Yuxuda da radio, mikrofon görürdük...”

 

Məşhur diktor Eldost Bayram: “Torpaq məni o qədər cəlb etdi, kövrəltdi ki, sürücüdən xahiş etdim maşını saxlasın, asfaltı öpüm...”

 

Yeni Müsavat”ın budəfəki qonağı ömrünün 47 ilini  Azərbaycan Dövlət Teleradiosuna həsr edən, məşhur diktor, Xalq artisti Eldost Bayramdır. Uzun illərdir ki, səsi, avazı ilə dinləyicilərinin qəlbini fəth edən Xalq artisti ilə jurnalistlərin binasında ona bağışlanan evində görüşüb, söhbətləşdik. Öncə o, durumu haqda sualımızı cavablandırdı:

 

- Allaha şükür, indi yaxşıyam. Bildiyiniz kimi, bir müddət bundan əvvəl rəhbərlik dəyişdi, təbii ki, rəhbərliyin dəyişməsi müəyyən dərəcədə ətraflara, bilavasitə məzmuna, oradakı işçilərə də təsir edir. Arif Alişanovun vaxtında mən ancaq yaxşı şeylər gördüm. Belə ki, 2006-cı ildən başlayaraq sanki mənim sədrim gəldi, illərlə əziyyət çəkdiyim zəhmətin, nəhayət ki, bəhrəsini görməyə başladım. Həmin ildə Əməkdar artist, 2008-ci ildə “Tərəqqi” medalına, sonra isə Xalq artisti adına layiq görüldüm. 2017-ci ildə isə gördüyünüz bu iki otaqlı ev mənə hədiyyə edildi. Ona qədər heç vaxt evsiz olmamışam, amma öz evim yox idi. Hardasa bununla bağlı içimdə bir qırıqlıq var idi. Kişinin öz evi olar da (gülümsəyir). Nəhayət, ömrümün ən böyük hədiyyəsini aldım, evlə təmin olundum. Bu hamısı əməyimə verilən qiymətdir. Buna görə çox xoşbəxtəm, həm dövlətimizin, həm də kollektivimizin rəhbərliyinə minnətdaram.

Arif Alışanovdan sonra AzTV-yə Rövşən Məmmədli sədr gəlib. Onu ilk olaraq efirdə görmüşdüm, həmin vaxt onun savadına, intellektinə, veriliş aparmasına bələd idimçox xoşuma gəlirdi. Çünki səlist Azərbaycan dilinə, gözəl dinamik, gəncliyə xas bir xüsusiyyətə malikdir. Vaxtaşırı qarşılaşanda həmişə mənimlə salamlaşıb, hal-əhval tuturdu. Hətta təəccüblənirdim ki, axı bir-birimizi tanımırıq. Amma sonra aydınlaşdı ki, o mənim zəhmətimə, sənətimə böyük dəyər verir.

- Hazırda da dövlət radiosunda fəaliyyətinizə davam edirsinizmi?

- 2009-cu ildə yaşımla əlaqədar təqaüdə çıxmışam, ondan sonra xəbərləri oxumur, birbaşa efirə çıxmıram. Amma yenə də, rəhbərliyin istəyi ilə mikrafon qarşısındayam. Sadəcə, xalq yaradıcılığı redaksiyasında verilişləri, hərdən şeir və hekayə oxuyuram. Beləliklə, həm dövlət radiosunda, həm də televiziyasında xarakterimə uyğun olan bədii və ictimai-siyasi verilişlərdə fəaliyyətimi davam etdirirəm.

Bu yaxınlarda böyük iclas keçirildi, köhnə diktorlar da bu iclasa cəlb edildi, o cümlədən mən də həmin iclasda iştirak etdim, radio ilə bağlı danışdım.

İllər sonra zəhmətin qiymətləndiriləndə deyirsən ki, bu dünyada boş-boşuna yaşamamışam. Deməli, kimlərinsə könlünü xoş edə bilmisənsə, sən lazımlı adamsan. Sən demə 47 illik fəaliyyətin boş yerə deyilmiş. Bu da məni ruhən göylərə qaldırdı, həvəsim birə on, son dərəcə artdı.

