Azərbaycanın anti-işğal doktrinasıErmənistan bölgənin “zibilliyi”nə sıxışdırılır

  

 

Cümhuriyyət ilinin əsas çağırışı: Qarabağın qayıdışı ilə tarixi torpaqlarımız olan Zəngəzura, Göyçəyə, İrəvana dönüşün də yolu açılacaq. 

Fevral ayında Qarabağda dağıdıcı erməni separatizminin başlamasının 30-cu ili tamam oldu. Bu il həmçinin müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümüdür. Tariximizdə, taleyimizdə silinməz izlər buraxmış iki hadisə, iki yubiley: biri qara, digəri isə – ağ, şərəfli və qürurverici

Əfsus ki, Cümhuriyyətin ömrü cəmi 23 ay çəkdi. Bolşevik Rusiyasının işğalı olmasaydı, indi nəinki 30 “yaşlı” Qarabağ ixtilafı olmazdı, üstəlik, Zəngəzur, Göyçə kimi əzəli torpaqlarımız da hazırkı Azərbaycan Respublikasının tərkibində idi. Çünki sovet hərbi təcavüzünədək o torpaqlar uğrunda mübarizə bitməmişdi, ən azından, mübahisəli ərazilər sayılırdı…

Yubiley ilində topluma qaydış çağırışı 

Ancaq tarix ondan ibrət götürənlər üçündür. Bu xüsusda Azərbaycan prezidentinin hakim partiyanın sonuncu qurultayında söylədiyi və bədnam qonşumuzda, hətta Rusiyanın bəzi çevrələrində rezonans yaradan fikri diqqət çəkir. İlham Əliyevin həmin sitatını yada salmağın yeri var.

Ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını və olmayacağını vurğulayan ölkə başçısı həmin tədbirdə demişdi: “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq… Bizim tarixi torpaqlarımız İrəvan xanlığı, Zəngəzur, Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bunu gənc nəsil də, dünya da bilməlidir. Bu, bizim siyasi və strateji hədəfimizdir və tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Əslində bu bəyanat Cümhuriyyətin 100-cü ildönümündə milli şüuraltıya, Azərbaycan gəncliyinə ünvanlanmış mühüm mesaj, qan yaddaşını təzələməyə edilən çağırış idi. Düşmən tərəfi ən çox təlaşlandıran da bəyanatın bu tərəfidir. Yəni İrəvan, Zəngəzur, Göyçə məsələsinin ideoloji, psixoloji olaraq Azərbaycan xalqının milli şüuru və qan yaddaşında, ictimai rəyində daha möhkəm oturuşması və nəticə etibarilə Qarabağı Azərbaycandan de-yure qoparmağın bir az da müşkülə çevrilməsi.

Sarkisyanın Münhendə sınan “səhəng”i

Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısının bəyanatı erməni siyasi isteblişmenti və ekspert çevrələrində dərhal müzakirə mövzusuna çevrilərək həyəcan yaratdı. Axı bu fikir hansısa azərbaycanlı siyasət adamı, ictimai xadim və yaxud tarixçi-araşdırmaçı tərəfindən səslənməyib. Dövlətin 1-ci şəxsinin dilindən, demək ki, elə dövlətin adından deyilib. Üstəgəl, həmin bəyanata ölkə, toplum daxilində hər hansı etiraz, təpki olmayıb – o cümlədən Azərbaycanın siyasi müxalifət düşərgəsindən.

Şübhə yox ki, işğalçı ölkənin prezidenti Serj Sərkisyanı fevralın 16-da Almaniyaya – Münhen Təhlükəsizlik Konfransına təcili getməyə vadar edən baş motiv də bu olub. Ancaq Sərkisyan hədəfinə çatdımı? “Xocalı hərbi canisi” damğası daşıyan Serj Sərkisyan Azərbaycanı beynəlxalq hüququ pozmaqda suçlayıb “rüsvay edə”, dünya birliyinin hədəfinə gətirə bildimi?

Xeyr. Çünki işğalçının, qatilin dili gödək olar! Təcavüzkar beynəlxalq hüquqdan, BMT Nizamnaməsindən, ATƏT prinsiplərindən, sərhədlərin toxunulmazlığından danışa bilməz! Danışsa belə, səmimi görünməz, özünü gülünc vəziyyətə salar, bumeranq effektinə tuş gələr. Sərkisyan da Münhendə o vəziyyətə düşdü.

