87 il yaşayan ölməz ustad

 

Dədə Şəmşirin 125 illiyi yüksək səviyyədə qeyd olundu

 

Martın 15-də əməkdar incəsənət xadimi, ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Aşıq Şəmşir-saz, söz bayramı” adlı tədbir keçirilib. Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən mərasimin təşkilatçısı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyi olub. Tədbirdə yüzlərlə Şəmşirsevərlə yanaşı, Milli Məclisin deputatları, nazirlər, komitə sədrləri də iştirak edib. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Dədə Şəmşir və onun yaradıcılığı haqqında geniş məlumat verib. Ustadın Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açıb.

Ustad aşıq Dədə Şəmşirin şeirləri, qoşmaları, təcnisləri tanınmış aşıqlar, incəsənət adamları tərəfindən səsləndirilib.

Eyni zamanda Dədə Şəmşir haqqında iştirakçılara ətraflı məlumatlar verilib. Bildirilib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan Kəlbəcər ədəbi mühiti Dədə Şəmşirlə yaşıddır.

Qocayev Şəmşir Qurban oğlu 1893-cü il martın 15-də Kəlbəcər rayonunun Dəmirçidam kəndində Qurban Məşədi Məmmədalı oğlunun ocağında dünyaya göz açıb, sənətin ilk sirlərini də atasından öyrənib. Sonralar Aşıq Ələsgərdən və Təcnis Alıdan çox şey əxz edib. 1915-ci ildən özü sərbəst şəkildə elin toy-düyünlərində iştirak etməyə başlayıb. Məclisdən-məclisə, toydan-toya yetkinləşib, sənətkar kimi tanındıqca el-obada sevilib. Aşıq Şəmşirin bütövlükdə saz-söz aləmində daha da tanınması və məşhurlaşması, istedad və qabiliyyətinin üzə çıxması xalq şairi Səməd Vurğunun Kəlbəcər ziyarəti ilə sıx bağlı idi. 1955-ci il kəlbəcərlilər və Aşıq Şəmşir üçün xüsusilə yaddaqalan olub. Belə ki, həmin ilin avqust ayında Səməd Vurğun Kəlbəcərə - “İstisu” sanatoriyasına müalicəyə gəlib. Ayın 5-də Boyaqlı Turşsuyunda şairlə aşığın görüşü təşkil edilib. El arasında sayılıb-seçilən aşığın şairlə görüşə dəvəti təsadüfi deyildi. Ömrünün son vaxtlarını yaşayan Səməd Vurğunu həmin tarixi görüşdə bədahətən “Xoş gəldin” rədifli qoşması ilə salamlayan aşığın şirin avazından, sehrli səsindən sonra şair sanki ağrılarını, azar-bezarını unudub. “Kazbeksiqaretinin qutusu üzərinə “Aşıq Şəmşir, Dəlidağdan keçəndə...” misrası ilə başlayan “Məni” rədifli şeirini yazaraq o zaman rayonun prokuroru işləyən, el şairi Paşa Salahlıya verib deyir ki, bunu saxla, axşamkı görüşdə oxuyaram.

Həmin gün rayon mədəniyyət evində şairlə görüşün sonunda söz Aşıq Şəmşirə verilir. Bir neçə saat öncə bulaq başında şairin söylədiyi “Məni” qoşmasından ruhlanaraq “Səni” rədifli şeiri ilə səhnəyə çıxan aşıq Şəmşir “El havası” üstündə oxuyub.

Aşığın bu çıxışı S.Vurğunu elə vəcdə gətirib ki, səhnəyə qalxaraq onu bağrına basıb və sədəfli sazını öpüb. Məhz həmin məclisdə S.Vurğun aşığa dədəlik tituluna layiq olduğunu bildirib. Bundan sonra o, Dədə Şəmşir kimi tanınıb.

1957-ci ildə Aşıq Şəmşir Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Həmin il ustad həm də “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Dədə Şəmşirin yaradıcı əməyinə yüksək qiymət ilk dəfə mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən verilib. Ustad 80 illiyi ilə əlaqədar 1973-cü il tarixində “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Ustadın yubileylərinin dövlət başçısının sərəncamları ilə keçirilməsi, əlbəttə, Azərbaycan aşıq ədəbiyyatına verilən ən yüksək qiymətdir.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli), “Saxla izimi, dünya” (Məmməd Aslan), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu), “Dədə ocağı” (Məhəmməd Nərimanoğlu), “Sən dağlardan ayrılmadın”, “Sazımız ağlayır dağlar başında”, “Arı çiçəyə gələr” (Cəmilə Çiçək) kitabları nəşr edilib.

Dədə Şəmşir 1980-ci il fevralın 10-da 87 yaşında dünyasını dəyişib.

Dədə Şəmşir taleyi üzünə gülən sənətkar olsa da, özündən sonra onun ədəbi irsi ermənilər  tərəfindən yandırılaraq məhv edilib, həm də bir neçə dəfə. Yaşayıb, yazıb-yaratdığı Ağdaban kəndi erməni vandalları tərəfindən odlara qalanıb. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər qəfil hücum edərək Ağdabanı ikinci Xocalıya çevirdilər. İşğal zamanı ustadın nadir əlyazmaları, çoxlu sayda çap edilməmiş əsərləri yandırılıb məhv edilib.

 

Etibar SEYİDAĞA

 

Yeni Müsavat.-2018.- 16 mart.- S.3.