Təkcə mənim deyil, digər radioçular, məndən 5 yaş böyük və 5 il əvvəl radioya gəlmiş Əli Məhəmmədoğlu, səsi hələ də öz incəliyində qalan Sevda Saleh, İradə Ələkbərqızı, Sevil Hüseynlinin də əmək və bacarığından istifadə olunur. Beləliklə, təqaüddə olub, dəyər verilən, fəaliyyətlərini davam edən 5 radio diktoruyuq.

- AzTV-də uzun illər dəyişməyən, eyni formatda, eyni çərçivədə verilişlər görürdük. Lakin son bir ildə müxtəlif yenilikləri müşahidə edirik. Maraqlıdır, siz özünüz bu yenilikləri necə qarşılayırsız?

- O yenilikləri mən də gördüm. Təxminən 20 il bundan əvvəl Şəkidə 70 yaşlı qadın mənə dedi ki, bu yaşıma qədər nə savad, dünya görüşü, informasiya əldə etmişəmsə, bunun hamısına görə Azərbaycan radiosuna borcluyam. Azərbaycan radiosu məktəbdir. Onun bünövrəsinin qoyulması hələ Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin vaxtına təsadüf edir və beləliklə, silsiləylə dahiliyə yaxın olan insanlar burada çalışıblar. O ənənə, məktəb davam edir. Lakin anlaya bilmirəm, niyə Azərbaycan radiosunu, televiziyasını bəyənmirdilər. Mən televiziyaya toxunmuram, ancaq radio barəsində danışacam. Məlum iclasda da qeyd etdim ki, bizdə yeganə çatışmayan cəhət aparıcılarımızınn xəbəri dinləyiciyə bir qədər ləng təqdim etməsi ola bilərdi. Şəxsən mən 72 yaşımda hər an operativ olmağa hazıram. Məsələn, dedilər ki, pafos olmaz, dərhal aradan qaldırdım. Hərçənd ki, vaxtı ilə pafosun öz yeri var idi, biz gələcəyə inanırdıq, pafos elə oradan yaranmışdı. İndi isə həqiqi pafosdur, yəni hər şey göz önündədir, pafosa ehtiyac yoxdur. Və yaxud indi xalq dilinə daha çox uyğunlaşmaq lazımdır, bu daha məqsədə uyğundur. Mən də sadə xalq dilində danışmağa çalışıram və təvazökarlıqdan uzaq olsa da, düşünürəm ki, mənim qədər sadə xalq dilində danışan yoxdur.

Beləliklə radioda verilişlərin məzmunu bir qədər dəyişir, dinamilklik çoxalır.

Uzun illərdir ki, Roza xanım ilə birgə dinləyicilərin çox böyük rəğbətlə qarşıladığı, sonradan bərpa edilmişArzu musiqi poçtuverilişini aparırıq. İndi verilişdə belə bir yenilik etmişik, veriliş zamanı dinləyicilər ilə əlaqə yaradırıq.yaxud səhər proqramının məzmunu bir qədər dəyişdirilib, daha dinamikdir, xarici estrada musiqilərindən istifadə olunur. Daha bir yenilik, televiziyanın səhər proqramı ara-sıra radiodakı səhər verilişinə qoşulur. Bu, əvvəllər yox idi. Beləliklə, hansı yeniliklər varsa, bu Azərbaycanın manefiyinə xidmət edir.

- Gənc radio aparıcılarında nələri bəyənir, nələri bəyənmirsiz?

- Əgər gənc radio aparıcısı səlis Azərbaycan dilində danışırsa, kəkələmirsə, dinamikdirsə, materialı dinləyiciyə çatdıra bilirsə, deməli onda hər şey gözəldir...

- Bəzən dilimizə daxil olan, onu korlayan bəzi əcnəbi, əcaib sözlərin səbəbkarı kimi yerli televiziya və radiolarımız göstərilir. Bununla razısızmı?