İrəvan, Zəngəzur bəyanatının bir hədəfi də elə bu hesab oluna bilər: o anlamda ki, işğalçı Ermənistanın özünü faş eləməsi üçün unikal situasiya yaratmaq, onun əlinə yalançı tutarqa vermək. Məsələ də bundadır: Sərkisyanın “XXI əsrdə qonşu, müstəqil ölkənin paytaxtına (İrəvana – Z.S.) iddia etmək nə demək” deyə, Münhendən dünyaya car çəkməsinə nə var? Bəs sənin başında durduğun Ermənistanın XXI əsrdə (!) qonşu ölkənin 20% torpağını on illərdir işğalda saxlaması nə demək?! Özgənin ərazi bütövlüyünə hörmət etməzsən, sənin də ölkənin ərazi bütövlüyünə qarşı sayğılı davranmazlar.

Bumeranq effekti yəni. Halbuki tarixçi olmayanlar da bilir ki, ermənilər Qafqazda, Qarabağda aborigen (köklü) millət deyil. O üzdən indiki dövlətləri də qeyri-legitimdir, saxtadır. Müxtəsəri, “Su səhəngi suda sınar” deyiblər. Suda – Münhendə də sındı.

Hərçənd Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir ölkəyə, tarixi ərazilərimizdə yaradılmış Ermənistana hücum etməyə hazırlaşmır, ona qarşı ərazi iddiası irəli sürmür. Heç indiki Ermənistan ərazisində 80-cı illərədək kompakt şəkildə yaşamış 200 min azərbaycanlıya Dağlıq Qarabağa yüksək muxtariyyət statusu qarşılığında simmetrik muxtariyyət verilməsi məsələsini də qoymur – buna tam haqqı ola-ola.

Azərbaycan təcavüzkar qonşumuzdan fərqli olaraq, beynəlxalq hüquqa həmişə sayğılıdır, sadiqdir, dinc birgəyaşayış və qonşuluq prinsiplərinə daim hörmət bəsləyir. Ancaq eyni münasibəti özümüzə qarşı bütün ölkələrdən, ən əvvəl Ermənistandan gözləməyə haqqımız var. Əgər İrəvanda Göyçədən, Zəngəzurdan dolayı belə narahatdırlarsa, onda zəhmət çəkib Qarabağı, işğaldakı digər əraziləri dərhal öz halal sahibinə qaytarsınlar! Dünyanın bilməli olduğu Azərbaycan həqiqəti həm də budur.

İlham Əliyevin məlum açıqlaması da İrəvanı, Zəngəzuru, Göyçəni geri qaytarmaq çağırışından daha çox, aborigen millət olaraq, o tarixi ərazilərimizə qayıtmağın zəruriliyi mənasında işlədilib. Azərbaycan XİN-in verdiyi şərh də bunu təsdiqləyir: “Prezident İlham Əliyev İrəvan, Zəngəzur və Göyçəni geri qaytarmaqdan deyil, azərbaycanlıların öz tarixi vətənlərinə dönməsindən danışıb”.

Gerçəkdən qorxan xoflu düşmən

Bununla belə, düşmənin təlaşı qalır. Qarabağ problemi çözülənə və sərhədlər açılanadək, gediş-gəliş bərpa olunanadək yəqin ki, qalacaq. Səbəb bəlli: Ermənistanı monoetnik ölkəyə çevirmək azmış kimi, Azərbaycanın 20%-torpaqlarında da etnik təmizləmə aparmış və bəşəriyyət əleyhinə cinayətə – Xocalı soyqırımına imza atmış ermənilər türk-azərbaycanlı faktorunun tarixi yurd yerlərimizdə bərpasından qorxurlar. Doğrudan da xain xoflu olar.

Bu xüsusda erməni şərhçilərindən birinin – Sərkis Arsruninin 1 in.am nəşrində getmiş məqaləsindən aşağıdakı sitat ibrətamiz sayıla bilər: “İlham Əliyevin tarixi İrəvan və Zəngəzura qayıtmaq barədə bəyanatının əsas motivi məhz sürətlə boşalan, emiqrasiyanın təhlükəli miqyas aldığı Ermənistandır. Bu da Bakıya imkan verir ki, uzaq gedən strateji bəyanatlar işləyib hazırlasın. Özünün rezonans doğuran çıxışında Əliyev İrəvan və Zəngəzurun ələ keçirilməsindən daha çox, həmin torpaqlara türk elementinin qayıtmasından, başqa sözlə, iqtisadi və etnik ekspansiyadan danışıb. Məhz bu müstəvidə biz İrəvanın reaksiyasının adekvat olmamasından danışırıq. Əliyevin çıxışını boş şey adlandırmaq, Avropadan və vasitəçilərdən dəstək gözlənmək heç nəyi dəyişə bilməz, əgər biz Ermənistanı rəqabət qabiliyyətli, effektiv dövlətə çevirməsək”.

