“Atamla bir evdə yaşasaq da, qapılarımız ayrıdır”

 

Tanınmış Reper “Yeni Müsavat”a danışdı

 

Reper Anar Nağılbaz son günlər sosial şəbəkədə yazdığı statuslar və ictimai fəallığı ilə seçilir. REAL sədri İlqar Məmmədovun Şəkidə keçirilən məhkəməsinə qatılan reper bununla diqqəti bir daha öz üzərinə çəkdi. Və son olaraq A.Nağılbazın iştirak etdiyi televiziya verilişinin, reklam rolikinin efirdən yığışdırılması hakimiyyətin ona ilk təpkisi kimi qiymətləndirildi. Bəs bundan sonra?

A. Nağılbaz “Yeni Müsavat”a müsahibəsində bu  digər suallara aydınlıq gətirdi. Müsahibimiz öncə televiziya yasağından danışdı.

 

- Açığı, bunun səbəbini özüm də bilmək istərdim. Əslində özləri dəvət etmişdilər, bir neçə verilişə çəkmişdilər-filan. Dostlar çağırdıqları verilişdən çıxandan sonra mənə dedilər ki, Anar, reklamın gəldi bizdə, iki gün göstərildi, sonra çıxarıldı. Dedim, ola bilər də, bəlkə reklam bəyənilməyib, ya da aralarında danışıb razılaşa bilməyiblər. Sonra da “ATV-maqazin”də anonslar getdi ki, veriliş gedəcək.  Hamı da baxmışdı, yazırdılar bu haqda. Veriliş 21:20-də başlayır. Amma verilişin özündən mənimlə bağlı hissənin çıxarıldığı məlum oldu. 

- Həmin hissə müsahibə idi?

- Bəli, müsahibə idi. Bununla yanaşı, orda bir verilişə də çəkilmişdim. İradə İsaqın verilişinə. Yəqin onu da çıxaracaqlar. 

- Haqqında danışdığınız reklam Oksana ilə çəkilən reklamdır? 

- Bəli, mənə xəbər verdilər ki, iki gün getdi. Oranın öz işçisi mənə dedi ki, Anar bəy, nə məsələdi, cəmi iki gündən sonra reklamı efirdən götürdülər? Mən də bilmədim nə deyim... 

- Rəhbərliklə dəqiqləşdirməyə çalışdınızmı məsələni? 

- Yox, ola bilər ki, televiziya rəhbərliyi ilə reklam şirkəti arasında hansısa problemə görə baş verib bu. 

- Belə başa düşdüm, bunun səbəbləri ilə bağlı başqa ehtimal ağlınıza gəlmir. Ən yaxşı versiyaları düşünürsünüz... 

- Əlbəttə. Çünki özünüz də bilirsiniz ki, mən siyasət adamı deyiləm, azad yaradıcı insanam. 16 yaşından da bu yolla necə gəlmişəmsə elə də gedirəm. Mənim mövzularımın içində sevgi də var, dünya da, vətənpərvərlik də. Qlobal mövzular olduğu kimi, sadə, bəsit mövzular da var. Şübhəsiz ki, azərbaycanlı oğlu kimi cəmiyyətimizin ağrılı-acılı problemlərindən uzaq qalmağı da düşünmürəm. Əksinə, bu qədər sənətdə olduğum müddətdə şadlıq saraylarına da çox buraxılmıram, onlardan uzağam. Qıraqdan baxanlar düşünür ki, Anar “qaz vurub, qazan doldurur”. Amma bu, belə deyil. 

- Restoran deyərkən toylara dəvət olunmamağınızı nəzərdə tutursuz? 

Anar Nağılbaz: “Mədəniyyət nazirimiz də, digərləri də məni lazım bilmirlər”

- Bəli, belə başa düşürəm ki, orda da bizim işlərlə bağlı qadağalar var.  

- Bütün bunlar sizin REAL-a üzvlüyünüzlə bağlı ola bilərmi? Bütün hallarda bu təşkilatın sədri hazırda həbsdədir. 

- Mən onu deyim ki, hələ REAL-a üzv olmamışam. Üzv olmaq fikrim də yoxdur. Azad, yaradıcı yol gedirəm. 

- Axı adınız REAL üzvü kimi hallanırdı, onların fəaliyyəti ilə bağlı xəbərləri paylaşırdınız...

