M.Ə. Rəsulzadənin istintaq materialları

 

Azərbaycanın görkəmli dövlət xadimi, ilk demokratik Azərbaycan dövlətinin banisi M.Ə. Rəsulzadə öz siyasi fəaliyyəti dövründə həm də söz və mətbuat azadlığı uğrunda mübarizə aparıb. Daim təqiblərə məruz qalan M.Ə. Rəsulzadə çar Rusiyası dövründə mətbuat üzərində senzuraya qarşı da ciddi etirazını bildirib.

 

M.Ə. Rəsulzadənin söz və mətbuat uğrunda mübarizəsi ayrıca və geniş bir mövzudur. İlk məqaləsini 1903-cü ilin mayında “Şərqi-Rus” qəzetində nəşr etdirdikdən sonrakı dövrlərdə o, azad sözün, azad fikrin müdafiəçisi olaraq mücadilə aparıb. O, eyni zamanda yazılarında mətbuat azadlığını yüksək dəyərləndirib, mənalı fikirlər səsləndirib. O, bu dəyərli fikirlərini hələ 1910-cu il avqustun 23-dən Tehranda nəşr etdiyi “İrani - Nov” qəzetindəki “Mətbuat azadlığı” məqaləsində əks etdirib. Həmin məqalədəki fikirlər mətbuat və söz azadlığının mahiyyətinin öyrənilməsi baxımından bu gün də  əhəmiyyətlidir.

1915-ci ilin mayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr edilən “Yeni İqbal” qəzetində gedən bir məlumatın qəzet səhifəsindən çıxarılması onun ciddi narazılığına səbəb olur.

 

Həbsinin əsas səbəbi nə idi?

1853  saylı istintaq işinin ittihamları

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tarix Arxivinə məxsus olan 398 saylı qovluğunda ciddi sənədlər tapmaq mümkündür. Bu sənədlər M.Ə.Rəsulzadənin istintaq materialları ilə bağlıdır. Məlum olur ki, M.Ə.Rəsulzadə Bakı şəhər rəisinin 1915-ci ilin mayın 19-da qəbul etdiyi qərarına uyğun həbs olunub. Qərarda onun həbsinin 23-cü maddəyə əsasən hərbi vəziyyət elan edilmiş yerlərdə ictimai qaydaları pozduğu bildirilir. Bu ittiham əsas götürülərək M.Ə.Rəsulzadə Bakı həbsxanasına salınır. Qeyd etdiyimiz kimi, M.Ə.Rəsulzadə “Yeni İqbal” qəzetində bir yazının hərbi senzura tərəfindən çıxarıldığına  etirazını sərt ifadə etdiyinə görə həbs olunur.

 

Hərbi - senzor Ledoxovskinin izahat - ittihamı

 

Bakı şəhər rəisi Martınov istintaqa verdiyi yazılı məlumatda qeyd edilir ki, Hərbi senzor  Ledoxovskinin ifadəsinə əsasən M.Ə.Rəsulzadə 1915-ci il mayın 11-də axşam saatlarında Bakı şəhər poçt - teleqraf idarəsinin binasına daxil olub, burada yerləşən hərbi senzuranın otağında senzor İmamverdibəyova sərt şəkildə etirazını bildirib. M.Ə.Rəsulzadə “Yeni İqbal” qəzetində çap edilən, Bakı Quberniyası Xalq Peşə məktəbinin direktoruna aid olan bir məlumatı səhifədən çıxdığına görə digər senzorların - İ.A.Məlikov və V.K.Freydin yanında İmamverdibəyovun üstünə qışqırıb.

İttihamda bildirlir ki, elə həmin axşam saat 20:00-da M.Ə. Rəsulzadə qraf  Ledoxovskinin mənzilinə gedib, yazının qəzetdən çıxarılmasını ona da bildirib. Qraf Ledoxovski məhz onun tapşırığı ilə yazının çıxarıldığını dedikdə, M.Ə.Rəsulzadə onunla yüksək səslə və acıqlı danışıb. Bundan sonra Ledoxovski Bakı şəhər rəisindən onun cəzalandırılmasını tələb edib.