- Düz deyirlər və düzgün də günahlandırırlar. Çünki radio efiri, televiziya ekranı xalqın, dövlətin güzgüsüdür. Xaricə çıxanda Azərbaycan dilinə televiziyaradiolara görə qiymət verirlər. Diktor, aparıcı verilişləri necə təqdim edirlərsə, o cür də qəbul olunur. Mən işə qəbul olunduğum vaxtda Soltan Nəcəfov, Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabutay Quliyev, Yusif Muxtarov, Sabir Ələsgərov, Ofeliya Sənani, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Sevda Saleh, Südabə Manaflı elə bir məktəb idi ki, dilçilik institutunu əvəz edirdi və mən bu sözün arxasında dayanıram. Çünki hansısa sözün düzgünlüyünü təyin edəndə dilçilik institutuna getmirdilər, deyirdilər ki, “Radionu açın, görün diktorlar o sözü necə tələffüz edirsə, deməli o cürdür”. Amma indi?

- Bəs indi?

- İndi bunu deyə bilmərik. Lakin Azərbaycan radio və televiziyası bu mənada öz yerində qalır, yalnız zəmanənin müəyyən təsirləri var. Amma biz varıq. Bəs sədr bizi niyə toplantıya yığmışdı? Məhz bunun üçün yığmışdı ki, o ənənələr üzərində möhkəm dayanan Azərbaycan radio və televiziyası müasirləşdirilsin, tanınmış köhnə diktorların təcrübəsindən istifadə olunsun. Məqsəd bu idideyim ki, Rövşən müəllim bunu vaxtında etdi, yoxsa vəziyyət getdikcə mürəkkəbləşirdi.

Hazırda özəl televiziyalarda da çox gözəl aparıcılar yetişib, onlara baxanda adam valeh olur. Aparıcıların efirdə özlərini aparması, efir mədəniyyəti, gözəl səslə verilişləri təqdim etməsi təbii ki, çox xoşdur. Lakin bunlarla yanaşı zay aparıcılar da var. Tez-tez şahidi oluruq ki, bəziləri Azərbaycan dilini rus, türk dilinə qatır. Məsələn, “Zamanım yoxdur” kəlməsindən istifadə olunur. “Zamanım yoxdur” və “vaxtım yoxdur” sözlərinin ikisitürk sözüdür, biri Anadolu türkçəsi, digəri azərbaycanlı türkçəsinə xasdır. Zaman sözü Türkiyədə başqa, mənim dilimdə başqa cür məna daşıyır, ay aparıcılar. Bu mənada çox yanlışlıqlar var ki, aparıcılar bunu düzəltməlidir. Və yaxud görürük ki, əksər hallarda hava haqqında proqnozu bildirəndə “hidrometrologiya departamenti” deyirlər, halbuki, “hidrometeorologiya departamenti” olmalıdır. Bunun asan yolumeteorsözünü yadda saxlamaqdır. 90 faiz aparıcılar “lahiyə” deyir. Amma “lahiyə” deyil, “layihə”dir. Bəlkə də kənardan aparıcı, diktor yetişdirmək asan görünür, amma bunun üçün bəzən illər sərf olunur.

Şəxsən bizlər heç vaxt maaşı düşünmürdük, demirdik ki, maaş niyə azdır? Biz peşəmizin xəstəsi, fədaisi idik. Gecə yatanda da, yuxuda radio, mikrafon görürdük. Məni xoşbəxt edən dinləyicilərimdir.

- Tez-tez tamaşaçıların dilindən eşidirik ki, yerli televiziya kanallarına baxmırlar. Bəs sizlər necə?

- Ümumiyyətlə yerliyaxud xarici fərqi yoxdur, televiziya kanallarına çox az baxıram.  Əsasən radionu dinləyirəm. O da radioya sevmədiyim, əcnəbi musiqilər gələndən daha dinləyə bilmirəm. Bizim musiqi xəzinəmizdə o qədər gözəl, illərlə səslənən milli musiqilərimiz var idi, amma indi dinləyicilər var ki, ona həsrət qalıb. Əvvəllər mahnının müəllifləri, bəstəkarı, şairi, hətta yazıldığı il deyilirdi, indi isə belə deyil. Lakin dövlət radiomuzda bu ənənə davam edir.