- Hallanırdı, çünki mənim REAL-da dostlarım var. O dostları dostlarımın çərçivəsindən çıxara bilmərəm axı. Mənim orda olduğu qədər “Yeni Müsavat”da da, Yeni Azərbaycan Partiyasında da dostlarım var. Mən dostlarımı partiyalara bölmürəm. Dediyim kimi, neytral insanın mövqeli dostu ola bilər. Əksinə, mənə yaradıcı insan kimi onların dərdlərini, düşüncələrini paylaşmaq, oturub bir məclisdə xörək yemək, filmə tamaşa etmək xoşdur. Sadəcə, çox təəssüf ki, harada işləməsindən asılı olmayaraq, bizim bəzi nümayəndələrimizin bəsit dünyagörüşləri var. Qıraq yox, yaxınlar bizdən üz döndərir, qadağalarla bizə nəsə deməyə çalışırlar. Amma əslində bu, belə olmamalıdır. Mənim mövqeyim çox təmiz, sərbəst və azərbaycançılıq mövqeyidir. 

- Söhbət hansı qadağadan gedir? Kim sizə qadağalarla nəsə deməyə çalışır? 

- Dostlar da ola bilər, yaxınlar da. Bəzən yaxın dost uzaq qohumdan yaxın olur adama. Açığı, mənim özümə də maraqlı gəlir ki, axı siyasət adamı olmadan, sosial mövzularda mahnılar oxumuşam. Üç-dörd mahnı çıxarmaqla insan gündəmə gəlir və adımız hallanır bu şəkildə. Bu, düzgün deyil. Bəyəm müxalifətlə iqtidar bir yerdə gedə bilməzlər? Bəyəm bir masa arxasında əyləşə bilməzlər?  

- Belə çıxır ki, bilməzlər də. Alternativ fikir söyləyən bir nəfərə qarşı hansı cəza üsullarının tətbiq olunduğu göz qabağındadır... 

- Bəli, bu bir tərəfi. Digər tərəfdən, mən heç müxalifətçi deyiləm, müxalif mövqeyim yoxdur. Neytral mövqedəyəm. İkincisi də, mən o siz dediyiniz halı da qınayıram, buna qarşıyam. 

- Siz son dönəmlərdə xeyli aktivləşdiniz. Cəmiyyətin problemlərini əks etdirən statuslar yazdınız sosial şəbəkələrdə. Bəlkə bu, müəyyən qədər qıcıq doğurur? Bəzən bir status bir insanın həbsi ilə nəticələnir bizim ölkədə, bilirsiz. 

- Şübhəsiz. Bizi, yəni rep ifaçılarını həmişə belə səbəblərdən uzaq tutmağa çalışıblar. Fikir versəniz, bizim milli musiqi mənbəyimiz də var - meyxana. Onların, şükür Allaha, yolları açıqdır. Onların televiziyalara yolları açılandan sonra dərd, problem barədə danışmırlar. Vaxtilə belə mövzularda oxuyanlar birdən-birə dəyişdilər, kəsildilər. Ancaq gözəl mövzulardan - toy-büsatdan oxumağa başladılar. Düzdür, meyxananın yeri hər zaman toylarda olub. Əvvəl çadır toylarından qırağa çıxmırdılar. Sadəcə, indi onlar üçün yaşıl işıq yandırılandan sonra müsbət dəyişiklik oldu. Rep çox zaman ağrı-acını, tənqidi işıqlandıran musiqi növüdür. 

- Dünyada rep sosial etirazın bir növüdür. Məsələn, qonşu Türkiyədə “Cəza” qrupu cəmiyyətdəki bütün problemlərdən oxuyur, həm də sərt formada. Bizim milli repimiz “Cibdə varsa pul, layf iz vandeful” səviyyəsindədir. Sizcə, niyə milli rep məhəllə səviyyəsindən çıxa bilmir? Bu, təzyiq qorxusundan irəli gəlir? 

-  Siz düzgün buyurduz. Bu mövzuda replərin olmaması televiziya kanallarının, cəmiyyətin buna açıq olmamasının nəticəsidir. Amma ümumən bizim də istedadlı gənclərimiz çoxdur. İnkişaf üçün bir qığılcımın olması yetər. Mənim fikrim o olub ki, bir klubumuz olsun. Bir rep klubunun olması ilə biz bütün dünyaya çıxa bilərik. Bu, azad cəmiyyətin olmasından xəbər verər həm də. Bizdə isə ara-sıra kefdən-filandan oxuyan insanları efirə çıxarırlar ki, alternativ musiqi var. 

 

“Heydər Əliyev mənim üçün bir iş

yeri barədə tapşırıq verdi, amma...”

