Ölkədən qeyri-neft ixracını necə dayanıqlı etməli?

 

Nicat Hacızadə: “İxracın dayanıqlı və keyfiyyətli artımı innovativ, texnoloji, kapital tutumlu mal və məhsulların ixracından asılıdır”

 

Azərbaycanda qeyri-neft ixracının sürətli artımı müşahidə olunmaqdadır. Belə ki, 2021-ci ilin ilk 10 ayı ərzində qeyri-neft məhsullarının ixracı 2,05 milyard dollar təşkil etməklə 2020-ci ilin eyni dövründəkindən 607,2 milyon dollar, yaxud 42 faiz çox olub.  Bu zaman qeyri-neft ixracında yeyinti məhsullarının payı 3,2 faiz artaraq 582,2 milyon dollara çatıb.

 

On ayda həmçinin qara metallar və onlardan hazırlanan məmulatların ixracında 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi birləşmələr 40,6 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2 faiz,  alüminium və ondan hazırlanan məmulatlar 61,7 faiz, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3 faiz artım qeydə alınıb.

 

Qeyri-neft ixracındakı bu artımı nə qədər dayanıqlı, ən əsası keyfiyyətli hesab etmək olar? İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin dediyinə görə, müasir dövrdə ixracın dayanıqlı və keyfiyyətli artımı yenilikçi, innovativ, texnoloji, uzunmüddətli dövrdə istifadə edilə bilən kapital tutumlu mal və məhsulların ixracından asılıdır: “Son istehlak və kapital tutumlu məhsullar aralıq istehlak kimi qeyri-neft sənaye buraxılışında önəmli paya malikdir. Diversifikasiya qabiliyyətinə malik ölkələrdə yerli mənşəli aralıq məhsullarının daxili son istehlak məhsullarının buraxılışında yer alması, həmin məhsulların rəqabət üstünlüyünün artması ilə nəticələnir. 2021-ci ilin ilk 9 ayını əhatə edən ixrac məhsulları üzrə statistik hesablamalara əsasən, dəyər baxımından Azərbaycanın ümumi ixracında aralıq məhsulların payı 72,4 faiz, qeyri-neft sektoru üzrə isə 72 faiz təşkil edir. Qeyri-neft sektoru üzrə ixracda isə son istehlak məhsullarının payı 27  faiz civarındadır. Kapital tutumlu mallar üzrə ixrac edilən məhsullar 1 faizin altındadır”.

 

Nicat Hacızadə: “Azərbaycanın qeyri-neft ixracı son 7 ilin rekordunu  təzələyib” | Report.az

 

Nicat Hacızadə

 

Ekspert bildirir ki, sektorlar üzrə bir sıra məhsulların istehsal və idxalını analiz etdikdə idxaldan asılılıq səviyyəsini ehtimal etmək mümkündür: “Dövlət Statistika Komitəsinin xarici ticarət bülleteninə əsasən, 20 sektorial təsnifatın yalnız heyvandarlıq sektoru yerli istehsal dominantlığına dayanan və daxili tələbin 90 faizdən yuxarı hissəsini təmin edən göstəriciyə sahibdir. Digər sektorlarda isə idxal ilə rəqabət aparan, ixracyönümlü istehsal həyata keçirən və idxal dominantlığı ilə yerli istehlakı təmin edən sektorları müşahidə edə bilərik.

 

Qida sənayesi, tütün və içki məhsulları üzrə sektorda idxal edilən məhsulların 70 faizi son istehlak məhsullarıdır. Buna baxmayaraq, emal sənayesində yüksək paya malik qida, içki və tütün istehsalı üzrə yerli istehsal məhsullarının daxili istehlakda payı 88 faizə yaxındır. Hazır qida məhsulları, spirtli və spirtsiz içkilər, tütün və onun əvəzediciləri sənayesi üzrə istehsal edilən son istehlak mallarının böyük əksəriyyəti yerli bazarda istehlak edilir. Nəticə etibarilə, Azərbaycanda hazır ərzaq, spirtli və spirtsiz içkilər ixracyönümlü deyil, idxalla rəqabət aparan sektoryönümlü olması qənaətinə gəlirik".

 

N.Hacızadənin sözlərinə görə, idxalda əhəmiyyətli paya malik plastik və rezin məmulatları sənayesi üzrə buraxılan məhsulların böyük əksəriyyəti ixrac edilir: “Adıçəkilən sənaye üzrə son illər dövlət-özəl əməkdaşlığı çərçivəsində birbaşa investisiyalar həyata keçirilib. Plastik və rezin sektoru üzrə idxalın və ixracın böyük əksəriyyəti xammal məhsullara əsaslanır. Bu malların idxal çəkisi 93 faiz olduğu halda, ixracda payı 99 faiz təşkil edir. Sektorun son istehlak məhsulları üzrə göstəriciləri isə fərqlidir. Firmaların tələbinin qarşılanması 27 milyon dollar olmaqla idxalın 7 faizini əhatə edir. Rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində yerli malların istehlakda payı 27 faiz təşkil edir. Azərbaycanda adıçəkilən sahənin yerli mineral resurs ehtiyatlarına əlçatanlıq potenisalı, müqayisəli üstünlüklər nəzərə alınmaqla, istehsal və ixrac diversifikasiya üçün şərait yaradır.

 

Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac 9%-dək azalıb | Report.az

 

Kimya sənayesi məhsulları üzrə baza xammal yerli mənşəli neft və qaz məhsulları olsa da, daxili tələbdə 73 faizlik idxal məhsullarını müşahidə edirik. İstehsal olunan məhsulların 90 faizdən çoxunun xarici tələbə yönəldiyini nəzərə aldıqda, kimya sənayesinin ixracyönümlü istiqamətə malik olduğu qənaətinə gəlirik. Habelə kimya sənayesi üzrə məhsul çeşidlərində konsentrasiya, idxalda isə diversifikasiya daha yuxarıdır. Belə ki, qeyri-neft sektorunun tərkib hissəsində yer alan kimya sənayesi üzrə son istehlak məhsullarının payı ixracda 1 faiz olduğu halda, idxalda 22 faiz təşkil edir".

 

Departament rəhbərinin sözlərinə görə, müasir dövrdə kapital tutumlu məhsullar rentabellilik nöqteyi-nəzərdən digərlərindən fərqlənir: “Belə ki, 2021-ci ilin ilk 9 ayının nəticələrinə əsasən, ”maşınlar, avadanlıq və mexanizmlər; elektrotexniki avadanlıq; onların hissələri" üzrə idxal edilən mal qrupunun idxalda payı 25 faiz təşkil edir ki, bu da digər məhsul qrupları tərkibində ən yüksək paya sahibdir. Hesablamalara əsasən, sözügedən sektor üzrə idxalın daxili istehlakda payı 93 faiz təşkil edərək, yerli istehsal ilə idxal sektoru arasında qarşılıqlı rəqabətin olmadığını göstərir. Azərbaycanın qeyri-neft ixracında kapital tutumlu məhsulların payı 0,2 faiz olmaqla ən aşağı göstəriciyə malikdir".

 

Dünya SAKİT,

Yeni Müsavat.- 2021.- 27 noyabr. S. 13.