Əməl və davranışların kökündə dayanan yeganə düz niyyət - Cümə söhbətləri

 

Bismilləhir-Rahmənir-Rahim!

Yaşadığımız gündəlik həyatın ən ağır tərəfi odur ki, , məşğuliyyətlər, mənfi və müsbət qıcıqlar çoxdur. Nəticədə bu məşğuliyyətlərin içərisində insana qarşı ciddi təhlükələr meydana gəlir. Bunlardan ən başlıcası – qəflətdə olmaqdır. Bütün bunlara onu da əlavə etsək ki, şeytan (lən) də boş durmur və insanın gündəlik həyatında hər şey edilir ki, həyatımızda Allah az xatırlansın, onda mənzərə bir qədər də faciəvi görsənir. Bağça Allah xatırlamadan danışmır, məktəb bundan danışmır, universitet bundan danışmır, telekanallar bu mövzulardan danışmır, ya da elə halda danışır ki, danışmasa ondan daha yaxşıdır. Din adı olsun, amma nəticədə qəflətə aparan amillərdən olsun. Amma, bütün bunların müqabilində Uca Allahın da bizlərə öz yardımları, öz nemətləri var. Allah Təala ibadətlər, dualar, münacatlar vasitəsilə bizlərə hər an Öz varlığını xatırladır. Bu vasitələrlə Öz bəndələrini toparlayır, bəndələr bu konsentrasiyadan ayılır və nəticə etibarilə bir durum yaranır ki, biz həm Allahı xatırlayaq, həm də öz mükəlləfiyyətlərimizi başa düşərək, iradəli yaşamağı öyrənək.

 

Əməlin bütün keyfiyyəti – niyyətdədir

Əxlaq mütəxəssisləri insanın əməllərinin keyfiyyətini niyyətə bağlayırlar. Niyyət necədirsə, əməllər də keyfiyyətcə o cürdür. Niyyət nə qədər ixlaslı, nə qədər xalisdirsə, əməllərin də keyfiyyəti ona bağlıdır. Niyyətin də öz dərəcələri var. Əməlin ixlaslı olması üçün zəruri olan ən aşağı dərəcəsi budur ki, insan niyyət edərkən üzərinə düşən vəzifələri, İlahi mükəlləfiyyəti, vacibatları, İlahi təklifləri yerinə yetirməyi düşünsün və üzərində bu mükəlləfiyyətlə bağlı borcun, öhdəliyin qalmasını istəməsin. Yəni, bundan aşağı olarsa, daha o əməlin minimal həddə də ixlası yoxdur. Qeyri-adi bir məsələdən danışmırıq. Gündəlik həyatımızda tez-tez rastlaşdığımız bir məsələdir. Namazı qılmalıyıq, insan düşünür ki, namazı qılsın ki, bu məsuliyyətindən qurtulsun. Qılsın ki, mükəlləfiyyəti boynundan götürülmüş olsun. Digər bütün həyata keçirdiyi ibadətlər də o cür.

İxlasın ən ali dərəcəsi isə budur ki, insan o əməli İlahi eşqlə həyata keçirsin. Namazı ona görə qılsın ki, Allaha eşqi varOnun əmrini yerinə yetirərkən bu məhəbbətinə sadiq olur, bu eşqini yaşadır. Bu halda əməl ən ali ixlas dərəcəsində olar. Çünki, bu niyyətlə digər niyyət arasında kifayət qədər fərq var. Ona görə də bizlər diqqətli olmalıyıq ki, əməllərimizin, davranışlarımızın niyyətinə fikir verək.

 

Bütün yaxşı əməllərimizin niyyətində Allaha xatirlik dayansın

Ümumən, əxlaq ustadlarının və ariflərin birmənalı tövsiyəsi budur ki, nə ediriksə edək, onu Allah üçün edək. Təbii ki, burada söhbət Allahın razılığı olan işlərdən gedir. O işlərdən ki, onların həyata keçirilməsi dinimizin nəzərində düzgün hesab olunur. Hansı işi görürüksə görək, onu Allah üçün görək. Həzrət Rəsulallah (s) cənab Əbuzərə (r.ə) buyurur: “Ey Əbuzər! Gərək hər bir işdə pak niyyətin olsun, hətta yemək və yatmaqda da belə”. Yəni, insan əgər Allah bəndəsi olmaq istəsə, Allahın hüzurunda öz halında müsbətə tərəf dəyişikliyə çatmaq istəsə, çalışmalıdır ki, bütün davranışlarının, bütün etdiklərinin, bütün tərk etdiklərinin, bütün rəftarlarının niyyətinə fikir versin və bunların hanmısını Allah üçün etsin. Əgər Allah üçün etsə, nəticəsi olacaq.