 

- Nə vaxtsa olub ki, cəmiyyətin sosial problemlərindən bəhs edən bir rep oxumaq istəmisiz, amma senzuraya, təzyiqə məruz qalmısız? 

- Açığı, mən bir az gənclik, çılğınlıq dövründə sui-istifadə etmişəm. Atam millət vəkili olduğu illərdə mən sosial problemləri repə gətirmişəm. Bu baxımdan atam tərəfindən də qınaq obyektinə çevrilmişəm. Atam deyirdi ki, Brilliant xanımla oxuduğun duet yaxşı idi, amma bu mövzular o qədər də yaxşı deyil-filan. 

- Brilliant xanımla oxuduğunuzu xatırlayıram, bəs sosial xarakterli mahnılarınız hansılar idi? 

- “Şəbəkə”, “Zaman o zaman deyil” mahnıları var. Hətta o mahnıların içində senzuradan kənar sözlər vardı. Mən canlı efir olmasından sui-istifadə edib o mahnıları oxumuşam, cəmiyyətə belə məqamları açmaq istəmişəm. Demək istəmişəm ki, dünyəvi cəmiyyətdə yaşayırıq. Rejissor Stanislavskinin belə bir sözü var ki, bir sənət əsərində nəyisə çılpaqlığı ilə göstərməyə ehtiyac yoxdursa, onu detallar, elementlərlə verirsən. Yox, əgər bunu bütün çılpaqlığı ilə göstərmək lazımdırsa, bunu etmək qəbahət deyil. 

- Bayaq atanızın sizə etirazından danışdız. Bəs indi sizə münasibəti necədir? REAL-a yaxınlığınız, sosial şəbəkədə yazdığınız statuslar, etirazlarınız barədə nə düşünür?

  - Biz bir evdə yaşasaq da, qapılarımız ayrıdır. Şübhəsiz ki, ata-oğul münasibəti var, gün ərzində bir dəfə də olsun salamlaşıb-sağollaşırıq. Onun mənə bir sözü olub ki, get, Allah köməyin olsun. Özünə gələn zənglərə, eləcə də qəzetdən verilən suallara da bir cavabı olur: mən onun fikirlərinə toxunmuram, bu, onun öz yoludur. Bu şəkildədir bizdə. Həm də hesab etmirəm ki, onun imicinə toxunan bir iş görürəm. Mənim üçün Azərbaycanın müxalifəti də, iqtidarı da bizimdir. İçərisində yaxşı nə varsa bizim olmalıdır. Pisləri görüb tənqid eləməliyik. Onları öz sıralarımızdan uzaqlaşdırmalıyıq.

  - Azərbaycanda bir addım önə çıxıb hansısa etiraz edənlərin necə cəzalandırıldığı bəllidir. Özünüzə qarşı hər hansı təhlükə görürsüzmü? 

- Vallah, hesab etmirəm ki, mən kimə, nə üçünsə təhlükə yaradıram. İstəməzdim ki, bu barədə düşünüm. Güman eləmirəm ki, belə bir işlər ola bilər. Əvvəl necə sərbəst idimsə, indi də sərbəst şəkildə öz maşınıma əyləşib, evdən çıxıram, işə gedirəm, dostlarımla görüşüb söhbət edirəm. Sərbəst, azad, yaradıcı bir insanam. Hələ ki şükürlər olsun, özümə, ailəmə hər hansı təhlükə görmürəm. 

- Yeri gəlmişkən, həyatınızı necə qazanırsız? Harda işləyirsiz, gəliriniz hardandır? 

- Hazırda mənim çörək pulum tələbələrimlə olan ümumi layihələrdəndir. Sağ olsunlar, onlar məni müəllim gözündə görürlər. 

- Nə öyrədirsiz onlara? 

- Hansısa deyiliş qaydalarını öyrədirik. Azərbaycan dili çox gözəl dildir. Musiqi bölümləri baxımdan mülahizələrimiz, kiçik seminarlar şəklində fikir toplantıları olur. Səsyazma studiyalarında oluruq. Ara-sıra keçirilən gecə partiləri, klub gecələrində iştirakımdan da müəyyən qədər qazanıram. 

 

“Qıraqdan baxanlar düşünür,

 Anar qaz vurub, qazan doldurur”

 

 - Facebook profilinizdə iş yeriniz milli.az, CTV olaraq göstərilib. 

