilən şəxs qismində cəlb olunmalarına dair qərarların qəbul edilməsi və həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatətlə müraciət edilməsi planlaşdırılır.   Hazırda Xocavəndin  “Nərgiztəpə” deyilən  yeri var. O ərazi Azərbaycan dövlətinin nəzarətindədir.  Orada Xocavənd şəhidlərinə  abidə ucaldılıb və ermənilərlə  sərhədin  iki  kilometrliyində  Azərbaycan bayrağı dalğalanır.

Qeyd edək ki, Qaradağlı qırığını ilə bağlı Azərbaycanda və bir sıra xarici ölkələrdə tədbirlər keçirilib. Belə tədbirlərdən biri də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin elan etdiyi “Xocalıya ədalət!” kampaniyası tərəfindən keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan parlamentinin üzvü Qənirə Paşayeva bildirib ki, Qaradağlı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir. Q.Paşayeva bildirib ki, Xocalı, Qaradağlı faciələri Gürcüstan ictimaiyyətinə və cəmiyyətinə daha çox  çatdırılmalı, istər gürcü gənclərinə, istərsə də xaricdə təhsil alan azərbaycanlı gənclərə bu faciə haqqında ətraflı məlumat verilməlidir. Millət vəkili deyib ki, Ermənistanın Qaradağlıda, Xocalıda törətdiyi soyqırıma beynəlxalq ictimaiyyət susmamalıdır və bu soyqırımları törədənlər ədalət qarşısında cavab verməlidir:  “Azərbaycan tarixini XX əsrdən sonra öyrənmək lazım deyil, tarixi daha dərinliyə baş vurub oxumaq lazımdır. Müxtəlif illərdə Amerika, alman, rus, gürcü yazıçı və alimlərinin qələmə aldığı erməni yalanlarına qarşı faktlar olan mənbələr haqqında məlumatlı olmaq lazımdır”.

Millət vəkili həmin faktları özündə əks etdirən kitabları AMM-in kitabxanasına hədiyyə edib.

Daha sonra AMM-in rəhbəri Fazil Həsənov “Xocalıya ədalət!” kampaniyasına həsr olunan tədbirdə hər il Q. Paşayevanın rəhbərliyi ilə nümayəndə heyətin iştirak etdiyini və tədbirdə xüsusən ali təhsil ocaqlarında  təhsil alan gənclərin çoxluq təşkil etdiyini bildirib. F. Həsənov bildirib ki, hər il fevral ayında dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycan xalqının başına gətirilən faciələri anır, bu qətliamlar haqqında geniş tədbirlər keçirilir.  

APA-nın məlumatına görə, tədbirdə iştirak edən Gürcüstan parlamentinin azərbaycanlı üzvü Mahir Dərziyev deyib ki, hamının düşməni - öz xoşbəxtliyini, millətinin gələcəyini başqa millətin bədbəxtliyi, başqa millətin torpaqlarını işğal etmə üzərində quranlardır.

M.Dərziyev erməni saytlarını çox oxuduğunu, onların yazdıqlarının hamısının yalan olduğunu da bildirib: “Erməni daşnak ideologiyası erməni xalqının da düşmənidir. Mən heç vaxt istəməzdim ki, bizim cavanlar erməni xalqına nifrət ruhunda böyüsünlər. Lazım deyil belə tərbiyə. Bu bizi alçaldar, dünyanın gözündən salar. Bu gün biz ”osetin qardaşlarımız", “abxaz qardaşlarımız” kimi sözlər deyirik. Onların içində gürcüləri öldürən yoxdurmu? Əlbəttə, var. Amma bütövlükdə ayrı-ayrı adamlarla bütöv bir xalqa qiymət vermək olmaz. Dediyim kimi, bu ideologiyanın daşıyıcıları və həyata keçirənləri bu gün təəssüflər olsun ki, “böyük işlər” görürlər".

Azərbaycanlı deputat Xocalı faciəsinin hamının dərdi olduğunu bildirib: “Bu, çiynimizdə, qəlbimizdə daşıdığımız dərddir. Biz istəyirik ki, haqq-ədalət öz yerini alsın, Azərbaycanın 1 milyona çatan qaçqın və köçkünü öz yurduna, torpağına qayıtsın, Azərbaycan öz ərazi bütövlüyünə qovuşsun. Eyni problemi Gürcüstan da yaşayır. Bu, hər iki ölkənin suveren hüququdur”.

Deputat həmkarına etirazını bildirən “Vahid Milli Hərəkat” Partiyasından olan azərbaycanlı deputat Azər Süleymanov isə bunları deyib: “Mən erməniyə dost kimi baxa bilmərəm. Gürcüstanda yaşayan azərbaycanlı kimi erməni millətini mənim birbaşa düşmənim olan millət sayıram. Bu, mənim şəxsi mövqeyimdir. Ruslar ”parçala, hökm sür" siyasəti yürüdüblər. Amma bizim birbaşa düşmənimiz ermənilərdir".

O bu gün erməni QHT-lərinin iş apardığını, lakin azərbaycanlı QHT-lərin çalışmadığını da bildirib: “Çox təəssüflər olsun ki, erməni diasporları, erməni QHT-ləri iş aparır. Aprelin 24-ü yaxınlaşır. İstər parlament, istərsə də başqa qurumlarda onlar fəallaşmağa başlayıblar. Amma bizim QHT-lərimiz təəssüflər olsun çalışırlar ki, Azərbaycandan 5-3 manat pul qopartsınlar. Fəal olmaq lazımdır. Yumruq kimi birləşmək lazımdır ki, hər bir işdə qalib gələk”.

Sonda tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin hazırladığı “Qaradağlı soyqırımı” filmi nümayiş etdirilib.

AMM və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü ilə “Xocalıya ədalət!”  kampaniyasına start verilib və fevral ayı Gürcüstanda  Xocalı ayı kimi elan olunub.

Qeyd edək ki, Gürcüstanda Xocalı ayı çərçivəsində AMM-Gənclər şöbəsi tərəfindən Gürcüstanın bir sıra mərkəzi şəhər və regionlarında Xocalı soyqırımına həsr olunan silsilə tədbir və aksiyalar  keçiriləcək.

Qaradağlı  qırğınından 9 gün sonra ermənilər daha böyük qırğın törədərək Xocalı soyqırımını həyata keçiriblər.

 

Yeni Müsavat.- 2014.- 18 fevral.- S.13.