Böyük əxlaq ustadı və arif olan Şeyx Rəcəbəli Xəyyatın şagirlərindən biri onun dilindən nəql edir ki, Ayətullah Bürucerdinin (r.ə) dəfn mərasimində böyük sayda insan iştirak edirdi, insanların əzəmətli iştirakı var idi. Şeyx Rəcəbəli bərzəx aləmində ondan soruşur: “Necə oldu ki, bu qədər əzəmətlə yad edildiniz?”. Ayətullah Bürucerdi buyurdu: “Bütün tələbələrə Allah xatirinə dərs verirdim”. Ayətullah Bürucerdinin çox böyük elmi fəaliyyəti olubbildirir ki, bütün bu elmi fəaliyyətində ixlaslı olub, bütün tələbələrə yalnız Allaha xatir dərs keçib. Aydın olur ki, əgər insan bütün işlərini yalnız Allahın razılığı üçün həyata keçirsə, Allah istədiyi bəndələrinə onu sevdirərər və onu insanların gözündə əzəmətli edər.

 

Özümüz üçün istədiklərimizi Allaha xatir istəyək

Ümumiyyətlə, insanın əməllərinin böyükkiçikliyinin heç bir fərqi yoxdur. Nə etməyimizin də fərqi yoxdur. Yenə də həmin tövsiyələrə nəzər salanda, biz görürük ki, bəzən insan ən yaxşı əməli edər, bəzən gözəl davranışları olar, gözəl işlər görər, amma niyyəti Allaha xatir olmaz. Bu əməllərin insanın aqibəti üçün xeyri o qədər də nəticəli olmaz. Alimlərdən biri Şeyx Rəcəbəlidən özü haqqıda rəy soruşarkən, o, cavab verir: “Ürəyin yaxşı olmağı istəyir, amma özün üçün. Çalış yaxşı olmağı Allaha görə istə”. Şeyx Rəcəbəli həmin alimə vəziyyətini, halını dərk etməyə kömək edir. Bildirir ki, sən təvazökar, fəzilətli, yaxşı işlər görən, müsbət davranışları olan insan olmaq istəyirsən, amma bunları özün üçün istəyirsən. Bütün bu yaxşı istədiklərinin hamısını Allah üçün istə. Biz çalışmalıyıq ki, bütün istədiklərimizi Allah üçün istəyək. Əgər Allah üçün istəsək, həyatımızda dəyişikliklər baş verə bilər. Həyatımızda məzmunca da, mənaca da hər şey dəyişər.

İxlasın, niyyətin pak olmasının insanın həyatına təsiri fövqəl dərəcədədir. Ariflərin buyuruşlarında görürük ki, hər kəs tam mənada Allah üçün çalışsa, Allah da onun üçün olacaqdır. Sən Allah üçün ol, Allah da sənin üçün olar.

Əgər insan ixlasa əməl etməyə hətta nail olmasa da, müvəffəq olmasa da, ixlas haqqında söhbət etməyin özü artıq insanın ruhiyyəsində gözəl təsir qoyar. Yəni, ixlas haqqında, ixlaslı davranış haqqında, əməlləri xalisləşdirmək haqqında danışmaq, bu haqda müzakirə etmək, düşünmək hətta bilavasitə nəticəyə gətirib çıxarmasa belə, bunun xatırlanmasının özü insanın ruhiyyəsində gözəl təsir buraxar.