- (gülür) Yox, mən qeyd eləməmişəm, özləri qeyd edib. CTV-də 6 ay müqavilə ilə çalışmışam. O müddət ərzində göstərdiyimiz verilişlər youtube saytında var. Amma milli.az-da heç yazmamışam. Dəvət olarsa niyə də olmasın? Azad, sərbəst, yaradıcı insanam, istəyərəm fikirlərimi haradasa ifadə edim. 

- Maraqlıdır, nə əcəb zamanında məmurluq yolunu tutmamısız? Hər halda, imkanlarınız da olub - Rizvan Cəbiyev kimi bir atanız var. O, Sizi məmurlaşdırmağa cəhd etməyib? 

- Hələ hesab etmirəm ki, məmurluğa hazıram. Bəlkə 5 ildən sonra olarsa bunu istisna etmirəm. Özümü də siyasət adamı kimi görmürəm. Həm də siyasət bulanıq bir yerdir. Özümü buna hazır görmürəm. 

- Doğrudanmı atanız sizə səhər saat 9-axşam saat 6 qrafikində işə girməyi təklif etməyib? Buna görə kimdənsə xahiş etməyib? 

- Çox təəssüf ki, yox. Əksinə, ingilis dilini çox yaxşı bildiyim üçün Xarici İşlər Nazirliyində işləmək üçün cəhdlər etmişdim. Hətta rəhmətlik Heydər Əliyevin mənim üçün tapşırıq verdiyi bir iş yerinin olmasından da xəbərim var idi. Təəssüf ki, həmin vaxt xəstə düşdü və o iş yerini mənə vermədilər, açmadılar. 

- Bu iş yeri Xarici İşlər Nazirliyində idi? 

- Yox, o zaman açılan səfirliklərdən birində idi. Bu, 2000-ci ilin söhbətidir.

- Maneə oldu? 

- Bəli, amma bilmədim hansı tərəfdən oldu maneə. Nazir, nazir müavini özləri bəyəndilər-filan. Sadəcə, o vaxt 2000-2003-cü illər qarışıqlıq idi. Bir az kənarda qaldıq. Bəhanə gətirdilər ki, İncəsənət Universitetini qurtarmısan deyə səni qəbul edə bilmərik. Amma orda da mədəniyyətə aid sahələr vardı xarici əlaqələrdə. Sonra da Rizvan Cəbiyev pensiyaya çıxdı. Mən də yaşamaq üçün xarici dövlətə üz tutdum. Orda da sərhəddə işlərim alınmadı, yenə də Azərbaycanı sevdiyim, öz yolumun, dəst-xəttimin olması üçün geri döndüm. Almaz xanımla duetlər oxudum. Mədəniyyət nazirimiz də, digərləri də məni lazım bilmirlər. Yəqin ki, ara-sıra oxuduğum sosial mövzular da qıcıq doğurur. Onlar da aralarında belə adamların olmasını istəmirlər. Mən bilən digər sahələrdə də belə hallar baş verir. 

- Bir müsahibənizdə oxumuşdum ki, insanların azadlığı əlindən alınmamalıdır. Sizin konkret hansı azadlığınız əlinizdən alınıb hazırda? 

- Şəxsən söhbət mənim özümdən gedirsə, belə bir hal olmayıb. Ümumiyyətlə, bu elin övladı olaraq baş verənlərə obyektiv və subyektiv yanaşmalarım var. Obyektiv tərəfləri daha çox işıqlandırmağa çalışıram. O ki qaldı azadlığa, bəzən məsəl üçün kiçik məmurların özbaşınalıqları var. Hesab etmirəm ki, bu, daha böyük qurumlara çatır. Fikrim budur, çalışırlar ki, hər yerdə YAP olmalıdır. Amma cəmiyyət açıq olmalıdır. İnsanları azad ifadəsinə görə səsləri boğulmamalıdır. Əksinə, şəraitlər yaradılmalıdır. 

- Deyəsən, elə eyni müsahibənizdə “mən problemlərin dərinliyinə getmək istəmirəm. Çünki özümdə o qüvvəni hiss etmirəm” demişdiz. Bu, həm də bir etirafdır? 

- Əslində mən “dərinliyə getmək istəmirəm” deyəndə dərinliyə gedən qüvvənin məndə olmadığını bildirmək istəyirdim. İnformasiyam olmadığı üçün bunu etmək istəməzdim. Çalışıram bacardığım qədər cəmiyyətə, insanlarımıza öz köməkliyimi göstərim. 

 

Sevinc TELMANQIZI

 

Yeni Müsavat.- 2014.- 19 fevral.- S.7.