Düşmən tərəf üçün problemlərin problemi də budur: Azərbaycan torpaqlarının işğalına görə haqq elədiyi izolyasiya rejimində saxlanılan, əmək qabiliyyətli əhalisi Rusiyaya, Avropaya, hətta Türkiyəyə səpələnən, yəni yetərli insan resursu olmayan, habelə, ciddi təbii qaynaqlardan və dünya okeanına çıxışdan məhrum, nəhayət, böyük nəqliyyat arteriyalarından, iri iqtisadi-energetik layihələrdən kənarda qalan “qalib” Ermənistan necə, hansı resurslarla “rəqabət qabiliyyətli və effektiv dövlət”ə çevriləcək?

“İzqoy” ölkə və tarix saxtakarının layiqli yeri

Son vaxtlar erməni ekspert ictimaiyyəti, bəzi erməni rəsmilər belə etiraflar da səsləndirirlər ki, Azərbaycan sürətlə silahlanma və iqtisadi-kommunikasiya blokadası ilə Ermənistanı iqtisadi rəqabətə çəkib taqətdən salmaq, çökdürmək istəyir. Bəs deyirdilər ki, “Qarabağ savaşının qalibiyik”. Qalib də giley edİrmi?

İkinci yandan, Azərbaycan onun ərazisinin 1/5-ni 30 ildir işğal altda saxlayan, bir qarış ərazimizi belə boşaltmaq istəməyən təcavüzkar ölkə ilə necə davranmalıdır, onu tumarlamalıdır, yoxsa ki, işğalçını bölgənin “zibilliyi”nə itələməlidir? Bütün qonşularına qarşı əsasız ərazi iddiaları illə olan Ermənistanın – regionun “izqoy” (“tullantı”) ölkəsinin yeri elə ora – bölgənin və tarixin “zibbliyii” deyilmi?

Əlbəttə ki, Güney Qafqazın əsas geosiyasi və iqtisadi oyunçusu kimi Azərbaycan doğru olaraq bu yolu tutub, işğalçı ölkə ilə bütün cəbhələrdə mübarizə aparır, bütün müstəvilərdə və meydanlarda onu sıxışdırmaq siyasəti yürüdür. O sırada düşmənin ən zəif olduğu rəqabət müstəvisinə – iqtisadi savaş meydanına çəkilməsi tam məntiqlidir. Şəksiz ki, sürətlə silahlanma bu davanın mühüm tərkib hissəsidir və kasıb Ermənistanın həmin savaşdan qalib ayrılması qeyri-mümkündür.

Bu – bizim Vətən savaşınadək, torpaqlarımız azad olunanadək sürəcək anti-işğal doktrinamızdır, bir güllə belə atmadan ərazi bütövlüyümüzü bərpa eləmək taktikasıdır. Bu doktrina, təcavüzkarı taqətdən salmaq taktikası Azərbaycanda hansı siyasi qüvvənin iqtidarda olmasından asılı olmayaraq, dəyişməz qalacaq.

Bu, eyni zamanda idman termini ilə desək, Azərbaycanın düşmənə “qırmızı vərəqə” göstərməsidir. O anlamda ki, Ermənistan Azərbaycansız heç vaxt tərəqqi edib rifaha qovuşa, iri iqtisadi projelərin iştirakçısına, böyük geosiyasi oyunların oyunçusuna çevrilə bilməz. Ancaq bu, bizim problem deyil. Belə acı taleni, Rusiya boyunduruğunu və səfalətli həyat tərzini tarix saxtakarı olan Ermənistan özü, könüllü seçib…

***

Sözsüz ki, biz təbliğat savaşını da yaddan çıxarmamalıyıq. Ələlxüsus da üzv olduğumuz beynəlxalq regional təşkilatlarda – BMT-, ATƏT-, Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmayanlar Hərəkatında, habelə, müşahidəçi statusu aldığımız bütün mötəbər qurumlarda (Avropa Birliyi, NATO PA, “G-20″) sözümüzü daha kəsərli, daha ucadan deyib işğalçının təklənməsi prosesini sürətləndirməliyk. Zira, Dağlıq Qarabağ ilk növbədə təbliğat savaşının qalibinə qalacaq. Zəngəzur, Göyçə, İrəvan kimi tarixi torpaqlarımıza qayıdışın yolu da yalnız bundan sonra açılacaq

Zahid Səfəroğlu

Yeni Müsavat.- 2018.-27 fevral.-S.11.