Şeyx Rəcəbəlinin şagirdlərinin biri onun ixlas barədə tövsiyələrinin birində buyurur ki, Şeyx Rəcəbəli onun ziyarətinə gələnlərə deyərdi: “Buraya Allah xatirinə gəlin. Əgər mənə xatir gəlirsinizsə, uduzmusunuz”. Fövqəl dərəcədə önəmli bir məsələdir. Ziyarətə getmək barədə də ariflərin tövsiyələrində var ki, ziyarətə gedəndə, Əhli-beytə (ə) məhəbbətimizi izhar edəndə Allahın razılığını əldə etmək üçün baş verərsə - kamil ziyarət o zaman alınar. Bizlər, diqqətli olmalıyıq ki, niyyətimiz tam şəkildə ixlaslı olsun.

 

Niyyətlərimizin Allaha xatir olması, bizim Ona aidliyimizin bəyanıdır

Şeyx Rəcəbəlinin özünün belə bir ibarəsi var. Öz dərzilik avadanlığına işarə edərək, buyurarmış: “Bu dərzilik çarxını görün. Onun kiçikli-böyüklü bütün hissələrinin xüsusi markaları vardır. Bununla demək istəyirlər ki, bu maşının ən kiçik hissəsi belə bizim zavodun istehsalını göstərir. Mömin insanın da bütün işləri Allah nişanəsinə malik olmalıdır”. Həqiqətən də hər bir istehsal olunan məhsulun üzərində onu istehsal edən şirkət özünə aid işarə qoyub, ona aid olması görünür. Bizlər də Allahın bəndəsi olaraq Ona məxsus olmağımızı göstərməliyik. Bunun üçün bütün işlərimiz Allaha xatir olmalıdır ki, Ona aid olmaq nişanəsi daşımış olsun.

Bəzən belə yanlış fikirlər təlqin edilir ki, yaxşı işlər öz-özlüyündə yaxşıdır və onları yaxşı olaraq görmək lazımdır. Bu, şeytanın (lən) fitnələrindəndir. Harada ki, gözəl əməl, rəftar, , hərəkət Allahdan, Allaha xatir olmaqlıqdan ayrılır, orada həmin işin bərəkəti olmaz. Ona görə də bizlər özümüzün kiçik, böyük - bütün əməllərimizdə Allaha xatir olmasını düşünməliyik. Yalnız namazlarımız, oruclarımız, zəkatımız deyil, istənilən rəftar və davranışımız Allah razılığı üçün olmalıdır. Əgər yemək yeyərkən Allah razılığını qazanmaq üçün etdiyimizi düşünsək, o əməl bizə bir bəndəlik gücü verər. Əgər belə olmasa, o zaman qəflətdə olarıq. Əgər insan yemək yeməsinə “Bismillah” deyərək və bu barədə düşünərək başlasa, bu, onun Allaha ibadəti sayılar və onu Allah razılığına yaxınlaşdırar. “Bismillah”ın təfsirində də var ki, bu kəlməni deyən adam Allah bəndəsi olduğunu, özünün Allaha aidliyini bəyan edər, sanki özünə bir Allaha aid olmasının möhürünü vurar. İnsanın bir əməlinə başlayarkən “Bismillah” söyləməsi Allah bəndəsi olmasını bəyan etməsinin elanıdır. İnsan bütün davranış və rəftarlarını, əməllərini bu cür etməyi bacarsa, onun bütün həyatı bərəkətlənər. Evdə övladları ilə oynayarkən, ailəsi ilə ünsiyyət saxlayarkən Allah razılığını düşünsə, ailəsi nuraniyyətə bürünər.

Allahdan qırılaraq edilən yaxşı əməlin, hərəkətin nuraniyyəti, bərəkəti və əsas da – davamiyyəti olmaz. Daim olan yeganə Allah olduğundan, yalnız Onun üçün edilən əməllərin davamlılığı ola bilər. Qalan bu dünyada hər bir şey fani olduğundan, fani olan bir şeylər üçün hərəkət etməyə dəyməz.