 

M.Ə.Rəsulzadə üzr istəməyib

 

Qraf  Ledoxovskinin təqdimatından sonra M.Ə.Rəsulzadə Bakı şəhər rəisi Martınovun idarəsinə çağırılıb. Şəhər rəisi ona gedib Ledoxovskidən üzr istəməsini təklif edib və bildirib ki, əgər o, bu addımı atarsa, vəziyyətdən çıxış yolu tapılar.Lakin M.Ə.Rəsulzadə Martınovun bu təklifini qəbul etməyib, kəskin şəkildə ona etirazını bildirərək, özünün haqlı olduğunu qeyd edib. Məhz bundan sonra şəhər rəisi Martınov M.Ə.Rəsulzadənin üzr üstəmədiyini görüb  onun həbs edilməsi haqqında göstəriş verib.

 

İstintaq protokollarından məlumatlar

 

Qeyd edək ki, M.Ə.Rəsulzadənin həbsi ilə bağlı tərtib edilən protokolda maraqlı məlumatlar var. Əslində bu məlumatlar onun siyasi fəaliyyətinin öyrənilib araşdırılması baxımından olduqca faydalıdır. Bu məlumatlarda onun cəmiyyət üçün “zərərli” olması xüsusi vurğulanır. Qeyd edilir ki, o, Əhməd bəy Ağaoğlunun “zərərli” istiqaməti ilə seçilən “İrşad” qəzetinin əsas əməkdaşı olub. Eyni zamanda o, “Hümmət” Partiyasının fəalı kimi də vaxtı ilə iki dəfə axtarışa verilib, lakin İranda gizləndiyindən həbsi mümkün olmayıb. Tehranda isə o, “İrani - Nov” (“Yeni İran”) qəzetini nəşr edib və bu qəzetdə Rusiya hökumətinə qarşı narazılıq yaratmağa çalışıb. Bu fəaliyyətinə əsasən Tehrandakı Rusiya səfirinin tələbi ilə İrandan çıxarılıb, gizli olaraq “Gənc Türklər”in tapşırığı ilə Bakıya gəlib, buradan isə Türkiyəyə gedib. Türkiyədə o, Rusiya əleyhinə “Tanin” qəzetində çalışıb. 1913-cü ildə Rusiyada Romanovlar sülaləsinin hakimiyyətdə olmasının 300 illiyi ilə bağlı ümumi bağışlama olur. Bu bağışlamadan sonra M.Ə.Rəsulzadə Bakıya qayıdır, “İqbal” qəzetində çalışır.

M.Ə.Rəsulzadənin həbsi ilə bağlı hazırlanmış istintaq protokolunun sonunda qeyd edilir ki, o, məhdud vəsaitə malikdir. Lakin müsəlmanlar arasında böyük nüfuzu var və o, “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin katibidir.

 

Həbsxanada axtarış aparılıb

 

1915-ci il iyunun 6-da M.Ə.Rəsulzadə həbsxanada saxlanılarkən Bakı şəhər Xüsusi Jandarm Korpusunun Rotmistri Lixovskinin rəhbərliyi ilə və tərcüməçilər  Rzabəyovun, Məlikyeqanovun iştirakı ilə onun yazılarına baxış keçirilir. Müəyyən edilir ki, bu yazılar şəxsi xarakterdədir və heç bir gizlilik daşımır. M.Ə.Rəsulzadə ilə bağlı araşdırmalar aparıb əsaslı faktlar əldə edə bilməyən hökumət orqanları onun həbsdə saxlanılmasının heç bir hüquqi əsas daşımadığı qənaətinə gəlirlər. 

 

Həbsxanadan azad edilir

 

1915-ci ilin 25 iyulunda Xüsusi İdarə rəisinin yazılı məlumatında (N2712) M.Ə Rəsulzadənin həbsdən azad olunması bildirilir. Həmin il iyulun 25-də Bakı şəhər rəisi polkovnik Martınov Bakı həbsxanası rəisinə 3788 saylı məxfi məlumatında M.Ə.Rəsulzadənin başqa cinayətləri olmaması halında azadlığa buraxılmasına göstəriş verir.

Beləliklə, M.Ə.Rəsulzadə söz və mətbuat azadlığını müdafiəsinə görə iki aydan çox həbsxanada qalır. Öz xalqının istər siyasi, istərsə də mətbu və söz azadlığı uğrunda yorulmadan mübarizə aparan, təqiblərlə dolu ömür yaşayan M.Ə.Rəsulzadə beş il sonra 1920-ci ilin avqustunda yenidən həbs edilir, Bakı həbsxanasına salınır. Bu dəfə isə o, söz və mətbuat azadlığına görə yox, Azərbaycan İstiqlalı uğrunda apardığı mübarizəyə görə həbs olunur.

 

Nəsiman YAQUBLU

 

Yeni Müsavat.- 2014.- 20 fevral.- S.6.