- Bəzən deyirlər ki, indi internet əsridir, daha radioya qulaq asan da qalmayıb...

- İnternet nə qədər inkişaf etsə də, radio heç vaxt əksik olmayacaq, əksinə, hər dövrdə yaşayacaq.

- Dinləyicilərin illərlə sevə-sevə dinlədiyi, səsinə, avazına heyran olduğu Eldost Bayramın özü bu gün kimisə belə dinləyir, səsinə heyran olurmu?

- (bir qədər fikrə gedir)... Çox çətin sualdır, bu barədə heç düşünməmişdim... Hazırda yox. Bizi işə götürəndə ilk növbədə səsimizə, avazımıza diqqət edirdilər. Bəxtim onda gətirmişdi ki, səsim mikrofona düşürdü. Bizim nəsil aparıcıların hər birinin özünə məxsus gözəl səsi var idi. Bir Səttar həkim var, o rus, ana dilimizdə o qədər peşəkar siyasi analitik yazılar yazır ki, insan heyran qalır. Mənə mesaj yazanda elə gözəl sözlərdən istifadə edir ki, utanıram ona cavab yazmağa, zəng edib təşəkkür edirəm. Deyirəm ki, sizin kimi yaza bilmirəm. Səttar həkim isə mənə deyir ki, mən 6 il həkimliyi oxumuşam, nə qədər kurslarda olmuşam, rəsmi surətdə həkiməm, amma əsl həkim mən deyil, sizsiniz. Bu, mənim üçün böyük xoşbəxtlikdir ki, qəlbi sarı sim olan Azərbaycanın sarı simlərinə toxuna bilirəm.

- Çox sevindirici haldır ki, özünüzünqeyd etdiyiniz kimi, illərinizi, ömrünüzü bu peşəyə həsr etməyinizin sonda dəyərini, qiymətini almısız. Bəs bu gün özünüzə nə arzulayırsınız?

- İlk növbədə azərbaycanlı olmağımla fəxr edirəm. Sanki Azərbaycan torpağında nəsə var. Məncə, yeganə xalqıq ki, sərhədi keçib, xaricə gedəndən 15 gün sonra deyirik ki, Azərbaycanıma qurban olum, hər şeyə razıyam, təki geri dönüm. Kürdəmirin o palçıqlı torpağı var ha, deyirəm ona qurban olum. Gənc vaxtı bəyənmirdim, öz-özümə deyirdim, bu nədir e,  palçığı dizə qalxır, yayı da istidir, qaç canını qurtar burdan. Amma müəyyən yaşdan sonra o torpaq insanı özünə çəkir. Uzun illər idi ki, Kürdəmirə getmirdim. Bu yaxınlarda maşınla getdim. Yolda ikən o torpaq məni o qədər cəlb etdi, kövrəltdi, muma döndərdi ki, sürücüdən xahiş etdim maşını saxlasın, o asfaltı öpüm... Yeganə xalqıq ki, xüsusən kənd yerində ev tikəndə onun bir otağını qonaq üçün tikir, ən yaxşı xalçasını, yorğan-döşəyini o otağa, qonaq üçün qoyur. Bunun hansı xalq edir? Əlbəttə ki, azərbaycanlılar. Azərbaycan bütün çatışmayan cəhətləri ilə birgə son dərəcə gözəl xalqdır. Amma Azərbaycanın öz dərdi var. Bu günlərdə əlimizdən getməyinin 27 ilini qeyd etdiyimiz Şuşamız, onunla bərabər dilbər torpaqlarımız var. Əslində ən dilbər guşələrimiz elə onlardır. Azərbaycanın isveçrəsi, yaraşığı idi o torpaqlar. Hamımızın dərdi budur. İllər keçir, o dərd bizimlə gedir. Hər birimizin arzusu budur ki, tanrı o dərdi bizim başımızın üstündən götürsün, qovuşdursun torpaqlarımıza. Bütün Azərbaycan qarabağlıdır, bax o Qarabağımız geri qayıtsın.

 

Xalidə GƏRAY

 

Yeni Müsavat.- 2019.- 13 may.- S.13.