 

Allahın razılığını düşünürüksə, seçimlərdə nəfsin istəklərinə nəzər salaq

Əgər biz əməl və davranışlarımızda Allahın razılığını düşünsək, əməllər edən zaman nəfsimizlə Allahın razılığı arasında seçim etməkdə çətinlik çəkməyəcəyik. Əgər insan nəfsi ilə Allah razılığı arasında düzgün seçimlər edə bilməsə, bu vəziyyət onu qəflətli duruma salar. Çünki, insan nəfsinin istəklərini ödədikcə məst olur, daha da qəflətə düşür. Belə insanın Allah razılığı barədə düşünməyə heç halı, mənəvi tutumu da olmur. Həzrət İmam Kazım (ə) buyurur: “İki işlə qarşılaşıb onlardan hansı birinin doğru olduğunu bilməyəndə, hansının sənin nəfsi istəyinə daha yaxın olmasına baxona qarşı çıx. Çünki, sənin nəfsi istəyinə qarşı çıxmağında çoxlu savab gizlənmişdir”. İnsan qəflətdə olmadığı zaman, ayıq zamanında öz istəklərini ölçə bilir, hansının Allah razılığına, hansının isə nəfsinin istəklərinə uyğun olmasını müəyyənləşdirə bilir. İnsan iki arasında seçim edə bilməyən zaman baxmalıdır ki, onlardan hansı biri nəfsinin istəklərinə daha yaxındır. Məhz nəfsi istəklərin təmininə yaxın olan bir əməl tərk edilməlidir.

Nəfsi istəyin əsas xüsusiyyəti budur ki, iradəyə, düşüncəyə və Allahın razılığına söykənmir. Nəfsi istək odur ki, insan ümumiyyətlə onun barədə düşünmək istəmir, sadəcə onu təmin etmək istəyir. Burada görülən işlərdə ağıl işığı olmur. Ola bilər ki, bəzən nəfsi istəyə söykənən işlərdə insana zahirən elə gələ bilər ki, həmin işlərdə Allahın da razılığı var. Amma, zahirlər eyni görsənsə də, nəticələrdə fərq olduqca dəqiqdir. Birinə ağıl işıq salır, insan düşünür, iradəvi olaraq Allahın razılığını axtarır və seçim edir. Digərini isə sadəcə olaraq insan ürəyi istədiyinə görə edir. Birinin nəticəsi aqibətin xeyirli olmasına aparır, digərinin isə ən maksimumbu dünyada müəyyən faydalılığı olur.

 

Adət və vərdişlərin tərki də nəfsi istəklərin təminindən uzaqlaşmaqdır

Nəfsi istəklərdən uzaqlaşmaqla bağlı ən ciddi mövzulardan da biri vərdiş və adətlərdən uzaqlaşmaqdır. Həzrət Əli (ə) buyurur: “Adətləri tərk etmək üstündə öz nəfslərinizlə, onlara qalib gələnədək vuruşun və nəfsi istəklərinizlə, onları zəncirləyənə kimi mübarizə aparın”. Bizim bir çox müsibətlərimiz vərdişlərimizi tərk edə bilməməyimizlə bağlıdır. İnsan nəfsi istəklərindən irəli gələn vərdiş və adətlərini həyata keçirən zaman elə əslində nəfsi istəyinin təmini ilə məşğul olmuş olur. Həzrət Əmirəlmöminin (ə) bizə xəbərdarlıq edir ki, onları tərk etmək elə də asan olan mövzu deyil. Ona görə də, onlara qalib gələnə qədər mübarizə aparmağı bizlərə tövsiyə edir. Nəfsi istəklər zəncirlənməsə, nəzarətə alınmasa, gözləmədiyimiz zamanlarda, hazır olmadığımız vaxtlarda, zərrə qədər boşluq əmələ gələn vaxtlarda üzə çıxacaq, bizi özünə cəzb edəcək. Əgər qəflətdə olsaq, onu təmin etməyə çalışacağıq.

Allahın razılığını düşünmədiyimiz zaman nəfsi istəklər bizi özünə alacaqbir ömür boyu məhz onların təmini ilə məşğul ola bilərik. Bunlar heç də hansısa mücərrəd mövzular deyil. Biz günümüzün iyirmi dörd saatında məhz bu seçimlərlə qarşı-qarşıya oluruq. Bu seçimlər həyatımızın bütün sahələrini əhatə edir.

Allahım, bizlərə hər bir işimizdə Sənin razılığını düşünməyi nəsib et!

Allahım, bütün seçimlərimizdə nəfsi istəklərimizə uyğun olan işləri tanıyıb, onlardan uzaqlaşmağı nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

 

Yeni Müsavat. - 2015.- 28 avqust.- S.14.